Məhtaban 13
Страница 1 из 2
Yetmiş yaşlı Məmalikin oğlu olmaq xəbəri hər yana yayılıb dədə-baba düşməni həlakulara çatdı. Bu xəbərdən bütün həlakuların böyüyündən kiçiyinə sir-sifəti turşudu. Həlaku ilə Məmalikin böyük nəvələri burunlarını bir qarış salladılar. Xırda nəvələr mırıldandılar. Ərmağan xanım qapandığı otaqdan çıxmadı, qana susayan sifətini göstərmədi.
Bu hal qoca Həlakunun xeyli xoşuna gəldi. Yaxşı ki, Məmalik qızı Ərmağan dədə-baba düşməni qayınatasının titrəyən qırışıq sifətini, əsən çal bığlarını, açılıb-yumulan, damarları titrəyən əllərini görmədi. Bəlkə qayınatasının belə övzainə görə Ərmağan xanım inada düşər, adlayıb atasının tayında durar, qoca Məmalikin yetmiş yox, lap yüz yaşı olsun, ona bəraət verər, atasının səngərinə keçərdi. Özü də tərəddud göstərmədən qılınc siyirib, atasının oğul varisinin keşiyində durar, bu gecikən varisin başından bircə tük əskik olmağa qoymazdı. Onda daha məmaliklər mülkü həlakular torpağına qarışmaz, yenə dədə-baba düşməni sicillisinin tüstüsü Savalana ucalar, gələcəyinə həlakular göz açmağa macal tapmazlar. Birdən Pəhləvan Məhəmmədin nəvəsi ana babasına oxşasa, onun qolunu qatlayan kəs nəinki həlakular torpağında bütün məmləkətdə tapılmaz. Birdən bu əcaib uşaq qalxıb, boy atıb qollu-qanadlı Rüstəm-Zal olar, hər hansı düşmən ondan tük salar. Bəlkə bu çağa pəhləvan, sərkərdə olub öz Məmalik əcdadının intiqamını ögey bacısının həlaku uşaqlarından alar, öz qılıncını onlardan əsirgəməz, hamısını ölüm körpüsündən keçirər, həlakuların başlarını nizələrə taxdırıb kəndbəkənd gəzdirər... Quru küləşə düşən qığılcımdan, ya payız xəzanından meşəyə düşən ildırımdan hansı alov desən çıxmaz? Bəli, alov aləmi bürüyər, kənd deməz, oba deməz, hamısını yaxıb-yandırar.
Birdən firəng mamaçasının əli ilə doğulan uşaq başqa bir firəng dayəsinin əli ilə tərbiyə alar, Avropa dillərini bilər, nəinki şahsevən xanları içərisində, bütün İran xanları arasında öz fəhm-fərasəti ilə fərqlənər! Yox Pəhləvan Məhəmmədin yetimçəsindən doğulan bu əcaib uşaq yekəlib, boy atıb qalxa-qalxa süpəhsalar, vəziri-cəng olar. Hər nə oyun desən bu vələd-xətərdən çıxar! Əslinə dürüstlüklə, diqqətlə baxanda yetmiş yaşlı qocada nə kişilik?!
Qoca Həlaku bütün bunları öz-özlüyündə götür-qoy etdikcə qəzəbə dolur, qeyzə gəlirdi. “Bəlkə oğlum Ərdahan söyləyən sayaq vaxtında açıq-açığına hərəkət etməyinə dəyərmiş?.. Bəlkə Ərdahanın əli ilə Ərmağanı öz atası Məmalikin üstünə birbaşa ovxalayıb itiləmək gərək imiş?! İtiləmək gərək imiş ki, Ərmağan ilk əzəldən işə qarışaydı, uşaq işıqlı dünya üzü görməmiş anası qarışıq rədd ediləydi...”.
Bu fikirlə öz otağına çəkilən, gəlini Ərmağandan da ziyadə qan tutan sir-sifətini başqalarından da artıq öz nəvələrindən gizlədən qoca Həlakunun beynində qanlı mühakimələr gəzinirdi. Çalbığ Həlakunun içəridən qan laxtaları tutan qırışıq sifəti göydəki qara buludlardan da bərk tutulurdu! Birdən sanki bu qara buludlar parçalanır, çalbığın gözlərində ayazıyan göy zolaqlar görünürdü. Həlaku vurnuxa-vurnuxa, öz çal bığlarını dartışdıra-dartışdıra düşünür, gəlini Ərmağanın mütləq bu işə qoşulacağını yəqin edincə, tutqun sifəti açılırdı. Əksinə, birdən gəlininin tərəddüd göstərib, qoca atası tərəfində duracağını gümanına gətirincə, yenə də sifətində odlu şimşəklərdən xəbər verən buludlar toplanır, çöhrəsi kömür kimi qaralırdı.
Həlaku işinin çəmini tapınca vurnuxur, adətinə görə ona ariz olan müşkülatı ayıq başla həll edirdi. O, qızışan başla fərman verməkdən çəkinirdi. Hər necə qızışsa da onun ustalığı vardır. Qoca Həlakunun məkri onun astalığı və ustalığı ilə müşayiət olunurdu. Çalbığ Həlakuya görə gərək bu iş elə üstüörtülü, ustalıqla olsun ki, heç şeytan da baş açmasın. Gərək Ərmağan atasının süni varisini məqamında boğsun! – deyə çapalayıb vurnuxan Həlaku hər iki əlini qabağa gətirir, sanki qohumunu boğazlayıb, var gücü ilə boğurdu. – Gərək gələcəyinə azacıq aşın duzu olmayan tifil elə bəri başdan biryolluq qəbrə qoyulsun!
Onda qoca Məmalik bu zərbəyə bir ləhzə tablamaz, öz-özünə kəlləsini atıb, cəhənnəmə gedər! Biz həlakular da atlanıb yollanarıq Ərdahaya!.. Dizlərimizə döyə-döyə elə şəbih çıxarıb, elə şaxsey-vaxsey qoparıb, təziyədarlıq edərik ki, görən deyər, bu nə yasdır, xudaya?! Mərhumu öz ata-babasının sərdabasında dəfn edərik, bununla da Məmalik xanlığı ilə birdəfəlik hesabı çürüdərik! Sonra?.. Sonra o tərəf-bu tərəf nəvələrimiz arasında qalmaqal baş verməzmi?.. Onlar həlakularla məmaliklər kimi qoşunkeşlik edib o tərəf-bu tərəfi odalova tutmazlarmı? Qoy məmaliklər yerli-dibli olmasınlar. Bizim qədim qəddar düşmənimizin, dədə-baba rəqibimizin yuvaları belə qalmasın. Axır, Məmalikin qızı Ərmağanı hər necə Qurana qəsəm qılsam da, Ərdaha mülkü üçün almışdım!
Görünür, Sərəncam xanımın ölümündən xeyli il sonra əsnəyib ayılan Məmalik özünə varis düzəldib ki, mənim ustalıqla saldığım körpünü uçursun, özü də indidən əcnəbilərlə dostluğa, mehmannəvazlığa girişsin ki, arxası alınmaz qala kimi güclü olsun! Yoxsa Pəhləvan Məhəmmədin yetimçəsi firəng mamaçasız da ötüşə bilər, çox asanlıqla öz yükünü yerə qoya bilər, doğduğunu da əski-üsküyə bələyə bilərdi!.. Məhtaban Məhəmməd qızı, palaz-paltar yuduğu çayın kənarında, iydə kollarının dibində də doğub, öz çağasını cır-cında tumanına büküb, Ərdaha kəndinə də dönə bilərdi! Gör, tülkü Məmalik işi nə yerə çatdırıbdır ki, yetimçənin üstünə, oğlunun xidmətinə xarici xanım, firəng mamaçası gətiribdir! Bu xaricilərin də barmağı bir yuvaya ilişdimi, Allah özü aqibətindən saxlasın! Üzünə gülə-gülə, başını pambıqla kəsəcək. Üzünə gülə-gülə var-yoxunu sil-süpür edib, qanını da sümürəcək?.. Səni barmaq kimi lüt-üryan qoyacaqdır! – Pəncərələri örtülən otaqda kürsü üstündə oturmuş çalbığ xan şəhadət barmağını ağzına salıb sümürdü, sonra da çal qaşları örtən gözlərinin qabağında fir-fir fırladı: – Bax, xarici belə edir!
Olmazmı bu işdə mən özüm top-tüfəngə əl atmadan, zor-güc işlətmədən, heç bir od-ocaq qalamadan gülə-gülə tərpənim, öz məqsəd-məramıma məqamında çatım?! Gərək indi daha xaricilərdən öyrənəsən!.. İndi gərək dostluq bürüncəyində gizlənən düşmənçilik qəsdini öz məqamınacan çatdırasan!.. Hamısını da yumşaq-yumşaq, gülə-gülə!..
Bax, elə biri mən Həlaku! Məgər mən Quranı əlimdə qalxan edib, Məmalik qızı, Ərmağanı oğlum Ərdahana əbəs yerə gəlin gətirmişəm?.. Bəli, qohum oluruq, dədə-baba ədavətimizi biryolluq torpağa basdırırıq, özümüz də Quran qəsəmi ilə kürək-kürəyə verib qıraq xanlıqlarla vuruşuruq, qənimət gətiririk – demişəm! Demişəm ki, daha qonşuluqda haçanacan gərək biz bir-birimizi qırıb tərk edək? Haçanacan obalarımızı odlayıb halətdən salaq? Yenə indiyə qədər bir tərəf o biri tərəfi biryolluq bassaydı, dərd yarı idi. Gah bu tərəf, gah o tərəf! Nə Məmalik tərəf biryolluq qırılıb qurtarırdı, nə də həlakular! Arada vergilər batırdı. Əlinə fürsət düşən Qacar qoşunu da tirəndazla sinəmizə çökürdü! Əmin-amanlıq yaratmaq bəhanəsi ilə olan-qalanımızı da talan-qarət edirdi... Amma neçə ildi ki, Ərmağan xanım bizə gəlin gələndən çox qulaq-dincliyidir. Az-çox görürük ki, rəiyyət haradadır, rəncbər harada. Kim vergiyə rayic, kim vergiyə cığaldır! Kim ac olsa da xan müqabilində boyun əyib, borcunu ödəyir, kim tox olsa da dördnala qalxıb Tanrıya təpik atır, xan anbarına bir dənə darı da vermir.
Düzdür, məmaliklər, həmçinin həlakular tərəfindən Savalan dağına çəkilən, kəndlilərə dil öyrədənlər az deyil. İndinin özündə Təbrizdə başlayan Şeyx Xiyabani ixtilal qovğasına görə o qədər artıbdır ki, Qacar qoşunları da onlarla bacarmır. Biz xanlar birləşib, Savalana silahlı dəstələrimizi yeritsəydik, yaxşı idi! Yoxsa Şahənşah Qacar haçanacan məmləkətdə bu xanı qızışdırıb o xanın üstünə salışdıracaq, o xanı qızışdırıb bu xanın üstünə cumdurub, hər ikisini taqətdən salıb boyunduruğa qoşulası öküzlər kimi qulaqlayacaq?!
Öz-özünə söylənən Həlaku durub Təbriz xalıları üzərində gəzindi, fürsəti fövtə verib işi çətinləşdirmədən qapını açıb oğlunu yanına çağırtdırdı. Ərdahan pörtmüş halda içəri girdi, atasına salam verib, təzim etməyi də unutdu.
– Nə olub belə qaralmısan? – deyə Həlaku oğlunu qabaqladı. – Olmaya naxoşlamısan?
– Xeyr, ata!
– Bəs başına ixtilalçı toplaşan Savalan dağının buludları kimi nə tutulubsan?
– Tutulmaq azdır, ata!
– Nə üçün, nuri-çeşmim?
– Qoca qohumunuz ağayi Məmalik bizə rüsvayçılıq, biqeyrətlik, Savalan dağı ağırlığında töhmət gətiribdir! Mən başımı qovzayıb nəinki adamların üzünə, heç günəşə də baxa bilmirəm!
– Məmalikin əməlindən sənə nə?
– Necə mənə nə? Məgər Məmalik mənim qayınatam deyil? Məgər o bişərəf sənin nəvən Ərşadın, Gurşadın, ya xırdaların babası deyil? Sabah Tehran danişgədəsində sənin sicillini daşıyan Ərşad yad balalarının qabağında başını necə yuxarı qovzaya bilər?
– Öz boynuna dağ boyda yük götürmək nə üçündür?
– Bundan sonra daha nə söhbət ola bilər, xan?
– Bunu belə sənə kim deyibdir, Ərdahan?
– Hamı, nə çox İranda söz gəzdirən dərviş, sail!
– Müxtəsəri hansı dərviş, hansı sail deyib?
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehtaban-13
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Respublika prokuroru öz müavinləri ilə birlikdə bir sıra rayon prokurorlarını ayrı-ayrılıqda qəbul etdi. Növbə çatanda Mehman da içəri girib salam verdi.Ortayaşlı, ortaboylu, qısa, qarabığlı respublika prokuroru Mehmana yer göstərdi. – Mehman yumşaq kresloda oturdu.
XLIIİstirahət günü olduğundan Xatun işə çıxmamışdı. O, Mehmanın rayona qayıdacağını bilib bikefləmişdi:– Olmazmı, oğul, bu gün də qalasan? – deyə Xatun oğluna muraciət etdi. – Bircə gün də!..
XLIIIİkinci günü Mehman rayon mərkəzinə çatdı. Qaloşlu adam əl-ayağa düşdü. Murtuzov eşidən kimi arvadı Yavəri də götürüb Mehmanın görüşünə gəldi. Mehmanın başdansovdu sözündən, soyuq söhbətindən sonra onlar dağılışıb getdilər. Şəhla xanım balaca çamadanı açıb onun içini yoxladı. Burada yalnız bir ətir şüşəsi var idi. Bunu da yəqin ki, yol üçün almış, unutduğundanmı, ya nədənmi, başını açıb tərpətməmişdi. Bu tək şüşə sanki bir gülləyə çevrilib, Şəhla xanımın ürəyindən keçdi:– Həri, əl üçün yarar, – deyə Şəhla xanım pərtliyindən qızardı.
XLIVMehman barəsində Kamilovun respublika prokurorluğuna göndərdiyi narazılıq teleqramına baxmayaraq, onun belə tez qayıdıb gəlməyi, prokurorluğun işinə birbaş girişməyi Kamilovu narahat edirdi. – “Necə ola bilər ki, mən boyda dağın teleqramı nəzərə alınmasın?” – Kamilov vurnuxur, heç bir yanda özünə yer tapa bilmirdi... Buna görə də o, hər hansı bir kağızı öz qabağına sərsə də, onu yarımçıq buraxır, bir sətir belə başına girmirdi, cinlənir, az qala durub daş-divarı gəmirmək istəyirdi, – “Bu nə işdir ki, heç mən özüm də baş tapmıram?” – deyə o gəzinirdi. Kamilov əsəbiliklə dartıb pəncərəni açsa da, yenə hava ona azlıq edir, hövlündən ürəyi az qala ağzına gəlirdi. Bu qayda ilə iş vaxtı qurtarınca Kamilov öz kabinetində gəzindi, evinə döndü, geyinib-keçinib yol gözləyən Zərrintaca baş ağrısından şikayətləndi. Cavan arvad qocanın bu halına yanıb təcili həkim çağırmaq istədi, ancaq Kamilov razı olmadan əlini qaldırıb yellədi... Kamilov öz əsl mərəzini Zərrintaca açmaq, onun yanında öz gücsüzlüyünü göstərmək istəmirdi. Axı bu neçə vaxt ərzində Zərrintac Kamilovu dağ boyda bir adam saydığı halda, o durub öz paxırını necə açsın, özünü alçacıq bir təpəcik kimi göstərsin?.. Yox, əsla belə şey ola bilməz!.. Heç bir zaman Kamilov kimi bir dağ bu işə getməz, öz şəstini əyib sındırmazdı?!. Axı heç bilmək olmur, bu cavan oğlan haradan prokuror olub bura gəldi, Kamilovun bu möhürlü qərarlarını araq-varaq eləyib, onun ovqatına belə acı soğan doğradı?..Axı nə üçün Vahidov bu Mehmandan belə bərk yapışıb, öz hərəkəti ilə ona ürək-dirək verir?.. Raykom katibi Mərdan Vahidov rayon prokuroru Mehman Atamoğlanovla bax gör necə də qoşa gəzir, vağzala getmək üçün katib özü prokurorun qapısına öz maşınını göndərir, o, Kamilov kimi bir rütbə sahibini burada qoyub, dünənki bir uşağa bel bağlayır, onun sözünə qüvvət verir?.. Bəli, deyəsən axı Kamilovun nüfuzu bir zəlzələyə düşür?.. Niyə bəs belə?.. Kamilov özünün laxladığını hiss edirdi!.. Bu zəlzələdən necə çıxmaq?.. O, bu hissləri özünə yaxın buraxmaq, bacardıqca özünü sındırmaq istəmirdi. Kamilov düşündükcə az qala özü də özündən çəkinir, öz gücsüzlüyünü özündən belə gizlədirdi... Zahiri bir bağırtı-çığırtı, hədə-hərbə gəlmək, beləliklə də öz günlərini başa vurmaq, özünü məğlubedilməz, kürəyi yerəgəlməz, Rüstəm-Zal hesab etmək də ona kömək etmirdi. Axı necə ola bilərdi ki, o öz dolaşdığını boynuna alsın? – Heç belə şey olardımı?.. Kamilov yatdığı yerdə eşələnir, dağ boyda iri gövdəsi ilə oyan-buyana aşır, dəmir çarpayını titrədirdi... Qəflət yuxusuna qapılıb yatmaq olmazdı!.. Durmaq, ağır addımlarla öz kabinetinə getmək, telefon dəstəyindən yapışmaq, ora-bura zəng etmək, işdən-gücdən söz salmaq gərək idi!.. Qoy hər bir kəs, o cümlədən Kamilovun özü də görsün ki, o dağ boyda bir adam necə də gur-gur guruldayır, onun səsi necə də güclü və qulaqbatırıcı bir heybətlə çıxır!.. Yox, qapanıb evdə oturmaq heç də yaramazdı. Bu hal Kamilov üçün indi hər şeydən qorxulu görünürdü. Kamilov öz kabinetini, niyə indi hər vaxtda olduğundan artıq sevir, buranı heç tərk etmək belə istəmirdi. Axı irəlicə o qədər də xoşlamadığı bu kabinet indi Kamilov üçün niyə belə qəşəngləşir... Bax, divar saatı, boyun-boyuna verən stullar, üstü örtüklü stollar, yumşaq divanlar, xüsusən sirr və güc əlaməti olaraq küncdə dayanan o polad kassa, stol üstünə düzülmüş telefonlar, bu pəncərələrdən görünən yal-yamaclar, dağ-daşlar indi hamısı, bax, bir gör nə dərəcədə Kamilovun xoşuna gəlir?.. Axı niyə indiyə kimi bu kabinet Kamilova belə göyçək görünmürdü? Hələ ki, ortalıqda elə bir şey olmadığı halda, niyə bəs Kamilov belə bir təşvişə düşübdür? Özü də bunu dərk edə bilmirdi. “Axı ürəyim niyə belə qurğuşun kimi ağırlaşsın?” Görünür, hamısı o Mehmandan, o Salamatov kimiləri haqqında olan qərarları qurdalayıb tərpətməyindən gəlir?!. Axı olmazdımı ki, Kamilov öz qaba və səhv hərəkətlərinə bir nəzər salsın?.. Onda Kamilovun şəstinə dəyməzdimi? Yox, tezcə kabinetə dönmək, stoldan yapışmaq, telefonçuların üstünə bağırmaq, öz gücünü sınamaq!.. Kamilov ayağa durub fısıldaya-fısıldaya geyindi, Zərrintaca bir söz demədən qapıdan çıxdı, özünü təngnəfəs kabinetə saldı, lampanı yandırdı, buradakı müxəlləfatı diqqətlə gözdən keçirdi. O, stula əyləşib telefon dəstəyindən yapışdı, zəngi zəng üstdən çaldı, doğrudan da o, hər yana səs saldı, hər dəfə ona “bəli-xeyr”lə cavab verildi. Bəs belə isə, bu nə vəlvələdir ki, Kamilovun canına düşübdür? O ayağa durub astadan fit çaldı, özünü toxtadıb ələ almağa çalışdı, gəzindi, sonra Murtuzova zəng vurdu.
Стихи других поэтов
Bir nigari-novbaharın gül camalın istərəm,Lölöyi-tər tək camalı üzrə xalın istərəm,
DüşüncələrYaman dalğın halım olur,Pərişan əhvalım olur,
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
AlçaAlçadan özgə məgər yoxdu təamın, Yusif,Alçadan oldu mənə töhfə salamın, Yusif.