Страница 1 из 3

Dağ ətəyi. Çay kolluqları görünür. Bir ağac altında çayxana. Bir tərəfdə qapan var. Qızlar səbətlərdə çay yarpaqları gətirib təhvil verirlər. Durna gəlir. Uzaqdan gələn aşıq Muradın səsinə qulaq asır.

Durna

Odur... O çaldıqca ürəyim yerindən oynayır. Elə bil bu dağlar, bu çəmənlər, güllər, çiçəklər mənim ürəyimlə birgə gülür. (Oxuyur.)

Yar çalır, qəlbimin teli oynayır,
Hər teldə aşığın əli oynayır.
Baharın çiçəyi, gülü oynayır,
Çal aşıq, sənin o, sazına qurban,
Gəl cavan ömrünün yazına qurban. Hər tərəf, lalədir, tər bənövşədir,
Toxunma qırılar, qəlbim şüşədir.
Yara qurban demək yara peşədir,
Gəl cavan ömrünün yazına qurban.

Aha oğlanlar, qızlar onu dövrəyə alıblar. (Baxdığı tərəfə gedir. Lalə gəlir.)

Lalə

Adım Lalə, özüm lalə,
Sənə vardır, sözüm lalə
Gözəllikdə tayım hanı
Bir bəladır gözüm, lalə.

Qərib gəzib yer axtarar,
Yaman adam şər axtarar!
Mənim kimi ağıllı qız
Özünə tay ər axtarar.

Vay, yoruldum a... Bu haramzadə görəsən hansı cəhənnəmdə qaldı?! Hey deyir sevirəm səni, amma heç toydan-filandan söhbət salmır. Bu gün-sabah toy eləməsə üzümün həyasını töküb zorla gedib girəcəyəm xarabalarına. (Əlindəki aynaya baxıb saçlarını düzəldərkən orda Dursunun əksini görür.) Aha, yaxşı əlimə düşmüsən. (Dursun qaçmaq istəyir.) Dayan, hara qaçırsan, ay birinci haramzadə!

Dursun

Ora...

Lalə

Hara?

Dursun

Nahara... (Əyilir.) Hörmət və ehtiram.

Lalə

Qarnına şiş batsın elə! Tez ol, gəl otur yanımda, yoxsa...

Dursun (kənara)

İşə düşmədik? Dilim-dilim olasan, dilim! (Gəlib Lalənin yanında oturur, dinmirlər.)

Lalə

Dillənsənə... Lal deyilsən ki... Ayrı vaxtda mininə eşqnamə oxuyursan.

Dursun (uzanır)

Vay nə ləzzət eləyir.

Lalə

Utanmaz! Adam da sevgilisinin yanında tir çəkib uzanar, qalx ayağa!

Dursun

Mən ölüm, nəşəmi pozma. Ləzzət çəkirəm özümçün. Qoy bir az yaşayaq da.

Lalə

Mən istəmirəm ki, adın həmişə pisliyə çəkilsin, sənə tənbəl Dursun desinlər.

Dursun

Atan oldu rəhmətlik! Məni sənin tənbəlliyin basıb ey...

Lalə

Boş-boş danışma. Yaxşı, sabah toyumuzdan sonra da belə işləsən, onda necə dolanacağıq, necə?

Dursun

Ay, hay danışdı da... Atama, anama nə gəlib, ay qız, nəinki mən və sən, nəvə-nəticələrimiz də işləməsə dədəm Nəcəfin, nənəm Şərəfin onları saxlamağa gücü çatar.

Lalə

Danışdı da... Odur, bax gör Muradın briqadası nələr eləyir.

Dursun

Əlbəttə! Mənim də briqadamda Durna kimi gözəl-göyçək bir qız olsaydı, bax bu qadasın aldığım Talış dağlarını saman çöpü kimi qaldırıb qoyardım, o Qarabağ dağlarının kəlləsinə.

Lalə

Olmaz ki, qoyasan öz kəllənə, bəlkə ağlın başına gələ?

Dursun

Ay qız, mən ancaq gözəllik barədə deyirdim ey...

Lalə

Necə? Yəni demək istəyirsən ki, mən kifirəm?

Dursun (qorxur)

Yox ay qız, sənin gözəlliyinə şübhə eləyən hanı? (Kənara) Dilim-dilim olasan dilim!

Lalə

Heç bilirsən Kərim dayı səndən necə gileylənir.

Dursun

Nə deyir axı?

Lalə

Deyir ki, mənim briqadam Dursun kimilərin ucundan belə geriləyir.

Dursun

Qoy o getsin öz qızı Durnanın dərdinə qalsın ki, Muradın briqadasına qoşulub bir-birinə eşqnamə oxuyurlar.

Lalə

Sənə nə?!

Dursun

Əlbəttə, mənə nə, əlbəttə, bizə nə. Amma o gün atamgil Durnanı yaman tərifləyirdilər. Səndən söz düşəndə dodaq büzdülər...

Lalə (acıqlı)

Necə? Yaxşı, yaxşı, toy gecəmizdən sonra onlara divan tutmaq mənə borc olsun.

Dursun (kənara)

Dilim-dilim olasan dilim. (Laləyə) Özündən çıxma, zarafat eləyirəm ey. Yaxşı, ey mənim biriminci məhəbbətim, daha nə sözün var?

Lalə

Sözüm odur ki, iki günə kimi məni apar xarabanıza.

Dursun

Danışdı da... Ay qız, bilmirsən ki, vur-tut bircə otağımız var. Görmürsən dədəm, nənəm, mənimçün xüsusi imarət tikdirir. Qoy xarabanı tikib qurtarsınlar, sonra.

Lalə

Bir otaq olanda nə olar ki... Qocalar hələlik mətbəxdə yatsalar qiyamət qopmaz ki...

Dursun

Qorxuram axırda deyəsən ki, həyətdə yatsınlar. Sözünü bil, danış. Bir az da gözlə, vəssalam. Hörmət və ehtiram.

Lalə (pərt)

Daha mən yazıq evə gedə bilməyəcəyəm.

Dursun

Niyə, yolu tanımırsan?

Lalə

Analığım deyir ki, Dursundan da bir şey çıxmasa səni evdən qovacağam.

Dursun

Qələt eləyir. İxtiyarı yoxdur.

Lalə

Bura bax, sözünü bil, danış!

Dursun

Yox ey, deyirəm ki, çox oyan-buyan eləsə verərsən, padsud.

Lalə

Danışdığından belə çıxır ki, sən məni sevmirsən.

Dursun

Səhvin var. Ay qız, bütün cümlə-cahan qızları bir yana, sən bir yana. Mən ölüm, bir qulaq as!

Ürəyimi yar qadasın aldığım,
Sənə sözüm var, qadasın aldığım.
Yanaqları nar, qadasın aldığım
Gözəllərin gözəlindən gözəlsən.

Lalə

Üzümdə var xal, gözünə döndüyüm,
Yoxdur, məndə hal gözünə döndüyüm.
Tez ol, məni al gözünə döndüyüm.
Ürəyimi yar qadasın aldığım,
Sənə sözüm var qadasın aldığım.

Lalə və Dursun (birlikdə)

Bu dünyada dərdə salma başını
At bir yana ağlamağın daşını
Ürəyimi yar qadasın aldığım,
Sənə sözüm var qadasın aldığım.

Oxuya-oxuya oynayırlar.

Kərim (Dursunu göstərir)

Buyur, təhvil al!.. Bu da bizim briqadanın canı. (Dursuna) Adə, bu gün niyə işə çıxmamışdın, hə?

Dursun

Salam-əleyküm, Kərim dayı! Üzüm ayağının altında, ağ ciyərim ağrıyır. Dərdim böyükdür ey!

Kərim

Nə dərd? Səni görüm lənətə gələsən! O Laləni də yoldan eləyən sənsən, sən! Üzümüz el yanında qaradır, qara. Bir vaxt hər yerdə Kərim dayının iş metodu deyə danışardılar. İndi...

Dursun

Lal-zad deyilik ki, yenə danışaq da.

Kərim

Onda keçici bayrağı biz almışdıq.

Dursun

Burda nə çətin iş var ki, yenə alaq da.

Kərim

Qəzetlərdə tez-tez şəkillərimiz çıxardı.

Dursun

Göndərin, yenə çıxsın da.

Kərim

Çərənləmə!.. Səni görüm lənətə gələsən, lənətə. Adə, havaxt adam olacaqsan?!

Dursun

Kərim dayı, gərək bu dəfəlik bağışlayasan.

Kərim

Bağışlayasan, bağışlayasan. Tənbəlliyi, avaralığı da adama bağışlarlar. Mənim bir səhvim də odur ki, atan Nəcəfin sözünə qulaq asıb, səni bu vaxta kimi briqadamızda saxlamışam.

Dursun

Kərim dayı, mənim də ən böyük səhvim odur ki, zəhmət çəkib bu dünyaya gəlmişəm. Gərək gəlməyəydim.

Kərim (gülür)

Ətin tökülsün elə. Nə vaxt adam olacaqsan, adə?

Dursun

Lap elə bu dəqiqə! Ancaq bir şərtlə.

Kərim

Nə şərtlə?

Dursun

Bura zəhmət çək! Qulağını bəri tut. (Kərimin qulağına nə isə pıçıldayır.) Özüm ölüm!

Kərim

Kəs səsini! O sənin tayındır, axmaq?

Dursun

Bəs necə? Deyirsən Muradın tayıdır. Bir qız ki, öz atasının briqadasını qoyub özgə, naməhrəm bir briqadada işləyə... Onda...

Kərim (əsəbi)

Yum ağzını!.. Artıq bizim briqadamızda sənə yer yoxdur. Sabah kolxozçuların iclasında sənin məsələni müzakirə eləyəcəyik.

Dursun

Gücün mənə çatır, sən get öz qızını müzakirəyə qoy... Belə Durna sənin də, mənim də adımızı yerə vurur ey...

Kərim (əsəbi)

İtil, gözüm bir də səni görməsin!

Dursun

Nə deyirəm ki, hörmət və ehtiram. Ancaq, hünərin varsa bu sözləri get o aşıq Murada de. Gücün mənə çatır.

Kərim

İtil dedim sənə!

Dursun

İtilək də... (Gedir.)

Hilal

Sən düz deyirsən, Kərim. Bu işi belə qoymaq olmaz.

Kərim

Eh!.. Mən Durnaya nə deyim? Hilal, daha buna dözmək olmaz. Bu saat gedib briqadamızın üzvlərinə çatdır ki, axşam kluba yığılsınlar. Onlarla vacib söhbətim olacaq.

Hilal

Baş üstə!

Kərim

Nə olar ki?.. Qoy o aşıq Murad olsun, mən də Kərim. Əsil yarış hələ qabaqdadır. Gedək.

Gedirlər. Qızlar çay yarpaqları gətirib qapanda çəkdirirlər. Tənəffüs zəngi vurulur.

Qəmər

Aha, gördünüz kim kimi keçdi. Baxın görün nə qədər yığmışam. (Onlara dəftərçəsini göstərir.)

I Qız

Yığmağına biz də yığmışıq. İşin dalısına baxarıq.

Qəmər

Baxarıq, baxarıq.

Durna gəlir. Qızlar pıçıldaşıb gülüşürlər.

Durna

Qızlar, nə var, yenə baş-başa veribsiniz? Bilirəm, məndən danışırsınız.

Qəmər

Hardan bilirsən?

Durna

Mənim gözlərimin də qulağı var, axı.

Qəmər

Düz tapmısan, Durna, səndən danışırdıq. Qızlar bilmək istəyir, bu xeyir iş, havaxt olacaq?

Durna

Hansı iş, nə xeyir iş?

Qəmər

O xeyir iş, biz deyən xeyir iş. (Saza işarə ilə) Onu deyirik də.

Durna

Qızlar sizi şeytan da aldada bilməz. (Qəmərə yavaşca). Mən onu sevirəm, Qəmər!

Qəmər

Onu çoxdan bilirik.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов