Vəfalı olmasan, ey gül, baharın olmayacaq,Çəmən behişt ola, xoş ruzigarın olmayacaq!

Gözəlliyində gözəlsən, heyf, bir eybin var,Kiminlə ömr eləsən, etibarın olmayacaq!

O qarə gözlərinin həsrətin çəkən könlüm,Ümidi-vəslin ilə intizarın olmayacaq!

Əsiri-zülfün olanlar qurtardı zülmündən,Cəfalar eyləməyə ixtiyarın olmayacaq!

Gözəllik aləminin padişahı olsan da,Fəqirə cövr eləmək iqtidarın olmayacaq!

Bəlayi-eşqə hələ düşməyib, səlamətsən,Bu dərdə düşməyə səbrü qərarın olmayacaq!

Vəfalı yar sənə öz əzəlki yarın idi,Dübarə istədiyin yar, yarın olmayacaq!

Sənin də, Vahid, həyatında şerdən başqaVətən oğullarına yadigarın olmayacaq!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви