Demə, ey gül, ölərəm, getmə gözümdən o yana,Gərək aşiq dözüb hər cövrünə yarın, dayana.

Aləmi-eşqdə qanuni-məhəbbət belədir:Bülbül həsrət gülə, pərvanə gərək odda yana!

Mən də hicran qəmini, qismət ola, çəkdirərəm,Sənin ol gül üzünə könlümü həsrət qoyana.

Aqibət atəşi-ahimlə rəqib od tutacaq,Öz cəzasın çəkəcək, qaçsa əlimdən hayana.

Bir mübariz igidəm, qoymaram əğyarı, gülüm,Cənnəti-kuyinə yol tapsın o gündən bu yana.

Yar üçün aşiq odur, şövqlə candan keçsin,Kim vəfa bəsləyəcək dostuna can qıymayana?

Sən də, Vahid, vətən uğrunda çalış mərd kimi,İncə qəlbində böyük hissü-məhəbbət oyana.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви