Ey mahi-şərəf, mehrü vəfalər gətiribsən,Çox lütfü kərəm, cudü ətalər gətiribsən,Xurşid kimi nurü ziyalar gətiribsən,Bu şəhrə ki, təşrifi-bəqalər gətiribsən,Sən xoş gəlibsən və səfalər gətiribsən.

Ey zati-şərifində olan cilveyi-təhsin,Hicrin bizi etmişdi belə xəstəvü qəmgin,Nə dərdinə həd var idi, nə cövrünə təxmin.Biz müntəziri-rahin idik, gözümüz aydın,Xaki-qədəmində tutiyalər gətiribsən!

Ey sahibi-təzim, sərü can sənə peşkəş!Dürdaneyi-çeşmi-gövhərəfşan sənə peşkəş!Bu təxtgəhi-sineyi-suzan sənə peşkəş!Məcmueyi-mülki-dili-nalan sənə peşkəş!Xoş mədilətü üqdəgüşalər gətiribsən!

Ey nüsxeyi-fərrux, rəqəmi-münşii-qüdrət,Əbruyi-lətifin xəti-mənşuri-səadət,Sərlövhi-rüxün məsdəri-dibaçeyi-fitrət,Məzmuni-vücudun, bəli, imdadi-inayət,Müxlislərə ehsanü səxalər gətiribsən!

Ey cani-müəlla, məhəli-sərvəri-Vaqif,Fəğfurü Fridunu Cəmü qeysəri-Vaqif.Əflaki-səadətdə səid, əkbəri-Vaqif,Didarinə müştaq idi çeşmi-təri-Vaqif,Əlminnətülillah ki, cilalər gətiribsən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов