Страница 2 из 3 · 33%

Yasəmən. Bəli, anlayıram, bu uşağı gizlətmək lazımdır.

Həcər xanım. Bəli, onu da ancaq sən bacararsan.

Yasəmən. Nə tövr? Unutmayınız ki, siz mənim ərim Əlimərdanın düşməni Şahbaz bəyin arvadısınız. Sizlərdən buraya gəliş-gediş ola bilməz.

Həcər xanım. Mən onların hamısını fikir etmişəm. Ona görə də oğlumu həmişəlik sənə verirəm, üç gündür ki, doğmuşam. Sənin qızın da həmin vaxtda. Hamıya deyərsən ki, əkiz doğmuşam. Sirr bizim aramızda qalar.

Yasəmən. Bəs, Piri baba ilə Xalisə nənə necə olsun.

Həcər xanım. Bu barədə xalam ilə danışmışam. O deyir ki, mənim xatirim üçün onlar razı olarlar və sirri də kimsəyə açmazlar.

Yasəmən. Mənim qorxum Əlimərdan və Cəbidəndir.

Həcər xanım. Mənə mə’lumdur ki, Cəbi sənin doğmağından hələ xəbərsizdir.

Yasəmən. Yenə də qorxuram. Bu sirr bir vaxtı açılar, onda mənim halım necə olar? Yox, yox, bu ağır və qorxulu işi öhdəmə götürməyə cür’ət etmirəm.

Həcər xanım (ayağa qalxır). Onda bircə yol qaldı.

Yasəmən. Hansı?

Həcər xanım. Mən müqəssir ananın əli ilə bu mə’sum uşağın ölməyi. (Getmək istəyir.)

Yasəmən (onun qabağını kəsir). Yox, yox, onu etməyiniz, veriniz, razıyam. (Uşağı alıb beşiyə qoyur. Bu halda qapı döyülür.) Siz içəriyə giriniz, görüm kimdir.

Həcər xanım komaya girir.

Pir baba (qapının dalından). Yasəmən, bizik, qapını aç.

Yasəmən qapını açır, Pir baba ilə Xalisə nənə daxil olurlar.

Pir baba. Xalisə, tez ol, ocağı qala, xörək bişir.

Xalisə nənə. Bu saat.

Yasəmən. Xalisə nənə, xörəyi mən hazır edərəm, içəridə bir əziz qonaq səni gözləyir.

Xalisə nənə. Kimdir? Buraya qorxudan heç kəs gəlməz.

Yasəmən. İçəri get, görərsən.

Xalisə nənə komaya girir.

Pir baba. Yoxsa Əlimərdandır?

Yasəmən. Xeyr, Hacər xanımdır, Pir baba.

Pir baba. Hacər xanım?.. O bura əbəs yerə gəlməz, nə böyük qəziyyəyə üz veribdir ki, cür’ət edib gəlibdir.

Yasəmən. Baba, doğrudan da böyük qəziyyədir. Hacər xanım səndən bir şey təvəqqe edəcəkdir, onu qəbul etməyinizi mən də rica edirəm.

Pir baba. Nədir?

Yasəmən. Sizi gözləyir, gedin, desin. (Pir baba girir. Yasəmən Hacər xanımın oğlunu qucağına götürür.) Ah, nə gözəl uşaqdır, mən oğul həsrəti çəkirdim, allah verdi. Bunu öz balam kimi sevəcəyəm. Əlimərdan da məndən razı qalacaqdır. Allahın sirrini bilmək olmaz, gör kimi Əlimərdana oğul göndərdi.

Cəbi daxil olur.

Cəbi. Gözləriniz aydın olsun, oğlandır, qız?

Yasəmən. Oğlandır.

Cəbi. Onda sahib şad olacaqdır.

Yasəmən. Topal, biri də var.

Cəbi. O kimdir?

Yasəmən. O da mənimdir, əkiz doğmuşam, biri oğlan, biri qız.

Cəbi. Sahib bu saat özü gələcəkdir.

Yasəmən (özünü itirdi). Ah, ürəyim nə döyünür. Cəbi, o sudan tök, mənə ver, içim.

Cəbi (su verərkən). Sahibin gəlməsindən niyə qorxursan.

Yasəmən. Qorxuram ki, ona burada bir xətər yetə.

Cəbi. Sahibin dəstəsi meşədədir.

Pir baba komadan çıxır.

Pir baba. Topal, bu üç gündə harada qalmışdın?

Cəbi. Kəndə, anamı yoxlamağa getmişdim. Bərk naxoş olduğuna görə qoyub gələ bilmədim, indi bir az yaxşıdır.

Pir baba. Xalisə çağanın əskisini yuyanda birini orada unudubdur, get onu gətir gəl.

Cəbi gedir.

Yasəmən. Baba, böyük bəlaya düşdük. Cəbinin deməyinə görə Əlimərdan bu saat buraya gələcəkdir. Mən çox qorxuram.

Pir baba. Özünü itirmə, toxdaq saxla, hər bir şey allahın əlindədir, nə istərsə o olacaqdır. Xalisə, Xalisə!

Xalisə nənə (komadan çıxır, Yasəmən uşağı beşiyə qoyub çuna ilə üzünü örtür). Nə var?

Pir baba. Cəld Hacər xanımı Həsənqulu ağanın otağında gizlət, özün də yanında ol.

Xalisə nənə. Nə var, nə olubdur?

Pir baba. Danışıq yeri deyil, Əlimərdan bu saat gələcəkdir.

Xalisə nənə. Vay, evimiz yıxıldı.

Qapı bərk döyülür.

Pir baba. Arvad, cəld ol.

Xalisə nənə otağa girir.

Əlimərdan (qapının dalından qışqırır). Topal!

Pir baba gedib qapını açır, Əlimərdan və İbad üstlərində əsləhə daxil olurlar.

Əlimərdan. Əmi!

Pir baba. Can!

Əlimərdan. Hamı salamatmı?

Pir baba. Salamat!

Yasəmən onun boynunu qucaqlayır.

Əlimərdan. Kürd qızı, toxda, oğlandır, ya qız?

Yasəmən. Qız.

Pir baba. Qəm yemə, allah hər ikinizin istəyini veribdir. Yasəmən əkiz doğubdur, biri oğlan, biri qız.

Əlimərdan. Bu yaxşı. Kürd qızı, oğlan mənim, qız sənin. Gətir baxım.

Yasəmən (çunanı götürüb). İkisi də yatıbdır.

Əlimərdan. Onda tərpətmə, qoy yatsınlar. Kürd qızı, mən oğlumun adını Çinkiz qoydum... Sən qızının adını nə qoyursan?

Yasəmən. İzin versən Qəmər qoyaram.

Əlimərdan. Onda izin qardaşın İbaddan al.

İbad. Bacım, hərgah onun kimi qeyrətli, namuslu bir qız yetirəcəksənsə, izin verirəm. Mən əhd etmişəm ki, nişanlım Qəmərin intiqamını düşməndən almayınca dünyada rahat yaşamayam.

Əlimərdan. Əmi, Şahbaz bəyin qardaşı İlyas bəy elə bildi ki, İrana qaçmaqla mənim əlimdən qurtaracaqdır. Qardaşın oğlu onu da babalarının yanına göndərdi.

Pir baba. Əlimərdan, bu işdən əl çək, su sənəci axırda suda sınar.

Əlimərdan. Əmi, insan üçün də ölüm bir dəfə olacaqdır.

İbad. Pir baba, biqeyrət olub uzun ömür sürməkdənsə, namus üstə cavan ölmək daha əfzəldir.

Pir baba. Ay dəliqanlılar, aqibətinizi çox pis görürəm. Gəlin, mən qoca babanızın nəsihətinə qulaq asın.

Əlimərdan. Əmi, aç qonaqları nəsihətlə doydurmaq olmaz, nəyin varsa, əmr et gətirsinlər, yeyək.

Yasəmən. Bir azca səbir ediniz, bu saat hazır edim.

Əlimərdan. İbad, xörək hazır olunca biz də bir az rahat olaq.

Otağa tərəf yönəlirlər. Yasəmən onların qabağını kəsib.

Yasəmən. Ay, oraya getməyiniz.

Əlimərdan. Nə üçün?

Pir baba. Orada Xalisə çimir.

Əlimərdan. Ha-ha-ha... Ay qoca əmi. Dinc durmursan ha.

İbad. Pir baba bizim kimi cavanları yarı yolda qoyub keçər.

Əlimərdan. Kürd qızı, buraya palaz sal, oturaq.

Yasəmən palaz salır, Əlimərdan və İbad tüfənglərini ağacdan asıb oturular. Bu halda qapı döyülür, Əlimərdan cəld ayağa qalxıb.

Əlimərdan. Kim ola?

Pir baba. Təşvişə düşmə, yəqin Topaldır. (Qapını açır.)

Əlimərdan. Topal?

Cəbi. Sahib.

Əlimərdan. Haradan gəlirsən?

Cəbi. Bulaqdan, sahib.

Əlimərdan. Ətrafda qaraltı-zad görünürmü?

Cəbi. Uzaqdan atlı dəstəsi görünür, çaparlara oxşayır.

Əlimərdan. Get pusquda dur, şübhəli adamlar olsa, cəld gəlib xəbər ver.

Cəbi. Baş üstə, sahib. (Gedir.)

İbad. Təzə uyezdni naçalnik Səfi bəy bizim müqabilimizə çıxmaq ilə qubernatordan maledes almaq istəyir.

Əlimərdan. Eybi yoxdur, buyursun, onu da knyaz Vaçinadzenin gününə salaram.

Pir baba. Bir neçə vaxtdan bəri meşədə strajniklər görünür. Birinə rast gəlib soruşdum: burada nə qayırırsınız? Cavab verdi ki, Səfi bəyin əmrinə görə yolları qaçaqlardan mühafizə edirik.

İbad. Ha-ha-ha... Pir baba, çox yaxşı mühafizə edirlər, allah onları bədnəzərdən saxlasın. Üç gün bundan irəli iki yoldaşımız, Xaspolad və Qarabəkir, qazyonnı poçt üstə düşürlər, bir-iki güllə atan kimi igid çaparlar qoyub qaçırlar. Yoldaşlarımız da xəzinəni qulluğumuza gətirdilər.

Əlimərdan. Mənim qorxumdan hökumət qulluqçuları cür’ət edib kəndliləri incidə bilmirlər. Mənim üç düşmənim var: hökumət, bəylər, tacirlər... Hökumət xəzinəsi ilə, bəylər canları ilə, tacirlər də pulları ilə mənə tövcü verirlər. Mən kəndliləri onların zülmündən saxlayıram.

Yasəmən xörək gətirib süfrəyə qoyur, bu halda meşədən tüfəng səsi gəlir. Əlimərdan və İbad cəld qalxıb tüfənglərini götürürlər.

Əlimərdan. Əmi, xudahafiz. Kürd qızı, Çinkizdən muğayat ol. Bir igid, qoçaq oğlan meydana çıxarmağı tələb edirəm.

Yasəmən (onların qabağını kəsib). Qoymaram, sizi öldürərlər.

Əlimərdan. Məni öldürərlər, yerimdə oğlum Çinkiz qalar.

Gedirlər.

Yasəmən. Xudaya, daha səbir edə bilmirəm, məni öldür, bu əzabdan qurtar. Yeddi ay həsrətini çəkdiyim sevkili ərim ilə belə görüşdük. (Ağlayır.)

Pir baba. Yasəmən, səbir et, göz yaşı tökməkdən nə çıxar?

Yasəmən. Ondan başqa mənə nə qalıbdır, onadamı mane olacaqsan?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов