İstəyim dəryadı, sevgim dənizdi,Mənə köhnə məhləm necə əzizdi,Bu duyğum necə saf, necə təmizdi,Əski məhəllələr, əski günlərim.

Mənimçün Vətənim başlanır burdan,Ensiz bir küçədən, dar bir dalandan,Burada uzaqdı hamı yalandan,Əski məhəllələr, əski günlərim.

Məhlədə ağbirçək, ağsaqqal sözü,Su çilər əsəbə, söndürər közü.Nəzarət eyləyər məhləyə gözü,Əski məhəllələr, əski günlərim.

Məhlədə ayrı cür məhləçilik var,Burda halal zəhmət, fəhləçilik var.Burda xətir-hörmət, böyük, kiçik var,Əski məhəllələr, əski günlərim.

Köhnə məhəllədə babam yaşayır,Tarixi yaşadan obam yaşayır,Qanunum yaşayır, tövbəm yaşayır,Əski məhəllələr, əski günlərim.

Küçələr darısqal, yollar dar idi,Köhnə məhəllədə birlik var idi,Qonşu qonşusuna həmdəm, yar idi,Əski məhəllələr, əski günlərim.

Köhnə məhəllədə, o köhnə evdə,Kimisi qəmdəydi, kimisi kefdə,Halal çörək idi qazanc da, nəf də,Əski məhəllələr, əski günlərim.

Köhnə məhəllələr uşaqlığımdı,Xəyallar dünyası ucalığımdı,Döyüşüm, vuruşum qocalığımdı,Əski məhəllələr, əski günlərim.

Məhəllə tinləri yığıncaq yeri,Burda qoruyarlar “günah”ı, sirri,Qadına,qıza da baxmaz heç biri,Əski məhəllələr, əski günlərim.

Novruzda qapıya papaq atarlar,Yığışıb həyətdə tonqal çatarlar,Qulaqfalına da qızlar çıxarlar,Əski məhəllələr, əski günlərim.

Yerində doğmalıq, yerində sərtlik,Gərək ortalığa düşməsin pərtlik.Bina evlərində tənhalıq, təklik,Əski məhəllələr, əski günlərim.

Köhnə məhəlləyə var sədaqətim,Ziyarət etməkdi onu adətim.Mənə nağıl deyir qədimdən-qədim,Əski məhəllələr, əski günlərim.

Burda namussuzlar qana boyanıb,Böyük yol keçəndə kiçik dayanıb,“Bismillah” sözüylə yatıb, oyanıbƏski məhəllələr, əski günlərim.

Əski məhəllələr qan yaddaşımdı,Ən doğma, ən yaxın qəlb sirdaşımdı,Qızların hamısı qız qardaşımdı,Əski məhəllələr, əski günlərim.

Hanı həyətdəki ağ tut ağacı,İndi köks ötürüm mən acı-acı,Quruyan budağın yoxdur əlacı,Əski məhəllələr, əski günlərim.

Hanı ruhu qalan o itkinlərim?!Yaxınlı, doğmalı xeyirim, şərimƏn yaxçı şeirimdi o dil əzbərimƏski məhəllələr, əski günlərim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов