Səhnə Səfdərqulu bəyin otağını göstərir. Otaq yarı Asiya, yarı Avropa qaydası ilə bəzənmiş. Ortada girdə stol. Üstə şamdan, kart vəqeyri qumar şeyləri. Sandalyalar qaydasız halda durmuş. Açıq qapıdan yemək otağı görünür. Pərdə qalxdığda Nəbi otağı qaydaya salarkən öz-özünə söylənir.

Nəbi. Vay sizin evinizi Allah yıxsın, a belə ağalar. Bir belə də qumar oynamaq olarmı? Hər gün səhərə kimi oynayırlar. Çox vaxtı gecəni gündüzə qatıb o biri günə kimi kart vururlar. Vallah, mən nökər belə rahatsızlığa davam edə bilmərəm. Amma bizim bu nəçib bəylərimiz davam edirlər. Özkə vaxtı «o yana dur» üstə xəncər, tapançaya çıxırlar. Amma qumarda bir-birlərinə itə deyilməz sözləri deyirlər. Yenə də keçir gedir. Amma lotular mənim bu səfeh ağamı yaxşı tovlayıb tapıblar. Gecə-gündüz çörəyini yeyib, çayını içib, özünü də, qumarda sağmal inək kimi sağırlar. Ha-ha-ha... (Bir az dayanıb yenə də) Ha-ha-ha... A kişilər, bu lotuların hər kələkləri qurtarmışdı, gəlmişdi elə bu. İndi də tutublar ki, Səfdərqulu ağa, səni cəmi bəylər tərəfindən dibdat seçəcəyik. Gedib Fitilbörkdə dum deyirlər, nə deyirlər, orada vəzirlər yanında danışasan. Ha-ha-ha... Səfdərqulu bəy vəzirlər yanında danışacaq? Vay o yazıqların halına. «Vot tebe na»dan başqa bir şey başa düşə bilməyəcəklər. (Cəbi daxil olur). Xoş gördük, a Cəbi lələ. Mənə qulluq.

Cəbi. Gecə ağamın papiros qutusu burada qalıbdır. Ona gəlmişəm.

Nəbi (papiros qutusunu stolun üstündən götürüb verir). Cəbi, sən öləsən bu gecə ağan Mehdi bəyi təmiz sünkə çəkiblər. Yaxşı ki, hələ papağını da yaddan çıxartmayıb.

Cəbi. Mənim ağam kartın höcətinə gedəndir.

Nəbi. Odur ki, bu gecə on bir əl onluğa vuruldu. Axırda hirsindən kartı çırıb atdı.

Cəbi. Mən Mehdi bəyin yerinə olsaydım, onluğa vurulanda qaçaram doqquzluğa. Ona da vurulanda, səkkizliyi qoyardım. Getdikcə bir xal azaldardım.

Nəbi. Ha-ha-ha... afərin sənə, Cəbi lələ. Sən lap qart qumarbaz imişsən. Onda mənlə bir əl qonçuna oynamaqda necəsən.

Cəbi. Çox yaxşı, oynarım. Bəs Səfdərqulu ağa evdə deyil?

Nəbi. Qorxma, elə yatıbdır ki, top da atsan xəbəri olmaz.

Cəbi. Bu gecə udubdur, yoxsa uduzubdur?

Nəbi. Heç görünməz nə!.. Udubdur! Cəbi, yaxşı yadıma saldın, ağa tapşırmışdı ki, onu tezdən durğuzam. Günorta olubdur, amma o hələ yatıb. Cəbi, bu gecə bizdə böyük qonaqlıq var. Oxuyanlı, çalanlı, içkili.

Cəbi. Səfdərqulu ağanı vəkil seçəcəklər. Onun üçünmü?

Nəbi. Bəli. Bunu sən haradan bilirsən?

Cəbi. Bu bəylərin kələyidir. Onu elə salırlar. O günü bəylərin hamısı bizdə idi. Külməkdən qəşş edirdilər. Mehdi bəy də deyirdi: Nə var, zəhməti mən çəkim, qonaqlığı Səfdərqulu bəyin boynuna mən qoyum, hamı kələyi mən quram, kefi siz çəkin.

Nəbi. Bunun bəylərin kələyi olduğunu mən də duymuşam. Ancaq nə işim var, ağa mənə bir çuxa vədə edibdir. Təki o çatsın.

Cəbi. Gərək qabaqcan alasan. Sonra kələk açılanda verməz. Bəlkə yadına salanda səni də kötəkləyərlər.

Nəbi. Elə mən də onun fikrindəyəm. Gedim durğuzum. Amma daş kimi bərk yatandır. Bilmirəm heç durğuza biləcəyəmmi? (Gedib yataq otağının qapısından çağırır.) Səfdərqulu ağa, Səfdərqulu ağa! İndi gəl bunu oyat. Paltarlı taxta yıxılıb, xorultudayır. (Səsini ucaldır.) Səfdərqulu ağa, Səfdərqulu ağa, əstəğfürulla, əkər vecinə isə.

Cəbi. Ədə, gedib əlin ilə durğuzsana.

Nəbi. Yaxşı buyurursan, Cəbi ağa. Sən öləsən durub atama od vurar. O günü elə etmişdim. Diksinib atıldı və mənə elə sillə çəkdi ki, gözlərimdən od parladı. Dedi ki, bundan sonra məni heç vaxt əlinlə durğuzma. (Qışqırır.) Səfdərqulu ağa! Səfdərqulu ağa! Allahın əkbər, mən nə edim? A Cəbi, sən də kömək elə, gərək bu dibdat bəyi oyada bilərikmi?

Cəbi. A balam, mən nə kömək edim? Belə ki, Səfdərqulu ağa yatıbdır, heç «Koroğlu» da çalsan duran deyil.

Nəbi. Vay, sağ ol Cəbi, yaxşı yadıma saldın. (Çırtıq vura-vura o biri otaqdan bir qaval və bir tar gətirir.) İndi durarsan. Sənə bir elə meymun havası çalım ki, sıçrayıb dik atılasan. Al qavalı, köhnə lotu. (Qavalı Cəbiyə verir və özü çalıb oxuyur).

Mən bu dərədən keçmərəm,
Çadramı yellətmərəm,
Ağ saqqala getmərəm,
Gəl, gəl, ay evi yıxılmış,
Tez gəl, ay evi yıxılmış.

(Gedib qapıdan baxır.) Cəbi, sən öləsən, heç halına təfavüt etmir.

Cəbi. İndi sən bir sallama bayatı çal, gör mən necə oyadıram.

Nəbi çalır.

Cəbi.

Əzizim ulu dağlar,
Çeşməli sulu dağlar.
Burda bir qərib ölmüş,
Göy kişnər, bulud ağlar.

Nəbi gedib qapıdan baxır.

Nəbi. Xeyr a.

Cəbi. Adə, bəlkə kişi ölüb?

Nəbi. Hardan ölübdür, xorultusunu eşitmirsən? Ay Cəbi, nə edək? (Fikrə gedir.) Hə tapdım, yaxşı tapdım.

Cəbi. De görüm, nə tapdın?

Nəbi. Qumarbazı qumar oyadar. Cəbi lələ, indi gəl bəylərin qumar oynamaqlarının təqlidini çıxardaq. Onda görərsən necə durar. Kürsünü çək otur. (Otururlar.) Bax, mən Vəli bəy, sən ağan Mehdi bəy. Ah, bir adam da olsaydı, işimiz düzələrdi.

Ovanes daxil olur.

Ovanes. Nəbi, Saşa bəyin ağaçı burada qalıb. Ona gəlmişəm.

Nəbi. Kirvə, yaxşı vaxtda gəlmisən, bir adamımız çatmırdı. (Durub onun əlindən tutub stola tərəf çəkir.) Hələ buyur, otur.

Ovanes. Yox, kirvə mən qumar oynamıram.

Nəbi. A kişi, otur.

Ovanes. Mən qumarı toba etmişəm.

Nəbi. Otur, pul ilə oynamırıq. Zarafat edirik.

Ovanes. Kela, qabaqda da məni o cür öyrədib, evimi yıxdılar.

Nəbi. Adə, qumar oynamırıq, oyun çıxardırıq. Sən otur, bu saat deyim. (Ovanes oturur.) Bax, sən Saşa bəy...

Ovanes. Mən Ovanesəm.

Nəbi. Adə, a qanmaz ayı, mən bilirəm ki, sən Ovanes kirvəsən. Biz ağaların qumar oynamalarının təqlidini çıxardırıq. Bax, Cəbi Mehdi bəydir, mən Vəli bəy, sən də ağan Saşa bəy... İndi başa düşdünmü?

Ovanes. Kela, başa düşdüm, ancaq bu nə üçündür?

Nəbi. Sonra deyərəm.

Cəbi. Bax, Ovanes. Saşa bəy kimi oyna.

Ovanes. Arxayın ol, kela, lap özü kimi oynayacağam.

Cəbi. Nə oynayaq?

Nəbi. Ştos (gedib Səfdərqulu bəyin otağının qapısını açır, sonra gəlib bir kalod kartı əlinə götürür. Vəli bəy rolunda). Bax, qospoda, bu yüz manat bankdır, kart deyin.

Cəbi (Mehdi bəy rolunda). Xeyr, olmaz, gərək tuz vuraq, kimə çıxsa o, bank qoysun.

Ovanes (Saşa bəy rolunda). Mehdi bəy düz deyir, gərək tuz vuraq.

Nəbi. Pəh, yenə Mehdi höcətə saldı. Yaxşı tuz vururam. (Kartı bir-bir üç yerə paylayır, tuz Nəbiyə çıxır.) Gördünüz, tuz mənə çıxdı. Yamanlıq özünüzə qaldı.

Cəbi. Pravilo, belədir, əzizim.

Nəbi. İndi kart qoyun:

Cəbi (stolun üstündəki başqa kalodan kart çəkib üzü üstə qoyur). Xalı beş manat.

Ovanes. Kartı on manat.

Nəbi (kartı çevirir). Beşlik üzdədir, kartınızı açın. Vəli bəy sənin ki üzdədir. İyirmi manatı bankə at, qadanı alım. Saşa bəy, bu saat sənin üçün də bir onluq gətirərəm (kartı sağa və sola paylayır). Sən vurdun, buyur, Saşa bəy, bu da sənin on manatın.

Ovanes. Qoy bankda dursun. Ugol gedəcəyəm.

Nəbi. Çox yaxşı, get (kartı çalır). Buyurun kəsin. (Ovanes kəsir.)

Cəbi. Xalı üç manat.

Ovanes. Ugol, kela, xalına da on manat.

Nəbi. Pəh, Saşa bəy yenə azartnı elədi. Xeyr, vermirəm. Sənə xalı üç manatdan artığa xod yoxdur.

Ovanes. Kartın təpədir.

Nəbi. Onda eybi yoxdur. Mehdi bəy şahid ol ki, Saşa bəyin kartı təpə olmasa, pul verməyəcəyəm. (Kartı çevirib sağ-sola paylayır.) Saşa bəy, bu da təpə.

Ovanes. O deyil, eybi yoxdur, o olmasın, bu olsun. Xalı üç manatdan edər altı manat. Bankdan istərsən dörd manat. Vəli bəy, kartının üzünü aç.

Cəbi. Surət gətir.

Nəbi (sağa və sola paylayır). Bu da surət.

Cəbi. O deyil.

Nəbi. Buyur, bu da surətin o birisi.

Cəbi. O da deyil.

Nəbi. Mehdi bəy, kartını aç, yoxsa getmərəm.

Cəbi. No, kartın dalını çək, deyim.

Nəbi (səsini ucaldır). Vallah çəkmərəm. Canım, surətin ikisi çıxıbdır.

Cəbi. Sən öl, o kartın dalını çək, göstərim.

Nəbi. Pəh, Vəli bəy, yenə höcətə saldın? İbişin canına çəkmərəm. Di inan...

Səfdərqulu bəy (o biri otaqdan). Vəli bəy, tuz gətir. Mehdi həmişə onu qoyar.

Nəbi. Ha beləcə... Zalım kartın küçünü gördünüzmü? Uşaqlar, cəld kürsüləri kənara qoyun. Kartı gizlədin, indi siz bayıra çıxın, məni gözləyin.

Cəbi, Ovanes çıxırlar.

Səfdərqulu bəy (başıaşağı cibindən pul çıxarıb). Vəli bəy, qız da! Bu on manat (başını qaldırır). Nəbi!

Nəbi. Bəli.

Səfdərqulu bəy. A gədə, bəylər hanı?

Nəbi. Ağa, bəylər yoxdur.

Səfdərqulu bəy. Ay gədə, nə deyirsən? Vot tebe na. İndicə səsləri gəlirdi. Qumar oynayırdılar.

Nəbi. Ağa, bəlkə yuxunda görmüsən?

Səfdərqulu bəy. Ay gədə, nə deyirsən? Vot tebe na. Başına at təpibdir, nədir? İndicə buradan Vəli bəyin, Mehdi bəyin səsləri gəlirdi. Piyan saldat kimi, vot tebe na, evə gəlib gedəndən də xəbərin yoxdur. O biri otağa bax. Gör oradadırlarmı?

Nəbi. Bu saat oradan gəlirəm, heç kəs yoxdur.

Səfdərqulu bəy. Allahü əkbər, vot tebe na. Ay gədə, mən dəli olmamışam ki, indicə bu qulaqlarımla eşitdim ki, vot tebe na, Vəli bəy Mehdi bəyə deyirdi ki, kartını açmasan getmərəm.

Nəbi. Ağa, and içkinən ki, sənə açığım tutmayacaq, düzünü deyim.

Səfdərqulu bəy. Yaxşı, açığım tutmaz, de görüm.

Nəbi. Xeyr, Mələknisa xanımın koruna and iç, deyim.

Səfdərqulu bəy. And olsun Mələknisa xanımın koruna. Vot tebe na! Açığım tutmaz. İndi de.

Nəbi. Ağa, özün buyurmuşdun ki, məni tez oyat, axşama qonaqlarım var, gərək bazarlıq edəm. Mən də nə qədər çağırdım, qışqırdım, oyanmadın. Axırda naəlac qalıb Cəbi və Ovanes ilə bəylərin qumar oynamaq təqlidini çıxartdım ki, bəlkə onların səslərinə oyanasan. Düzü budur.

Səfdərqulu bəy. Ha-ha-ha... Ay gədə Nəbi, sən nə lotusan. Bəs Cəbi, Ovanes hanı?

Nəbi. Ağa, onlar səsini eşitcək qorxub bayıra qaçdılar.

Səfdərqulu bəy. Çağır, buraya gəlsinlər.

Nəbi (qapını açıb çağırır). Cəbi, Ovanes buraya gəlin, ağa çağırır.

Cəbi və Ovanes daxil olurlar, baş əyirlər.

Səfdərqulu bəy. Adə siz nə biçisiniz, indi də bizim təqlidimizi çıxardırsınız? Vot tebe na. Cəbi, de görüm Mehdi bəy nə təvr karta gedir?

Cəbi (səsini dəyişdirir). Doqquzluq napi pəə... Yenə üzə düşdü... Atanti.

Səfdərqulu bəy. Ha-ha-ha... Siz öləsiniz lap Mehdi bəyin özüdür. Adə, Ovanes, sən də görüm, Saşa bəy nə təvr oynayır?

Ovanes. Altılıq ugol, xalına da üç manat.

Səfdərqulu bəy. Ha-ha-ha... (Barmağı ilə qorxudur.) Əlbət Saşa bəyi, vot tebe na, görərəm. Bəs sizdən kim udu?

Cəbi. Ağa, pulumuz haradaydı ki, puldan oynayaq.

Səfdərqulu bəy (onlara pul paylayır.) Ala, bu sənin, bu sənin, bu da sənin. (Hərəsinə bir manat verir.)

Üçü də. Sağ olsun Səfdərqulu ağa!

Səfdərqulu bəy. Bu gün məni seçsələr, hərənizə bir xələt verəcəyəm.

Cəbi. Ağa, sizdən artıq kim var ki, onu seçələr.

Nəbi. Bu doğrudur, bizim ölkədə ikinci Səfdərqulu ağa tapılmaz.

Ovanes. Ağa, çox sağ ol, kela Allah sizi bizim üstümüzdən əskik etməsin.

Cəbi. Ağa, izin ver, gedək.

Səfdərqulu bəy. Yaxşı gedin.

Cəbi və Ovanes baş endirib çıxırlar.

Səfdərqulu bəy. Nəbi, biz də gedək, bəylər üçün içkidən-zaddan alım, gətir. Aşpazın hər şeyi hazırdırmı?

Nəbi. Bəli.

Səfdərqulu bəy. Onda gedək.

Çıxırlar.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Tutuquşu

Biri vardı, biri yoxdu bir çal-çəpəri dağılmış, gülləri soluxmuş, ağacları yarıqurumuş bir köhnə bağ vardı. Bağın quşları bu xarabada çox məşəqqət ilə gün keçirirdilər. Günlərin bir günündə bu bağa hardansa bir bülbül uçub gəldi və bir neçə nəğmə oxumağla bağdakı quşları başına cəm etdi. Quşlar yığılan kimi bülbül onlara bir fəsih və bəliğ nitq söylədi. Bu nitqdən quşlar bir şey anlamadılarsa da, yenə çoxları alqışlayıb «Əhsən! Əhsən!» dedilər. Sonra bülbül özünün gözəl vilayətlərini buraxıb bu bağa gəlmək qəsdini bəyan etdi və dedi:– Mənim əziz qardaşlarım! Mən yaşıl çəmənləri, laləzar gülşənləri buraxıb bu viranəyə gəldim ki, siz bədbəxt qardaşlarımı da özüm kimi musiqi işlərinə aşna edim.

1 мин
Qan bulağı

İyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi. Bunlardan biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünməyirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ başlıq var idi. Qocanın at üstündə əyləşməsi, ə’zasının hərəkəti, alıcı quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və uzun ağ saqqalından görünürdü. Yol getdikcə daralırdı. Dağlardan enib, indi qayadöşü incə bir yol ilə gedirdilər. Onun yuxarı tərəfi divar kimi ucalan sıldırım qayalar, alt tərəfi göz qaraldan uçurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək qeyrilərə namümkün olduğu halda, Dağıstan əhalisinə və onların atlarına adi bir şeydir.Vaxt günortaya yaxınlaşmışdı. Susuzluqdan hər iki süvari yanırdı. Əlalxüsus susuzluq gəncə artıq tə’sir eləyirdi. Onun gözləri səbirsiz və iztirab ilə su arayırdı. Bu halda gəncin qulağına su şırıltısı gəldi.

6 мин
Ümid çırağı

İlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ başında düşən Ş... şəhərinin əhalisi dərin yuxuya dalmışdı. Yalnız iki balaca otaqdan: yanında özü kimi balaca bağçalı bir evdən işıq gəlirdi. Pəncərədən çırağın zəif şö’ləsi bağçaya düşərək oranın zənkin böcək və pərvanələrini öz tərəfinə çəkirdi. Masa başında oturmuş, mütaliəyə məşğul, zəif əndamlı, sarımtıl bənizli, qıvrıcıq saçlı bir gənc, çənəsinə dirsəklənərək kitab oxuyur, ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət belə mürgüləyirdi, sonra diksinərək başını qaldırır, gözlərini ovcalayır, qalxıb pəncərəni açır, başını dişarıya çıxararaq bağçanın saf havasını dərindən tənəffüs edirdi.Qaranlıqda qalmış pərvanə və böcəklər pəncərənin açılmağından istifadə edərək otağa soxulur, çırağın ətrafında uçuşurdular. Gecənin dərin sükutu və zülməti gəncin qəlbinə xof buraxır, onu diksindirirdi.

4 мин
Cəhalət qurbanı

Uşaqlıq xatiratımdan nağılına şüru etdiyim bu vaqiə məndə elə bir dərin tə’sir buraxmış, qəlbimdə elə silinməz nəqş bağlamışdır ki, sanki uzun müddət əvvəl yox, dünən vaqe olmuşdur.Səkkiz yaşında uşaq ikən «Seyidli» adlanan kəndimizdə başaçıq, ayaqyalın, təbiətin mərhəmətli qucağında, məişətin ağır və zəhərli hallarından xəbərsiz yaşardım.

14 мин

Стихи других поэтов