İkinci məclis
Vaqe olur həmin otaqda.
Ağa Kərim xan (tək). Vallah, axır ki, ürək döyünməsinə düşmüşəm... İt hürdükcə qaçıram bağa. Əlac nədi, qorxuram... Zalım uşaqları sandıqçanın yerini bilib, pulumu apararlar. Yerini dəyişməyə də cürət edə bilmirəm, qalmışam naçar.
Bədircahan (daxil olur). Salam əleyküm... Nə olub, ağa, öz-özünə danışırsan, qadon alım?
Ağa Kərim xan. Xoş gördük, Bədircahan! Kefin, damağın? Arvad, necə dolanırsan, yaxşısanmı?
Bədircahan. Xoş günün olsun, ağa, birtəhər dolanıram... Yəqin, ağam nişanlısını xəyalında tutub, onunla öz-özünə danışırdı, hə?..
Ağa Kərim xan. Xeyr a a... Gədə köpəyə yal verməmişdi, o barədə söylənirdim.
Bədircahan. Muzdur elə belə olar, başına dönüm. Eşşək kimi bizləməsən, yeriməz.
Ağa Kərim xan. Bədircahan, mən səni elə o işdən ötrü çağırtmışam... Ancaq bir az səbr elə, bu saat qayıdıram, (kənara) bağçaya səfər lazımdır, gedim görüm sandıqça salamatdırmı? (Gedir.)
Bədircahan. Bu zamanada kimsə bifayda heç kimin ağzına su damızmaz. Mənə nə olubdu?.. Ağa Kərim xanın başı üçün, ondan bir şey qopartmamış əl çəkməyəcəyəm... Donquzdan bir tük çəkmək qənimətdir.
Əhməd (daxil olur). Paho, Bədircahan nənə, sən hara, bura hara, lotular aşnası?
Bədircahan. Səni axtarıram, alabaş.
Əhməd. Nədən ötrü məni axtarırsan, ay hiyləbaz, kəndirbaz, oyunbaz, kələkbaz?
Bədircahan. Səni axtarıram ki, gözünün içinə lomboynan tüpürüm.
Əhməd. Nə səbəbə xidəmat əhlinin nuri-didəsi?
Bədircahan. Ağzına gələn hədyanı danışmayasan. Heyvan oğlu heyvan!
Əhməd. Söyüşün də mənə qənd-şəkərdir, ay maralım! Qulaq as, xandan qorxuram məni qova. Ancaq İskəndər xanın sənlən bir vacib işi var, nə təhər olsa gərək onu bu gün görəsən. Mən bilirəm ki, sən nə işdən ötrü buraya gəlmisən. Amma. Bədircahan nənə, vallahı adını pəhləvan qoyaram, hərgah xandan bir şey qopara bilsən. Bu bir zındıq oğlu zındıqdır ki, ondan bir tük də çəkmək olmur. “Vermək” dəftərində yazılmayıb.
Bədircahan. Mən də Bədircahanam, Əhməd, qopartmasam, əlimi kəsərəm. Heç bilirsən mən hansı yuvanın quşuyam? Tülək tərlanam, tülək!
Əhməd. Sən öləsən, nə qədər kefindir səni tərif elər. Razıməndlik elər, xəzinələr vədə elər. Axırı... heç nə, get ay batandan sonra gəl. Ayağına yıxılıb dizin-dizin sürünəsən, dilini bir qarış çıxardıb yalvarasan, bir zəqqum da verməz... Onu mən tanıyıram. Bax odur ey, topal olmuş budur gəlir, mən getdim. (Qaçır.)
Ağa Kərim xan (daxil olur, kənara). Əlhəmdülillah, yerindədir... Hə, Bədircahan, söylə görüm nə var, nə yox?
Bədircahan. Gözüm dəyməsin, ağa, tufu, tufu, tufu... Sən o yandan bəri gələndə dedim: görəsən Allah, bu hansı cavandır qıpqırmızı, lalə kimi, sona yerişdi... Oğlanlarım ölsün ki, doğru deyirəm. Maşallah, gözüm ayağının altına.
Ağa Kərim xan. Sinnim altmışdan artıqdır ha, Bədircahan... Onunla belə gör pəhləvanam ya yox?
Bədircahan. Altmış yaş, sinnin elə çiçəklənən lalə vaxtıdır, nə deyirsən, a başına dönüm!
Ağa Kərim xan. Yox, Bədircahan... Heç olmasa bir iyirmicə yaş əskik olsaydı, yaman olmazdı.
Bədircahan. Elə onsuz da yüz il ömür edəcəksən, başına dönüm. Çünki, bax, burnunun üstəki ziyildən mən aşkar görürəm ki, sənin ömrün yüzdən artıq olacaq. Yavaş, bir alnını mənə göstər görüm. Pəh, pəh, pəh! Başın üçün, xan, bu cızlardan yüz iyirmi iki görünür... Maşallah, maşallah! Tufu, tufu, tufu!
Ağa Kərim xan. Məni ələ salma, arvad! Belə iş olmaz.
Bədircahan. Nəvə-nəticələrindən artıq ömür edəcəksən... Sözdür mən sənə deyirəm. İstəyirsən inan, istəmirsən inanma. Mən oxuduğumu sənə ərz eləyirəm.
Ağa Kərim xan. İstərdik sən deyən olsun... İşlərimiz nə haldadır, işlərimiz? Ondan söylə.
Bədircahan. Heç soruşmaq lazım deyil... Bir işə ki, Bədircahan iqdam eləyə, o gərək həll olunsun, mümkün deyil ki, olmasın... Ağa, başın üçün, qıza, anasına o qədər səndən dedim ki, ağızları açıq qalıb, az qaldılar ki, valeh olsunlar... oğlanlarım ölsün ki, Züleyxa xanım sənə belə aşkarca aşiq-məşuq olub, dinməz-söyləməz.
Ağa Kərim xan. Demək, iş düzəlibdir də, alacayıq?
Bədircahan. Alacayıq hansıdır?! Bədircahan ola, əlindən iş qurtula? Elə zad olmayıb və olmayacaq... İşi o məqama gətirmişəm ki, Züleyxa xanım gəlib, buradan Leyla xanım ilə, bir yer var, oraya gedəcəklər... Bu mahnadır, məhz səni görməkdən ötrü.
Ağa Kərim xan. Çox pakizə, mən də buyurum, faytonu hazır eləsinlər.
Bədircahan. Afərin, xan... Bax belə ey... Faytan, fayton... Əlbəttə, qoy bilsinlər ki, Bədircahan da yer üzündə bir Bədircahandır.
Ağa Kərim xan. Yavaş görüm, Bədircahan, bəs cehiz barəsində danışıq olmadı? Axır sən gərək anasına qandıraydın ki, bizim vilayətdə cehizsiz qızı heç kim almaz.
Bədircahan. Allaha şükür elə, xan, papağını göyə tulla. Mən sənə qız alıram ki, ildə sənə min manat xeyri olacaq.
Ağa Kərim xan. Min manat xeyri olacaq? Bəs deyirlər ki, çox kasıbdır, heç zadları yoxdur.
Bədircahan. Səbrini bas, ağa, hesabına bax! Züleyxanın bir xasiyyəti var ki, gündə bircə dəfə təam yeyir. Bir parça əl böyüklüyündə çörək, bir az süd, ya qatıq, ya da ki, ikicə dənə yumurta. Vəssalam, nəğmə tamam... Zər libası, qızıl zinəti görməyə gözü yoxdur... Hesab elə, qeyri qız olsa, o səndən istəyəcək: yaxşı yemək, içmək, zər-xaradan çərkəzi tuman... Mənim kimi kasıb arvad da qapına cələndə bir şey də baxşayış eləmək lazımdır... Bu xərclərin hamısını bir yerə cəm edəndə iki mindən artıq elər.
Ağa Kərim xan. Xa, xa, xa... Bugünkü sərçə dünənkinə cik-cik öyrədir. Özün öləsən. Bədircahan, qulaq as, çox yemək günahdır, zər-ziba geymək günahi-kəbir... Baxşayışın mənasını bilmərrə yadıma salmaq istəmirəm. Qonaq getmək yaxşıdır, gələn qonağı görməyə gözüm yoxdur. Hay, hay, Bədircahan, əcəb mənə mədaxil yeri göstərdin. Boynunu yerə soxum, cehizdən danış, cehizdən!
Bədircahan. Cehizi yoxdur, ancaq mülkləri var, anası ölən kimi qalacaq qızına.
Ağa Kərim xan. Ölmə eşşəyim, ölmə, yaz açılar, yonca bitər. Cehiz söhbəti hələ dursun, mən bir işdən qorxuram: mən qoca, o cahilə... Mən onu alandan sonra bəlkə o dinc oturmadı, onda necə olsun?
Bədircahan. Bu barədə heç qorxmaq lazım deyil, çünki onun cahıl oğlanlardan bilmərrə zəhləsi gedir, görməyə gözü yoxdur. Ona xoşa gələn qocadır, qoca. Deyir ki, cahılın başında ağıl olmaz, məhəbbətə etibarı... Qoca kişi məhəbbətdə möhkəm, dünya işində mahir, imtahandan çıxmış, hər bir fəndən xəbərdar... Kişidə hənalı saqqal gərək, gözündə eynək... İndi bilirsən, ağa, nə var? Bax mən səni xəbərdar eləyirəm, hərgah doğrudan onu almaq istəyirsən, heç vaxt səy eləmə özünü cahıl göstərməyə. Allah eləməmiş, birdən başlarsan cahıllıqdan dəm vurmağa, onda yəqin ki, iş düzəlməz.
Ağa Kərim xan. Bərəkallah, Züleyxa, bərəkallah! Afərin!
Bədircahan. Allah vurub, deyir, cahılları, qocadan danış... Cahandidə, yaxşı-yamanı görmüş... Dost-aşnalarının, övrətlərinin bietibarlığın görmüş... Cahıldan, deyir, nə səmər... Yağış dəymiş toyuq kimi görürsən, deyir, birçəklərin darıyıblar, papaqları gəc, guya ki, boğazlarında xış qalıb... Ciblərində bir quruş yox.
Ağa Kərim xan. Yəqin mənim özümdə də artıq pul yoxdur... Bəri bax görüm, Bədircahan, sən mənim başım, doğrusunu de, mən sənin özünə xoş gəlirəmmi?
Bədircahan. Ay ağa, oğlanlarım ölsün ki, yalandan demirəm, mən sənin boy-buxununa baxanda az qalıram öləm. Yerişin kəklik yerişi, boyun sərv ağacı, danışanda ağzından qənd-şəkər tökülür. Qadon alım, ağa, zəhmət olmasa bir otaqda gəzin görüm. (Xan gəzir.) Xa, xa, xa!.. Pəh, pəh, pəh! Maşallah! Taha bəsdi... Ağa, bəsdi, bəsdi, bəsdi, başına dönüm. Vallah qorxuram sənə gözüm dəyə... Tufu, tufu, tufu, tufu!
Ağa Kərim xan. Atamın ərvahına, Bədircahan, mən heç ömrümdə azar görməmişəm. Pamazı paltarım olur həmişə qalın... Ancaq hərdən-birdən dişlərim ağrıyır, çox vaxt belim...
Bədircahan. Axır ki, ağa, səndən Züleyxa xanıma o qədər demişəm, o qədər tərif eləmişəm ki, biçarə qız səndən ötrü dəli-divanə olub. Dəxi gözünə yuxu da getmir.
Ağa Kərim xan. Laçınsan, Bədircahan, laçın! Gör, Allah qoysa, səni nə qayda razı edəcəyəm.
Bədircahan. Xan, bilirsən, başına dönüm, səndən bir təvəqqe edəcəyəm. Ümid ki, müzayiqə olmaya, divanda bir iş başlamışam, pul yoxdur.
Ağa Kərim xan. Bədircahan, Züleyxanın neçə yaşı ola bilər?
Bədircahan. Ceyran balasının on altı, ya on yeddi yaşı var, lalə vaxtıdır. Ağa, pul olmasa, böyük zərərə düşə bilərəm. Sizdən təvəqqe eləyirəm...
Ağa Kərim xan. On altı, ya on yeddi... Pəh, pəh, pəh.
Bədircahan. Çahi-zənəxdanı lalə üzündə... Pəh, pəh, pəh, Allah nəsib eləsin, inşallah (səktə). Divandakı iş yadıma düşəndə ovqatım təlx olur.
Ağa Kərim xan. Cehizi də olsa idi, dünyada dərdim olmazdı... Heyf, sədd heyf!
Bədircahan. Cehizi yoxsa da, mülkü var... İş əldən getsə evim yıxılacaq, ağa... Sənin söhbətin ortalığa düşəndə Züleyxa xanımın barmağını kəssən, xəbəri olmaz, elə üzü gülür, gözləri parıldayır... Ağa, bəs mənim işimə nə deyirsiniz?
Ağa Kərim xan. Sən ki Züleyxanı belə tərif edirsən, gör sənə nələr verəcəyəm.
Bədircahan. Elə mənim divan işimə kömək edərsən, dəxi mənə artıq şey lazım deyil, bir beş-altı manat kifayət elər... Borc da olsa ver, ağa, başına dönüm, ölənədək sənə duaçı ollam. Ağa, Allah xatirinə müzayiqə eləmə.
Ağa Kərim xan. Demək, Züleyxanı alırıqsa... yaman olmaz... Çox sağ ol. Bədircahan, hələ ki xudahafiz.
Bədircahan (xanın ətəyindən tutub). Xan, balalarım sənə qurban, heç olmasa bir ikicə manat ver, qalanın özgədən taparam... Allah xatirinə, ağa!
Ağa Kərim xan. Yavaş, gedib görüm fayton necə oldu?
Bədircahan. Ağa, atam, anam sənə qurban, balalarım sənə qurban... Ağa, səni and verirəm Züleyxa xanımın əziz canına, bir artıq şey deyil iki manat.
Ağa Kərim xan. Kimdir, a gədə, məni çağıran, burax görüm, kimdi məni çağıran? Əl çək, pəə! Əl çək deyirəm sənə! (Gedir)
Bədircahan (tək). Məlun oğlu məluna bax aa!.. Buy, səni görüm dilin ağzında yansın, kişi! Sənin adın çəkiləndə, a kaftar, Züleyxa xanımın qusmağı gəlir. Öl, öl, öl, canın çıxsın! Belə də xəsis olarmı, a başınıza dönüm! Ölməyəcəksən, a zındıq oğlu zındıq? Vallah öləcəksən, ehsanından yeyib, goruna min deyəcəyəm. Deyəcəyəm ha, deyəcəyəm ha! Al gəldi deyəcəyəm, Ağa Kərim xan, al gəldi!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/vezirov-aga-kerim-xan-erdebili-ikinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Komediya)*Əhli-məclis
Əvvəlinci məclisVaqe olur Cənnətəli ağanın otağında. Cənnətəli ağa, Xanpərvər bəyim, Mirzə Əsgər əyləşiblər hərəsi bir tərəfdə, Allahqulu ayaq üstə söykənib divara, belində xəncər. Pərdə qalxır.*Cənnətəli ağa** (güzgüyə baxıb). Nainsaf oğlu, nainsaf elə həna göndərib ki, sən öləsən, Mirzə, heç zada dəyməz. Lap çölə qolazdamalıdı... İki dəfə qoydurmuşam, saqqalım genə hələ kürən ağ yaldı.
İkinci məclisVaqe olur həmin otaqda. Allahqulu, Şahqulu ayaq üstə söhbət edirlər.*Şahqulu**. Allahqulu dayı, sən öləsən, meyitini görüm, qara köpək dərinin üstündən azacıq yırtmışdı, yağı elə xakriz elədik ki, kefin gələ... İndi Şahqulu, vur ki, bacının toyudur. Düyü əldə, yağ əldə, ağaları ver yuxuya, döşən pilov üstə...
Üçüncü məclisVaqe olur həmin otaqda. Cənnətəli ağa Allahqulu ilə danışa-danışa gəlirlər.*Cənnətəli ağa**. Nə danışırsan, ay gədə, necə oldu ki, bir qəpik pul da gətirə bilmədin?
Стихи других поэтов
Əlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Семь красавиц, глава 2نقطه خط اولین پرگارخاتم آخر آفرینش کار
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.