Haqqı axtaranlar gəlsin yanıma,Haqqın, ədalətin əsasıyam mən.Məkkə, Mədinədi ziyarətimiz,O Zəmzəm suyunun kasasıyam mən.Oruc Əlizadə

Üz tutduq gələn sabaha,Haqqı axtara-axtara.Əl açdıq qadir Allaha,Haqqı axtara-axtara.

Dəmir əsalar əyildi,Dəmir çarıqlar yeyildi.Kimi döydü, kim döyüldü,Haqqı axtara-axtara.

Əzildik, quma çevrildik,Yumşaldıq, muma çevrildik,Əkildik, şuma çevrildik,Haqqı axtara-axtara.

Kimi oğru, kimi doğru,Daşıdıq dərd, çəkdik ağrı.Haqq deyənin yandı bağrı,Haqqı axtara-axtara.

Dəvələr itdi səhrada,Gəmilər batdı dəryada.Könüllər gəldi fəryada,Haqqı axtara-axtara.

Süzüldük eşqin camına,Yağ olduq yanan şamına.Döndük Allah adamına,Haqqı axtara-axtara.

Sel tökülür çaya doğru,Çay axır dəryaya doğru,Dəniz baxır Aya doğru,Haqqı axtara-axtara.

Zirvələr boylanır göyə,Bəlkə, haqqı gördüm deyə.Qamışlar da döndü neyə,Haqqı axtara-axtara.

Çox yolçular dizdən oldu,Dağdan oldu, düzdən oldu,Çox gözlülər gözdən oldu,Haqqı axtara-axtara.

Var olan yoxa çəkildi,Dağ uçdu, arxa çəkildi,İsa çarmıxa çəkildi,Haqqı axtara-axtara.

Nəfəs dərdik, cana gəldik,Dolduq, ətə-qana gəldik.İncilə, Qurana gəldik,Haqqı axtara-axtara.

Baxmadı xərcə-xəraca,Hac deyənlər getdi haca.Məhəmməd çıxdı meraca,Haqqı axtara-axtara.

Əqidə, məslək tacımız,“Ənəlhəq”dir əlacımız,Öldü Mənsur Həllacımız,Haqqı axtara-axtara.

Çox qayalar çapasıyıq,Çox qalalar yapasıyıq.Axır bir gün tapasıyıq,Haqqı axtara-axtara.

Çaldı zili, çaldı bəmi,İnsan oğlu çəkdi qəmi.Qocalırıq, Oruc əmi,Haqqı axtara-axtara.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви