Qonaqlıq
Bol yedilər, bol içdilər. Qəhvə gəldi. İçərkən ortalığa belə bəhs düşdü.
Hökumətin sütunu kimdir?
– Əlbəttə, bəylər! – Ev sahibi dedi. – Biz nücəbasız hökumət yaşaya bilməz. Hökumətin sütunu bizik.
Tacir dedi:
– Ticarət olmazsa, pul olmaz. Pulsuz da heç bir hökumət yaşaya bilməz. Hökumətin sütunu biz tacirlərik.
Alim dedi:
– Hökumətləri yaşadan bilikdir, onsuz heç bir quruluş davam edə bilməz, pozulub məhv olar. Hökumətin sütunu alimlərdir.
Ruhani dedi:
– Rəiyyəti hökmranlar itaətində saxlayan, onlara tabe etdirənlər biz ruhanilərik. Bizsiz əxlaqlar pozular, üsyanlar qalxar, qanlar tökülər, hökumətlər də yıxılar. Bizik hökumət sütunu.
Zabit dedi:
– Söylədiklərinizi təsdiq edirəm. Lakin düşmən vətənin üstünə hücum etdikdə, döşlərini verib onu müdafiə edən kimdir? Əlbəttə, biz. Hökumətin sütunu biz əskərlərik.
Qonaqlar eyvana çıxıb qəlyan, siqar çəkməyə məşğul oldular. Bəhs yenə təzələndi. O vaxt bir qoca kəndli arabadan taxıl kisələrini fəhlələrin dalına verirdi, onlar da anbarlara yığırdılar. Ev sahibi bəy dedi:
– O qoca kəndlini həkəm seçək, nə desə ona razı olaq.
Hamısı bu təklifə razı oldular. Kişini işdən avara edib çağırdılar, bəhslərini söylədilər, kəndli dedi:
– Ey ağalar, düzünü axtarsanız hökumətin sütunu biz kəndlilərlə o qan-tər içində yük daşıyan fəhlələrdir. Biz əkməsək, biçməsək, onlar da işləməsə heç bir hökumət yaşaya bilməz. – Bunu deyib cəld işinə getdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-qonaqliq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Üç yoldaş… Çar hökumətindən qalma üç töhfə… zəhmətkeşlərin sabiq suluqları, yeni məişətin üfunətli mikrobları.Biri burjuaziya sinfinin zəngin və şöhrət sahibi, müvəkkili, ismi Həzrətqulu. Sabiqdə iki ağa kəlməsinin izafəsilə, biri başda, biri axırda, Ağa Həzrətqulu ağa.
Bax mən buna yoxamİbrahim çadra, papaq və əski əlifba əleyhinə təşkil olunmuş mədəni hücum kampaniyasında iştirak edərək çox çalışdığı üçün artıq yorulmuşdu. Mənzilinə qayıdarkən, rəfiqi Qulamkildə bir qədər dinçini almağı və onun xəstə oğlunu yoluxmağı qət etdi.Qapıdan içəri daxil olduqda Qulamdan başqa, qısaboylu, ortayaşlı, başında 60–70 manata dəyən bir papağı olan həkimi masa üzərində oturub, resept yazan gördü. Qulam ilə salamlaşıb xəstə çocuğunun halını soruşdu.
Şərq qadını yeni yoldaDörd ay davam edən Köln mətbuat sərgisi artıq bitmişdi. Köln şəhərindən hər tərəfə hərəkət edən qatarlar minliklərlə dolu idi. Kupelərdə davam edən söhbətin çoxu sərgidən idi. Hər kəs oradan aldığı zövq və tə’sirdən bəhs edirdi. Artıq məharət və səliqə ilə tərtib olunmuş, müxtəlif növlü Şura ekspontları hamının diqqətini cəlb etmişdi. Birinciliyi qazanan Şuralar mətbuatı az bir zamanda div addımları ilə irəlilədiyini sübuta yetirmiş idi. Bunu düşmənlər belə inkar edə bilməyirlərdi.Belçikaya tərəf hərəkət edən qatarın bir kupesində «Pari-Midi» müxbiri Müsyo Çujon və İnkiltərə qəzetlərindən «Yorkşayer Yunk nus» müxbiri mister Leyton biri siqara və o biri çubuq fısqırdaraq Şuralar mətbuatından qızğın surətdə bəhs edirdilər.
Gənc maşinistka və qoca yazıçıOn səkkiz yaşında sevimli bir qız. Keçmişi bilməz. Yaşmaq görməmiş, çarşaf bürünməmiş, molla, seyid tanımaz, siğə kimi çürük məhv olmuş sözləri anlamaz. Çəhrə, falaqqa kimi asari-ətiqəmizdən xəbəri yox. O, bir sözlə, Şura balasıdır. Adı Nərkiz, özü də onun kimi bir çiçək. İşlədiyi yer Azərnəşr sarayı. Saat dörddə gələr, saat onda qulluğunu bitirər. Nərkiz çox iti işlər. Yazdığı zaman barmaqları yazı maşınında ləzkihənki oynardı. Nərkiz həssas qızdır. Maşında yazdığı zaman əsərin təəssüratını onun simasından oxumaq olar. Dodaqlarında təbəssüm – demək əsərdən aldığı zövq, nəş’ə qəlbini şad etmiş. Barmaqları altında şaqqıldayan düymələr kimi özü də şaqqıldar – demək əsərdən aldığı zövq, nəş’ə ona artıq tə’sir etmiş. Gözlərində atəş, qaşları hərəkətdə, qəlbi çarpar – bu da əsərdən aldığı bədii həyəcandır.Nərkiz məşğul olduğu otaqda səkkizə kimi maşinistka işləyir. İş zamanı bu otaq bir pulemyot bölüyünə dönür. Şaqqıltıdan ağız deyəni qulaq eşitmir, fəqət bu hal adət etməyənlər üçündür. Maşinistkalara gəldikdə, onların əlləri işdə olduqda ağızları da bekar qalmayır. Mehriban söhbət etdikdə pulemyotların səsləri, incə, həzin səda verir. Fəqət mübahisəyə keçdikdə şaqqıltı səsi artır. Sözləşmədən qovğaya keçdikdə batareya aramsız uraqan atəşi açır.