Demə sənin nə dərdin var,Dərdli dilim – mənim dərdim.Əlimdən əliboş gedənAyım, ilim – mənim dərdim.

Yox Babəkim, yox Qorqudum,Çalınmaz qopuzum, udum.Yurd yerində sönən odum –Qalan gülüm – mənim dərdim.

Loğman aciz, yara dərin,Gözüm ağlar sərin-sərin.Tağı çökmüş Xudafərin,Sınan belim – mənim dərdim.

Həsrət gördü, boyun bükdü,Bu Təbrizdi, o Kərkükdü.Bir daşınmaz ağır yükdüDaşan selim – mənim dərdim.

Gedəmmirəm yasa, toya,Tarix buna nə ad qoya.Mərəndə, Zəncana, XoyaÇatmaz əlim – mənim dərdim.

Öz evinə qonaq düşən,Yüz yerinə yamaq düşən,Yaxın olub, uzaq düşənObam, elim – mənim dərdim.

Çənlibelim, çeşməm, çayım,Unudulan haqqı-sayım,Kəsilən nərəm, harayım,Susan dəlim – mənim dərdim.

Saçım ağdı, bəxtim qara,Tapdaq oldum hər çapara.Torpaq kimi para-paraBölüm-bölüm – mənim dərdim.

Qəlbim sinəmdə yasdadı,Qılıncım qında pasdadı.Ümidim yenə dostadı,Ümid yolu – mənim dərdim.

Daha bəsdir, könlüm, ayıl,Səsin gəlsin, seçil, sayıl.Yaralanmış Şah İsmayıl,Sultan Səlim – mənim dərdim.

Mən piyada, kədər atlı,Mən qanadsız, o qanadlı.Müşfiq, Cəfər, Vurğun adlıVaxtsız ölüm – mənim dərdim.

Saydığını saydı həyat,Arzularım oldu boyat.Bax belə gün, belə saat,Belə zülüm – mənim dərdim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов