Əzizliklə saxladığın aşığı,Zəlilliklə imtahana çəkirsən.Aşıq Ələsgər

Dağdan enər bir çıxılmaz dərəyə,Əzizlikdən zəlilliyə gedən yol.Bir gündüzün gecəsindən başlanar,Əzizlikdən zəlilliyə gedən yol.

Ucalanı yavaş-yavaş endirər,Alışanı dalğa-dalğa söndürər.Cənnətləri cəhənnəmə döndərər,Əzizlikdən zəlilliyə gedən yol.

Sərt ayaza, qar yağışa doğrudu,Güllü yazdan qarlı qışa doğrudu.Gur alqışdan bəd qarğışa doğrudu,Əzizlikdən zəlilliyə gedən yol.

Görərsən ki, göylər çəndi, dumandı,Duman varsa, hökmü verən zamandı.Aydınlıqdan qaranlığa cumandı,Əzizlikdən zəlilliyə gedən yol.

Atmaq olmur nə həsrəti, nə dərdi,Hər sevincin sonu bir gün gedərdi.Yer üstündən yer altına səfərdi,Əzizlikdən zəlilliyə gedən yol.

Hər fağırı bir zalıma əzdirər,Dilənçitək qapı-qapı gəzdirər.

Yolçuları yaşamaqdan bezdirər,Əzizlikdən zəlilliyə gedən yol.

Yar bağında “ağlayan çox, gülən az”,Ay Zəlimxan, gələn qışdı, gedən yaz.Zəlillikdən əzizliyə qayıtmaz,Əzizlikdən zəlilliyə gedən yol!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов