Könül, həmişə səadət bizimlə yar olacaq,Xəzan qəmi bitəcək, ölkəmiz bahar olacaq!

Tərənnüm eyləyir hər bir çəməndə bülbüllər,Bu Odlar ölkəsi bir başqa laləzar olacaq.

Deyib, gülüb, danışır xəlqimiz məhəbbət ilə,Fərəhli ölkəmiz hər fitnədən kənar olacaq!

Şərəflə ömr edəcək hər kəs öz diyarında,Nə dərdü möhnəti-qürbət, nə intizar olacaq!

Gözəlləşir günü-gündən həyatı xalqımızın,Həmişəlik vətən övladı bəxtiyar olacaq!

O xoş zamanı görən əhli-halə eşq olsun!Ümum aləmə fərxəndə ruzigar olacaq!

Cahan işıqlanacaq sülh ilə, ədalət ilə,Bizim üfüqdə zəfər nuru payidar olacaq!

Bizim diyardədir qədrü qiymət insanə,Bütün cahanə nümunə bizim diyar olacaq!

Bu gün Vətənimizə, Vahid, nə xidmət eylərsək,Bu şanlı iş gələcək nəslə yadigar olacaq!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви