Üçüncü məclis
Страница 2 из 2 · 50%
Bədircahan, Züleyxa xanım daxil olurlar.
Bədircahan. Qadan alım, Səfərəli, xan evdədirmi?
Səfərəli. Bəli, evdədir.
Bədircahan. Get xana məlum elə ki, əziz qonaq gəlibdir.
Səfərəli. Baş üstə, bu saat. (Gedir.)
Züleyxa xanım. Bu nə hərəkətdir, qoca? Mən gəlmişəm Leyla xanımın yanına, gəlməmişəm xanlan söhbət etməyə.
Bədircahan. Eybi yoxdur, başına dönüm. O gələndə bizi yeməyəcəkdir ki. Qoy gəlsin.
Züleyxa xanım. Heç vaxt ola bilməz. Get bu saat Leyla xanımı çağır! Mən hara, xan hara?.. Eyib deyilmi, camaat bizə nə deyər?
Bədircahan. Ağrım xanın ürəyinə. Xan gələndə dünya qopmayacaqdır ki! İki kəlmə danışıb, çıxıb gedəcək.
Züleyxa xanım. İki kəlmə olmasın, Allah vara yarım kəlmə olsun. Sənə deyirəm olmaz, olmaz, vəssalam!
Bədircahan. Belə işin var idi, qabaqcadan deyəydin... İndi mən başıma nə kül töküm? Mən də anavın buyruğuna görə səni bura gətirmişəm.
Züleyxa xanım. Anam çox özü üçün eləyib... Vallah, bu saat ayaqlarım titrəyir. Eyib deyilmi? Bu nə işdir sən məni saldın?
Bədircahan. Nə danışırsan, a qız? Bundan yaxşı iş olar? Xanın bir ayağı çöldədir, biri qəbirdə, bu gün-sabah ölər, mal-dövlət qalar sənə, sən də hər kəsi istərsən gedərsən ona. Burada bir eyibli iş yoxdur. Hərgah mənim özümü istəyən olsa, tullana-tullana gedərəm, heç kimi də vecimə almaram.
Züleyxa xanım. O arvad çox qələt eləyər ki, sahibindən sonra dübarə ərə gedər! Allah xatırına, get Leyla xanımı çağır gəlsin. Vallah, yoxsa mən bir saat da burada qalmaram.
Bədircahan. Aha, indi bildim fənnini... Sənin meylin o dünən nağıl elədiyin oğlandır, bildim, bildim...
Züleyxa xanım. Çox da bildin. Görək olanda eyib işdi? Altmış yaşında qoca ona taydı?
Bədircahan. A qız, axmaq olma, xanın qaranquşcan ömrü qalmayıb. Nə danışırsan, bu gün-sabah təşrif aparacaq.
Züleyxa xanım (qısılıb Bədircahanın böyrünə). Bu gələn eybəcər kimdir, Bədircahan?
Ağa Kərim xan (daxil olur). Sən bu evə xoş gəlmisən, Züleyxa xanım, səfa gətirmisən. Mənim bu cahü cəlalım sənə peşkəşdir. Eyib tutmayın ki, mən sizin yanınıza eynək taxıb gəlməmişəm, eynəksiz də gözəlliyin aşkar görünür. Məlum işdi ki, aya, günə eynək ilə baxarlar... Bədircahan, səbəb nədir ki, Züleyxa xanım danışmır? Mən çox arzu edərdim ki, onun mübarək səsini eşidim.
Bədircahan. Xan, özünüz bilirsiniz ki, qız uşağı həyalı olur, danışmaz, ələlxüsus sizi görüb biçarənin dili bilmərrə tutulub.
Ağa Kərim xan. Əlbəttə, əlbəttə, həyanın özü cavanəzən üçün böyük gözəllikdir.
Züleyxa xanım (kənara). Necə murdardır, nə yaman eybəcərdir, başınıza dönüm!
Ağa Kərim xan. Budur gəlir mənim qızım sənin pişvazına... Qızım, gəl, gəl, gör necə həyalı qonaq bizə gəlibdir.
Leyla xanım (daxil olur). Əziz qonaq bizi sərəfraz edib, xoş gəlib...
Züleyxa xanım. Tez gələ bilmədim, bağışlayasınız...
Leyla xanım. Xeyr, gərək siz məni bağışlayasınız, çünki əvvəl mənim borcumdu sizin yanınıza gəlmək.
Ağa Kərim xan. Görürsünüz, Züleyxa xanım, mənim qızım nə tez qalxıb?.. Məlum işdir, cəngəldə ot tez bitər... Leylaya baxıb elə fikir eləməyin ki, mənim sinnim artıq ola. (Bədircahan əlini ağzına vurub, işarə edir ki, elə sözləri danışma.)
Bədircahan. Ağa, nə sözdür buyurursunuz?.. Əlbəttə, gərək elə olsun.
Züleyxa xanım (kənara). Görün necə heyvandır.
Ağa Kərim xan. Bədircahan, barı sən dilmanc ol bizim aramızda... Bu saat əziz qonaq nə buyurdu?
Bədircahan. Züleyxa xanım təəccüb edir sizin məlahətinizə, şücaətinizə... Deyir bu biçimdə mən ömrümdə adam görməmişəm.
Ağa Kərim xan. Bu söz məni açdı, Bədircahan... bərəkallah Züleyxa xanım, afərin, maşallah. (Bu vaxt Ağa Kərim xanan oğlu görünür.) Budur oğlum da gəlir... Gəl, gəl, oğlum. Gəl, gəl pişvazə...
Züleyxa xanım (Bədircahana). Sənə nağıl etdiyim oğlan budur... Məgər bu xanın oğlu imiş?
Ağa Kərim xan. Təəccüb etməyin ki, mənim belə böyük uşaqlarım var... Mən on dörd yaşında evlənmişdim... Ona görə... (Bədircahan dübarə işarə edir.)
İskəndər xan (daxil olur). Dilim tutulub, nəfəsim batıb, təəccüb edirəm xudavəndi-aləmin işlərinə... Rəva deyil ola gül xar ilə ənis...
Ağa Kərim xan. Xanım, sizdən təvəqqe eləyirəm oğlumun sözünə çox da qulaq asmayasınız; çünki onun ağlında bir az əngəl var.
İskəndər xan. Heç acığın tutmasın, ata... Rəva deyil, insaf deyil yetmiş yaşında qoca, ağzında bir dişi yox...
Ağa Kərim xan. Danışma, kəs səsini, ud! Nadürüst oğlu nadürüst, dilini yerindən qopardaram... İş qurtarıb gedib, bu təzədən girib meydana ki, mən də varam!
İskəndər xan. Allah əgər mənim Allahımdır, bu yazını pozar.
Ağa Kərim xan. Keçəndən sonra, keçəndən sonra, İskəndər, bir gözümün içinə dürüst bax! Məni tanıyırsan ki! Vallahi, səni dar ağacına çəkərəm... Nəməkbəharam, nadürüst heyvan!
İskəndər xan. Belin bükülüb, ağzında diş yox, başın əsir, əl-ayağın titrəyir. Sənə layiq deyil bu vaxtında evlənmək... Utan, həya elə!
Ağa Kərim xan. Gədə, sənə nə olub, dəli olmusan? Başına at təpib? Heç bilirsən nə danışırsan? Çıx bu saat mənim evimdən! Sürün gözümün qabağından, nəməkbəharam!
İskəndər xan. Xeyr, mən dəli olmamışam. Dəli sən olubsan ki, belə işə iqdam eləyirsən.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/vezirov-aga-kerim-xan-erdebili-ucuncu-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Salam əleyküm, ağa Dərviş!– Əleykəssalam, kərbəlayı! Buyur görək!
Balaca mütəfərriqələr 16– Sənin borcun “amin” demək olsun, kərbəlayı, artıq danışmaq lazım deyil, bugünkü xəbərlər özgə cürə xəbərlərdir!– Baş üstə, ağa Dərviş, gözüm üstə, buyur görək?
Balaca mütəfərriqələr 17– Kərbəlayı! Ay kərbəlayı!– Oğlan, bir gəlsənə görüm!
Balaca mütəfərriqələr 18– Ağacun!Yetişdim bu fəna dünyadə qəmdən canə, ya mövla,