Страница 2 из 3 · 33%

Sonra Alı kişi bir ah çəkib dedi:

– Oğul, atlar böyüdü, sınaqdan çıxdı. İndi Həsən xandan intiqam almaq vaxtı çatıbdı. Çək atları yəhərlə, gedib Həsən xanla haqqhesabımızı çəkək.

Hələ uşaqlıqda bir gün Rövşən çöldə oynadığı vaxt yerdən bir daş tapmışdı. Daş balaca idi, amma çox ağır, samballı bir daş idi. Daş işırişır işıldayır, parıl-parıl parıldayırdı. Rövşən daşı yerdən götürüb, örüşdə otlayan bir buzova atdı. Daş buzova dəymədi, amma buzov onun yelindən yerə yıxılıb öldü. Rövşən qayıtdı, əhvalatı atasına danışdı. Qoca Alı təcrübəli adam idi, dünya görmüşdü, çoxlarını yola salmışdı. Rövşənin sözlərinə qulaq asıb, dedi:

– Oğul, Rövşən, get buzov yiyəsini tap, cəriməsini ver, razı sal, sonra da haman daşı götür, gətir mənim yanıma.

Rövşən getdi, əzəl buzov yiyəsini razı elədi. Sonra haman daşı tapıb gətirib atasına verdi. Alı kişi daşı əli ilə yoxladı, o üzünə, bu üzünə çevirdi, bildi ki, bu, göydən düşmüş ildırım parçasıdı. Sabahısı gün Alı kişi Rövşəndən xəlvət ildırım parçasını götürüb tapdana-tapdana bir ustanın yanına getdi. Salam-əleykəssalamdan sonra daşın bir balaca tikəsini ustaya verib dedi:

– Usta, bu daşdan mənə bir biz qayır. Usta bir daşa baxdı, bir də dönüb diqqətnən Alı kişiyə baxdı. Daşı qaytarıb verdi ki, sən ya özünü dolamısan, ya da ki, məni. Daşdan da biz olar?

Çox çənə-boğazdan sonra axırı Alı kişi ustanı razı elədi ki, daşı bir zindanın üstünə qoyub döysün, görsün döyülür, ya yox. Alı kişi özü bilirdi ki, daş nə daşdı. Bilirdi ki, daş dəmir kimi döyülər. Usta baxdı ki, ədə bu daş mum kimi bir şeydi. Alı kişiyə dediyi sözlərə peşiman olub daşdan bir biz qayırıb ona verdi. Alı kişi ustanın haqqını verib bizi cibində gizlətdi. Daşın qalanını bir qılınc qayıranın yanına apardı ki, bəs, usta bundan mənə bir qılınc çək. Bu usta əvvəlkindən də uzunçu idi. Qərəz, çox baş ağrısı olmasın, uzun çək-çövürdən sonra Alı kişi bu ustanı da razı elədi. Usta yeddi günə daşdan bir qılınc qayırdı. Elə ki qılınc hazır oldu, usta baxdı ki, nə qılınc? ...Vallah bu elə bir qılınc oldu ki, almas kimi par-par parıldayır, gün kimi yanır, ay kimi işıq salır. Ustanın qılınca gözü düşdü. Elə ki, vədə tamam oldu, Alı qılınc üçün gəldi. Usta ona öz qılıncını verməyib, əvəzində ayrı bir qılınc verdi. Ancaq qoca Alı işini əvvəldən möhkəm tutmuşdu. Dinməzsöyləməz cibindən bizi çıxardıb, qılıncın tiyəsinə basdı. Biz qılıncı dəlib, o tərəfə keçdi. Usta baxdı ki, işlər xarabdı. Alı kişini aldada bilməyəcək, axırda naçar qalıb, onun öz qılıncını verdi. Alı kişi qılıncı götürüb evlərinə gəldi. Bu barədə oğlu Rövşənə heç bir söz demədi. Elə ki, Rövşən Qıratı, Düratı ifçin yəhərləyib aatsının barabarına çəkdi, Alı kişi hər şeyi hazır görəndə evə girdi, qılıncı gizlətdiyi yerdən götürüb, oğlu Rövşənə verdi. Dedi:

– Rövşən, al bu qılıncı belinə bağla. Bu qılınc özgə qılınclara bənzəməz. Adi qılınc deyil. Bu qılınca ildırım qılıncı deyərlər. Bu elə bir qılıncdı ki, qabağında heç bir şey dayanmaz. Hər nəyə vursan kəsər, tökər. Bu qılınc ilə sən xanlara, bəylərə, paşalara qan udduracaqsan. Bu qılınc ilə müxənnəslər, namərdlər, qarı düşmanlar sənin əlindən dad çəkəcəklər. Bu qılınc ilə sən qalalar sındıracaqsan, qəflələr, karvanlar dağıdacaqsan. Ancaq bunun ildırım qılınc olduğunu heç kəsə bildirmə. Bundan sonra bunun adına Misri qılınc deyərsən. Nə qədər ki, sən Qıratın belindəsən, qılınc da sənin belindədi, heç bir düşman sənə bata bilməyəcək.

Rövşən qılıncı atasından alıb belinə bağladı. Gözləri çıxarılmış Alı kişi Dürata, Rövşən də Qırata minib yola düşdülər. Atlar ildırım kimi gedirdilər. Qırat yolu dəstələyib əlinə almışdı. Az getdilər, çox getdilər, axırda gəlib Həsən xanın imarətinə çatdılar. Rövşən bir tərəfdə dayandı. Qoca Alı kişi Düratı imarətin qabağına sürüb Həsən xanı çağırdı. Həsən xan çıxıb Alı kişini yalmanına əl çatmayan, uzun yallı bir atın üstündə gördü. Xan o tərəfə baxanda gördü Alının oğlu Rövşən də buradadı. Özü də bir ata minib, bir ata minib ki, ruzigarın gözü hələ belə at görməyib. Alı kişi dedi:

– Həsən xan, bu atlar sənin bəyənmədiyin, o çöpüklü daylardı. Sən bunların üstündə mənim gözlərimi çıxartdırdın. Bax, gör indi necə at olublar. Mən sənə yaxşılıq eləmək istədim, sən anlamadın. Yaxşılığımın əvəzində məni dünya işığına həsrət qoydun. İndi səndən qısasımı almağa gəlmişəm. Əlindən gələni əsirkəsən kişi deyilsən.

Həsən xan Alının bu sözündən acıqlandı, qılıncını çəkib ona hücum etmək istədi. Rövşən Qıratı onun üstünə sürdü. İldırımdan qayrılmış Misri qılıncın göydə parıldamağı ilə xanın başının yerə dığırlanmağı bir oldu. Səs-küy qopdu. Qoşun yeridi. Rövşən özünü qoşuna vurdu. Bir yandan Qırat, bir yandan Dürat, bir yandan da Rövşən Misri qılıncla qoşunun əvvəlinci dəstəsini əldən, ayaqdan salıb qırıb dağıtdılar. Qoşunun dalı kəsilmədi. Dəstə dəstənin dalınca gəlirdi. Qarışqanın sayı var idi, qoşunun sayı yoxudu. Qoca Alı kişi bunu başa düşüb dedi:

– Oğul, bu qədər qoşuna sən tək cavab verə bilməzsən. Axırda ya öldürərlər, ya da tutarlar. Sür atları, özümüzü bu qoşundan salamat qurtaraq.

Rövşən əzəl atasının sözünə baxmadı, yenə də özünü qoşuna vurdu. Başlar kəsdi, qollar qırdı, mərd-mərdanə dava elədi. Ancaq kor atasının tutulmağına qorxub əlacsız davadan əl çəkdi. Atası ilə bərabər atları sürüb çölə üz qoydular. Qoşun əl çəkməyib onların dalından düşdü. Bir xeyli getmişdilər ki, bir də Rövşən Qıratın başını çəkdi, dönüb geri baxanda gördü ki, bir dəstə kəhər atlı ildırım kimi budu dallarınca gəlir. Dedi:

– Ata bir dəstə kəhər atlı yetirhayetirdədi.

Alı dedi:

– Oğul, Rövşən, ağızlarını sulanmış şuma sal.

Rövşən atları şuma saldı. Kəhər atların hər birisi şumdan çıxa bilməyib batıb qaldılar. Qırat ilə Dürat ilıdırım kimi şumdan çıxıb yola düşdülər. Bir az getmişdilər ki, yenə Rövşən Qıratın yüyənini çəkib dönüb geri baxdı. Gördü bu dəfə də bir dəstə qara atlı budu elə gəlirlər ki, ley kimi. Dedi:

– Ata, bir dəstə qara atlı yetirhayetirdi.

Qoca Alı dedi:

– Bala, ağızlarını qaratikanlığa sal.

Rövşən atları qaratikanlığa sürdü. Qara atlılar da özlərini tikanlığa vurdular. Qara atların baldırları qızıl qana boyandı. Rövşən bir az getmişdi, bir də atın cilovunu dartdı, qanrılıb geri baxdı, gördü indi də bir dəstə ağ atlı çathaçatdadı. Dedi:

– Ata, bir dəstə ağ atlı budu yetirhəyetirdədi.

Atası dedi:

– Oğul, qorxma, ağızlarını daşlığa sal.

Rövşən atları daşlığa dırmaşdırdı. Ağ atlar sıldırım daşlıqlara çıxa bilməyib yarı yolda qaldılar. Qırat və Dürat qızılquş kimi süzüb sıldırım qayaların dalında gözdən itdilər. Ata, oğul axşama qədər yol gedib axşam bir çayın qırağına çatdılar. Alı kişi buranın necə yer olduğunu oğlundan xəbər aldı. Rövşən dedi:

– Ata, bura ağaclıq, otluq bir yerdi. Ortadan da bir çay axır.

Qoca Alı dedi:

– Oğul, burada yurd salmaq olmaz. İlxının, mal-qaranın əlindən dincələ bilmərik. Bir də ki, xanlar, paşalar xəbər tutar, bizə namərdlik eləyər.

Ata, oğul o gecə çay qırağında qaldılar. Sabah açıldı, yenə qalxıb yola düşdülər. Az getdilər, çox getdilər, axşam bir düzəngaha çatdılar. Alı oranın da nə cür olduğunu Rövşəndən soruşdu. Rövşən cavab verdi ki:
– Ata, bura ucu-bucağı görünməyən bir düzəngahdı.

Qoca Alı dedi:

– Burada da qalmaq olmaz. Orada atlanan burda düşər, karvanların ayaqları altında qalarıq.

Bu gecəni də burada gecələyib sabah yenə yola düşdülər. Getdilər, getdilər uca bir dağın belinə çatdılar. Qoca Alı dedi:

– Rövşən, bu necə yerdi?

Rövşən dedi:

– Ata, bura hər tərəfi sıldırım qayalıq, çənli, çiskinli bir dağ belidi. Alı kişi soruşdu:

– Oğul, bax gör, bu bel ki, deyirsən, bunun hər tərəfində bir uca təpə var, ya yoxdu?

Rövşən dedi:
– Ata, var. Biri sağında, biri də solunda. Özü də başları qarlıdı.

Alı dedi:

– Oğul, axtardığım yer elə buradı. Mən buranı çox yaxşı tanıyıram. Cavan yaşlarımda bu yerlərdə çox at oynatmışam. Çox ceyranlara ox atmışam, çox cüyürlər ovlamışam. Köhnə oylağımdı, mən buranın hər daşına bələdəm. Buraya Çənlibel deyərlər. Əsl yurd salmalı bu Çənlibeldi. İndi özümüz olmağa bir olacaq, atları da saxlamağa bir töylə tik.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Durna teli

Eyvaz Çənlibelə gələndən bəri telli Nigarın ürəyi yerinə gəlmişdi. Tay ürəyində heç bir dərdi yox idi. Qoç Koroğlu kimi ər bir yanında, Eyvaz kimi oğul bir yanında, bəylərə, paşalara qan udduran dəlilər də ki, gözünün qabağında. Kef, ləzzət, damaq biridi ki, o da Nigardaydı.Hərdən Çənlibelin laləli, nərgizli ətəklərinə baxıb öz-özünə deyirdi: "Görəsən bütün arvadların arasında heç mənim kimi xoşbaxtı varmı?".

18 мин
Koroğlunun Rum səfəri

Aşıq Cünun gəzə-gəzə gəlib Rum elinə çatdı. Küçələri gəzirdi, birdən-birə küləfirəngidə bir gözəl gördü. Aşıq gözü ilə buna bir nəzər salıb baxdı ki, vallah qız nə qız. Gözlər qara, qaşlar kaman, dişlər mirvari, dodaqları yaqutun kənarı kimi. Tellər qara, xallar qara, gözlər elədi, elədi ki, dərd əhlinə gəlgəl deyir.Cünunun ağlı başına vurub dayanıb ona tamaşa eləmyə başladı.Bu qız kim ola, kim ola, Rum paşasının qızı Məhbub xanım.Məhbub xanım baxdı ki, çiynində sazı olan bir aşıq küçədə durub ona baxır.

10 мин
Koroğluynan Bolu bəy

Xotkar bütün paşalara hökm eləmişdi ki, Koroğlunu ya öldürsünlər, ya diri tutub onun yanına göndərsinlər.Paşalar bu işdən yaman əl-ayağa düşmüşdülər. Hasan paşanın da canını qorxu almışdı.

19 мин
Həmzənin Qıratı aparması

Bolu bəyin başına gələn iş bütün paşaları, xanları, bəyləri qorxuya salmışdı. Ta elə ki, gecələr yata bilmirdilər.Qoç Koroğlunun adı gələndə qorxudan siçan deşiyi axtarırdılar ki, gizlənsinlər.

28 мин

Стихи других поэтов