Страница 2 из 2 · 50%

Kərim

Necə, necə, xasiyyətinə bələd olmaq istəyir?

Nisə

Bəs necə! Sənin, mənim zəmanəmiz deyil ki, gözüyumulu qız verib, qız alasan... yəqin elə mən deyəndir.

Kərim

Bəli, bəli xasiyyət bələd, bələd xasiyyət, əcəb işdir, yaxşı göstərərəm ona xasiyyətimi. Ay arvad, bir də deyirlər ki, biz evdə olmayanda o bura gəlir. Heç bilirsən bu barədə nələr danışırlar?!

Nisə

Yalan sözdür. Murad çox tərbiyəli oğlandır. Durnaya isə özüm tərbiyə verib böyütmüşəm.

Kərim

Onda hekayə tamam oldu. Demək cavanlığında keçdiyin eşq yollarını ona da öyrətmisən.

Nisə

Bəsdir kişi atdın qıza iftira,
Heç yapışmaz quru palçıq divara.
İndi çatıb qız on səkkiz yaşına,
Necə gəlib eşq həvəsi başına.

Kərim

Dayan arvad, səbrini bas, dayan dur,
Məncə bu Durnanın işi uzundur.
Görüşürlər Murad ilə xəlvəti,
Tapdalanır mən Kərimin qeyrəti.

Nisə

Birdəfəlik qoy kəsilsin bu söhbət.
Qızım qanmır nədir sevgi, məhəbbət.

Kərim

Yox, yox məni haldan salıb şübhələr.
Buna çarə tapmalıyam müxtəsər.

Nisə

Necə çarə?

Kərim

Bir macal ver, bir dayan,
Edəcəyəm öz qızımı imtahan!

Nisə

Nə imtahan?

Kərim

Bir macal ver, bir dayan,
Edəcəyəm öz qızımı imtahan.

(Durnanı səsləyir.) Ay qız Durna, Durna!

Durna (gəlir)

Buyur, ata!

Kərim

Qızım, bayaq qəlbini qırdım. Məni bağışla!

Durna

Nə eybi var ata?

Kərim

Əhsən belə qıza! Durna, sənə bir kiçik sualım var. Əgər düz cavab versən, and içirəm, bundan sonra sənə güldən ağır söz demərəm.

Durna

Buyur, ata!

Kərim

Deyirəm o qiyabi kənd təsərrüfatı institutuna girəndə əsas imtahanı nədən verəcəksən?

Durna

Mənimçin bütün dərslər əsasdır, ata!

Kərim miz üstündəki “Leyli və Məcnun” kitabını göstərir.

Kərim

Deyirəm bəlkə əsas imtahanın bundandır. Leyli Məcnundan, eşqdən, məhəbbətdən!

Durna

Füzulinin əsərlərini bilməmək eyibdir, ata!

Kərim

Rəhmətlik Füzuli təkcə bunu yazıb elə?

Durna

Xeyr. Bu onun şah əsəridir.

Kərim

Bəs onun rəiyyət əsəri hansıdır?

Durna

Ata...

Kərim

İndi ki, Leyli Məcnun əhvalatını bilirsən, de görüm, eşqin məğzi, cövhəri, mayası, mənası, müəmması nədir?

Nisə

Hə, hə, anan sənə qurban! De görək atanın soruşduğu şey nə deyən şeydir? Dərsinin əsil mayası nədir?

Kərim

Arvad, gəl qanmadığın işə baş qoşma. (Durnaya) Hə, qızım...

Durna

Bu qəliz sualı birinci dəfədir ki, sizdən eşidirəm.

Kərim

Başqasından eşitməyibsən?

Durna

Xeyr, ata!

Kərim

Nə əcəb? Təəccüblü işdir.

Durna

Ata, siz bilirsinizsə deyin öyrənim. Bəlkə gərəyim oldu.

Kərim

Bu vaxtadək gərəyin olmayıb?

Durna

Sən allah, ata, dediyin o beş-altı mərtəbə qəliz şey nədir? Yeməlidir, içməlidir.

Kərim

Ay şeytan! Utanma, yenə ucundan, bucağından bilməmiş olmazsan.

Nisə

Qızım Durna, olmaz ki, birinci əsas imtahanı elə öz atana verəsən, canımız qurtara.

Kərim

Qorxma, səhvin olsa biz ölməmişik ki, düzəldərik. De görək, eşqin məğzi, cövhəri, mayası, müəmması, mənası nədir axı?

Durna

Qoy bir fikirləşim!

Kərim

İmtahanda da belə eliyəcəksən?

Durna

Dediyiniz odur ki, odur ki...

Kərim

Zəhrimarın adını de də.

Durna

Adını siz demisiniz də, mənası isə odur ki.

Kərim və Nisə

Hə, nədir ki?

Durna (gülərək)

Çox ləzzətli şeydir.

Kərim

Dadmısan?

Durna

Əlbəttə.

Nisə

Necə, necə?

Kərim

Nə olar ki? De görək şirindir, yoxsa acı.

Durna

Həm şirindir, həm acı.

Kərim (Nisəyə)

Barakallah qız doğan! (Durnaya) Hə, deməli həm şirindir, həm də acı. Sonra?

Durna

Əsil mənası odur ki, insan gərək öz ata-anasını...

Kərim

Aldada?

Durna

Xeyr, ürəkdən sevə.

Kərim

Aha, daha kimi sevə?

Durna

Öz vətənini, elini!

Kərim

Daha kimi?

Durna

Heç kimi.

Kərim

Bu olmadı ki.

Durna

Sözün qısası insan gərək ataya, anaya məhəbbət yetirə... Daha bundan şirin nə ola bilər ki.

Kərim

Onun acılığından, heç nə demədin axı?

Durna

Acılığı da odur ki, bir də görürsən dünyalar qədər sevdiyin...

Kərim

Oğlandan?

Durna

Xeyr, atadan haqsız məzəmmətlər eşidirsən.

Nisə

Gəl öpüm səni, mənim ağıllı, kamallı balam! Səni görüm min yaşayasan.

Kərim

Yaxşı, bu eşq dərsini sənə kim öyrədib?

Durna

Orta məktəbi qurtaranda Xasay müəllim...

Kərim

Barakallah Xasay müəllim!.. (Kənara) Görünür, mən səhv eləmişəm. (Durnaya) Qızım, Leyli Məcnun imtahanını bu sayaq rəvan verə bilsən, heç şəkkim yoxdur ki, əla qiymət alacaqsan. Əla! Nisə, xörəyin hazırdır?

Nisə

Bu saat!

Durna

Bəs siz qonaq getməyəcəksiniz?

Kərim

Afərin! Yaxşı ki, yadımıza saldın. Ay arvad, Heybət kişi bizi gözləyir. Getməsək, yaxşı düşməz. (Kənara) Fürsətdir. Əsil imtahan indi başlanacaq. Nisə, düş qabağıma, gedək!

Durna (sevincək)

Tez qayıdacaqsınız?

Kərim

Necə, tez qayıtsaq məsləhətdir, yoxsa gec?

Durna

Gec də qayıtsaz eybi yoxdur, evdən xatircəm olun!

Kərim

Qızım sən deyən kimi, çalışarıq tələsmiyək. Sən ki, evdəsən.

Bayıra çıxırlar.

Durna

Nə yaxşı oldu? Lap Muradın gələn vaxtıdır. (Səs eşidir.) Deyəsən gələn Muraddır. Gedim görüm. (Həyətə çıxır.)

Kərim və Nisə pəncərədən otağa atılırlar. Fit səsi gəlir.

Kərim

Arvad, deyəsən hava həyəcanı başlandı axı... (Bayırdan səs eşidilir.) Gəlirlər, gəlirlər.

Nisə

Bıy, başımıza xeyir!

Kərim

Yaxşı, indi biz harada gizlənəcəyik.

Nisə (mizin arxasında oturub yumruğunu mizə vurur.)

Mən gizlənməyəcəyəm... Qoy gəlsin ona iki kəlmə söz deyəcəyəm.

Kərim

Qalx, ay arvad!.. Tez ol gir bu şkafa, mən də sandığa.

Nisə

Ay kişi, mən şkafa yerləşə billəm?

Kərim

Tez ol. Daha ayrı çarəmiz yoxdur.

Nisə

Bismillah rəhman əlhərim... (Şkafa girir.)

Kərim (sandığa girir)

Bu da mənimki.

Nisə

Ay kişi, qabiliyyətin yoxdur. Gül kimi paltarları əzişdirdin ki...

Kərim (sandıqdan)

Nisə, ay Nisə!

Nisə

Nə var, a kişi?

Kərim

Deyirəm yuxuya-zada getməyəsən ha...

Durna və Murad otağa girirlər. Muradın əlində budaq var.

Durna

O nədir, Murad?

Murad

Bunu sizin ərik ağacından qırmışam. Cavanlar bu yarpaqları bir-bir yolub “sevir, sevmir” deyə öz bəxtlərini sınayırlar.

Durna

Yəni bundan bir şey öyrənmək olur?

Murad

Buna inanmasam da, yenə öz bəxtimi yoxlamaq istəyirəm. (Yarpaqları yolur.) Sevir, sevmir, sevir, sevmir. Sevir.

Kərim (sandıqdan)

Arvad, ay arvad!

Nisə (şkafdan)

Nə var, a kişi!

Kərim

Bunlar ki, belə başlayıb, qorxuram bu il meyvə üzünə həsrət qalaq.

Durna

Ürəyim suya döndü ki, sevir, yoxsa sevmir?

Murad

Sevir, Durnacan sevir. (Oxuyur.)

Qəlbimi vermişəm, sənə əmanət,
Onu yaxşı saxla amandır, Durna!

Durna

Heç nədən qorxmuram eşqin yolunda,
Məni qorxudan şey hicrandır, Murad!

Murad

Sinəmdə döyünən ürək sənindir, Durna!
Eşqinlə döyünən ürək sənindir, Durna!

Durna və Murad (birlikdə)

Qızılgül sənindir, çiçək sənindir,
Varlığım adına qurbandır, Murad (Durna)
Qurbandır, Murad (Durna)
Sənsiz nə mənası gülün, çiçəyin, Murad!
Eşqinlə döyünür təmiz ürəyim, Durna!
Sənsən həyatımın mənası Durna (Murad!)
Eşqimin günəşli dünyası Durna (Murad!)

Murad

Durnacan, de görüm sən həqiqi, səmimi eşqin nə olduğunu heç dərindən düşünmüsənmi?

Durna

Düşünmüşəm.

Murad

Səncə, eşq nədir?

Kərim (sandıqdan)

Arvad, bu da mənim sualımı verdi ki.

Durna

Eşq, eşq odur ki.

Kərim (sandıqdan)

Adam gərək öz ata, anasını sevə.

Durna

Eşq iki qəlbin bir döyünməsi, ən gözəl, nəcib arzuların çiçəklənməsi, bir-birinin həsrətilə yanan iki gəncin bir-birinə qovuşması deməkdir.

Kərim (sandıqdan uca səslə)

Barakallah Xasay müəllim!

Murad

Durnacan, görəsən biz öz arzumuza nail ola biləcəyikmi? Atan, anan bu barədə nə deyir?

Durna

Atam səndən bir az incikdir. Yarışda ona üstün gəlmisən. Yaman əsəbiləşib... Əvvəllər belə deyildi. Hərdən özündən çıxıb fağır anamı yerli-yersiz danlayır.

Nisə (şkafdan)

Bax, kişi bunu lap düz deyir.

Murad

Amma anan Nisə çox gözəl arvaddır. Ürəyiaçıq, təmiz, səmimi.

Durna

Düzdü.

Nisə (şkafdan)

Sağ ola belə kürəkən! Kişi, Durna Muradındır vəssalam.

Murad

Durnacan, mən həm kənd təsərrüfatı sərgisində, həm də olimpiadada iştirak etməkçin sabah Moskvaya yola düşürəm.

Durna

Bilirəm.

Kərim (sandıqdan)

Nisə, eşidirsən, sabah pay-piyada Moskvaya yola düşürlər.

Nisə (şkafdan)

Necə, necə? Qızımızı götürüb qaçır?

Kərim

Moskovacan pay-piyada.

Murad

Bütün respublikaların çalıb oxuyanları, gözəl oynayanları ora yığılacaq. Birincilik qazananlara mükafat veriləcək.

Durna

Burda birincisən. Orda da birinci olmasan, qayıtma, orda qal.

Murad (zarafatla)

Çalışaram birinciliyi qazanmayıb orda qalım.

Durna

Yox, yox, zarafat eləyirəm. Eh, Murad, heç bilmirəm, bu ayrılığa necə dözəcəyəm?

Murad

Bir ay nədir ki?! (Oxuyur.)

Arzum budur gündüzlərin
Heç görməsin gecə, Durna!
Sən güləndə bütün qəmlər
Dönsün görüm heçə, Durna!

Gəzərəm eşqin yolunda,
Cananımın sağ, solunda.
Doğru aşiq yar yolunda
Gərək candan keçə, Durna!

Kərim və Nisə qeyri-ixtiyari əl çalırlar.

Murad

Durnacan, mənə bir xatirə olaraq nə verirsən?

Durna sandığı açmaq istəyir. Sonra fikrindən daşınır.

Durna

Eşqinlə döyünən qəlbimi!

Kərim (sandıqdan)

Barakallah Xasay müəllim! Üzün qara olsun, ay Nisə!

Durna

Murad, de görüm, Moskvada nə oxuyacaqsan?

Murad

İstəyirəm, əvvəlcə o sandığa girsəm neylərsən havasını oxuyum.

Kərim (sandıqdan)

Arvad, dinmə, bizim havamızı oxuyacaqlar.

Nisə (şkafdan)

Bizim niyə? Sənin havanı oxuyacaqlar.

Durna

Çox yaxşı olar. Ancaq o havanı əvvəlcə burda mənə oxumalısan.

Murad

Bir şərtlə. Sən də mənə kömək eləməlisən. (Sazı alır.)

Sən bir dəli ceyran olsan,
Düzlərə qaçacaq olsan,
Mən bir mahir ovçu olub
Səni ovlasam neylərsən?

Durna

Sən bir mahir ovçu olsan
Məni ovlayacaq olsan,
Mən bir gözəl alma olub
Sandığa girsəm, neylərsən?

Murad

Sən bir gözəl alma olub
Sandığa girəcək olsan,
Mən bir paslı açar olub
Sandığı açsam, neylərsən?

Durna

Sən bir paslı açar olub
Sandığı açacaq olsan,
Mən bir gözəl gəlin olub
Sandıqdan çıxsam neylərsən?

Murad

Sən bir gözəl gəlin olub
Sandıqdan çıxacaq olsan.
Mən bir gözəl oğlan olub
Səni almasam, neylərsən?

Kərim

İndi görərsən neylərəm, haramzadə!

Kərim sandıqdan, Nisə şkafdan çıxır. Murad və Durna qaçırlar.

Kərim Muradın dalınca bayıra cumur. Bu dəmdə eyni Murad paltarda, görkəmdə Dursun əlində saz içəri girir. Nisə onu görən kimi şkafa girir.

Dursun onu Durna bilir. Çalıb oxuyur.

Dursun

Aşiq mənəm, ay Durna!
Yoxdur sənə tay, Durna!
Düşsün bədbəxt Dursuna,
Eşqindən bir pay, Durna!

(Dursun şkafı açıb Nisəni görür. Özünü itirir.)

Kərim də həyətdən qayıdıb Dursunu görüb təəccüblənir. Dursun qaçmaq istərkən Kərim sazını alıb, onu kötəkləyir.

Kərim

Get indi görüm Moskova pay-piyada necə gedirsən!

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов