Страница 10 из 10 · 90%

– Yəni deyirsən durub gözəllik xəzinəsi xəsilliyə gedək, Çaqqal?

– Gərək sübhdən, gün çırtaçırtda özümüzü çatdıraq, Maral!

– Bir az-maz geciksək olmaz?

– Niyə gecikmək? Nə üçün gecikmək, Maral xanım?

– Düzü, yorğunluğum canımdan çıxmır. Düzü, sümüklərim sınır... Özü də çox ağır bir qəramət məni basır?!

– Gözəllik götürmək dəmində tərəddüd göstərib tənbəllik etməyin, Maral xanım!

– Əlbəttə, gəlmişkən gedirik, tezcə də özümüzü Güzgü gölə çatdırarıq!

– Di onda tez tərpən, xanım! Di onda tez qalx, Maral! Yoxsa, gün qalxıb yağlananda amansız bir ovçu oxuna rast gələ bilərik!

Maral xanım ağır-ağır ayağa qalxdı, sümükləri sınır sayağında ağır-ağır gəməşdi. Güzgü göldə özünə baxan kimi baxmaq istədi... Axı, Maral xanım mağaradan çıxar-çıxmaz Güzgü göl sahilinə gəlib öz surətinə baxar, həm də ürəyini oxuyar, nəşəlimi, kədərlimi olduğunu da görərdi. Beləliklə, onun gündüz işi başlardı.

Sözü çərlətmək istəməyən Çaqqal cəld dönüb qabağa düşdü, Maral xanım da onun ardınca addımladı. Onlar pöhrəliklə sinə aşağı endilər. Özünü buraya çatdıran, görünməzin sehri ilə gizlənən, son söhbəti öz qulaqları ilə eşidən Qəcələ bunların ardınca düşdü. Qəcələnin qanadları qəzəbindən titrəyirdi. Elə indicə, bu an Çaqqalın sol gözünü də çıxarmaq istəyirdi. Ancaq Qəcələ bilirdi ki, Maral xanım küsəcəkdir, heç şübhəsiz, bu Çaqqal üçün qaralıb yas da saxlayacaqdır. Bəlkə küskünləşib bədbinləşəcək, heç məftunu olduğu Güzgü gölə də dönməyəcəkdir... Güzgü göl bu Maral xanımsız daha nədir?! Maralsız qalan Güzgü göl öz gözündən quruya bilməzdimi? Göy göl diyarının tərtəmiz güzgüsünü toz-torpaq basmazdımı? Bu diyara alışan Maral xanımın Güzgü gölə necə vurulduğunu görən acıdil Qəcələdə nə isə bu mənzərəyə, bu aləmə qarşı olmazın bir hüsn-rəğbət oyanmışdı. Qəcələnin xəbərçiliyini heç də ayrı bir iş üçün deyildi. O, Güzgü gölü Maralsız qoymaq istəmirdi. Qəcələ belə bir gözəli Çaqqala qismət edə bilməzdi...

Maral xanım təhlükə idi! Xanım təhlükəyə düşməsə, tülküləşən Çaqqalın necə yalquzlaşıb-canavarlaşdığını öz iriləşən gözləri ilə görməsə, əqli başına gəlməyəcəkdi. Maral xanım məddahı Çaqqaldan dönməyəcəkdi!.. Yox, öz məqamına qədər gözləmək gərək idi.

Çaqqal qabaqda, Maral xanım dalda xəsilliyə doğru sallanırdılar. Göy gölə bənzər göy xəsillik yenicə çırtan günəşin qızıl şüaları altında parlayırdı. Xəsilliyi tutan, bürüyən şeh zər-zəbərçat dənələrinə dönürdü. Baxınca Maralın hər iki gözü birdən qamaşırdı.

– Hə, necədir, Maral xanım?

– Tamam gözəllik dəryasıdır, Çaqqal!

– Di gəl dalımca! – deyə Çaqqal şehliyin içi ilə adda-budda iz qoya-qoya yeridi. Gah xəsillə gözəlliyə baxan, gah da xəsillikdən gözəllik götürüb gözləri göydə gəzən Maral xanım birdən xəsilliyin ortasında büdrəyib ilişdi, tələyə düşüb yıxıldı.

– Buradayam, Maral xanım! – deyə məqamı çatınca tülkülükdən də çıxıb canavarlaşan Çaqqal Maral xanımın zəhri-bağrını yara-yara onun üstünə cumdu, cəld iti dişlərini işə saldı.

– Parçalama məni, Çaqqal... Parçalama məni, canavar!..

– Sənin nazını çəkdiyim daha bəsdir! – deyə ağ-aşkara canavarlaşan Çaqqal öz qanlı başını qaldırınca bu dəfə qırğılaşmaqdan da artıq qartallaşan Qəcələ öz caynaqlarını Çaqqalın kəlləsinə ilişdirdi, bircə göz qırpımında onun salamat qoyduğu sol gözünü də çıxardı və Maralın qorxudan bərələn gözlərinin qabağına atdı... Çaqqal vaqqıldaya-vaqqıldaya tülkü dayısı kimi vaysınıb, qulaqları kəsilən körpə küçük kimi zingildəyə-zingildəyə, geri-geri sürünüb, şehli xəsilin içi ilə əyri-üyrü iz aça-aça pöhrəliyə girdi, böyürtkən kolunun iti-iti tikanlarına ilişib çapalaya-çapalaya qaldı...

Qəcələ fürsəti fövtə vermədi. Maral xanım düşən tələni dimdiyi ilə söküb dağıtdı, ağac-dəmiri bir-birinə bənd edən yay-girişləri, quru bağırsaqları da didim-didim didib hər qırığını bir qırağa tulladı. Maral xanımın əl-ayağı açıldı, yaralı xanım, yaraları isti itən ağrını-acını duymadan durdu, üzüyuxarı qaçdı...

Qəcələ qanad açdı, Çaqqalın izi üstünə süzdü, yenicə böyürtkən tikanlarından öz ilişiyini açan Çaqqalın kəlləsinə həmincə qəzəblə qondu, cinayətkarı qartal dimdiyi ilə döydü-döydü, döyə-döyə də gətirib bir uçurumun başından üzüaşağı buraxdı. Qəcələ yenə də qartalsayağı qanad açdı. Göy göl diyarına çatdı. Gördü ki, bəs Maral xanım da yenicə yetişibdir. Yenə də Güzgü gölün qabağında durubdur. Yaralı Maral bu dəfə qorxaq-qorxaq, ürkək-ürkək durubdur... Qorxaq, ürkək duruşlu Maral yenə Güzgü gölə baxır. Baxır ki, necə təriflənib, necə tovlanıbdır... Baxır ki, ürək qızdırdığı, əzizi, iki gözü onun gözəlliyinə necə təcavüz edibdir. Necə yalam-yalam yalatdığı müşk-ənbər ətirli göbəyi pardaqlanıbdır. Baxır ki, onun pardaqlanan göbəyindən necə də damcı-damcı qan dammaqdadır.

Taqətdən düşən Maral xanım Güzgü göldə dizlərinin necə tir-tir titrədiyini görürdü... Hər necə atır olsa da Maral yıxılmadı, yıxılmaq istəmədi. Başını güclə, ağır-ağır qaldıran Maral ancaq Qəcələni axtardı. Onu müqabil tərəfdə Güzgü gölün üstünə əyilən vələsin qanadında gördü. Maral minnətdarlıqla Qəcələyə baxdı, ağladı. Hər iki gözündən gildir-gildir yaş gəldi, damcı-damcı Güzgü gölə töküldü.. Qəcələ də ağladı... Qəcələ ağladı ki, görəsən, Maral bu ağır yaradan sağalacaqdır, ya Güzgü göl maralsız qalacaqdır?!

Bakı, 1967

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Məhtaban 13

Yetmiş yaşlı Məmalikin oğlu olmaq xəbəri hər yana yayılıb dədə-baba düşməni həlakulara çatdı. Bu xəbərdən bütün həlakuların böyüyündən kiçiyinə sir-sifəti turşudu. Həlaku ilə Məmalikin böyük nəvələri burunlarını bir qarış salladılar. Xırda nəvələr mırıldandılar. Ərmağan xanım qapandığı otaqdan çıxmadı, qana susayan sifətini göstərmədi.Bu hal qoca Həlakunun xeyli xoşuna gəldi. Yaxşı ki, Məmalik qızı Ərmağan dədə-baba düşməni qayınatasının titrəyən qırışıq sifətini, əsən çal bığlarını, açılıb-yumulan, damarları titrəyən əllərini görmədi. Bəlkə qayınatasının belə övzainə görə Ərmağan xanım inada düşər, adlayıb atasının tayında durar, qoca Məmalikin yetmiş yox, lap yüz yaşı olsun, ona bəraət verər, atasının səngərinə keçərdi. Özü də tərəddud göstərmədən qılınc siyirib, atasının oğul varisinin keşiyində durar, bu gecikən varisin başından bircə tük əskik olmağa qoymazdı. Onda daha məmaliklər mülkü həlakular torpağına qarışmaz, yenə dədə-baba düşməni sicillisinin tüstüsü Savalana ucalar, gələcəyinə həlakular göz açmağa macal tapmazlar. Birdən Pəhləvan Məhəmmədin nəvəsi ana babasına oxşasa, onun qolunu qatlayan kəs nəinki həlakular torpağında bütün məmləkətdə tapılmaz. Birdən bu əcaib uşaq qalxıb, boy atıb qollu-qanadlı Rüstəm-Zal olar, hər hansı düşmən ondan tük salar. Bəlkə bu çağa pəhləvan, sərkərdə olub öz Məmalik əcdadının intiqamını ögey bacısının həlaku uşaqlarından alar, öz qılıncını onlardan əsirgəməz, hamısını ölüm körpüsündən keçirər, həlakuların başlarını nizələrə taxdırıb kəndbəkənd gəzdirər... Quru küləşə düşən qığılcımdan, ya payız xəzanından meşəyə düşən ildırımdan hansı alov desən çıxmaz? Bəli, alov aləmi bürüyər, kənd deməz, oba deməz, hamısını yaxıb-yandırar.

13 мин
Məhtaban 14

Təvəllüd günündən iki həftə sonra Məhtaban əndərun hamamında yuyundu, ötən günlərini xatırlayıb, qıfıltılı çayın köpüklü gölündə üzən kimi hovuzda üzdü... Soyunub-geyinmək otağında divara vurulmuş güzgü qabağında qumral hörüklərini darayıb hördü, öz gözəlliyinə tamaşa edincə utandı, cəld paltarını geyindi. Bir azdan, Məhtaban, yarlı-yaraşıqlı, zərli-zibalı libasında əzəlkindən də gözəl göründü... Üstü qübbəli qızıl kəmər Məhtabanın belini əzəlkindən də artıq boğdu. Qabarıq sinəsi, doğumundan sonra sifətində peyda olan iztirablı gözəllik Məhtabanı xarici xanımın seyrçi gözlərində xeyli füsunkar göstərdi. O, Parisi, o izdihamlı şəhərdə tanıyıb-bildiyi məşhur gözəlləri gözlərinin qabağına gətirib, Məhtabanla müqayisə etdi, onların hərəsində az-çox qüsur tapsa da, Məhtabanda heç bir qüsur tapa bilmədi.Məhtabanın zoğal dəyənəyi tutan, palaz-paltar yuyan əlləri doğumdan sonra zərifləşmişdi. Onun dür-düyün bağlayan barmaqları da xeyli nazilib uzanmış, dırnaqları şadlıq-şənlik əlaməti kimi xınalanmışdı. Xof-vahimə içində çırpınan Məhtaban sanki bütün ağrı-acısını əndərun hamamında tökmüşdü...

7 мин
Məhtaban 15

Həlaku xan marıqda duran yalquzaq kimi kənardan göz qoyur, öz əlaltılarını xəlvəti Məmalik mülkünə göndərir, yeni doğulan varisdən sonra baş verən islahat və təbəddülatdan xəbərdar olmaq istəyirdi. Onun göndərdiyi əlaltılar da müəyyən yerləri gəzib-dolaşandan sonra dönüb Həlaku xana Ərdaha kəndlərində, obalarında başlanan əcaib işlərdən danışırdılar. Çalbığ Həlaku gözünü yumub digərini açır, öz casuslarını diqqətlə dinləyir, Məmalikin gözlənilməz əliaçıqlığına, səxavətinə heyran edirdi! Həlaku Məmalik mülkündə görünən əcaib işlərə heç də biganə qala bilmirdi:“Necə yəni itaətdən çıxan rəiyyətə-rəncbərə bu əndazədə güzəştə gedəsən, onları neçə ilin vergilərindən azad edəsən, özünü yaxşı xan kimi qələmə verib, qonşuluğunda olan Həlakunu gözdən salasan? Necə yəni qonşuna, qohumuna badalaq gələsən?.. Obaarası yol çəkdirmək, aca-yalavaca ehsan etmək, çay üstündən körpü saldırmaq, çeşmə düzəltdirmək, özünü adil, qonşusunu zalım deyə dilə-dişə salmaq ki, baxın, görün rəiyyətə-rəncbərə güzəştə getməyinin adına nə deyirlər?..”.

8 мин
Məhtaban 16

Çapar Məmalik xana xəbər gətirdi ki, Həlaku xan öz əyan-əşrəfi ilə, qızınız Ərmağanla, Ərşad, Gurşaddan başqa xırda nəvələrinizlə bahəm xanzadənin mübarəkbadlığına gəlir. Bu xəbər Məmalik xanın ovqatını qarışdırdı. İndi Məmalik çapara nə desin? Desin ki, birbaş geri dön, öz xanına bildir ki, hansı yolla gəlibsə, o yolla da üztüstə geri dönsün!..Məmalik Həlaku xanı qəbul etməyib, onu öz yüklü dəvələri ilə geri qaytara bilərdi. Bu, aydındı, heç kəsə də dəxli yox idi. Ancaq icma qarşısında özünün yeganə qızını qapıdan qaytarmaq, atasının belindən gələn körpə qardaşının mübarəkbadlığına gələn böyük övladını evinə buraxmamaq müşküldən də müşkül idi!.. Onda Məmalik xan diləağıza düşərdi, deyərdilər ki, qocanın başı doğrudan da xarab olub. Başqa xanlar arasında müxtəlif şayiələr yayılardı! Üstəlik özünün bir cüt xırda nəvələrini də məyus etmək Məmalik üçün qeyri-mümkün idi! Bu xırdalar Həlaku sicillisini daşısalar da, Məmalikin özü üçün də az-azacıq əziz deyildilər! Onlar hələ məsum uşaqlar idi, nə ədəbaz Ərşada, nə də qaradinməz Gurşada bənzəmirdilər. Xırda nəvələr Məmalik babanı Həlakudan da artıq sevirdilər. Onlar Məmaliki az gördüklərindən qəribsəyirdilər. Düzünə qalsa, Məmalik dədə-baba düşməni Həlaku sicillisini sevməsə də, bu xırda nəvələrinin məhəbbətini ürəyində gəzdirməmiş deyildi!.. Bütün həlakuları geri qaytarmaq, Məmalik üçün xırda nəvələrini də qapıdan qovmaq demək idi. “Bəs indi bu müşkülatı necə həll etmək?!”.

6 мин

Стихи других поэтов