Məhtaban 14
Təvəllüd günündən iki həftə sonra Məhtaban əndərun hamamında yuyundu, ötən günlərini xatırlayıb, qıfıltılı çayın köpüklü gölündə üzən kimi hovuzda üzdü... Soyunub-geyinmək otağında divara vurulmuş güzgü qabağında qumral hörüklərini darayıb hördü, öz gözəlliyinə tamaşa edincə utandı, cəld paltarını geyindi. Bir azdan, Məhtaban, yarlı-yaraşıqlı, zərli-zibalı libasında əzəlkindən də gözəl göründü... Üstü qübbəli qızıl kəmər Məhtabanın belini əzəlkindən də artıq boğdu. Qabarıq sinəsi, doğumundan sonra sifətində peyda olan iztirablı gözəllik Məhtabanı xarici xanımın seyrçi gözlərində xeyli füsunkar göstərdi. O, Parisi, o izdihamlı şəhərdə tanıyıb-bildiyi məşhur gözəlləri gözlərinin qabağına gətirib, Məhtabanla müqayisə etdi, onların hərəsində az-çox qüsur tapsa da, Məhtabanda heç bir qüsur tapa bilmədi.
Məhtabanın zoğal dəyənəyi tutan, palaz-paltar yuyan əlləri doğumdan sonra zərifləşmişdi. Onun dür-düyün bağlayan barmaqları da xeyli nazilib uzanmış, dırnaqları şadlıq-şənlik əlaməti kimi xınalanmışdı. Xof-vahimə içində çırpınan Məhtaban sanki bütün ağrı-acısını əndərun hamamında tökmüşdü...
Məhtaban körpəsinin yanına döndü, uşağın uyuduğunu görüb eyvana qalxdı, qoca ərinin haçan dönəcəyini gözləməyə başladı. Məhəmməd qızı istəyirdi ki, qoca xan onu elə beləcə görsün. Məmalik görsün ki, Məhtaban ona yalnız əzab-əziyyət gətirməmişdir. Axı, Məhtaban heç kəs üçün özünü bəzəyib-düzəməmişdi. Deyəsən aradakı yaş uçurumu düzəlməyə başlamışdı. Məhtaban qoca xana elə alışmışdı ki, əzəlki giley-güzarları üçün utanmağa başlamışdı. Qoca xan Məhtabanın gözlərinə daha ayrı cür görünürdü. Onun razılıq almadan axunda kəbin kəsdirməyini də, göldə üzən qıza ay işığında oğrun-oğrun tamaşa etməyini də, Məhəmmədin komasına girməyini də, öz yumşaq saqqalını qızın üzünə qoymağını da güzəştə gedirdi. Sanki elə-belə də olmalıymış
Məhtabana elə gəlirdi ki, xan getdikcə yumşalıb rəhmə gələcəkdir, Məhtabana ixtiyarat verəcəkdir. Məhtaban da xana təsir edəcək, özü kimi kimsəsizlərə pərəstar olacaq, ac-susuzlara ehsan verə biləcəkdir. Onun xanı başqa xanlardan fərqlənəcək, kəsibkarlıqla məşğul olan rəiyyətə, rəncbərə daha zülm etməyəcək, qalan ömrünü savab işlərə sərf edəcəkdir. Məhtaban özü də uzun müddət bu əndərunda məhbus olub qalmayacaq, bir gün biruna da çıxacaq, öz istədiyi kimi tərpənib izafi yük kimi görünən zərli-zibalı pal-paltarını dəyişəcək. O, daha özünü birun xidmətçilərindən qırağa çəkməyəcəkdir. Nə isə, bu əndərun öz əsasından dəyişəcək, burada elə ədalət hökm sürəcəkdir ki, Məhtabanın nağıllarda eşitdikləri bu işlərin müqabilində çox solğun görünəcəkdir...
Tağbənd eyvanında dayanıb, ərinin yolunu gözləyən Məhtaban xəyallar içində xoşallanırdı. O bilirdi ki, xarici xanım körpənin keşiyindədir! Məhtaban arxayın idi ki, mamaçadan onun uşağına zaval toxuna bilməz. O, nə qədər tamahgir olsa da tifil qatili olmaz...
Məhtaban at milçəyi kimi sırtıqlığına salıb bərk-bərk canına daraşmağa başlayan qaraltıları özündən uzağa qovurdu. Xoşbəxt saatlarını bu qaraltılara təslim etmək istəmirdi. Məhtaban gün üzünə həsrət qalan, qaranlıq, rütubətli zindanda çürüyən, azadlıq üçün həsrət çəkən məhbus kimi qənşərə çıxmaq, günəşə qovuşmaq istəyirdi. Məhtaban istəyirdi ki, qoca Məmalik dünya malına həris və aludə olmasın!..
Oğlu olandan sonra deyəsən qoca xanda tərəhhüm hissləri özünü göstərirdi. O, oğulsuz qocaları, ərsiz qarıları nə vaxtdan bəri qalan vergilərdən azad etmək üçün fərman verməyə başlamışdı. Hələ zülmkar məmurlardan bir neçəsini də xidmətdən uzaqlaşdırmışdı. “Belə xasiyyətlə siz ancaq həlakulara yaraşarsınız!” – deyə qoca xan düşməninin bostanına daş atmışdı.
Məmalik xan müəyyən dərəcədə Ərdaha obalarının abadlıq nəqşəsinə girişmişdi. Yol çəkmək, çaylar üstündən körpü salmaq, dolu anbarlardan aclara ehsan etmək onun qarşısında mühüm vəzifə kimi durmuşdu. O, bütün bunların hamısını öz oğlunun şərəfinə edirdi. “Qoy camaat təzə xana dua oxusun!” – deyirdi.
Ərdahanda çox adam doğrudan da körpənin təvəllüdünə şad olur, ağır biyarlardan, üst-üstə qalanan vergilərdən azad olanlar, səxavət süfrələrindən yeyib toxlananlar əllərini göyə qaldırıb körpənin ömrünə dua-səna edirdilər. Onlar sevinirdilər ki, xanzadənin anası öz ömrünü Təbrizdə mücahidlikdə, fədailikdə bağışlayan Səttar xan sərdari-millinin sağ əli sayılan Pəhləvan Məhəmmədin doğma qızıdır. Buna görə də Məmalik xan Ərdaha camaatının nəzərində dəyişib adil olur. “Yetmiş yaşında qocadan nə övlad?” – deyə boşboğazlıq edənlərin ağızlarından vurulurdu. Məmalik barəsində şübhəli şayiələr yayan hərcayilər məclisdən, mərəkədən qovulur, bəzən də daşa basılırdı. Ərdaha adamı elə güman edirdi ki, bu ehsan-ülfət daima davam edəcək, innən belə onlar süd gölündə üzəcəklər. “Xudaya, səd şükür, Xudaya, həzər şükür!” – sədaları cır-cındaya bürünmüş şəxslərin dilindən düşmürdü. Ərdahalılara elə gəlirdi ki, bu yeni xanzadənin ecazkar doğuluşu ilə onların üstünə ağ gün doğubdur. Nədən ki, Ərdaha obalarında gündən-günə zülm azalır, Savalan dağına çəkilənlər çox olmurdu.
At belinə qalxıb ətraf obaları, kəndləri dolaşan qoca Məmalik özü ədalətə, asayişə göz qoyur, rəncbər-rəiyyətlə dil tapır, sanki gözəl Məhtabana deyirdi: “Ürəyindən keçənlərə görə necə əməl edirəm, qız!” – təcrübəli qoca bacardıqca ondan əvvəlki məmaliklərin etdikləri zülmləri zayil etmək, özündən sonra qalacaq cavan xana düşmən qoymaq istəmirdi...
Məmalik xan Ərdaha obalarını dolaşmaqdan dönüb əndərunda atdan düşəndə Məhtabanı tağbənd eyvanda gördü. Xan Məhtabana daha irad tutmadı. Məhəmməd qızı o qədər gözəlləşmişdi ki... Xan cavanlaşmış kimi içəri pilləkəni üzüyuxarı qaça-qaça qalxdı, xarici xanımı içəri dəhlizdə yumşaq kürsüdə əyləşən görüb, özünü bilməməzliyə qoydu, tağbənddə dayanan Məhtabana yanaşdı:
– Salaməleyküm, Məhtaban xanım!
– Əleykəssalam, mərhəmətli xan!
Onlar ikisi də durub bir-birini seyr etdilər. Məhtabanın gözündə xanın qocalığından iz qalmamışdı. Xan onun əri, o da xanın halalı idi. Onlar bir-birinə elə uyğunlaşıb alışırdılar ki, daha bir-birini gec görəndə darıxmağa başlayırdılar. Bu hal qoca xana olmazın zövq verirdi. Onun qırışıq yanaqları açılır, gözlərinin ətrafını tutan torbalar çəkilirdi. Məhtabana elə gəlirdi ki, qocanın qar kimi ağ saqqalından nur yağır. Xanın yanaqları da, dodaqları da qana gəlir, hifz edib saxladığı dişləri də ağappaq, işıqlı görünürdü. Elə bil ki, Məhəmməd qızı Məhtaban qocanı cavanlaşdırmış, yaxud o, Məhtabanın gözlərinə cavan görünməyə başlamışdı. Bir də Məhtabanın gözləri cavan axtarırdımı? O, oğlunun atasını necə vardı, elə də istəyirdi!
– Mərhəmətli xan Ərdaha obalarını nə çox dolaşır? – deyə Məhtaban ərinin əlini tutdu. Sanki qocanın zahiri deyil, batini də dəyişdi, hərarəti artıb gənclik ehtirasına calandı.
– Övladımızın şərəfinə xeyli iş-güc görmək qərarına gəlmişəm, – deyə Məmalik xan Ərdaha obalarında apardığı islahatdan, fəqirə-dilənçiyə etdiyi ehsandan, ağır vergilərdən azad etdiyi dullardan danışıb dedi ki, gərək Məhtabana agah olsun ki, körpə onun ürəyinə bir daha tərəhhüm bəxş etmişdir...
– Xudaya, min şükür! – deyə Məhtaban Tanrı qarşısında durduğunu cümanına gətirincə abır-ismət naminə barmaqlarını xanın hərarətli ovcundan çəkdi. O, içəridən iki yumşaq kürsü götürüb, tağbəndə gətirdi, əndərun eyvana yox, birun eyvana, güllüyə baxan səmtdə qoydu. Əvvəlcə xan, sonra da onun xanımı əyləşdi. Onlar bir-biri ilə danışıb, dərdləşmək, öz sevinclərini bölüşdürmək istədilər:
– Deməli, Ərdaha obalarından daha Savalan dağına qaçan yoxdur?
– Məhtaban kəndlərdə, obalarda olan vəziyyəti bilmək, eşitdikləri nağılın tədriclə də olsa həqiqətə çevrilə biləcəyini öyrənmək istəyirdi. – Deməli, oğlumuzun təvəllüdündən sonra Ərdaha elində ayrı aləm yaranır?
– Bəli, mən çalışıram ki, bizim Ərdaha elindən qiyama qalxan, silaha sarılan, Savalana üz tutan olmasın. Savalana qaçanları da geri qaytarmaq, əfv etmək əzmindəyəm!
– Onlar heç Savalandan qayıdarlarmı?
– Mən də güman edirəm ki, çox çətin!.. Çünki bütün xanlıqlardan qaçanlar Savalanda birləşiblər. Özləri də Qacar qoşunlarına qarşı vuruşa hazırlaşıblar! Gümana görə Təbrizə varıb, Şeyxin döyüşən dəstələrinə qoşulacaqlar!
– Onların içində bizim ərdahalılardan da var?
– Düz əlli nəfər, hesablamışam, həlakular tərəfindən qaçanlar yüz əllini aşırlar!
– Deməli, Savalana çəkilənlərin əsil qayələri tədriclə Təbrizə yollanmaqdadır?..
– Bəli, yəqin ki, onlar öz qayələrinə dönüklük etməzlər!
– Bu qayənin mənbəyi, necə deyərlər, çeşmənin gözü haradandır?
– Əncümənlərdən! Neçə il qabaq basılan, indi yenə də baş qovzayan əncümənlərdən. Pəhləvan Məhəmmədin mənsub olduğu fədailərdən, mücahidlərdən!
– Deməli, əncümənlər təzədən təşkil tapıb düzəlirlər?
– İran yenə də yanan təndir üstündə qızaran sacdır!
– Aqibəti?
– Gərək məşrutə güclənsin, iş-güc ədalətlə getsin!
– Deməli, bizim xan da başqalaşmışdır?
– Bəli, başqalaşmamaq mümkün deyil, Məhtaban!
– Bəs onda. Məmalik xanda varis-vərəsə cəhdi nədir?
– Məndən ötrü ilkin Məhtabanın ilahi gözəlliyidir, qız!
– Bəs sonra?
– Sonra varis-vərəsə cəhdi!
– Gələcəyinə zülm, xanlıq olmayandan sonra daha varis-vərəsəyə nə ehtiyac! – Nə qədər ki, dədə-baba düşmənimiz həlakular var, o qədər də bizim Məmalik mülkünün öz varis-vərəsəsinə, vəliəhdinə ehtiyac vardır!
– Bəlkə xan, biz körpəmizi də götürüb xaricə köçək hə?
– Necə xaricə, qız?
– Firəngistana! Sənin pulun toplanan torpağa!
– Bəs bu boyda Ərdaha mülkü?
– Gəlirini ora çatdıra bilməzlərmi?
– Dədə-baba düşmənlərimiz həlakular Ərdaha mülkünü bərbad edərlər!
– Deməli, bizim başıdumanlı Savalan daima qiyamçılar yuvası olacaqdır?
– Belə görünür ki, bu zülm durduqca, qiyamçılar da duracaqdır!
– Deməli, bu məmləkətdə ədalət nağıllardadır?
– Bir də indi az-çox Ərdaha torpağında!.. Məmalik oğlunun şərəfinə apardığı islahatı, verdiyi fərmanları, tökdüyü tədbirləri sayıb öz hərəkətində ardıcıl olacağını söylədi. Sonra söhbəti xarici xanımın təklif etdiyi sayaq Firəngistandan, Parisdən dayə-mürəbbi çağırıb-çağırmamaq üstünə gətirdi. Məhtaban isə bu barədə öz etirazını bildirdi. Eyvandan durub körpəsinin yanına girdi. Xan da xanımının ardınca ayaqlarının ucunda oraya daxil oldu. Ayaq səslərindən oyanan körpə göyümtül gözlərini açdı. Məhtaban qundağı qaldırıb yaxasını araladı, dodağını büzən çağa anasını əmməyə başladı. Qoca xan oğlunun ana südü ilə dolub şişən ovurdlarından və xanımının ağ mərmər sinəsindən öpməyə başladı...
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehtaban-14
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Göyalı ilə Qaratel yenə də qaraltı içində qaldılar, basaratları bağlanan kimi tərpənmədilər, danışa-danışa durdular. Onlar ulu Tanrıya inanmaq-inanmamaq təzadı içində dolaşırdılar. Nə əl-ayaq eləyib tezcə yaylağa qalxa bildilər, nə də aranda əyləşib arxayınlaşa bildilər. Ziyarət dağı onlardan ötrü dar ağacına döndü. Onlar bu dar ağacından asıla-asıla durdular. Ziyarət dağında ulu Tanrıdan diləyib aldıqları Şükranı onun amanında, pənahında saysalar da, yenə də şübhədən xilas ola bilmədilər, qara mozalanın gətirdiyi qaraltılardan qurtara bilmədilər.Nə isə, kələfin ucunu itirib vurnuxdular, vurnuxdular, bütün sözsöhbətlərinə baxmayaraq, üzə açılışıb Şükrana ciddi bir söz deyə bilmədilər. Onlar Şükranın ürəyinə qara qorxu salmaqdan qorxdular, gözlədilər, gözlədilər görək nə olur, bu qaraltı aldadıcıdır, ya necə? Gözlədilər görək ürəklərimizə daman qaraltıların əsli vardır, ya necə? “Axı biz Ziyarət dağına ziyarətə getmişik, biz orada övliya-ənbiya məqbərələrini, qabağımıza çıxan qara daşları öpmüşük, kəlləyə qalxıb ulu Tanrıya dəxil düşüb Şükranı almışıq. Yeddi qızın gözlərini güldürmüşük. Ağqoyunlu elinə bir səvari – Ulduz belində qanad açan ecazkar bir oğlan vermişik. Bəlkə bu mozalan lap adəti mozalandır, aranlarda olan qamışlıqla da qaynaşan, dana-dunanı dingildədən çox qaraca, heyvərəcə mozalanın birisidir? Biz Şükranı artıq istədiyimizdən, onun üstündə tir-tir əsdiyimizdən belə olur? Bəlkə bu gizli xof vahiməni açıb qızlarımıza, yeznələrimizə deyək?.. Bəlkə onlar öz oğul-uşaqları ilə birlikdə bizim ürəyimizə qaraltı salan qara mozalanı bu həndəvərdən qovsunlar? Ulduza da, Şükrana da rahatçılıq versinlər? Biz də ürəkdə qaralmayaq, arxayınlaşaq, arxayın-arxayın yığışılıb yuxarılara, ala yaylaqlara qalxaq?! Orada ala göllərin üstündə – dədə-baba yurdumuzda alaçıq-çadır quraq? Burada düzəni-dağı gözdən keçirə-keçirə yenə də Şükranın Ulduzun belində necə uçmağına, necə dağlardan aşmağına tamaşa edək? Şükranı aran elində, Göyəndə deyil, qar yağınca uzaqlarda, yaylaqda saxlayaq? Özümüz də Ulduza çiçəkli dağ yoncası yedirək? Ulduzu ağ göllərdə çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman qoymayaq Ulduzun üstünə nəinki bir qara mozalan, heç bir qara milçək də qonsun!”
XAncaq bu qaralıq elə bir qara hiyləgər cilddə gizlənmişdi ki, Şükran görə bilmirdi. Onun gözlərinə qaranlıq çökdüyündən, heç nəyi görməyi, seçməyi bacarmırdı. Hər necə olsa da, daha Şükran üçün döndü yox idi. Hər necə qaralıq çəksə də, o görürdü ki, Ulduz çox yamanca dolaşıqdadır. O yıxılmaq, boğulmaq, ölmək təhlükəsindədir. O, gözə görünməyən qara qüvvənin əlində əsirdi. Yox, buradan dönmək, qara daşın daldasından çəkilmək olmazdı!..Şükran sağ əli ilə gözlərini bərk-bərk sildi, sanki qara pərdələr azazacıq da olsa çəkildi, Şükranın gözləri ayazıdı, nə isə atası Göyalı, anası Qaratel, yeddi bacı, yeddi bacının balaları göz qabağına gəldi. Sanki onlar hamısı birdən səsləndi, birdən qışqırışdı: “Özünü bəladan qoru! – dedilər. – Şükran, özünü şeytan işinə qurban vermə, Şükran, bizi ağlar qoyma!..”
XIŞükranın ölüm xəbəri ildırım itiliyilə hər yana, Göyən oymaqlarının hər yerinə yayıldı. Eşidən, bilən dizinə döydü. Hamı yanıb-yaxıldı. Yaylağa qalxmayıb Göylər oymağında qalanlar çox tezcə Göyalı ilə Qaratelin görünməzin müsibətinə şərik oldular. Onlar Göyalı külfətinə qarışdılar, uşaqlı-böyüklü qara daşın dibinə tərəf axışdılar. Yelqanadlı, ağçuxalı, gümüş xəncərli, qırmızı məsli Şükranı yerdə sərili gördülər. Şükranın papağı kənara düşmüş, ancaq onun şəvə saçları səliqəsini pozmamışdı. Şükranın anası Qaratel oğlunun bir kənara düşən təpəsi güləbətinli ağ papağını götürüb bağrına basdı, sonra da papağı oğlunun sinəsinə atıb öz qırışıq üzündə sağ-islahat qoymadı. Ağqoyunluların adətincə ərgən igid öləndə anası üzünü öz dırnaqlarıyla didişdirməli idi. Ancaq Qaratel üzünü didişdirməklə qalmadı. O, sifətini sivirib sinəsinə tökdü. Haraya yetirən bacının heç biri bədbəxt anadan geriyə qalmadı. Bir an içində onlar öz gözəlliklərini tək qardaşlarına qurban verdilər. Göyalının oğlan, qız nəvələri, ucaboylu-ucaboylu yeznələri də bir-birinə qarışdı. Göyalı özü bir an içində büküldü, kişinin beli doqqalandı. Kəmfürsət qocalıq öz qılıncını çəkib kişinin boynuna qoydu. Şükranın ölümü xoşbəxt ailəni birdən-birə bədbəxtliyə düçar edib, yetimləşdirdi. Başqaları da yetimləşən külfətə qoşuldu. Elə bil ki, hamının bir tək oğlu, ya qardaşı qəflətən öldürülmüşdü. Bu hadisə bir tək Göyalı ailəsi üçün deyil, bütünlüklə Göyən obaları, Ağqoyunlu eli üçün bir müsibət kimi səslənməyə başladı. Ağqoyunluların aranı, dağı az müddət ərzində bir-birinə dəydi. Ayağı yer tutan yola düşdü. At-dəvə belinə qalxan daşlanıb Göylər kəndinə gəlməyə başladı.Qara daşın dibindən götürülən, Göyalının eyvanında qoyulan Şükranın cənazəsi dövrələndi, dam-daş əhatə olundu. Adamlar çoxaldıqca dalğa-dalğa genişləndi, baş-başa verən, çeşmə üstündə ucalan qollu-qanadlı çinarların altı adamlarla doldu. Başbilən Ağqoyunlu ağsaqqalları uşaq kimi ağlaşdılar. Öz ömürlərində çox toy və yas görən kişilər belə tablamayıb, hönkürüb hönkürüşdülər. Hər tərəfdən dəstələnib gələn qara geyimli ağıçı arvadların ağıları sümükləri sızıldatdı. Ağıçılar hələ də üzünə qara yaylıq çəkilməyən Şükranı bir qəhrəman igid kimi oxşadılar. Onlar nəinki indiyə qədər el içində yaranan ağıları yaraşdırdılar, özləri də Şükranı oxşayan ağılardan qoşdular, ağladılar. Axı, heç kəs Şükranın öz Ulduzunun belindən belə yarımçıq yerə salınmasına qıymırdı. Yaxın da, uzaq da Şükrana ürəkdən göynəyirdi, ürəkdən sızlayıb, ürəkdən ağlayırdı.
XIIYuxarı dağlardan yük-yük buz gətirdilər, Şükranın dəfni Ağqoyunlu adətinin ziddinə olaraq üçüncü günə saxlanıldı. Nə Göyalı ailəsi, nə də Ağqoyunlu eli bu gözəl-göyçəklikdə oğlanı tezcə torpağa tapşırmaq istəyirdi.Alnından axan qana baxmayaraq, sanki Şükran həyata dönmək üçün yuxuya getmişdi. Baxan adama elə gəlirdi ki, Şükran ayılacaq, ayağa duran kimi gözlərini silə-silə Ulduzu soruşacaq, əhvalatı eşidincə Ulduzun əfv olunmasını diləyəcəkdir: “Hər nə olubsa, keçibdir” – deyə bu ağır cinayətin üstündən ötəcəkdir... Axı, adətə görə ağqoyunlularda doğruçu dostlar bir-birinin yolunda başlarından keçmişdilər. Dost dostu düşmən girinə verməmək üçün ölümə getmişdir. Şükranla Ulduz da belə dostlardan deyildilərmi? Heç bir kəs təfsilatı bilməsə də, Şükran bilməmiş olmazdı və doğrudan da bilmişdi, necə də qara mozalan bu aranı qarışdırdı, necə də o öz qəsdinə çatmaq üçün Ulduzu acıda-acıda özündən çıxardı, Şükranın özünü də belə qəzəbləndirdi. Axı mozalan qəsdən çovurdu, öz qəsdinə görə Ulduzun dəmir nallı təpiyini Şükrana tuş elədi. Özü də Ulduzun bu hərəkəti çox yamanca bir müsibət gətirdi. Elə bil ki, qəflətən ox kamanından çıxdı, qardaşın oxu qardaşın ürəyindən keçdi.
Стихи других поэтов
Əmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Bir deyənBir deyən yoxdur, ey xudavənda,Bu bədən qurquşundu, ya misdi?
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm