– Ağacun!

Yetişdim bu fəna dünyadə qəmdən canə, ya mövla,
Nə hasil can yetdim, yetmədim cananə, ya mövla.

Mövlayi-mən! Cəfalı ruzigarım...

– Salam əleyküm, ağa Dərviş! Oğlan, genə nə var, nə olub, bu nə cigərsuz qəsidədir? Genə ruzigar səni nə dərdə mübtəla edib?

– Mənim dünyada, kərbəlayı, heç bir dərdim yoxdur və ola da bilməz, çünki bəndəyə bu fani dünyada nə lazım? Bir löqmə nan, vəssalam. Dünya malında, cahi-cəlalında gözüm yox, həqiqi dərvişəm. Əbdüssəlami-qulami-millət. Dərvişlikdən də gözəl dünyada nemət bilmirəm. Mənim dərdim ancaq müsəlman qardaşlarımın cəhalətdə qalmağı, nahəmvar işləri, bəd hərəkətləri ola bilər. Mənim dərdü qüssəm millətdi, əfəndim...

– Bu təzə qanun cəmimizi zülmətdən çıxardar, inşallah. Çox da xiffət lazım deyil, baba Dərviş, Allah kərimdi.

– Meydana çıxan pəhləvanları göstər mənə, kərbəlayı! Bal deməklən, əfəndim, ağız şirin olmaz; Allahdan buyruq, ağzıma quyruq deməklən iş aşmaz, qurban sənə!

– Belə danışırlar ki, bu təzə qanuna görə bundan sonra kimsənin cürəti olmayacaq qeyrisinə güldən ağır söz desin.

– Bu çox pakizə, çox gözəl. Ancaq nuri-seşm, bircə mənə de görüm, bu qanuna əməl edən müsəlman olacaq, yoxsa elə genə hər kimin qolu qüvvətlidir, həyası az, o bildiyini edəcək?

– Hələ ki işlər bizim dəftərimizdə yazılmayıb, ağa Dərviş. Hərgah sübut istəyirsən, axşamüstü buyur bazara, ramazanlıqdır, gör necə adamın dişləri tökülür. Ələlxüsus qərib-qürəbanın.

– Vaveyla, va müsibata!

– Əlavə, ağa Dərviş, belə danışırlar ki, guya bu qanuna görə, bundan sonra hər cürə icmai-xeyriyyələr, məktəbxanalar bimane açmaq mümkündür.

– Bu hamısından gözəl, pəh, pəh, pəh! İndi görək, kərbəlayı, bizim hansı milyonçularımız meydana çıxıb, sandıqların ağzını açıb millət yolunda ehsan edəcəklər, ya Allah!

– Odur ki, işləri zay etdin də! A kişi, rəhmətliyin oğlu, mən sənə neçə kərə demişəm, pul əhvalatını ortalığa gətirmə. Hər nə istəyirsən danış, yaz, amma pulun adını çəkmə. Bu sözü mən xeyirxahlıqdan ərz edirəm, qorxuram səni pul üstə o qədər əzələr ki, şişib dama dönəsən. Pul ilə zarafat olmaz, canım, gözüm. Ələlxüsus bizim vilayətdə.

– Ya heydəri-kərrar! Sən xəlifə olan zaman arpa çörəyi yeyib, zənbil satıb dolanırdıq, indi gəl ümmətlərinin səxavət və kəramətinə bax! Kərbəlayı, kifayətdir, xudahafiz!

– Ağacun!

Cəfalı ruzigarın möhnətindən gəlmişəm canə,
Vəfasız çərx əlindən döndü bağrım qanə, ya mövla.

“Həyat” qəzeti, 2 noyabr 1905, №93

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов