Страница 1 из 2

Vaqe olur həmin otaqda. Ağa Kərim xan, İskəndər xan, Leyla xanım, Rəhim, Əhməd, Cəfərəli daxil olurlar.

Ağa Kərim xan (əyləşib). Qatar durun! Adbaad hər nə ki sizə buyuracağam, o bu gün gərək cabəca əmələ gəlsin! Vay o adamın halına ki, nöqtəcən səhlənkarlığı çıxa; ayağın falaqqaya salıb dırnaqların tökəcəyəm!.. Eşidin və yadınızda saxlayın!.. Leyla, yaxın gəl, diqqət və səy ilə həyət-bacanı təmiz-təmiz süpürtdürüb, gül kimi elətdirirsən. Su səpdirib zərrəcən qoymayasan toz qalsın. Otaqları, pəncərələri həmçinin... Vay sənin halına hərgah bir səndəl ya miz xarab ola. Əlavə, özün nə qədər boşqab, nəlbəki, kasa ortalığa gələcək isə, tam hesab ilə verib, hesab ilə də təhvilə gətirərsən. Vaveyla bircəsi onlardan sına, ya oğurlana. Get dur yerində. (Gedir.) Əhməd, yaxın gəl, pişxidmətlik səninlədir. Mizin üstə diqqət-səliqə ilə boşqabları, piyalələri, kasaları düzərsən! Qonaqlar əyləşəndən sonra durarsan kənarda, hər nə buyursalar, o saat əməl elərsən. Bir kəlmə danışmazsan. Zəmani ki, başladılar şərbət içməyi, tez-tez su təklif elərsən. Şərbət istəyənə artıq məhəl qoymazsan, guya ki, eşitmirsən. Neçə dəfə təkrar edəndən sonra piyalənin dibinə bir az şərbət töküb verərsən, hərgah bacarsan, bir az da qaşqabağını turşudarsan... Qandın nə buyurdum?

Əhməd. Qandım, xan. Ancaq bilmirəm elə bu libasdamı qonaqlara qulluq edəcəyəm?

Ağa Kərim xan. Bəs necə məgər? Yoxsa fikrində var ki, mənim əbamı geyib qulluq edəsən?

Əhməd. Xeyr, ağa, iş onda deyil.

Ağa Kərim xan. Bəs nədədir?

Əhməd. Ağa, başına dönüm, məgər görmürsüz arxalığım qabaqdan əl böyüklügündə yanıb, şalvarım da daldan cırılıb? Yamamaq da mümkün deyil, əyiləndə lap biabırçıdır.

Ağa Kərim xan. Eybi yoxdur, çiynində qətifə olacaq, bir ucunu at çiyninə, bir ucunu da arxalığın qabağına. Özün də dik dur, heç vaxt əyilmə, dalını qonaqlara çevirmə, vəssalam! Burada bir çətin iş yoxdur. Bax, hələ onda heç zad görünməz. Qandın? Get dur yerində! İskəndər, yaxın gəl, sənin borcundur mənim nişanlım gələndə pişvazə çıxıb, ona xoş gəldin söyləyəsən və artıq xoş sifət göstərəsən.

İskəndər xan. Bir səbəb yoxdur ki, mən Züleyxaya pis sifət göstərəm. Mən canımı, malımı onun yolunda nisar etməyə hazıram, dürüst arxayın olun, ata!

Ağa Kərim xan. Yalan danışma, oğul, eyibdir səndən ötrü... Məlum və aşkar işdir: heç vaxt uşaqların xoşuna gəlməz ki, ataları gedib dübarə evlənə, analarının yerinə qeyri arvad gətirə. Bu sözləri nə üçün biməna danışırsan?

İskəndər xan. Əlbəttə, mənası var ki, danışıram. Siz arxayın olun, ata. Züleyxanı görəndə mən elə bilirəm ki, dünyayi-aləmi mənə verdilər.

Ağa Kərim xan. Hərgah bu sözləri canü dildən deyirsənsə, mən səndən razı olaram... Hər halda, səndən lazımən hürmət gözləyirəm. Qızım, Leyla, sən də bu sözlərə qulaq as, çünki sən tərəfdən də gözləyirəm hörmət və ixlasi o vücuda ki, bu evdə xanım olacaq.

Leyla xanım. Əlbəttə, bizim borcumuzdur ona hörmət etmək və onun hər bir xahişini əmələ gətirmək. Dürüst arxayın olun.

Ağa Kərim xan. Çox pakizə, Allah razı olsun... İndi siz gedə bilərsiniz... Leyla, İskəndər, Əhməd, gedin işlərinizdə olun! (Gedirlər.) Rəhim, Səfərəli, yaxın gəlin. Qəsdən mən sizi axıra saxladım.

Səfərəli. Ağa, mən sizə aşpazlıq eləyəcəyəm ya mehtərlik?

Ağa Kərim xan. Sən bu gün lazımsan necə ki, aşpaz və necə ki, mehtər, amma əvvəl gərək aşpazlıq edəsən.

Səfərəli. Belə olan surətdə rüsxət verin. (Mehtər libasın çıxardıb, aşpaz libasında qalır.)

Ağa Kərim xan. Hə, bərəkallah. Xa, xa, xa! Bərəkallah. Bir belə dur görüm, xa, xa, xa!

Rəhim. Səfərəli bir az tənbəl olmasa, heç əvəzi yoxdur. Çox qoçaq oğlandır.

Səfərəli. Səhv eləmə, Rəhim, tənbəl şah qapısında olar... Bəzi vaxt elə xan qapısında da olar... Bizim tənbəlimiz də Əhməddir, müftəxor.

Ağa Kərim xan. Mən tənbəl adamı sevmirəm... Siz özünüz görürsünüz ki, gündə neçə dəfə bağa girirəm görüm meyvə-zad oğurlayan olmayıbdır. Kişi üçün tənbəllik böyük eyibdir. Bilirsən indi, Səfərəli, nə var? Bu axşam mənim neçə nəfər qonağım var, onlar üçün gərək əla xörəklər hazır edəsən.

Səfərəli. Ağa, xörəklərin yaxşı olmağı bağlıdır xərcə, xərc də bağlıdır nəqd pula. Nə qədər xərc çox olsa, o qədər də xörəklər yaxşı olar.

Ağa Kərim xan. Pəh... axmaq oğlu axmaq! Mən ağzımı açmamış pul, pul. Guya ki, puldan sivayı gədənin dili qeyri söz tutmur.

Rəhim. Mən ömrümdə heç belə namünasib cavab eşitməmişdim. Guya ki, artıq pul ilə yaxşı xörəklər bişirmək çox çətin işdir! Onu bizim Bədircahan nənə də bacarar. İş ondadır ki, az pulla yaxşı xörəklər hazır edəsən, ucuz.

Səfərəli. Vallah, mənim başıma balta ilə də vursanız, mən genə başa düşə bilmirəm və bilməyəcəyəm, necə ola bilər ki, yaxşı xörəklər hazır edəsən az pulla, ucuz. Bəli, doğrudur ki, ucuz almaq olar həsrətülmülük! Bizim dildə qaraca qovurma deyirlər. On quruş versən, bir dolu sini verirlər.

Ağa Kərim xan. A gədə, Səfərəli, sənin qəsdində, balam, odur ki, məni xoruza yükləyəsən, mən də ona razı ola bilməyəcəyəm, vəssalam.

Rəhim. Nə üçün, qardaşım, Səfərəli, başa düşmürsən? Ağanın tələbi odur ki, yaxşı xörəklər olsun, özü də ucuz. Burada bir belə çətin məsəl yoxdur.

Səfərəli. Ağa Rəhim, ola bilərmi ki, sən özün aşpazlığı qəbul edəsən, xörəklər bişirəsən, həmi yaxşı, həmi ucuz!

Ağa Kərim xan. Səsini kəs, nadürüst oğlu nadürüst! Sənə hər nə buyururam ona əməl elə, yaxşı xörəklər, özü də ucuz!

Səfərəli. Əlac nədi... Ağa deyir sür dərəyə, sür dərəyə. Eybi yoxdur, buyur görək, neçə qonaq olacaq?

Ağa Kərim xan. Ya səkkiz, ya on. Amma sən xörək hazır elərsən altı adam üçün... ondan ötrü ki, bir xörək ki, bəs elər altı adama, o kifayət edər səkkizə də, ona da.

Səfərəli. Qabaqcadan verrəm lülə kabab, ondan sonra plov, plovdan sonra...

Ağa Kərim xan. Ondan sonra mən də hazır elərəm sənin üçün falaqqa-çubuq... Zalım oğlu zalım! Sənin fikrin məni xoruza yükləməkdir? Yoxsa sənin qəsdin tamam şəhəri doyurmaqdır?

Rəhim. Xeyr ağa... Səfərəlinin fikri odur ki, qonaqları o qədər yedirtsin ki, yazıqlar toxluq eləyib qırılsınlar... Əzizim, qonaqlarımıza düşmən deyilik. Aşkardır ki, çox yemək az yeməkdən də qoyar. Yemək qaydasın bilmək özü bir böyük elmdir.

Ağa Kərim xan. Bərəkallah Rəhim, afərin! Çörəyim sənə halal olsun!

Səfərəli. Dəxi mən pəs.

Rəhim. Əlavə əzin, xörəklər gərək tez ürəktutan şeylər olsunlar. Tez, bir-iki tikədən sonra yeməkdən əl çəksinlər.

Ağa Kərim xan. Mən özüm çox imtahan eləmişəm, tez ürəktutan xörəklərdən birisi dögmə döşəmədir. Biri xəşildir. Birisi quymaqdır. Haflama gürzə, qorutdu aş, mal ətinin küftəsi, umac – bunlar hamısı ürəktutan şeylərdi.

Rəhim. Siz arxayın olun, ağa, mən özüm bu qəliz xörəklərdən seçib bir yaxşı nahar hazır elərəm.

Ağa Kərim xan. İndi, Səfərəli, get, mehtər libasını gey, faytonu təmizlə və atları qoş!

Səfərəli. Ay ağa, bir yolluğa mənim adımı yarıtmaz qoy, qurtarsın getsin. Vallah dəxi mən neyləyim?

Ağa Kərim xan. Bu nə sözdü deyirsən, a gədə?

Səfərəli. A başına dönüm, atlara biz arpa vermirik, ot vermirik, bir quru samandır, onu da veririk bir xəşmə... Belə yemlənən at at olar? Bir dəridirlər, bir sümük... Quyruğundan tutub kömək verməsən, heç ayaq üstə dura bilmirlər.

Ağa Kərim xan. Yəni buradan şəhərin o başına gedə bilməzlər?

Səfərəli. Ərz eləyirəm ki, heç ayaq üstə dura bilmirlər... Siz nə buyurursunuz?

Rəhim. Ağa, siz heç darıxmayın, atları da mən hazır elərəm... Ancaq zəhmət olmasa, buyurun gedək görək qeyr işlərimiz nə haldadır. (Gedirlər.)

Səfərəli (tək). Mən heç qana bilmirəm bu Rəhim nə girib meydana quyruğun bulayır; ay bunu elərəm, onu elərəm... Cəhənnəmə elə, gora elə! Xana bax xana! Xəşildən, quymaqdan dəm vurur. Adın da qoyub Ağa Kərim xan ağayi-Ərdəbili! Öləsən ölə! Elə havlama, xəngəl, mal ətinin küftəsi. Mal ətinin küftəsi girsin gözünə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов