Pərtov almış mehr ruyindən göy üzrə mahitab
Pərtov almış mehr ruyindən göy üzrə mahitab,Ol səbəb pürnur olub, üzdən götürmüşdür niqab.
Zülfüdürmü, arizin tutmuş sərasər, bilməzəm,Ya göy üzrə arizi-xurşidi tutmuşdur səhab.
Dəmbədəm ahu gözündür, qarşı durmuş çeşmilə,Bu əcəbdir, seyd səyyadindən etməz ictinab.
Hər zaman peykanların surrax eylər cismimi,Eyləməz müjganlarından zərrə cismim iztirab.
Daima, ey qönçələb, əğyarə qıldın lütfilər,Atəşi-eşqində eşq əhlini qıldın dil-kabab.
Təşnədir Vahid şərabi-eşqinə, müddətdi kim,Şərbəti-vəslindən, ey gül, onu qıl bir kamiyab.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-pertov-almis-mehr-ruyinden-goy-uzre-mahitab
Клавиши ← → для перехода, R — случайное стихотворение