Страница 1 из 2

Vaqe olur İvan bəyin evində, otaq xəlilər ilə bəzənmiş, mizlər, stullar düzülmüş, İvan bəy səndəl üstə əyləşib, dəftərxana kağızlarını bir-bir oxuyub, qol çəkib atır kənara, İsmayıl bəy və İbrahim bəy əyləşiblər... İskəndər qapının yanında ayaq üstə dayanıb.

İvan bəy. Daha nə var, nə yox?

İsmayıl bəy. Və genə belə danışırlar ki, guya İvanovu qulluqdan kənar ediblər, hətta işi də veriblər məhkəməyə, yalanmı, doğrumu?..

İvan bəy. Doğrudur, sizin bəyləriniz ölünü də qoymazlar qəbirdə dinc yatsın, danos, danos dalınca verdilər, yazığı elədilər bədbəxt.

İbrahim bəy. Mən bilmirəm o kimə yamanlıq etmişdi. Biçarə lap nahaq yerə bədbəxt oldu.

İsmayıl bəy. O yazıq idi? Yalansa Allah ona qəzəb eləsin! Gözünü yumub əlini açmışdı. Qaraca puldan da keçmirdi. Əlxüsus onun hərəmi-möhtərəməsi... Əlbəttə, axırı belə olacaq idi.

İbrahim bəy. Başdan-ayağa yalandır. O gözəl adamların birisi idi və çox yaxşı yoldaş idi... Bəylər onu yəhərliyə bilmədilər, başladılar danosbazlığa, vəssalam.

İsmayıl bəy. Onun haqqında əlbəttə belə danışacaqsan, çünki günorta əyləşib, gecə yarısınadək vururdunuz; o sənin sağlığına, sən onun.

İbrahim bəy. Sən də əlbəttə gərək onu pisləyəsən, çünki ona balta vuranların birisi də siz cənabınız oldu...

İsmayıl bəy. Doğrudur, mən əqrəb cinsindənəm. Hər kim mənimlə kəcrəftar oldu, onu elə çalaram, heç özü də bilməz iş haradan toxundu.

İvan bəy. Hər halda danos, danosbazlıq yaxşı peşə deyil, onu da sən özünə sənət edibsən...

İsmayıl bəy. Güc çatmayanda danosdan başqa bir əlac olmur... Mətləb düşməni yıxmaqdır; hankı yol ilə bacarırsan, o yol ilə yıx, vəssalam...

İbrahim bəy (saata baxıb). Bu söhbətlərdən sonra, ağamız, ərz olsun qulluği-şərifinizə ki, saat oldu on iki, hələ bir az da artıq.

İvan bəy. Ağa İbrahim bəy, sonra nə olsun?

İbrahim bəy. Znaçit, nastal admiralskiy ças. Yəni qəlyanaltı lazımdır... İskəndər, özün bilirsən də. Bir parça çörək bir az... və bir az da zəhrimardan... Tezcə, qadası...

İvan bəy. Sən qəribə xoşbəxt adamsan, vallah... Dərdin yox, qəmin yox, ancaq bir qəlyanaltı olsun, vəssalam, qurtardı getdi...

İbrahim bəy. Bəs buyur görək sənin dərdin nədir, a bizim hakimi-vilayət?

İvan bəy. Qaçaqların, quldurların əlindən camaat təngə gəlib... Pristavlar başlarını itirmişlər. Bundan artıq ta nə istəyirsən, canım?..

İbrahim bəy. Bu canım üçün, nə qədər çalışsan, nə qədər vuruşsan, bizim əhalinin arasında əmin-amanlıq olmayıb və olmayacaq. Sən özünə nahaq yerə heç zəhmət vermə...

İvan bəy. İskəndər, gəl bu kağızları apar ver dəftərxanaya... (İskəndər kağızları alıb gedir.)

İsmayıl bəy. Doğrudan da, mahalda bədbihesablıq o qədər artıbdır ki, əhalinin naləsi asimana bülənd olubdur və bu bədbihesablığa bais bizim bəylərdir... Bax, elə o Camal bəyi götürünüz. Evləri olub qaçaqlar yatalqası... Nökərləri gecələr quldurluqda, gündüzlər yeyib yatmaqda.

İbrahim bəy. Üç-dörd gün bundan əqdəm bizim əmioğlu Səfər bəy öz gözü ilə görüb Keçəl Qulunu dəstəsi ilə Camal bəyin evində... Belə işlərdə Camal bəyə şərik iş görənin biri də o Hacı Qurban lənətullahdır ki, bu saat qapıda gördüm... Məlun xəsərəd-dünya vəlaxirə!..

İsmayıl bəy. Hacı Qurban məlun ətraf kəndləri eləyib özünə borclu... Qılıncının dalı da kəsir, qabağı da... Deyir bəy də mənəm, ağa da mənəm, heç kim də qabağıma dura bilməz.

İvan bəy. Hacı Qurban barəsində mən sizə yaxşı əhval söyləyim: bu neçə günlərdə oğlunun qabağına yüz erkək qoyun salıb göndərir şəhərə satmağa. O qoçaq da kənddən kənara çıxan kimi qoyunları tapşırıb çobanlara özü qoşulur qaçaqlara. Axşamdan dörd saat keçmiş tökülürlər Hacı Məhəmmədin evinin üstünə. Özünü öldürürlər, evini qarət edirlər.

İskəndər (əlində padnos qəlyanaltı gətirib qoyur kənarda mizin üstünə). Ağa, Hacı Qurbanı, o Bəkir gədəni, bir də Camal bəyi və oğlunu pristav göndərib. Nə buyurursunuz, onları damlıyaq, yoxsa danışdıracaqsınız?

İvan bəy. Hacı Qurbanı çağır gəlsin!

İskəndər gedir, İbrahim bəy mizə yaxınlaşıb ayaq üstə yeyib-içir.

İbrahim bəy. Hacının əhvalı bu saat yamandır... Yəqin ki, saqqalı yırğalana-yırğalana titrəməyə düşübdür... Titrəyəcəksən, hacı, hələ harasıdır, titrəyəcəksən...

İsmayıl bəy. Xeyr... Hacı min belə tələlərdən çıxıbdır. O bir elə dələduzdur ki, Yer üzündə bərabəri yoxdur. İndi gör nə dil tökəcək, nə dəstgah açacaqdır. Ona Hacı Qurban deyərlər.

İskəndər ilə Hacı Qurban daxil olurlar.

Hacı Qurban (ikiqat baş əyib). Ağa, məni köç üstündən tutub göndəriblər, ancaq bilmirəm nə işdən ötəri.

İvan bəy. Dörd gün bundan əqdəm gecə yarısı oğlun qoşulub qaçaqlara, tökülüblər Hacı Məhəmmədin evinin üstünə, özünü öldürüb, var-yoxunu aparıblar...

Hacı Qurban. Aman Allah, belə də böhtan olarmı? Belə də yalan olarmı? Bay, bay, bay...

İvan bəy. Qaraçılıq lazım deyil.

Hacı Qurban. Nə buyurursan, ay ağa? Başına dönüm, mənim oğlum on gündür ki, şəhərə gedib qoyun satmağa, elə bu saat genə şəhərdədir... Qoyunun pulunu ləngə salıblar, ona görə yazıq uşaq qayıdıb gələ bilmir.

İvan bəy. Artıq danışmaq lazım deyil, sən burada dustaq qalacaqsan, ta oğlun gəlib ələ keçənəcən... İskəndər, apar damla!

Hacı Qurban. Sahib-ixtiyarsınız, başına dönüm. Ancaq, atam sənə qurban, məni köç üstündən tutub gətiriblər, köç qalıb arvad-uşaq əlində, mənsiz tərpənə bilməzlər. Vaxt veriniz köçü yerinə yetirib, gəlim qulluğunuza, yoxsa olub-qalanım əldən gedər, sənə qurban olum.

İvan bəy. Olmaz, olmaz, apar!..

Hacı Qurban. Ağa, bax bu bəylər məni yaxşı tanıyırlar, mən və mənim oğlum bədbihesab işlərə qarışmamışıq və heç vaxt qarışmarıq. Çünki Allahın və sizin dövlətinizdən o qədər varımdır ki, pis işin dalınca getməyə ehtiyacımız yoxdur. Bizə nə olubdur ki, divan yanında üzüqaralıq edib özümüzü bədbəxt edək, ay başına dönüm?..

İvan bəy. Oğlun gələnədək damda yatacaqsan. Artıq füzulluq lazım deyil...

Hacı Qurban. Ağa, atam sənə qurban, şəhərə tel vurunuz, təhqiq etsinlər. Oğlum on gündür ki, oradadır, bir yana çıxmayıb, vallah, billah...

İvan bəy (kağızlara baxır). Artıq danışmaq yoxdur, yatacaqsan oğlun gələnədək...

Hacı Qurban. A bəylər, atam sizə qurban, beşcə gün möhlət istəyirəm, aman günüdür... Mən olmasam köçüm tərpənə bilməz, mal-qara dağılar hərəsi bir yana. Mənə rəhm ediniz. İsmayıl bəy, atam sənə qurban...

İsmayıl bəy. Ay hacı, bizim nə ixtiyarımız var ki, hakimi-vilayətin işinə qarışa bilək?

Hacı Qurban. Ay İsmayıl bəy, köç işini sən özün, əlbəttə, şükür, yaxşı bilirsən... Köç malakanlarda dayanıbdır... Adını ziyanlıq qoyub, qoyunu sürü-sürü aparacaqlar, dana-dunanı hərə bir yana dartacaq, Allah xatirinə mənə rəhm edin, mən yazığam...

İsmayıl bəy. Oğlun quldurluqda taxsırlanır, mən belə işə necə ağız aça bilərəm?.. Yüngül iş olsa idi, genə bəlkə mümkün olardı.

Hacı Qurban. Mən bilirəm ki, ay İsmayıl bəy, sənin heç yerdə sözün yerə düşməyibdir, indi nə üçün boyun qaçsırırsan? Yoxsa, qurban olum sənə, məndən at istədin göndərmədim, ona görə məndən inciyibsən?

İsmayıl bəy. Yalan danışma, heyvərə! Mənim öz atlarım harada qalmışdı ki, səndən at istəyə idim? Yalanına bax qırışmalın!

Hacı Qurban. Yalan danışdım, qələt elədim, başına dönüm... Oğlum müqəssirdir, mənim günahım nədir? Atam sənə qurban, mənim qorxum o birəhm malakanlardandır... Beş gün nə böyük möhlətdir ki, onu mənə vermirsiniz? Hərgah o iş doğru olsa, məni və oğlumu dar ağacına çəkiniz... And olsun getdiyim Məkkə və Mədinəyə, bunların hamısı düşmən sözüdür.

İsmayıl bəy. Yalan, doğru, mən qarışan iş deyil, vəssalam.

Hacı Qurban. İbrahim bəy, atam, anam sənə qurban, bəlkə sən bir dilini tərpədəsən, mən yazığam!..

İbrahim bəy (bir rumka da vurub). Hacı, yalvarırsan, genə hakimi-vilayətin özünə yalvar... Bizdə nə ixtiyar var?..

Hacı Qurban. İbrahim bəy, o balaca hesabımız ki var ha... Qurban olsun sənə, amandı mənə kömək...

İbrahim bəy. Yuxu görmüsən, yoxsa başına at təpibdir? A kişi, hesab nədir, zad nədir, dəli olmamısan ha...

Hacı Qurban. Ağa, səni and verirəm oğlun Saşa bəyin canına, o İsa peyğəmbərə, dördcə gün mənə möhlət ver, köçü yerinə yetirib, qayıdım gəlim...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ağıçı

Ağıçı Bədircahanın evi şəhərin qiblə tərəfində, qayanın üstündə, çox basəfa olan yerdədir. Evinin qabaq tərəfi eniş dağdır, dal tərəfi şəhərə baxır. Həməvəq sərincə yel əsər. Yaz fəsli dağın çiçəklərinin iyin gətirir. Dağın dibində yaxşı bulaqlar var. Bulaqların üstə həmişə növbət gözləyən qız-gəlinlər əllərində səhəng görmək olur. Qabların su ilə doldurub, bir az zarafat edib, səhəngi atırlar çiyinlərinə, kəklik kimi dırmanırlar dağ yuxarı.Bədircahanın evinin sağ tərəfində, qayanın ortasında üç kaha var, çox dərin. Belə deyirlər ki, guya o kahalar cin və şəyatin ovlağıdırlar. Hər gün o kahalara cavan oğlanlar ətləs arxalıq, mahut çuxa dolurlar. Ora nə səbəbə gedirlər, onu bilərik öz yerində. Bədircahanın evinə dürüst olur koma demək, çünki bir otaq, bir sandıqdan suvay qeyri təmirat yoxdur.

18758 мин
Mənim vaqiəm

– Ay ağa, Allaha bax! A bəy, Allaha bax! A sövdəgər, Allaha bax. Molla, amandır!Bu nəfəslər ilə yuxudan ayıldım. Bir neçə dəqiqə fikrimi başıma cəm edə bilmədim. Axırda məlum oldu ki, vaqiədə Ş. şəhərinə səyahətə təşrif aparmışam. İttifaqən xan qapısına rast düşürəm. Gördüm xan öz oğlanları ilə xam tərlan quşa uçurtma verirlər. Yanlarında bir neçə xanlıq tula. Xanın ağlını (nə danışırsan?!), sözün tərbiyətini kənara qoyaq. Biz öz xanlarımızı yaxşı tanıyırıq. “A gədə, o qırqovulları apar İvan İvaniçə deynən ağam klans eləyir. Dünən arvadı məni şəkəlüdə qonaq edib, ona gərək bir yaxşı şey bağışlayam, xəcalətindən çıxam. Bizim müsəlmanın handa bir yaxşısından İvan İvaniç mənə xoşdur. Arvadı nə, özü nə! Kişilərdə ədəb var, hörmət var. O günləri balaca qızı gəlib əlimdən öpüb “diyada, diyada” – deyə-deyə...”

18766 мин
Paho?

– Kərbəlayı, həmişə sən gələsən! Buyur, buyur, a kişi, görək nə var, nə yox, ay kərbəlayı? Ay oğlan, görünür ki, ramazan olmağına görə səfərə çıxmışsan?– Xeyr, bəy, sənin başın üçün heç bilmirəm ki, bu ay ramazan ayıdır və ya ramazanın neçəsidir. Ancaq arvadın qorxusundan evdə otura bilməyib qaçmışam.

18842 мин
Keçmişdə qaçaqlar

Əhli-məclisİvan bəy Sərdarov – uyezd naçalniki. 50 yaşında, rəsmi libasda*

1 мин

Стихи других поэтов