Əhvalat vaqe olur Səlman bəyin otağında; Səlman bəy əyləşib otağın bir tərəfində, yanında dəftərxana kağızları. Səlbnaz xanım oturub bir tərəfdə, yanında podnos və neçə stəkan-nəlbəki.

Səlman bəy (saata baxır). Səkkiz tamama qalıb beş dəqiqə. Əzizim, sənin samavarın gec oldu, mən gedim. Bu gün poçt günüdü, tamam çinovniklər yığılıb.

Səlbnaz xanım. Bu saat hazır olu, çaysız hara gedirsən?.. Saat üçəcən ac qalsan gündə, axır nəfəsin olu.

Səlman bəy. Bu gecə saat birəcən yazmışam, genə qurtara bilməmişəm. Hamısı vacibli kağızlardı. Gedib ət-zad alıb göndərənəcən saat olu doqquz. Mən getdim, sən rahat anamı da çağır, çayını iç. (Gedir.)

Səlbnaz xanım. Ax, bu qulluq da heç bir zad deyilmiş; biçarəni lap cannan salıbdı, barı heç olmasa qoyalar günortadan sonra bir az dincələ, o da yoxdu. Vallah çay da adamın boğazından ötmür, yediyi-içdiyi haram olur.

Fatma xanım (daxil olur, gözündə çeşmək əlində corab hörə-hörə oturur oğlunun yerində). O Səlman necə oldu?

Səlbnaz xanım. Genə çay içməmiş getdi.

Fatma xanım. Dədəmin dərdin içsin. Neyniyim içmədi, çox mənim vecimə idi!

Səlbnaz xanım (kənara). Allah, sən özün xətadan saxla, genə pis başlayıb.

Fatma xanım. Vallah, mən özüm bu saat bir haldayam ki, nəinki Səlmanı, qardaşlarımı da gözümün qabağında doğrasalar, əhvalıma təfavüt eləməz.

Səlbnaz xanım (kənara). Genə bərk tutulub, Allah sən özün xətadan so... (Ələkbər daxil olur, əlində samavar, çaynik üstdə, samavarı qoyur Səlbnaz xanımın yanında.)

Fatma xanım (Ələkbərə). O boynunu yerə soxduğum getdi?

Ələkbər. Kimi buyurursan, xanım?

Fatma xanım. O adı batmış oğlum.

Ələkbər. Bəli, getdi.

Fatma xanım. Getsin, neynək. Boynu ha yanının altında qalmayacaq, həlbət gələr. Mən bu gecə sabaha kimi can vermişəm, səsimi qonşular eşidibdi, buradanca bura bir gəlib deyən olmayıbdı ki, niyə ölürsən. (Ələkbər gedir.)

Səlbnaz xanım (kənara). Bu canım ölsün ki, başdan-ayağa yalandı, görəsən ürəyinin qurdunu tərpədən nədi?

Fatma xanım. Deyən gərək mən nəyə gərəyəm, niyə ölüb qurtarmıram, Allahın çox əziz bəndəsi olmuşam?

Səlbnaz xanım (bir stəkan çay əlində). İsti-isti bu çayı iç, bəlkə tərliyəsən.

Fatma xanım (çayı tullayıb). Apar özün boğmalan... Mən həmişə çay içənlərdən deyiləm.

Səlbnaz xanım. İçmirsən, deyinən içmirəm, daha stəkanın taxsırı nədi sındırırsan?

Fatma xanım. Sındırıram, belə bu əllərimin ortasından gəlir. Dədənin ha xarabasının qabın sındırmıram?

Səlbnaz xanım. Beş gün deyil ki, onları oğlun alıb gətirib.

Fatma xanım. Sənin ha qardaşın alıb gətirməyib, mənim oğlum gətirib, sənin nə borcun?

Səlbnaz xanım. Hər kim gətirib, gətirib. Evdəcə şeydi, axı niyə sınsın?

Fatma xanım. Çox artıq danışarsan, duraram hamısını cilik-cilik elərəm.

Səlbnaz xanım. Səndən hər nə desən çıxar. Qorxuram mənim özümü də döyəsən.

Fatma xanım. Səni döyəndə sən Çingiz xanın nəvəsisən? Səni döymək olmaz? Anan sarımsaq, atan soğan, sən haradan oldun belə gülməşəkər, balam?!

Səlbnaz xanım. Çox artıq danışma, sənin də atanı tanıyırlar, mənim də.

Fatma xanım. Səndə taxsır yoxdu. Taxsır mənim o arvadağızdı oğlumdadı. Elə oğlun boyuna ip ölçüm... Mən öz əlimlə öz başıma daş salmışam, sənin ananı görə-görə, gedib səni alanda.

Səlbnaz xanım. Sən alanda başımıza tac qoymusan? Sən almazdın, həlbət bir hambal tapılardı.

Fatma xanım. Dünən bir, bu gün iki, dilinə bax dilinə... Niyə daş yağmır, Allah?

Səlbnaz xanım. Sən bu gün aşkara dava axtarırsan. Qoy, Allahı sevirsən, bu bir stəkan çayı içək.

Fatma xanım. İç, beşin iç, ağzınacan da qəndin doldur, qazananın canı çıxsın. İstəyənə də ver, qənd ver, çay ver, düyü də ver. Kimdi qabağına duran! Səlman bəyin vayın eləyim!

Səlbnaz xanım. Elə bir ovuc düyüdən ötrü ki, dünən o yazıq arvada verdim, qarnına od dolubdu. Bilməmişdik gərək rüsxət istəyəydik, bağışlayasınız?

Fatma xanım. Uy, uy, uy! Aman, aman! Dad, balam, sənin kiminin əlindən!

Səlbnaz xanım. O bircə qardaşım ölsün ki, sən bir ovuc düyüdən ötrü bu davanı başlamısan. Azarlı sənin kimi dingildəməz. Peşman olmadım ki, bir nəlbəki düyü verdim, sən özün qoltuğuna basıb, atayın evinə aparanda mən sənə deyirəmmi ki, bu evi niyə dağıdırsan?

Fatma xanım (əllərini qalxızıb yerdə oynayır). Yarıdıq yaza çıxdıq. Bəxtəvər başımıza, bundan sonra da gərək gəlinə baş açaq, əlimizi döşümüzə qoyub izn istiyək: gəlin, bir parça çörək alıb yeyimmi? Gəlin, ağlaşmaya gedimmi? Ay yiyi! Mən səni bu dildə, bu damaqda qoya bilmərəm, qoy bircə o kafir oğlu kafir gəlsin!

Səlbnaz xanım. Gələndə çox qorxan vardı; birin deyər, ikisin deyərəm!

Fatma xanım. Dur bu saat sürün buradan, cin sifətli, cinə oxşayanın qızı!

Səlbnaz xanım. Odu, qapı açıqdı, özünüz buyura bilərsiniz. Mənim sahibim sən deyilsən. Əgər o desə, kəbinimi qoysun ovcuma, baş üstə, getmək çətin deyil.

Fatma xanım. A qız, məni öz evimdən qovursan? A bihəyanın qızı!

Ələkbər daxil olur.

Ələkbər (Fatma xanıma). Xanım, günorta oldu, ət alıb gətirmişəm, nahara nə bişirim?

Fatma xanım. Dədəmin dərdin! Sürün buradan, it südü əmmiş! Gözümə elə nahar görünürdü.

Ələkbər. Sənin çox da gözünə görünmədi. Axı ağa gələcəkdi ac-susuz, ona nə deyim?

Fatma xanım. Get boğma pişir, zəhər pişir, zəhərmar pişir, dərd, vərəm pişir, yaxşımı?..

Ələkbər. Heyif o oğlana ki, sənin oğlundu.

Fatma xanım. Allah, gör mən nə günə düşmüşəm ki, bu kürd gədəsi də üzümə durubdu! Ay səni öyrədənin üstünə ildırım düşsün! Ay səni öyrədənin ciyəri dağlansın! Mənə xoruz-beçə deyirsən!

Ələkbər. Məni öyrədib eləyən yoxdu. Sən Səlbnaz xanıma eyham atırsan. Amma imanlı ol, məni öyrədib eləyən yoxdu, doğrusu budu ki, mən dahı burada dura bilmərəm.

Fatma xanım. Səni gücnən saxlayıram a mürtəd oğlu! Get, məlun oğlu məlun, yoxsa bağrım çatdar.

Səlbnaz xanım. Get balam, get... Görürsən nə canbaza çıxıbdı?

Ələkbər. Getməyəndə canımı çöldən tapmamışam, hər kim bu arvadın üzünə baxsa, sill azarına düşər.

Ələkbər gedir.

Fatma xanım. Yaxşı deyirsən, əllərinin içindən gəlir, bacardığını müzayiqə eləmə! Əgər mən də mən ollam, bu evi tar-mar edərəm... Görək, mənə də Fatma xanım deyərlər, uzağa da qoymayacağam, bu gün, ya sabah!

Səlbnaz xanım. Belə dolanmaqdansa, elə tar-mar olmaq çox məsləhətdi.

Fatma xanım. Bir ev varmı, a səni xeyir görməyəsən ki, siz övladdan ora girə, o tar-mar olmaya? A sizin ocağınızı Allah göyə sovursun!

Səlbnaz xanım. Doğrusu budur ki, mən özüm də təngə gəlmişəm. Mən bu evə gələn heç beş ay deyil, yüz yol bu evdə qırğın olub. Bir gün olmaz ki, bu xarabada dava, canbazlıq olmasın.

Fatma xanım. Xoşuna gəlmir, qadam?.. Xoşuna gəlmir, qadam? Bəs nə oturmusan? Bir oğlum var onu da əlimdən almaq istəyirsən? O sənin turş xəyalındı, quzu?

Səlbnaz xanım. O sənin oğlun, o da sən. Allah vara əl-ayağını dürt gözünə.

Fatma xanım. A mürtədin balası, mənə nə deyirsən? Dahı bəsdi. (Çeşməyini çıxardır.) Əlim-ayağım dəyməmiş, buradan elə get olmamış kimi.

Səlbnaz xanım (çarşabını götürmüş). Mən gedirəm, bilirəm də oğluna iki yüz min pis şeylər mənim haqqımda məndən goplayacaqsan... Eybi yoxdu, desən biiman öləsən. (Gedir.)

Qapıda anası rast gəlir. Çiçək xanım daxil olur.

Çiçək xanım (qızına). Nə var, nə var, hara belə tələsik?

Səlbnaz xanım. Ana, sənin qardaşların qırılsın, ana, məni yanar oda saldığın yerdə. Məni nədən ötrü bu kaftarın qıynağına vermisən, canımı yığıb boğazıma... Az qalıb özümü boğam öldürəm!

Fatma xanım. A qız, Çiçək, belə şeyin var idi, balam, özcə başına yaxeydin... Məni niyə cəhənnəm oduna salırdın?

Səlbnaz xanım. Ana, o qardaşlarımın xəbəri üstümə gəlsin ki, bircə nəlbəki düyüdən ötrü məni çarmıxa çəkibdi. Yalandan azarlayıb, bilmirsən nə qayırır.

Fatma xanım. A qız! Sənin bu ləçər qızın mənim üstümə oğurluq yıxır. Mənə deyir ki, düyünü qoltuğuna basıb aparırsan atayın evinə. Buna nə deyirsən? Məni bu ağbirçək vaxtımda oğru eləyir. Bunu Allah götürər? Belə iş harada görünüb, a sənin evini Allah yıxsın!

Səlbnaz xanım. Barı ağ birçəyindən utan, gözümün içinə yalan demə, böhtan atma, Allahdan qorx, bəndədən utan!

Fatma xanım. Çiçək, görürsən?.. Doğru deyirsən, balam, Allah qardaşını saxlasın... Mən yalançıyam, mən böhtan deyənəm.

Çiçək xanım. A Fatma xanım, siz ağbirçək, dünyagörmüş arvadsınız, bu uşağa niyə qoşulursunuz?

Fatma xanım. O uşaqdı?.. O uşaqdı?.. Xeyr, bəbədi. Ayağına papış gərək, döşünə önnük!

Çiçək xanım. Elə danışırsınız ki, xiyar əyri bitir də.

Fatma xanım. Xiyar əyri bitəndə, a qız, analı-qızlı məni şaqqalayacaqsınız? Sizə bir toy tutaram, aləm tamaşaya çıxar.

Çiçək xanım. Gözünü sil, dürüst bax. Səni də tanıyırlar, məni də. Mən sənnən yavaş danışıram, yoxsa ayağın yer alır?

Fatma xanım. Ana-qız məni döyəcəksiz?.. Ana-qız məni evimdən qovacaqsınız?.. Yamanlıq elədim, sənin bu bihəya qızını xoşbəxt eləyib, xanım elədim?

Səlbnaz xanım. Yaxşı xoşbəxt eləmisən, üzün ağ olsun, kömür qarası kimi.

Fatma xanım. Ay heyvana oxşayan tülkü balası, ananı gördün xoruzdandın? Vallah, bu saat ikinizi də yox kimi elərəm.

Çiçək xanım. O sənin xam xəyalındı. Hələ görüm oğlun nə deyir... Səni o qədər süründürüm ki, cızdağın çıxsın. Bəri gəl a qız, səni mən bir dəqiqə bu halda qoymaram, səni mən bir Fatma qayırım ki, dədənin adı yadından çıxsın. (Gedir.)

Fatma xanım. Poho, heç dahı dinməyin, dəftərxana qurulub, bizə tənbeh kəsiləcək.

Çiçək xanım (başını qapıdan içəri salır). Mən bu xarabaya belə qız vermişdim? Bir dəri qalıb, bir sümük, a biiman! A səni görüm öləndə dilin lailahəilləllah tutmasın, a zəhər torbası!

Fatma xanım. Sənə bir od vuracağam, a biçarə, hələ harasıdı, qiyamətəcən dadı damağından getməsin!

Çiçək xanım. Cəhənnəm köpəyinə oxşayırsan, a biiman, heç bir güzgü alıb, mürdəşir yumuş üzüvə baxırsanmı? Sənin sifətini görən sill tapar, gərək kəffarə versin.

Fatma xanım. Sürünüb getməzsən, a çarxı xoruz? İstəyirsən paya götürüm?

Çiçək xanım. Sənə bilirsən nə deyirlər, a qız? Quyudan ilan qaçıran Fatma xala, tumanı cırıx, məclis gülüşü, öz-özündən xəbəri olmayan... Ala, kül başına!

Səlbnaz xanım. Bəsdir, Allahı sevirsən, gəl gedək (Gedə-gedə.) Biiman, kaftar, murdar!

Fatma xanım. Gedin qabağınız qaya olsun, dalınız qırğın!

Məclis tamam olur.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Balaca mütəfərriqələr 1

– Yahu, ya Allah, salam əleyküm. Əhvali-şərif? Oğlan, nə əcəb “Həyat”ın rəsmi-güşadına, yəni açılmasına təşrif gətirməmişdiniz?– Bana priqlaşeniye göndərməmişdilər və bir də, vallah, zanyatiyam o qədər çoxdur ki, sən öləsən abed də yadıma düşmür... Danış görək nə var idi, yaxşımı keçdi? Reç-zad deyən oldumu?

19051 мин
Balaca mütəfərriqələr 2

Neçə gün bundan əqdəm bir cavan rast gəlib məndən sual etdi:– Ağa Dərviş, yer üzündən məgər insaf bilmərrə yox olub? Nəfsi-müsəlman nə deyilən sözdür, ağa Dərviş? Rəhm, mürüvvət, insaniyyət göyəmi qaçıblar?

19052 мин
Balaca mütəfərriqələr 3

Bu gün də əlimdə nacağ məddah keçib bir evin darvazasının qabağında dayandım. Bir nəfər cavan sədamı eşidib, əlində “Baku” qəzetinin 52-ci nömrəsi mənə yavıqlaşıb, məndən sual etdi:– Ağa Dərviş, siz bilərsiniz, bu necə xəbərdi, bu qəzetdə yazıblar ki, guya bir neçə nəfər adamlar təəccübanə libaslarda döşlərində ərəbi yazılmış nişanələr, başlarında əmmamə, Balaxana kəndində müsəlmanlar arasında görünüblər. Qəzetin yazmağına görə, bu növ şəxslər Naxçıvan fəqərəsində həm olublar.

19051 мин
Balaca mütəfərriqələr 4

Pəncşənbə günü bazarı dövr edib mənzilə qayıdan zamanı cənabi-sahibkəramət, ağa Rəcəbəli bəndəyə rast gəlib buyurdular ki, ağa Dərviş, bu axşam bir neçə nəfər qonağım var, təvəqqe edirəm siz də buyurasınız. Baş üstə, göz üstə – deyib mən də ağanın qulluğuna təşrif apardım. Mənzildə bir xeyli söhbətdən sonra ortalığa küftəbozbaş gəldi, göftgu şirinləndi... Qonaqlardan biri sual etdi ki, ağa Dərviş, sən bir cahandidə, kühənsal adamsan, buyur görək dünyada nemətlərdən hansı gözəlraqdır?Mən suala cavab verməmiş sahibi-xanə buyurdular ki, dünyada puldan şirin, ləzzətli, gözəl şey yozdur və heç vaxt ola da bilməz. Pulsuz adam Allah vara Ərəstu olsun, ya Bəhlul-Danəndə olsun, nə fayda! Onun ağlından, kamalından nə çıxar. Xeyr, bu dünyanınkı bişəkk-şübhə puldur, canım, pul. Vəssalam, nəğmə tamam...

19052 мин

Стихи других поэтов