Unutmaram, ömrüm boyu komsomolçu Əlinin
Düşmənlərlə vuruşunu Qarabağ meşəsində.
Qəhrəmanı incitsə də yarası sol əlinin,
Qalibiyyət gurlayırdı yenə onun səsində.
Əli coşub bağırırdı: “Axsa qızıl qanımız,
Düşmənlərlə dolsa belə bir gün dörd bir yanımız,
Qəlbimizi bayraq edib haqq yolundan dönmərik,
Göy üzündə günəş sönsə biz yanarıq, sönmərik!
Yaxşı baxın alt-üst olmuş bizim kəndə, a dostlar,
Bu dəhşətə baxmaq olmaz durub gendə, a dostlar.
Bacalardan tüstü qalxmır, laylasızdır beşiklər,
Doğma kənddə anasızdır, balasızdır beşiklər.
Xəndəklərdə kəsik başlar, kəsik əllər, ayaqlar,
Səngərlərdə boş patronlar, bir də ki, boş daraqlar.
Qalmamışdır partizanın evində daş üstə daş:
Öldürülmüş min əzabla arvadı, oğlu, qızı.
Yaxşı baxın o təpənin döşündə yanan kəndə,
Fəryadları bomboş, dilsiz göyə dayanan kəndə.
Yaxşı baxın o evlərin qızıl alovlarına, –
Dalğalanır əsən yeldən pərişan saçlar kimi.
Yaxşı baxın obamızın uçuq divarlarına,
Qəmgin durur quş qonmayan yetim ağaclar kimi.
Yox, bu dərdə, bu zillətə dözmək olmaz, dostlarım,
Belə getsə yurdumuzdan nişan qalmaz, dostlarım.
Düşmənlərə sinə gərən bizik əli yaraqlı,
Bəli, bizik vuruşanlar, birəlli, birayaqlı.
Mərd ellərin arasında qəhrəmandır adımız,
Düşmənlərə zərbə vuran partizandır adımız.
Biz ölsək də qoy anamız yaş töküb ağlamasın,
Qapqara bir örpək örtüb bizə yas saxlamasın.
Biz ölsək də, dostlar, nə qəm, bizdən sonra gələnlər
Qaldırarlar adımızı göylərə bayraq kimi.

Ölməmişik, hələ sağıq, düşmənlərdir ölənlər,
Düşmənlərdir önümüzdə titrəyən yarpaq kimi!
Aha... Dostlar, düşmən yenə atəş açır, irəli!
Atəş, hücum! Atəş, hücum! Onlar qaçır...
İrəli!”
Bu sözləri eşidincə yel tək qanadlanırdıq,
Ölümləri unudaraq dağlardan atlanırdıq.
Hər atəşdə, hər hücumda düşmənlərə hər səfər
“Hədiyyələr” göndərirdik isti-isti güllələr!
Müharibə günlərində müdhişdir, qorxuludur
Vətən eşqi bizim üçün hər bir şeydən uludur,
Ondan alır ilhamını hər partizan ürəyi.
Biz ölməyə, öldürməyə hər dəqiqə hazırdıq,
Daş-kəsəklər arxasından dayanmadan yazırdıq,
Güllələrlə, düşmənlərin bədəninə yaralar.


Döyüş bitdi... Zəfər güldü üzümüzə günəş tək,
Ağ günlərin sevgisilə döyünürdü hər ürək.
Ailədən, məhəbbətdən danışırdıq, gülürdük,
Bəzimizsə yaramızın al qanını silirdik.
Əli bəzən söz qatırdı şirin söz arasına,
Zərrə fikir verməyərək qolunun yarasına.
Şirin-şirin, həzin-həzin gözəl tütək çalırdı,
Ağacların yarpaqları Əliyə əl çalırdı.
Qarabağlı, qəşəng səsli partizan yoldaşımız,
Yanıq-yanıq oxuyurdu bizə kəsmə şikəstə.
Könlümüzün tellərilə məşğul ikən başımız
Yağdı birdən üstümüzə güllələr dəstə-dəstə.
Biz də haman verdik sözü pulemyota, tüfəngə,
Ağız açıb göylər belə heyran qaldı bu cəngə!
Artıq bu sıx meşədə də dərin sükut hakimdi,
Dəstəmizin üz-gözündən zəfər gülürdü indi.
Bəli, bu son vuruşmada düşmənlər basılmışdı,
Taleləri ölən sinfin boynundan asılmışdı.

Meşəni halqaya alıb yollarını bağladıq,
Cəld, sağ qalan yağıların qollarını bağladıq.
Birdən bizi dəhşət aldı, yoxdu qəhrəman Əli,
Bilirdik ki, atışmada yaralanmışdı əli.
Yüyürüşdük dərələrə, təpələrə təngnəfəs...
Bir ağızdan nərə çəkdik, meşəni tutdu bu səs:
– “Əli, Əli, hardasan huy! Əli. Əli, Əli – huy!”
Qalın meşə əks-səda verib dedi: “Bəli, huy”.
Çox axtarıb tapdıq onu, otsuz, quru bir yerdə,
Biz belə bir qəhrəmanlıq görməmişdik bəşərdə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов