Ay mənə süd verən ağbirçək ana,Ay mənə dərs deyən əziz müəllim.Yazıram bu şeri mən yana-yana,Özüm də bilirəm nədir təsəllim.Qəribə cavanlar çıxıb meydana,Görəsən onlara kim verib təlim?

Dadıma yetişin, köməyim olun,Arabir söyləyin lənət şeytana.Siz mənə göstərin ünvanın, yolunSəmtini dananlar çıxıb meydana.Dibindən boy atıb yovşanın, kolun,Qəribə cavanlar çıxıb meydana.

Elə bil halal süd əmməyib onlar,Qarışıb qanları, dönüb zəhərə.Ana qucağından enməyib onlar,Göydən paraşütlə tökülüb yerə.

Gəzirlər allahın vəziri kimi,Hamı gözlərində əsrin avamı.Hər biri hazırın naziri kimiYeyir çörəyimi, udur havamı.

Elə bil borcludur, borclu onlaraGecəni, gündüzə qatan cavanlar.Külüng vura-vura, dağ yara-yaraÇöllərdə qan-tərə batan cavanlar.

Eləbil borcludur, borclu olanlarQəhrəman Zəminəm, igid Sarvanım.Qızıl zəmilərə, yaşıl kollaraGözündən nur səpən yüz-yüz cavanım.

Bunlarsa, elə bil toy toğlusudur,Artır gündən-günə nazı-qəmzəsi.Sərdar Mil düzünün Koroğlusudur,Onlarsa bulvarın Keçəl Həmzəsi.

Ortada bəslənib, qıraqda gəzib,Süfrəmə cumanlar çıxıb meydana.Atanın, ananın cibini kəsib,Qəribə cavanlar çıxıb meydana. –

Dəstəylə yığışıb küncə-bucağa,Hərcayı danışıb məclis qururlar.Xor baxıb müqəddəs, doğma ocağaQərbin havasıyla xaric vururlar.

Əcaib çalanlar çıxıb meydana,Ürəyim bulanır qulaq asanda.Qəribə cavanlar çıxıb meydana,“Şair” də, “nasir” də var arasında.

Aydın üfüqlərdə duman axtarıb,Günəşdə işıq yox, ləkə görürlər,Qılınca qurşanıb, qalxan axtarıb,Dağı da kiçicik tikə görürlər:

“Gəlin filankəsi yıxıb sürüyək,Elə gecə-gündüz vətəndən yazır.Bir ağıldan seyrək, qələmdən zirəkQolunu çırmayıb deyir: – Mən hazır.

Ana şerimizin süd qoxusundanİntiqam alanlar çıxıb meydana,Şairlər, ayılın qış yuxusundan.Təzə “pəhlivanlar” çıxıb meydana,Qəribə cavanlar çıxıb meydana.

Onlar bir damladır, ümman içində,Susdurar qarğanı yüz-yüz qaranquş.Bu qədər qeyrətli cavan içindəBir ovuc nadürüst necə yaranmış?

Bunu özümüzdən gəlin soruşaq:Hissimiz küt olub, qulağımız kar.Bir evdə yolunu azırsa uşaq,Atadır, anadır buna günahkar.Bürünüb, sığınıb yad köynəyinə,Qəribə cavanlar çıxıb meydana.

Demirəm onları itirməliyik,Ürək ağrıları sarsıdır bizi.Çaşanı düz yola gətirməliyik,Dayaq etməliyik əllərimizi.

Cərrah bıçağıyla kəsib tullayaq,Görsək bu ürəkdə ögeylik qurdu.Deyək ki, ay oğul, aç gözünü, bax,Sənətdə dəstə yox, ordu var, ordu.

Hamı bir ölkənin vətəndaşıdır,Hamı yürüşdədir, hamı səfərdə.Hər şair, şairin qan qardaşıdır,Yüzü əsgər olar, biri sərkərdə.

Sənət timsalıdır xeyirxahlığın,O şərə bürünsə, xeyir yaranmaz.Bir ana südünün, bir uşaqlığınPaklığı olmasa şeir yaranmaz.

Yaranan ürəksiz soyuq sətirlər,Cılız şikayətlər, dedi-qodular.Ucuz mədhiyyələr, xala-xətirlər,Onlar tez yazılar, tez unudular.

Didsə bir-birini əhli qələmlər,İşıqlı dünyamız zülmətə dönər.Didər el-obanın bağrını qəmlərÜmidi azalar, inamı sönər.Bu nədir? –Sənətin geniş yolundaDöngələr, dalanlar çıxıb meydana.“Tənqidçi” şəklində, “alim” rolundaQəribə cavanlar çıxıb meydana.

Ay mənə süd verən ağbirçək anam,Ay mənə dərs deyən əziz müəllim,Ürəyim kövrəlib dönür kamana,Ömür təqviminə yanaşır əlim,

Bir cavan gözündə duman görməyim,Təmizlik qəlbləri şeh kimi yusun.Yaxşılar içində yaman görməyim,Hər kəs vicdanını şərdən qorusun:

Baxdıqca sevincim dönsün ümmana,Mən də cavanlara qoşulub gəzim.Dedim, ay müəllim, dedim, ay ana,Sizin sələfiniz, mənim əvəzim.

Vətən yetirib şöhrətə-şana,Ən gözəl cavanlar çıxıb meydana,Ən ülvi insanlar çıxıb meydana.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов