Страница 1 из 3

Səhnə meşə içində ağac çəpərlə həsarlanmış bir həyət göstərir. Həyətin sağ tərəfində Piri babanın komasi, sol tərəfdə meşə sahibi Həsənqulu ağanın ikimərtəbəli evi görünür. Həyətdə neçə yerdə skamyalar qoyulmuşdur. Yasəmən komanın önündə oturub özünü günə verir. Yanında bir beşik. Pərdə qalxdıqda Piri baba çiynində tüfəng, əlində qırqovul, daxil olur.

Piri baba. Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam.

Yasəmən. Ah, nə gözəl qırqovuldur.

Piri baba. Qızım, gərək bu gün də durmayaydın. Özünü gözlə, yoxsa üzülərsən.

Yasəmən. Baba, doğrudur, mən şəhərdə tərbiyə almışam, amma əslim kürddür. Bizim arvadlar köç üstündə atdan düşüb, doğarlar, yenə atı minib köçdən qalmazlar. Üç gün yatdığım kifayət edər. Ürəyim darıxdı, çıxdım ki, özümü bir az havaya verim.

Piri baba. Bəs, Xalisə haradadır?

Yasəmən. Xalisə nənə bulaqdan su gətirməyə, həm də çağanın əskilərini yumağa gedibdir.

Piri baba. Topal gəlib çıxdımı?

Yasəmən. Xeyr.

Piri baba. Görəsən nə qəziyyə üz verdi ki, bu üç günün ərzində gəlib çıxa bilmədi. (Tüfəngi ağacdan asıb, Yasəmənin yanında oturur.) Yasəmən, Əlimərdanın sədası bizim torpaqdan gəlir, görünür İrandan bu tərəfə keçmişdir.

Yasəmən. Ah, baba, bu nə ömürdür ki, mən sürürəm. Bu gün tamam yeddi aydır ki, Əlimərdan məni burada qoyub, özü qaçaq olmuşdur. Bu uzun müddətdə nə gecə, nə gündüz xəyalımdan, ürəyimdən sevgili ərim çıxmır. (Ağlayır.)

Piri baba. Yasəmən, səbir et, naşükür olma. Allaha dua et, ürəyin təsəlli tapsın. Bu bəlalar, bu cəfalar ki, sən çəkirsən, hamısı Əlimərdanın uçundandır. Rəhmətlik qardaşımın cəmi xasiyyəti oğlu Əlimərdana keçmişdir. Atası kimi təkəbbürlü, kinli, höccət, qoçaq bir dəliqanlıdır. Hansı bir rəiyyət qızının irz namusuna ağaları toxunmamışdır?

Yasəmən. Allah o ağaları dünya üzündən məhv edəydi, ta bizlər də rahat gün görəydik.

Piri baba. Nə etməli, qızım, dünya belə gəlib, belə də gedəcəkdir. Güvvətli zəifi basacaq, əzəcək, zalım məzlumu incidəcək, məhv edəcək, dövlətli kasıbı sıxacaq, boğacaqdır. Qızım, bunlar tək insanda deyil, heyvanda da belədir. Tamam qırx ildir ki, mən bu meşədə ömür sürürəm. Bu bağlarda ov edirəm. Hər bir heyvanın, quşun, həşəratın yaşayışına diqqət etmişəm. Bir də görürsən, bir tərlan kəklik ovlayıb qaya başında yeməyə məşğuldur. Qəflətən ondan güvvətli bir şahin ildırım kimi şığıdı, onun əlindən aldı, havaya qalxdı. Bax, böcəkləri qurbağalar, onları ilanlar, ilanları da kirpilər yeyib tələf edirlər.

Yasəmən. Baba, onlar heyvandır, anlamır, ağılları yoxdur. Bəs bu insanlar nə üçün bir-birlərini qırırlar?

Piri baba. Qızım, biri dövlət üstə, biri şöhrət üstə, biri tamah üstə, səbəbləri çoxdur. Mənim qardaşım oğlu Əlimərdan da qeyrət, namus üstə. Mənim nəsihətimə qulaq asmadı, dedi gərək Şahbaz bəyin nəslini qırıb, yer üzündən məhv edəm. Onun əmisi oğlu Tağı bəyi və nökəri Fərəci öldürüb qaçaq düşdü.

Yasəmən. Piri baba, nə vaxt ki, bədbəxtlik bizə üz verməmişdi, Əlimərdan məni sevib, mehriban dolanırdı. Qəmər qəziyyəsindən sonra büsbütün dəyişilib, arvad adını yanında çəkmək mümkün deyil. Mənlə xudahafiz edəndə dedi ki, Yasəmən, qız doğsan, öz əlimlə, qədim ərəblər tək, boğub atacağam. Baba, dönmüş taleyim burada da məni ərimin yanında xəcil etdi, qız doğdum.

Piri baba. Qəm etmə, qızım, övlad şirin olar. Özün görəcəksən ki, necə əzizləyib sevəcəkdir.

Yasəmən. Allah sən deyən kimi edəydi, baba.

Piri baba. Qorxma, elə də olacaqdır, bax, bu meşə sahibi Həsənqulu ağa da oğul həsrəti çəkirdi. Allahtaala ona qızı Züleyxanı verdi. Mən bu sinnə çatmışam, amma atanın qıza elə məhəbbət bağladığını görməmişəm. Bax, bu evi Həsənqulu ağa qızı üçün tikdirmişdir. Ağa burada həftələrlə ov edəndə, Züleyxa xanım da qaravaşları ilə burada yaşayırdı. Xalisə onun istəkli qulluqçularından biri idi. Ağanın ondan başqa övladı olmadı. İndi bu meşənin sahibi həmin Züleyxa xanımdır. Yasəmən, Əlimərdan da qızını inşaallah elə sevəcəkdir.

Yasəmən. Ah, o günü görsəydim ölməzdim.

Piri baba. Xalisə gəlib çıxmadı. Xörək nə vaxtı bişəcəkdir?

Yasəmən. Odun yoxdur, olsaydı, durub özüm bişirərdim.

Piri baba. Onda, mən durum oduna gedim, ona kimi də Xalisə gəlib çıxar. (Baltanı və ipi götürüb gedir.)

Yasəmən (yalnız, çağanı beşikdən götürüb). Xudaya, dərgahına əl götürüb dua edirəm, mənə əta etdiyini, bu mə’sum balanı ata məhəbbətindən məhrum etmə. (Laylay çalır).

Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Qızıl gül bağın olsun,
Kölgəsində yatasan.
Balam, a laylay.
Gülüm, a laylay, a laylay.

Mən aşiqəm balasın,
Laçın verməz balasın.
Mən balamı istərəm,
Balam istər balasın.

Bu halda həyət qapısı döyülür. Yasəmən gedib açır, Həcər xanım qucağında bir körpə uşaq daxil olur.

Həcər. Yasəmən, nə təəccüblə mənə baxırsan? Yoxsa məni tanımırsan?

Yasəmən. Bilmirəm, yuxu görürəm, ya doğrudan da Həcər xanımı görürəm.

Həcər xanım. Doğru deyirsən, Şahbaz bəyin arvadı quldurbaşı Əlimərdanın evində, bu yuxu deyil, nədir? Gəl, otur, dərdimi sənə söyləyim. (skamyada otururlar) Yasəmən, irəlidə sən mənim xidmətçim olmusan, Xeyr, səhv etdim, xidmətçim yox, sevgili baçım olmusan, sirr yoldaşım olmusan. Yasəmən, o günlər yadındadırmı?

Yasəmən. Bəli, yadımdadır.

Həcər xanım. Başımızda eşq sevdası, ürəyimizdə məhəbbət atəşi, sən Əlimərdanı sevirdin, mən Nadir bəyi. Sən məhəbbət uğrunda cəfa çəkdinsə də, axırda sevgilinə gedib, məramına çatdın. Lakin mənim baharım solub, zimistan oldu. Yadındadırmı, bir gündə iki şəxs mənə elçi düşdü, biri sevdiyim, söz verdiyim Nadir bəy, o biri bədəxlaq, bədxasiyyət, çaxır içən, günlərini meyxanalarda keçirən Şahbaz bəy. Nadir bəy kasıb, Şahbaz bəy dövlətli. Borc boğazına çıxmış, mülkü, evi Şahbaz bəyin yanında kirovda olan atamın meyli kimdə olması mə’lum idi. Yadındadırmı, mən Şahbaz bəyə getmək istəmədim.

Yasəmən. Bəli, yadımdadır. Atanız dedi: Həcər, Şahbaz bəyə getməsən, özümü öldürəcəyəm.

Həcər xanım. Anam da saçlarını yoldu ki, bizi bədbəxt etmə, küçələrə salma. Axırı, mən razı oldum. Şahbaz bəyə gözləri yaşlı getdim. O gündən cəfalarım, bəlalarım başlandı... Şahbaz bəy evimi çürdüxanaya, qumarxanaya döndərib, çəngilər ilə kef etməyə başladı. Nadir mənim göz yaşıma dözə bilməyib, baş götürüb bu vilayətdən getdi. Axırda Şahbaz bəyin binamusluğu bir dərəcəyə çatdı ki, öz süd baçısı, qardaşı Əlimərdanın baçısı Qəmərin namusuna toxundu.

Yasəmən. Ah, indi məni də gözü yaşlı qoyan o binamus oldu.

Həcər xanım. Yasəmən, o zaman o iki körpəm olmasaydı, biri Şəmsi, o biri Zöhrə, inan ki, mən də özümü Qəmər kimi qayadan atmışdım.

Yasəmən. Yazıq Qəmər, qardaşım İbada nişanlı idi. Bir-birlərini çox istəyirdilər. Sonra İbad da gedib Əlimərdanın qaçaq dəstəsinə qoşuldu. Piri babanın deməyinə görə siz altı aydır ki, Züleyxa xalanızın yanında olursunuz və heç kəsə də görünmürsünüz.

Həcər xanım. Doğrudur, orada gizli olmağımın sirrini gəlmişəm sənə açıb söyləyəm və səndən kömək istəyəm. Başqası məni anlayıb, dadıma çatmayacaqdır.

Yasəmən. Söyləyiniz görüm, məndən nə kömək istəyirsiniz? Özünüz bilirsiniz ki, əlimdən gələni müzayiqə etmərəm.

Həcər xanım. Yasəmən, Şahbaz bəy Parisə gedəndən üç ay sonra qəflətən Nadir bəy gəlib çıxdı. «Həcər, sevgilim, bu iki ilin müddətində dünyanı səyahət edib gəzdim ki, bəlkə səni unudam, fəqət bacarmadım. Axırda sənin fəraqına dözə bilməyib gəlmişəm» — deyə fəryad etdi. Yasəmən, biz qadınlar hissimiz ilə yaşayırıq. Biz qadınlar ürəklərimizin quluyuq. Mən də eşq atəşinə yandım, nəticəsi bu... (Oğlunu göstərir.)

Yasəmən. Demək, bu uşaq Nadir bəyindir?

Həcər xanım. Bəli, mənə tə’nə, məzəmmətmi edəcəksən? Mənə lə’nət, nifrətmi edəcəksən?

Yasəmən. Mən? Xeyr!.. Başqalarını bilmirəm. İndi söyləyiniz görüm, məndən nə kömək istəyirsiniz?

Həcər xanım. Nadirlə belə qət etmişdik ki, mən Şahbaz bəydən boşanıb azad olacaqdım, sonra ona gedəcəkdim. Ah, fələk cəmi səadətimi, ümidimi bir anda puç etdi. Bir ay bundan əvvəl Nadir xəstə düşüb şam kimi əridi, axırda söndü. (Ağlayır.)

Yasəmən. Ah, sizin taleyiniz də mənimki kimi çönmüş. (Gözlərini silir.)

Həcər xanım. Yasəmən, çəkdiyim cəfalar, görünür, kifayət deyilmiş ki, təzə bəlalarım yenidən zühur edir. Şahbaz bəy teleqrafla Parisdən çıxmağını xəbər verir, indi anlayırsanmı?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов