Salıbdır aləmə şöhrət səfası ölkəmizin,Gözəlləşir günü-gündən binası ölkəmizin.

Baharda çölləri çulğar çiçəklərin qoxusu,Çəmənlərində bitən dadlı meyvədir çoxusu.Çayı, balı, düyüsü, çəltiyi, gözəl lumusu...Əzəldən hər yanı tutmuş sədası ölkəmizin.

Ətirli, güllü, yaşıl dağlarında laləsi var,Əlində hər birinin bir qızıl piyaləsi var,Səfalı çeşmələri, ruh açan şəlaləsi var,Dirildir aləmi abü havası ölkəmizin.

Gəlin kimi duman altında gizlənib meşəsi,Buludların olub eşqində ağlamaq peşəsi.Gözəllik artırır hər bir ağacda öz rişəsi,Bəzəkli quşlar olub aşinası ölkəmizin.

Süzər gölündə gözəl durnalar, gözəl qazlar,Bəzənmiş ay kimi kolxozda işləyən qızlar.Bir özgə ləzzət alırlar hünərli kolxozlar,Olubdu hər yeri ruhun qəzası ölkəmizin.

Gözəl vətənmizə fabrik-zavod gözəl yaraşır,Yeni binaları, məktəbləri qədərdən aşır.Traktoru, maşını hər yeri gəzib dolaşır,Var indi texnikada ixtisası ölkəmizin.

Daşı, duzu, mazutu, torpağı cavahirdir,Xəzinələr elimin hər yerində zahirdir.Bax indi gör yeni nəsli ədibü şairdir,Füzulilər yetiribdir ziyası ölkəmizin.

Yüz illər ilə bizi bəy, xan işlədib yordu,Şərəfli xalqımızı incidib, qanın sordu.Vətənmiz indi deyil zülm edənlərin yurdu,Sovet hökumətidir rəhnüması ölkəmizin.

Bizə yaxın gələ bilmək kimin cəsarətidir?!Vətənmiz indi azad xalqlar vilayətidir.Leninə – partiyaya ellərin məhəbbətidirQızıl çiçəklər açıbdır fəzası ölkəmizin.

Bu fəxrdir mənə, Vahid ki, xalq şairiyəm,Böyük Füzulilərin xaki-payinin biriyəm,Bütün bəşər yaşadıqca mən ölmərəm, diriyəm,Ucaltdı ömrümü nəşvü nüması ölkəmizin!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе