Nigaran, narahat bir sualım var,Görəsən, məndəki bu təlaş nədir?Mənim yaradana bir sualım var,Görən, insan üçün əlli yaş nədir?

Dağlarda kükrəyib gur sellər kimi,Düzlərdə lillənib durulmaqdımı?Səslənib gümüşü, ağ tellər kimi,Səs-səs bu dünyaya vurulmaqdımı?

Ağrının, azarın içində itib,Ağır yük altında boğulmaqdımı?Yenidən göyərib, yenidən bitib,Məsum körpə kimi doğulmaqdımı?

Ömrün şaxtasında, vaxtın qışında,Ruhunu göynədən dərd-əzabdımı?Geriyə boylanıb əli qaşındaÖzünlə çəkdiyin haqq-hesabdımı?

İllərlə yığdığın günahlarınıBəlkə, yumaq üçün fürsətdi bu yaş?Dünənə döndərib sabahlarını,Tarixə çevirən qismətdi bu yaş?

Axdı sular kimi il dalınca il,Niyə bel bağladım mən bu faniyə?Bəlkə, yaşadığım əlli il deyil,Vur-tut yaşamışam əlli saniyə?

Var Ələsgər yaşı, var Müşfiq yaşı,Bu, Vurğun yaşıdı, möhürü bəlli.İçimə süzülür gözümün yaşı,Heç nəymiş, heç nəymiş, heç nəymiş əlli.

Baxdım bu dağların şax duruşuna,Bu dağlar əbədi, mən müvəqqəti.Ayağım tutduqca gəzdim dünyanı,Doymadım, doymadım, doymadım qəti.

Orta dayanacaq, möhlət tən yarı,Ömrüm həmi şəhər, həmi kənd olub.Həyatın düyünlü müəmmalarıMənimçün açılmaz qıfılbənd olub.

Sanki dünən olub nağıl həqiqət,İlk şeiri yazdığım qarlı qış günü.Təpədən-dırnağa sevgi, məhəbbət,Şair taleyimin ilk naxış günü.

Elə bil dünəndi göy meşələrdə,Yaşıl çəmənlərdə şehə batdığım.Dəli bir köhlənin yalına yatıb,Qarlı gədiklərdə at oynatdığım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов