Dördüncü pərdə
Страница 3 из 3 · 67%
Çingiz, İbad və Cəbi lələ daxil olur.
Qəmər. Çingiz gəldi (gedib boynunu qucaqlayır).
İbad. Qəmər, məni tanımırsan?
Qəmər. Ah, İbad dayım. (Onu qucaqlayır.)
Yasəmən. İbad, qardaşım! (Boynunu qucaqlayıb ağlayır).
İbad. Bacım, nə üçün ağlayırsan?
Yasəmən. Necə ağlamayım. Sizin ikinizin də ölüm xəbəri gəlmişdi. İndi bizim üçün yenidən dünyaya gəlmisiniz.
İbad. Bacım, o sizə yalan xəbəri çıxaran Səfi bəy də, bizi bu bəlalara salın Şahbaz bəy də cəzalarını aldılar. Bacı, görməli idin Şahbaz bəy necə ayaqlarıma düşüb yalvarırdı ki, məni öldürmə, onsuz da mən bidərman azara düşmüşəm, bu gün sabah öləcəyəm. Dedim, onda qoy səni bu əziyyətdən xilas edim. Tüfəngimin beş gülləsini də onun ürəyinə boşaltdım. Ruhun şad olsun, ey qeyrətli nişanlım Qəmər, İbad intiqamını düşməndən aldı.
Çingiz. Qəmər, hərkah Cəbi lələ tez atamkilə xəbər verməsəydi, indi məni burada sağ görməyəcəydin.
Qəmər. Sağ olsun, Cəbi lələ.
Piri baba. Məgər sizin gəlməyinizi Cəbi bilirdi?
İbad. Bilirdi, ancaq Əlimərdan tapşırmışdı ki, hələ xəbər verməsin.
Əlimərdan. Topal, al bunu! (Pul verir).
Cəbi. Sağ ol, sahib.
Əlimərdan. Kürd qızı, mən gəlmişəm sizi aparmağa, tez ol hazırlaş, bu ittifaqdan sonra sizi burada qoymaq olmaz.
Yasəmən. Bizi haraya aparacaqsan?
Əlimərdan. İrana, Arazın o tayına. Yoldaşlarım bu saat meşədə gözləyirlər. Gərək sübh açılınca İran torpağında olaq. Daha durma, cəld ol! Bir dəst paltardan və dəyişəkdən savayı heç bir zad götürmə. Uşaqlar, siz də gedin üst paltarlarınızı götürün.
Çingiz və Qəmər gedirlər.
İbad. Piri baba, sən də hazır ol.
Piri baba. Mən bu sinnimdə hara gedib çıxaram.
İbad. Piri baba, qorxuram sənə əziyyət verələr.
Əlimərdan. Mənim qorxumdan heç kəs əmimə əziyyət verə bilməz, ancaq uşaqlar gedirlər, ona burada kim qulluq edəcəkdir.
Piri baba. Oğlum, Cəbini də aparırsan?
Əlimərdan. Yox, Cəbi burada qalacaqdır.
Piri baba. Onda məndən arxayın ol.
Əlimərdan. Əmi, qorxma, uşaqları İranda qoyub özüm dəstəm ilə bu taya keçəcəyəm. Mənim hənirtim gələn yerdə heç kəs cür’ət edib sənə yaxın düşə bilməz (Yasəmən, Çingiz və Qəmər gəlirlər). Daha durmayın, gedək.
Cəbi lələ əlində bir dəsmal xiyar gəlir.
Əlimərdan. Topal, o nədir?
Cəbi. Xiyardır, sahib, uşaqlara yığmışam, yola götürsünlər.
Qəmər. Sağ ol, Cəbi lələ, bax, Piri babadan muğayat ol.
Əlimərdan. Daha durmayın, gedək! Topal, şeylərdən götür. Əmi, xudahafiz, qəm etmə, yenə görüşəcəyik.
Piri baba ilə xudahafizləşib gedirlər.
Piri baba (yalnız). Komanın bülbülləri uçub getdi.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-esq-ve-intiqam-dorduncu-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Biri vardı, biri yoxdu bir çal-çəpəri dağılmış, gülləri soluxmuş, ağacları yarıqurumuş bir köhnə bağ vardı. Bağın quşları bu xarabada çox məşəqqət ilə gün keçirirdilər. Günlərin bir günündə bu bağa hardansa bir bülbül uçub gəldi və bir neçə nəğmə oxumağla bağdakı quşları başına cəm etdi. Quşlar yığılan kimi bülbül onlara bir fəsih və bəliğ nitq söylədi. Bu nitqdən quşlar bir şey anlamadılarsa da, yenə çoxları alqışlayıb «Əhsən! Əhsən!» dedilər. Sonra bülbül özünün gözəl vilayətlərini buraxıb bu bağa gəlmək qəsdini bəyan etdi və dedi:– Mənim əziz qardaşlarım! Mən yaşıl çəmənləri, laləzar gülşənləri buraxıb bu viranəyə gəldim ki, siz bədbəxt qardaşlarımı da özüm kimi musiqi işlərinə aşna edim.
Qan bulağıİyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi. Bunlardan biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünməyirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ başlıq var idi. Qocanın at üstündə əyləşməsi, ə’zasının hərəkəti, alıcı quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və uzun ağ saqqalından görünürdü. Yol getdikcə daralırdı. Dağlardan enib, indi qayadöşü incə bir yol ilə gedirdilər. Onun yuxarı tərəfi divar kimi ucalan sıldırım qayalar, alt tərəfi göz qaraldan uçurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək qeyrilərə namümkün olduğu halda, Dağıstan əhalisinə və onların atlarına adi bir şeydir.Vaxt günortaya yaxınlaşmışdı. Susuzluqdan hər iki süvari yanırdı. Əlalxüsus susuzluq gəncə artıq tə’sir eləyirdi. Onun gözləri səbirsiz və iztirab ilə su arayırdı. Bu halda gəncin qulağına su şırıltısı gəldi.
Ümid çırağıİlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ başında düşən Ş... şəhərinin əhalisi dərin yuxuya dalmışdı. Yalnız iki balaca otaqdan: yanında özü kimi balaca bağçalı bir evdən işıq gəlirdi. Pəncərədən çırağın zəif şö’ləsi bağçaya düşərək oranın zənkin böcək və pərvanələrini öz tərəfinə çəkirdi. Masa başında oturmuş, mütaliəyə məşğul, zəif əndamlı, sarımtıl bənizli, qıvrıcıq saçlı bir gənc, çənəsinə dirsəklənərək kitab oxuyur, ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət belə mürgüləyirdi, sonra diksinərək başını qaldırır, gözlərini ovcalayır, qalxıb pəncərəni açır, başını dişarıya çıxararaq bağçanın saf havasını dərindən tənəffüs edirdi.Qaranlıqda qalmış pərvanə və böcəklər pəncərənin açılmağından istifadə edərək otağa soxulur, çırağın ətrafında uçuşurdular. Gecənin dərin sükutu və zülməti gəncin qəlbinə xof buraxır, onu diksindirirdi.
Cəhalət qurbanıUşaqlıq xatiratımdan nağılına şüru etdiyim bu vaqiə məndə elə bir dərin tə’sir buraxmış, qəlbimdə elə silinməz nəqş bağlamışdır ki, sanki uzun müddət əvvəl yox, dünən vaqe olmuşdur.Səkkiz yaşında uşaq ikən «Seyidli» adlanan kəndimizdə başaçıq, ayaqyalın, təbiətin mərhəmətli qucağında, məişətin ağır və zəhərli hallarından xəbərsiz yaşardım.