Müsibətnamə
Gəl, könül, bir ibrət al bu gərdişi-dövranə bax,
Gəl, könül, bir ibrət al bu gərdişi-dövranə bax,
Cami-heyrətdən dəmi məxmər olub məstanə bax,
Tut təfəkkür damənin bir dəm dili-heyranə bax,
Kimsəyə qılmaz vəfa bu dəhri-bipayanə bax,
Olma mə’murinə rəqib, axiri viranə bax.
Bivəfadır, mülki-dünya malına aldanma çox,
İzzü cahü dövlətü iqbalına aldanma çox,
Tutma ümmid əqlü fəhm əhvalına aldanma çox,
Qövmü qardaşü rəfiq əqvalına aldanma çox,
Hər biri bir rəmz ilə səndən olur biganə bax.
Şərhi bimümkün gəlib-getmiş cahana çox hümam,
Hər biri əsrində bir sahibhünər, aliməqam,
Şah ola, istər gəda, divanə, ya əhli-nizam,
Yetməmiş məqsudinə aləmdə heç ərbabi-nam,
Cümləsin məqtul edib bu bisərü samanə bax.
Dinlə, ey tuğyani-möhnət, bir rəvayət söyləyim,
Didələr giryan edən şərhi-məlamət söyləyim,
Dərdi-bidərmanü daği-binəhayət söyləyim,
Bu sözə nisbət sənə gəl bir hekayət söyləyim.
Lütf edib qıl bir nəzər bu müxtəsər dəstanə bax.
Noldu gör ol sərvəri-dövran, əmiri-möhtərəm,
Mənbəi-cudü səxavət, mədəni-lütfü kərəm,
Mərdi-meydan, əhli-ürfan, sahibi-tiğü qələm,
Ərseyi-rəf’ətdə guya kim, tikilmiş bir ələm,
Hakimi-Şirvan-Şəki, yə’ni Hüseyn xanə bax.
Şir-dil bir mərd idi çox, şövkətü şə’ni əzim,
Səfşikən, ə’dafikən, şəmşirzən, bixovfü bim.
Sərvəri-sahib həşəm, ətbai çox, mülki qədim,
Xoşnüma, xəndan liqa, şirin süxən, təbi həlim,
Neylədi, gəl gör, müqəddər hikməti-yəzdanə bax.
Haqpərəst, əhli-təvəkkül, pak dil, safi-cigər,
Baki yox heç kimsədən, cahü cəlalı biqədər,
Bilməmiş rəşkü həsəd insanı eylər dərbədər,
Bağlamış onunla kin ə’lavü ədna sərbəsər,
Saldılar hər rəng ilə də’va tutub böhtanə bax.
Hacı Əbdülqadirü Hacı Məhəmməd kinədar,
Saldılar yüz dürlü də’va, oldular ondan fərar,
Etdilər ol dəmdə Dar doqqazı səngər istivar,
Tapdı düşmən hər tərəf üz, oldu qovğa aşikar,
Buldular fürsət, tamami girdilər meydanə bax.
Kəndxudalar göndərib oğlilə çox and eylədi,
Etmədi bir sud hərçənd əhd-peyvənd eylədi,
Hacı Əbdülqadir ol dəm gör necə fənd eylədi,
Tutdu onların təmamın, yerbəyer bənd eylədi,
Verdi Ibrahim xana, tez saldılar zindanə bax.
Gör nələr gəldi o dəm, Hacı Məhəmməd başına,
Tutdurub həm onu dəxi qoydu qəl’ə daşına,
Qaldı bir il verdi can axir əcəl pürxaşına,
Böylədir hər kim olursa xain öz yoldaşına,
Getdi hər nə var isə mərdümliyi məccanə, bax.
Ol Qarabağ hakimi dövlətli İbrahim xan,
Əvvəlü axır onunla ta yaman idi, yaman,
Gördü fürsət gəldi, fövt etmək deyil əqlə nişan,
Oldu Əbdülqadir ilə müttəfiq həm ol zaman
Yığıldılar bihəddi-ləşkər, cəm edib hər yanə bax.
Qıldı bu sərriştədə hər hal ol sə’yü əmək,
Etmədi təqsir hər dəm verdi simü zər, yemək,
Gəldilər Carü Tala bəylər təmami binəmək,
Keçdi çox cənglər aradan, tul olur şərh eyləmək,
Öldü əvvəl Hacı xan tək növcəvan fərzanə bax.
Çəkdi ümmə xanü Əhməd xan, Cönkətay çəri,
Hər biri Dağıstan içrə külli-ləşkər sərvəri,
Biləsincə necə başçı, cümləsi meydan əri,
Bir tərəfdən göndərib topxanə verdi ləşkəri,
Arxa durdu onlara valiyi-Gürcüstanə bax.
Eylədi hər bir qoşun gəldikcə bir dürlü savaş,
Hər tərəfdən qoydular can almağa meydanə baş,
Keçdi müddət, düşdü xalqa eylə bir qəhti-məaş,
Olmayıb bir böylə zillət mütləqa aləmdə faş,
Gəlməyib böylə müsibət Rumə, ya Iranə bax.
Artdı qovğa üz verib hər ləhzə bir cəngü cidal,
Elə kim gəlməz hesaba oldu məqtulü qital,
Gördü kim ol mərdi-meydani-bəla, ol pürməlal,
Günbəgün etməkdədir əyyam onu aşüftəhal,
Dəmbədəm salmaqdadır dövran onu nöqsanə bax.
Fətəli xan yanına əzm etdi ol hicrət qılıb,
Neylədi ol mərd gör, əda ikən hörmət qılıb,
Çəkdi ləşkər biləsincə neçə yol qeyrət qılıb,
Etdi mə’yus onu həm iqbal, binüsrət qılıb,
Neyləsin insan əgər yar olmasa sübhanə bax.
Gah Ağası xan Şirvan hakimilə bir zaman,
Baş qoyub ə’dayə qarşı atdılar meydanə can,
Eylə bir cəng etdilər kim, su yerinə axdı qan,
Hasili ol dərdiməndə vermədi nüsrət, inan,
Atəşi-meydanlara etdi özün pərvanə bax.
Döndü çün iqbalü dövlət gəlmədi pərva ona,
Olmadı hər yana üz tutdusa bir mə’va ona,
Hər nə var yarü müsahib oldular ə’da ona,
Hər tərəfdən verdilər qətl etməyə fitva ona,
Cümlə xunxarü nəməksiz ol Şəki, Şirvanə bax.
Gör necə döndü tamaşa qıl onun əqranına,
Aşkaravü nihan qəsd etdilər ta canına.
Duydu halı hər tərəfdən yığdı ləşkər yanına,
Olmadı, çün çarə yox haqdan işin imkanına,
Hər nə tədbir ilə sə’y etdisə ol mərdanə bax.
Cəm olub qətlinə onun bir neçə əşrarlər,
Bilməyən nanü nəmək, bihörmətü biarlər,
Ölməyə, öldürməyə bərk etdilər iqrarlər,
Cümlə öz əqvamü əqranı tamam xunxarlər,
Qövmü qardaşa inan, gəl, dosta bax, yaranə bax.
Bir günorta vaxtı xali buldular fürsət məgər,
Qalmamış getmiş dərində hiç dərbandan bəşər,
Doldular ol xabi-qəflətdə yatarkən bixəbər,
Belədir təqdir “iza caəl qəza ə’məl-bəsər”,*
Özgə fikrə düşmə çox, haqdan gələn fərmanə bax.
Çıxdı ta olcaq xəbər ə’dayə qarşı bidirəng,
Bir zaman naçarü tənha eylədi şiranə cəng,
Neyləsin, yox dəsti-bəxt, iqbalü nüsrət payi-ləng,
Hər tərəfdən üstünə yağdırdılar tiğü tüfəng,
Aqibət məcruh olub, qərq oldu əlvan qanə bax.
Etdilər sülh üzrə ol dəm bir neçə qövlü qərar,
Oldu razı, bildi yalan olduğun biixtiyar,
Saxlayıb bir həftə axır qətl edib məcruhü zar,
Külli-varın etdilər taracü yəğma, tarümar,
Əhli-beyti cümlə düşdü növhəvü nalanə bax.
Əl qoyub cümlə fəsadə tikdilər şeytan evin,
Etdilər guya xərabə din evin, iman evin,
Açdılar babi-fəsad, bağladılar ehsan evin,
Qırdı öz övladını, yıxdı onun sübhan evin,
Hacı Qadir tək cahanın fitnəsi şeytanə bax.
Gəl yetər, ey zülmə rağib, səngdil, səxtciyər,
Munca xunriz olma, eylə zülmi-nahəqdən həzər,
Yadına gəlməz məgər ruzi-cəza, ey bixəbər,
Noldu, haqdan bir zaman şərm eylə, çıx şamü səhər
Guş edib məzlumlərdən ol gələn əfğanə bax.
Ah kim ta aləm olmuş, mehrü mahın mənzili,
Eylənmiş rövşən dili, ahi-siyahın mənzili,
Gəh düşər nisbət gədayə padişahın mənzili,
Gəhi şiri-nər yerin eylər rubahın mənzili,
Dövri-bər’əksə nəzər qıl, çərxi-kəcgərdanə bax!
Kimsə qalmaz nikü bəd, ancaq qalır aləmdə ad,
Namurad eylər cahan, hər kim ki istər bir murad,
Bu “Müsibətnamə” tarixin bil, ey fərrux-nihad,
İki yeddi, iki qırx olmuşdu min yüzdən ziyad**,
Oldu mərhumü şəhid ol gövhəri-yekdanə bax.
Belədir dövran işi, hər gündə bir al eyləmiş,
Aqili nadan ilə pəjmürdə əhval eyləmiş,
Üz verib namərdə, hərdəm mərdi pamal eyləmiş,
Ey Vidadi, gəl ki, bu heyrət məni lal eyləmiş,
Gör nələr qıldı fələk Müştaq tək insanə, bax.
Qeydlər
- Qəza gələndə göz kor olar.
- Min yüz doxsan dördüncü il – miladi 1779-cu il
Kitabxana.az · https://kitabxana.az/ru/works/vidadi-musibetname
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mənə bir şuxü şirin dilrüba bir pirəhən tikmiş,Sanasan nəqşi-qüdrətdir əcəb türfə həsən tikmiş.
Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş!Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş,Böylə məqbulü müzəlləf sadə görmüş, görməmiş.
Nə müddətdir gözüm rahindədir, yarım, sən səfa gəldin!Nə müddətdir, gözüm rahindədir, yarım, sən səfa gəldin!Həbibim, sevgilim, yarım, nigarım, sən səfa gəldin!
Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artarNigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar,Fəraqindən gəlir min qəm, qəmindən min fəraq artar.
Стихи других поэтов
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Ey qorçubaşı, ey sitəm əhlinə pişvaEy qorçubaşı, ey sitəm əhlinə pişva,Şahın qulu olan sözinə bipir gərək.
Bahar olduNə yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu,Bulut od yağdırır dünyayə, aləm tarü mar oldu,
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,