Dördüncü məclis
Vaqe olur həmin mənzildə.
Ağa Kərim xan (çöldən). A gədələr! Rəhim, Səfərəli, aman günüdür, gəlin, başınıza dönüm, evim yıxılıbdı, ay aman, ay dad!.. Hər bir tərəfə qaçın, tutun oğrunu, qoymayın, a gədə, (daxil olur) ay Allah, ay peyğəmbər, göylər, ulduzlar! Məni soyublar, dədəmə od vurublar! Pulumu kim apardı, Allah?! Pulumu kim apardı?! Mənim gözəl pullarım, mənim əziz pullarım, gözümün işığı, belimin qüvvəti pulum! Vay, pulum, vay... Şikayət eləyəcəyəm yerdən, göydən... Bir divanxana qoymayacağam!.. On dəqiqə bundan əvvəl baxmışdım, pulum yerində idi... Mən nə işdi düşdüm, camaat? Mən ölürəm. Bax, canım yığıldı boğazıma... Sərbazlar, gəlin, minbaşılar, gəlin. Pulum tapılmasa bu boğazımdan özümü asacağam. Amandı qoymayın!.. (Gedə-gedə) Amandı qoymayın! Amandı qoymayın!.. (Gedir.)
İskəndər xan (daxil olur). Görəsən genə nə olubdur ki, kişi qulun kimi bağırır. Yəqin bir küpədən-zaddan sındırıblar, ona görə çığırır... Deyən gərək a kişi, məgər ölməyəcəksən? Nə xəbərdi, bir belə xəsislik olar? Məgər sənə o qədər dövlət kifayət eləmir? Başın batsın, kişi!
Əhməd (daxil olur). Ağa, bir bəri zəhmət çək, tez ha.
İskəndər xan. Nə olub, a gədə? Atam nə üçün elə bağırırdı?
Əhməd (yavaşdan). Heç dinmə, ağa, atanı öldürmüşəm, hələ çox bağıracaq.
İskəndər xan. Axır genə bir de görüm nə olubdur?
Əhməd. Sandıqçanı vurmuşam, içi dolu pul.
İskəndər xan. Sandıqça harada idi, balam? Nə təhər yerini bildin?
Əhməd. A başına dönüm, sən nə təhər adamsan? İndi söhbət məqamı deyil. Bu saat xan aləmi tökəcək buraya... Gəl görək sandıqçanı nə təhər edirik. (Gedirlər.)
Minbaşı, Ağa Kərim xan daxil olurlar.
Ağa Kərim xan. Ölənədək əlləşəcəyəm, dünyayi-aləmi xaraba qoyacağam... Mənim evimi yıxıblar, yurdumu tar-mar eləyiblər... Zarafat deyil, minbaşı... Bir elə pul əldən getsin.
Minbaşı. Xan, səbrini bas, əvvəlinci dəfə deyil ki, mən oğru axtarıram. Allah mənə o qədər dövlət verəydi nə qədər ki, mən oğru tutmuşam, zindana salmışam.
Ağa Kərim xan. Ürəyim tab tutmur, minbaşı, məni qınama, qınama! Mən gərək dünyayi-aləmin, divan əhlinin hamısını töküm buraya... Gərək mənim bu işim açıla, yoxsa tamam divanı divana sallam!
Minbaşı. Nağıl elə görüm, sandıqçada nə qədər pul var idi və nə vaxt aparıblar?
Ağa Kərim xan. Heç dilimə gətirə bilərəm? Sandıqçada var idi iki min tümən qızıl, basdırmışdım bağda... Sabahdan indiyə kimi beş dəfə baxmışdım. Pulumu elə bu saat aparıblar, evimi yıxıblar.
Minbaşı (yazır). İki min tümən sandıqçada... Bəli, sonra...
Ağa Kərim xan. Ta nə sonrası var? Dədəmə od vurublar e!..
Minbaşı. Kimə gümanın var?
Ağa Kərim xan. Tamam dünyaya. Bu saat gərək şəhər əhlinin hamısını dustaq edəsən.
Minbaşı. Hərgah mənim imtahanıma etibarın varsa, artıq küy-qalmaqal lazım deyil. Hətta işi xarab da eləmək olar. Bir balaca işin üstünə düşdüm, kifayət elər, sonra sənin borcun deyil.
Səfərəli (çöldən). Əvvəl quzunu soyun, sonra hər nə lazım olsa, mən özüm eləyərəm. (Daxil olur.)
Ağa Kərim xan. Kimi soyursan, a gədə?! Məni, məni?
Səfərəli. Xeyr, ağa, quzunu deyirəm soysunlar.
Ağa Kərim xan. Hansı cəhənnəmdə qalmışdın, a gədə? Məni quzudan pis soyublar, evimi yıxıblar.
Minbaşı (Səfərəliyə). Yaxın gəl görüm, qoçaq! Xan, bir az səbr elə. Sən xanın evində nəçisən?
Səfərəli. Mən həmi mehtərəm, həmi aşpaz.
Minbaşı. Sən qeyri fikrə düşmə, əzizim, ancaq səndən hər nə sual etsəm, ona cavab ver. Elə üzündən görürəm ki, sən təmiz oğlansan. Xanın iki min tümən pulunu oğurlayıblar. Aşkardır ki, bu ev adamının işidir. Mənə doğrusunu de görüm, bu kimin işi ola bilər?
Səfərəli (kənara). Yaxşı ittifaq əlimə düşübdür. Bu iş heç kimin işi deyil, məgər ki, Rəhimin.
Ağa Kərim xan. Açıq danış, a gədə, mızıldama.
Minbaşı. Xan, Allah xatırına səbriniz olsun. Bəs kimi deyirsən?
Səfərəli. Xanın əziz nökəri Rəhimi.
Ağa Kərim xan. Mən pulumu gizlədiyim yerdə heç Rəhimi görmüsən bağda?
Səfərəli. Bəli, elə bağda görmüşəm.
Ağa Kərim xan. Əlində sandıqça görmədin?
Səfərəli. Bəli, görmüşəm, balaca sandıqça.
Minbaşı (yaza-yaza). Nə təhər sandıqça idi?
Səfərəli. Sandıqça nə təhər olar?.. Bu böyüklükdə. (Göstərir.)
Ağa Kərim xan. Mənim sandıqçam bu böyüklükdə idi.
Minbaşı. Nə rəngdi?
Səfərəli. Rəngi... rəngi... sandıqça rəngində.
Ağa Kərim xan. Hə, hə, hə!..
Səfərəli. Qırmızı.
Ağa Kərim xan. Mənim sandıqçamın rəngi qara idi.
Səfərəli. Bəli də, sandıqça qara qırmızı idi.
Ağa Kərim xan. Heç şəkk yoxdur ki, haman sandıqçadır... Minbaşı, yaz dəftərə, şükür Allaha ki, düşmüşük rədinə.
Səfərəli. Budur Rəhim özü gəlir. (Rəhim gəlir.)
Ağa Kərim xan. Bura gəl görüm... Dinməz-söyləməz al boynuna, mən sənə neyləmişəm, nəməkbəharam ki, sən məni camaat içində rüsvay elədin?
Rəhim. Necə məgər, ağa?
Ağa Kərim xan. Özün bilmirsən? Necə hansıdır?
Rəhim. Xeyr, ağa, bilmirəm.
Ağa Kərim xan. Ey nəməkbəharam, bilmirsən? Hə? Gizlətmək lazım deyil, iş aşkardır gün kimi. Mən səni götürdüm evimə, sənə etibar elədim, axırda sən belə namərd çıxdın. Al boynuna bu saat, yoxsa başını bədənindən götürdərəm!
Rəhim. Ağa, müqəssirəm... Mənim qəsdim var idi əhvalatı açıb sizə bəyan edim, ancaq elə məqam tapmırdım... Allah xatırına, ağa, qəzəbnak olmayın!
Minbaşı. Özünü təmizliyə çıxartmaqdan ötrü dəxi nə sözün var?
Rəhim. Mən o qədər müqəssir deyiləm, necə ki siz hesab edirsiniz.
Ağa Kərim xan. Qaytar, qaytar özümə mənim dövlətimi, malımı, adımı, sanımı.
Rəhim. Ağa, məni məhəbbət vadar elədi, mən müqəssir deyiləm.
Ağa Kərim xan. Mən pulumu axtarıram, bu məhəbbətdən dəm vurur... Vallah, yaxşı məhəbbətdir: özgənin pulunu oğurla, adını qoy məhəbbət.
Rəhim. Heç kimin dövləti mənə lazım deyil. Mən bu evdə puldan ötrü nökərçilik eləmirəm. Ağa, Allah xatırına, mənim munisimi əlimdən alma!
Ağa Kərim xan. Vermərəm! Dünya bərpa ola, göydən Cəbrayıl, Əzrayıl gələlər, genə vermərəm. Padşaha layiq dövlətimi oğurlamısan, hələ genə sözün vardır danışmağa!
Rəhim. O şey ki mənim əlimdədir, onu oğurlamaq mümkün deyil, ağa!
Ağa Kərim xan. Əlbəttə, mümkün deyil, qaytar!
Rəhim. Ağa, ya məni öldür, başımı kəs, ya mənim əlimdən Leylanı al, qeyri fikrə düşməyin. Leyla güldən təmizdir... Mən də namərd adam deyiləm.
Ağa Kərim xan. Bu da bir müsibət... Bu da bir müsibət... Xudaya, mən nə günah eləmişdim?
Səfərəli. Ağa, mən səni elə görürəm axırda qızını oğruya verəcəksən.
Rəhim. Səsini kəs, heyvan! Vallah, bu saat səni iki parça elərəm.
Leyla xanım, Züleyxa xanım, Bədircahan daxil olurlar.
Ağa Kərim xan. Əməyim gözüzə dursun, Leyla, bu nə işdir, bu nə müsibətdir?.. Hər ikinizi dar ağacına çəkəcəyəm, atamın ərvahına... Pul getsin, namus getsin. Minbaşı, buyur kəndir gəlsin... Tənəf, tənəf, tənəf...
Ağa Heydər (daxil olub). Nə olubdur məgər, cənab Kərim xan? Nə səbəbə qəzəbnak olmusunuz?
Ağa Kərim xan. Zülm, müsibət asimana bülənd olub... Öz nökərim iki min tümən pulumu oğurlayıb, qızımı da yoldan çıxardıb.
Rəhim. Xan, Allahdan qorx... Hər nə mənə deyəcəksən de, amma cürətiniz yoxdur mənim üstümə oğru adı qoyasınız.
Ağa Kərim xan. Ağa Heydər, bu zalım oğlu, sənin namizəd nişanlını yoldan çıxardıb... Qeyrəti sizə düşər... Nə durmusan, nə durmusan, vur bu məlun oğlunun boynunu!
Ağa Heydər. Xeyr, məhəbbətə güc yoxdur... Bundan sonra Leyla mənə lazım deyil.
Ağa Kərim xan. Cənab minbaşı, əhvalatdan müxbir oldunuz? İndi özünüz tənbeh kəsin.. Hərgah məndə ixtiyar olsa idi, hər ikisinin başlarını it başı kimi kəsərdim!
Rəhim. Xan, bir tək Leyla xatırı üçün mən bu qapıda nökərçiliyi qəbul etdim. Mənə heç kimin cürəti yoxdur oğru desin və məni öldürmək qeyri-mümkündür. Rüstəm xan Zəngilaninin oğlunu heç kəs öldürə bilməz.
Ağa Heydər və Züleyxa xanım. Nə dedin, oğlan, necə, necə?
Rəhim. Bəli, atam Rüstəm xandır, anam da Xədicə xanım.
Züleyxa xanım. Oğlan, səni and verirəm pərvərdigara, nağıl elə görüm sən kimsən?
Rəhim. Mən Rüstəm xanın oğluyam. Qaçaqlar külfətimizi əsir elədilər, atam bir yanda qaldı, anam bir yanda qaldı, məni apardılar... On ildir mən diyarbədiyar düşüb onları axtarıram. Bu atamın möhrü, bu da anamın bazubəndi.
Ağa Heydər. Oğlan, möhrü göstər görüm. (Alır.)
Züleyxa xanım. Qurban sənə, oğlan, bazubəndi göstər görüm (bazubəndə baxıb). Atam oğlu qardaş (qucaqlayır), mən özüm də Rüstəm xanın qızıyam.
Ağa Heydər (möhrə, bazubəndə baxıb, dizi üstə çöküb). Xudaya, şükür kəreminə! Balalarım, gəlin sizi bağrıma basım. (Qucaqlaşırlar, ağlayırlar) Rüstəm xan Zəncilani mənəm!
Ağa Kərim xan. Ağlamaq kifayət elər, gözlərin aydın olsun, qardaş. Amma əzizim, mən pulumu səndən alacağam ha...
İskəndər xan (daxil olub Əhməd ilə). Ata, bu camaatın yanında söz ver ki, Züleyxadan əl çəkdim, sandıqçanı bu saat gətirim.
Ağa Kərim xan. Hərgah sandıqça salamat gəlib əlimə çatsa, deyərəm, əl çəkdim.
İskəndər xan (Əhməddən alıb). Buyur ata! (Sandıqçanı verir.)
Ağa Heydər. İşləri bilirəm. Qızım, Züleyxa, yaxın gəl. İskəndər xan, sizi bir-birinizə tapşırdım, hər ikinizi pərvərdigara... Allah mübarək eləsin.
Ağa Kərim xan. Rəhim xan, Leyla, yaxın gəlin!.. Əllərinizi bəri verin. Tutun, Allah mübarək eləsin. Amma toy xərci məndən deyil ha, onu bilin!
Ağa Heydər. Mən qəbul elədim, gözüm üstə.
Ağa Kərim xan. Bu iki toyda mənə bir dəst libas da gərəkdir, budur qabaqcadan deyirəm.
Ağa Heydər. Baş üstə, o da məndə.
Minbaşı. Allah mübarək eləsin. Ağa Heydər, bəs mənə nə?
Ağa Heydər. Hər nə xahiş eləsən, hazıram.
Bədircahan. Ağa Kərim, bu işdə mən o qədər çənə vurmuşam, dilim, dodağım qabar olub, gəzməkdən başmaqlarım dağılıb. Bəs mən yazıq deyiləm?
Ağa Kərim xan. Min yalanı bir böyrünün üstə dedin, Allah sənə lənət eləsin.
Ağa Heydər. O da baş üstə, Bədircahana mən borcluyam.
Rəhim. Şam hazırdır, buyurun.
Gedirlər.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/vezirov-aga-kerim-xan-erdebili-dorduncu-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vaqe olur həmin otaqda. Cənnətəli ağa və Mirzə Əsgər danışa-danışa daxil olurlar.*Cənnətəli ağa**. Bəs, Heydərqulu hesab eləyirdi ki, mən onun kimi küçüyün əlində məəttəl qalacağam?.. Sən öləsən, Mirzə, özü çıxdı qabağıma əl verdi... Qəribə oğlandır... Heç bir belə divanbəyi mən hələ görməmişdim... Şikayətimi elədim, buyurdu bu saat yazım pristava, onu qolubağlı göndərər. Dürüst xatircəm ol. Belə də dərd olurmu, ay kişi?.. Mirzə, meyitini görüm, o məni o qədər yandırıbdır ki, bundan sonra onu evə qoymaq istəmirəm.
Ağa Kərim xan Ərdəbili(Komediya 4 məclisdə)*Əfradi-əhli-məclis
Əvvəlinci məclisVaqe olur Ağa Kərim xanın evində, otağın qabağında bağça, Rəhim ayaq üstə, Leyla xanım əyləşib taxt üstə.*Rəhim**. Mən çox təəccüb edirəm, Leyla xanım, əlhəmdülillah əhd-peyman elədik ölənədək bir-birimizdən ayrılmayaq; o gündən bəri mən şadlığımdan bilmirəm neyləyim. Amma sən həmişə fikirdəsən, üzün gülüb, qaşqabağın açılmır. Qana bilmirəm səbəb nədir?.. Yoxsa peşman olubsan, əzizim?
İkinci məclisVaqe olur həmin otaqda.*Ağa Kərim xan** (tək). Vallah, axır ki, ürək döyünməsinə düşmüşəm... İt hürdükcə qaçıram bağa. Əlac nədi, qorxuram... Zalım uşaqları sandıqçanın yerini bilib, pulumu apararlar. Yerini dəyişməyə də cürət edə bilmirəm, qalmışam naçar.
Стихи других поэтов
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Bu, nəti-rəsuli-müctəbadurBu, nəti-rəsuli-müctəbadur**Ey şahi-bəlavü izzü təkrim,
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Qumri, sənə xeyli vəqt həsrət çəkdimQumri, sənə xeyli vəqt həsrət çəkdim,Əşarına yerdən gögə minnət çəkdim.