Ədəbiyyat nəsib deyil hər sənətkara,Hər keçənin evi dönüb muzey olmayır.Yüz-yüz bəzək vurdumsa da daşa-divara,Nə faydası, adı xalqa bəzək olmayır.

Ev-muzeyi, xatirəsi müqəddəslərinBu dünyada ölümsüzlük vərəqəsidir.Ev-muzeyi, qəbri nurla dolan kəslərinÜrəklərdə yaşamağa min il bəsidir.

Dəbdəbəyə, cah-cəlala baxmır gələnlər,Sənətkarın nəfəsilə varlanıb gedir.Lap qaranlıq daxma olsun, qədirbilənlərYaratdığı incilərlə nurlanıb gedir...

Budur, qədim bir imarət, ucqar məhəllə,Qapısında heykəlləşən Üzeyir baba,Mən çırpınan bir ürəklə, titrəyən dilləSənətkara salam verib girdim mehraba.

Bu tənəklər xoşbəxtdir ki, onu dinləyib,Yer üzündə nə əvəzi, nə qiyməti var.Bu ağaca Üzeyirin nəfəsi dəyib,Gövdəsində sahibinin əzəməti var.

Payız vaxtı yarpaqların rəngi qızıldı,Bir-bir qonub saçlarıma verdi səs-səsə.Ürəyimə həzin-həzin bir not yazıldı,Bülbül dindi, qulaq asdım ölməz “Sənsiz”ə...

İliyimə, damarıma təzə qan kimiNəğmə axdı, tüğyan etdi sinəmdə ürək.Bu muzeydə sətir-sətir gördüklərimiŞəkil-şəkil gözlərimə köçürdüm gərək.

Bura ömrün aynasıdır təmiz, ləkəsiz,Hər zərrəsi brilyantdan, qızıldan baha.Bilirsənmi niyə olub sənət Məkkəmiz?Bilirsənmi niyə dönüb ziyarətgaha?

Od paylayıb min ocağın gözünə bu ev,Evsizləri öz başına yığıb ana tək.Deyirlər ki, hər gələnin üzünə bu evGecə-gündüz açıq olub mehmanxana tək.

Yüz-yüz cavan istedadı qanadlandırıb,Bir qocaman qartal kimi ucaldıb göyə.Yüz-yüz ömrün yollarında işıq yandırıb,Musiqimiz günəş kimi parlasın deyə.

Əfsuslar ki, o vaxt bura yolum düşməyib,O, köçəndə on dörd yaşlı uşaq olmuşam.Ən nurani ağsaqqalla mən görüşməyib,İndi özüm saç-saqqalı dümağ olmuşam.

Adam var ki, paltarını geyib Üzeyirin,Aldığına şərik çıxıb, gözü doymayıb.Ömrü boyu çörəyini yeyib Üzeyirin,Bircə dəfə bu muzeyə qədəm qoymayıb.

Ustadına kəc baxana nankor deyilir,Qoy bu yerdə fikir xalqın, söz mənim olsun.Kim kökündən uzaqlaşıb yada əyilir,Üzeyirin ruhu ona qoy qənim olsun!

Bura sənət rübabının Çənlibelidir,O bir evdən milyon qəlbə köçən Koroğlu,Yurdumuzun zəka nuru, nəğmə selidir,O xalqımın həm atası, həm də ki, oğlu.

Boran olub, tufan olub ömür yolunda,Musiqisi Vətən deyib bəmdən ziləcən.Sənətiylə şəxsiyyəti dəmir yolundaRelslər kimi qoşa gedib son mənziləcən.

Bura ömrün aynasıdır təmiz, ləkəsiz,Hər zərrəsi brilyantdır, qızıldan baha.Üzeyirin ev-muzeyi sənət MəkkəmizBu gün dönüb ən müqəddəs ziyarətgaha.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов