İsmayıl Hidayətzadə
İsmayıl Hidayətzadə dedikdə gözlərimiz önündə mənalı, qaynar həyat sürmüş böyük istedada malik sənətkarımız canlanır.
Hidayətzadə kimsəyə bənzəmirdi. O özündən əvvəl gələn sənətkarlardan öyrənərək, özünəməxsus orijinal, axtarışlarla dolu sənət yollarında addımlayırdı. Bəstəboy, qarabuğdayı, od baxışlı bu adamın daxilində bir sənət ümmanı dalğalanırdı. O, nə evdə, nə teatrda rahatlıq bilməzdi. Həmişə axtarışda, həmişə səhnəmizin inkişafı üçün düşünməkdəydi.
O, qəlbinin bütün tellərilə səhnəyə, sənətə bağlı idi. Hidayətzadə, klassik və müasir dramaturgiya və ədəbiyyatla çox yaxşı, dərindən tanışdı. O, səhnənin bütün sirlərinə bələddi desək, yanılmarıq. Mən onunla Nəriman Nərimanov adına Sənaye Texnikumunda oxuduğu zaman, 1924-cü ildə tanış oldum.
Məktəbimizin dram dərnəyində biz həvəskarlar kiçik formalı əsərlər hazırlayardıq. Böyük formalı əsərlər üçün dövlət dram teatrının artistlərini dəvət edərdik. Cəfər Cabbarlının “Aydın” dramasını Hidayətzadənin bizimlə məşq etdiyi yadımdadır. Şəmsəddin Abbasov Aydın, mən isə Surxay rollarında çıxış etdik. Məktəbli olduğumuz illərdə çox sevdiyimiz artistlərdən biri də Hidayətzadə idi. İstedadlarına heyran olduğumuz artistləri səhnədən kənarda görəndə sevincimizin hüdudu olmazdı. Abbas Mirzə Şərifzadə, Mirzəğa Əliyev, Sidqi Ruhulla, Rza Təhmasib, Gəraybəyli, Hacıağa Abbasov, Mərziyə, Əzizə, Hidayətzadə kimi artistlərin həyatını daha yaxından öyrənməyə can atardıq. Daha sonralar bu sənətkarlarla tez-tez görüşüb söhbət etmək, onlarla duz-çörək kəsmək kimi səadət də bizə nəsib oldu.
1934-1935-ci illərdə Hidayətzadə ilə daha tez-tez görüşərdik. O, Cəfər Cabbarlının “1905-ci ildə” əsərində Salamov, “Sevil”ində Əbdüləli bəy, “Almas”ında Şərif surətlərini misilsiz məharətlə, ustalıqla ifa edərdi.
Yadımdadır, biz yazıçılar “1905-ci ildə” tamaşası veriləndə teatra zəng vurub Salamov obrazını hansı artistin oynayacağını soruşardıq. Hidayətzadənin bu rolda çıxacağını biləndə toplaşıb dəstəylə teatra gedərdik. Biz onun daimi azarkeşləri idik. Hidayətzadə hər tamaşada ifa etdiyi surətlərə əsərdəki hadisələrlə əlaqədar gözəl cizgilər, boyalar əlavə edərdi. Mürəkkəb xarakterli dolğun surətlər yaradan bu səhnə ustadının məharətinə hamımız heyran idik. Sənət məsələlərində prinsipial, özünə və dostlarına qarşı çox tələbkar, sənət aləmində güzəşt bilməyən bu adam həyatda çox sadə, təvazökar və olduqca şirin söhbətli idi. Onun söhbətlərində incə bir yumor vardı. Özündən yaşlı və kiçik sənət adamlarıyla Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Əfrasiyab Bədəlbəyli, Rza Təhmasib, Sabit Rəhman, Mikayıl Müşfiq, Məmməd Kazım Ələkbərli, Əli Nazim, Tuqanov, Adil İskəndərov, İsmayıl Dağıstanlı, rəssam Rüstəm Mustafayev, Şəmsi Bədəlbəyli, Ələsgər Ələkbərov və başqalarıyla dostluq edərdi.
Mən də Hidayətzadənin dostlarından və sənət pərəstişkarlarından biri idim. Mən onun Trenyovun “Lyubov Yarovaya” əsərindəki Şvandiya obrazını necə ustalıqla, məharətlə ifa etdiyinə valeh idim. Hidayətzadə bir rejissor kimi də böyük şöhrət və məhəbbət qazanmışdı...
1937-38-ci illərdə Əzizbəyov adına teatrda müdir olduğum zaman Hidayətzadə ilə daha yaxından dost olduq. Mən onun bir çox məşqlərində olmuşam. O, xüsusilə gənc artistlərə qarşı çox qayğıkeş idi. Məşq zamanı cavan artist onun tapşırıqlarını lazımınca yerinə yetirməyəndə İsmayıl özü səhnəyə atılıb həmin surəti necə ifa etmək lazım gəldiyini nümayiş etdirər və ciddi tapşırardı ki, məni təqlid etmə, özün tap, mən bu surəti bu sayaq düşünürəm. Sən də düşün, tap. O, hər məşq zamanı bir neçə dəfə tərli köynəyini dəyişərdi. Biz o vaxt tez-tez Hidayətzadəgildə toplaşıb pürrəng çay içərək teatrımızın repertuarı və kollektivi haqda ciddi söhbətlər edərdik. İsmayılın həyat yoldaşı Soltan xanım, oğlu Timuçin süfrəmizi dadlı şirnilərlə bəzərdilər. Mən onunla və Üzeyir Hacıbəyovla birlikdə özbək incəsənəti on günlüyünə Moskvaya və başqa yerlərə səfərə çıxmışam. Hidayətzadənin çox yaxşı yol yoldaşlığı var. Onunla səfərə çıxan əsla darıxmazdı. Moskvada keçiriləcək Azərbaycan incəsənəti ongünlüyünə hazırlıq ərəfəsində Hidayətzadə dram teatrından müvəqqəti olaraq opera və balet teatrına köçürüldü. Onun tamaşaya qoyduğu “Koroğlu”nun necə böyük müvəffəqiyyət qazanması hamıya bəllidir. Hidayətzadə ayrı-ayrı surətlərlə yanaşı kütləvi səhnələri canlı nümayiş etdirmək işində çox mahir ustad idi. Kütləvi səhnələrə onun qədər böyük əhəmiyyət verən rejissor tək-tək olar. Moskva səfərindən sonra Hidayətzadə opera və balet teatrında bədii rəhbər vəzifəsində qaldı.
Opera teatrında olsa da onun yarı canı, ürəyi dram teatrında idi. Yadımdadır, darıxanda zəng vurub məni yanına çağırardı. Çaydan, söhbətdən sonra, kabinetin qapısını bağlayıb ayna qabağında dayanardı.
– Mirzə Süleyman, biletsiz axşam tamaşası başlanır – deyib birdən dram teatrında oynadığı surətlərdən parçalar nümayiş etdirməyə başlardı. Özü də necə... Mənim üçün, tək bir tamaşaçı üçün vəcdə gəlib, coşqun ilhamla oynardı. Paltarsız, qrimsiz də olsa gözlərimin qabağında Salamov, Şmaqa, Əbdüləli bəy, Şərif, Şvandiya, Şeyx Nəsrulla və başqa surətlər bütün boyalarıyla canlanırdı. Mən ondan xahiş edərdim ki, heç olmazsa ayda bir dəfə gəlib dram teatrında yaratdığı bu surətləri tamaşaçılara göstərsin. O, razılıq versə də, operada iş çox olduğundan bu vədi yerinə yetirə bilmirdi.
Hörmətli bəstəkarımız Qara Qarayev bu günlərdə bəstəkarların qurultayında çox haqlı olaraq Hidayətzadənin və Məhərrəm Haşımovun opera sənətimizin inkişafı üçün böyük zəhmət çəkdiyini hörmətlə qeyd etdi. Vətən müharibəsi illərində: opera və balet teatrımız Təbrizdə çox böyük müvəffəqiyyətlə tamaşalar verdi. O zaman teatrın bədii rəhbəri yenə Hidayətzadə idi.
Təbrizin, Mərəndin, Sərabın, Ərdəbilin teatr həvəskarları onun yanına məsləhətə gələrdilər. Hidayətzadəni burada da sevdilər. Bir qardaş, bir ustad kimi bağırlarına basdılar.
1946-cı ildə “Qaçaq Nəbi” əsərimin quruluşunu Hidayətzadəyə tapşırmışdılar. Onun kimi rejissorla işləmək doğrudan da müəllif üçün səadətdir. Həmin ildə mən bir neçə aylığa Moskvaya təhsilə getməli oldum. Əsərdən nigarandım. Hidayətzadə ilə məktublaşandan sonra ürəyim sakit oldu. Hidayətzadənin məktublarında da özünə məxsus bir əda və yumor vardı. Onlardan bir neçə misal gətirmək istəyirəm. O yazırdı: “Qardaşım Süleyman! Hər şeydən qabaq salam olsun əziz Mirzə Süleyman ağaya və sonra ərz olsun ağamın qulluğuna ki, sənin məktubunu aldım və çox şadam ki, Moskvadakı işlərin düzəlib və hər şey öz qaydasıyla cağbacağdır. Sənə cavab yaza bilmədiyimə səbəb çoxdur. Birincisi odur ki, mən bu vaxta kimi “Qız qalası” quruluşunda məşğul idim. Aprelin 18-də tamaşa böyük müvəffəqiyyətlə keçdi. Ancaq hələ “Qız qalası” qurtarmamış, məni çağırıb aprel bayramı üçün, yəni aprelin 28-i üçün böyük bir konsert proqramı düzəltməyi tapşırdılar. Əlavə bu konsertdə birpərdəli yeni bir əsər göstərməli idim. Yəni, yoldaş Orconikidzenin və başqa yoldaşların Azərbaycana ilk dəfə gəlmələrini göstərməli idik. Odur ki, kompozitor Niyazi və Mikayıl Rəfili ilə bu tema üzərində çalışıb bir pərdədən ibarət bir səhnəcik quruluşu verdim”.
Hidayətzadə bütün böyük təntənələrdə, bayramlarda, əlamətdar hadisələrlə əlaqədar şənliklərdə verilən konsertlərə məharətlə, ilhamla, məhəbbətlə rejissorluq edirdi.
“Qaçaq Nəbi” əsərilə əlaqədar bir məktubunda mənə belə yazırdı: “Mən pyesin üzərində hələ də çalışıram. Məncə nə qədər çox məşğul olsam, bir o qədər yaxşı olar. Süleyman, məncə pyesdə həll edilməmiş bir son şəkil qalmışdır. Mən belə güman edirəm ki, 10-cu şəkildən sonra məsələni çox uzatmamalı, çünki artıq hər şey aydındır. Bəlkə, artıq pyes boyu aparılan mübarizələrə bir yekun vurmaq zamanı çatmışdır?! Odur ki, pyesin finalını tapmaq və həll etmək lazımdır. Ancaq bunu elə etmək lazımdır ki, ara soyumasın”.
Görürsünüzmü Hidayətzadə necə qayğıkeş bir sənətkar və nə qədər mehriban bir insan olmuşdur. Görürsünüzmü səhnənin sirlərinə nə qədər aşina bir ustaddır. Səhnə onun üçün bir müqəddəs ocaq, bir məbəd idi. Mən belə bir sənətkarı, belə səmimi bir dostu unutmamışam. Onu həmişə məhəbbətlə, hörmətlə yad edirəm.
Hidayətzadə teatr sənəti aləmində özünə layiq fəxri bir yer tutmuşdur.
10 yanvar 1968
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-ismayil-hidayetzade
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Hər kim ki, hicri-yar ilə düşsə dimağdənHər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?
OlacaqsanVarsa hünərin cəhd elə ərbabi-fəsad ol!Min fitnə törət, şan qazan, sahibi-ad ol!
Mövizə: Cahani-faniyənin axırı fənayətdirCahani-faniyənin axırı fənayətdir,Bu bir səhih süxən müxtəsər hekayətdir