Firidun bəy Köçərli: Maarifçilik dövrü
Bu axır vaxtlardan bəri, demək olar ki, İrəvan müsəlmanları da cümbüş və hərəkətə gəlib, gözlərini qəflət yuxusundan açıb, insanlıq, elm və tərbiyə və təqəddümə hümmət etməkdədirlər. Belə ki, iki-üç sənə var ki, şəhərimizdə bir-iki qaydalı və səliqəli məktəb açılıb, müsəlman balaları da sair mədəni millətlərin ətfalı təki təzə üsul ilə elm və ədəb təhsil edirlər. Onlar da köhnə məktəblərin adətinə münəkis quru həsirin və tozlu, yamaqlı palazın üstə oturmayıb, taxtalar (isqələlər) üstə əyləşirlər. Səhərdən axşama təki ağır havalı məktəbdə toz-torpağın içində təzə və cavan ömrlərini çürütməyib hər saatda 5–10 dəqiqə təsfiyyəyi-hava üçün dışarı çıxıb, oynayıb şad olurlar. Əlbəttə, bu məktəblərin bu halda qüsurları da çoxdur; amma ümid var ki, İrəvan əhli hümmət edib az zamanda məktəblərin hər bir maehtiyacını düzəldələr. Burada bizim dövlət tərəfindən açılan mədrəsələrdə ülum və fünun kəsb edən müsəlman şagirdləri başqalarına nisbətən çox azdır. Və lakin az olsa da cümləsi qeyrətli, təəssüblü cavanlardır ki, öz işlərində və şüğllərində olub, aralarında ziyadə mehribançılıq və ittifaq vardır. Bu aprelin 4-də darülmüəllimində elm və kamal təhsil edən müsəlman cavanları hökumət rüsxəti ilə mərhum Mirzə Fətəli Axundovun "Məstəli şah" ünvanında tərtib etdiyi komediyanı oynayıb, cümlənin diqqət və hörmətini cəlb etdilər. Komediya türk dilində oynandı. Təklif olunan icmanın bir o qədər xoşuna gəldi ki, pərdənin axırında afərin sədası göyə çıxıb üç-dörd dəfə pərdənin qalxmağını və oynayanların zühurə gəlməyini əl çalıb tələb edirdilər. "Məstəli şah"dan sonra "Könülsüz" ünvanında bir pərdədə tərtib olunmuş təfriqə (vodevil) oynandı. O dəxi hamının xoşuna gəldi. Məlum ola ki, "Könülsüz nikah"ı yazan darülmüəllimin şagirdlərindən Rzayev familiyasında bir şagirddir ki, müsəlmanca oxuyub-yazmağa artıq şövqü var. Müsəlman camaatı bir dərəcədə komediyadan razı qaldılar ki, dübarə təkrarına talib və xahişmənd oldular. Amma vaxtın təng olmağı və bu vaxtlarda darülmüəllimin imtahanlarının başlanmağı mane olub, onların xahiş və iltimasına əməl oluna bilmədi; gələn ildə 2–3 dəfə təsis və tərtibinə vədə olundu….
Azərbaycan komediyalarıMirzə Fətəli Axundovun komediyaları Zaqafqaziya müsəlmanlarının 40 və 50-ci illərdəki həyatını əks etdirən bir reflektora bənzəyir. İstedadlı bir dramaturq olan və xalqı yaxşı tanıyan Axundov xalq məişətinin müxtəlif tərəflərini kifayət qədər düzgün və sənətkarlıqla əks etdirmişdir.Hər əsərində, bütün komediyalarında Axundov xalqın həyatına yaxşı bələd olan nadir psixoloq və sənətkardır, onun yaradıcılıq istedadı, həyat təcrübəsi və hərtərəfli biliklə zəngin zəkası özünü hər yerdə göstərir. Biz bunu fransız nəbatat aliminin sadəlövh və qonaqpərvər Təklə-Muğanlı Hatəmxan ağa ilə ağıllı söhbətinin təsvirində görürük: Hatəmxan ağa öz qardaşı oğlunu inandırmağa çalışır ki, parislilərin adətləri ilə çox asanlıqla tanış olub başa düşmək olar ki, o xalqın adətləri tamamilə bizim adətlərin əksinədir (məsələn, biz əlimizə həna qoyuruq, onlar qoymurlar, biz başımızı qırxırıq, onlar saçlarını uzadırlar, biz əlimiz ilə xörək yeyirik, onlar çəngəl ilə yeyirlər, biz hər şeyə inanırıq, onlar heç bir şeyə inanmırlar, bizim arvadlarımız gödək paltar geyir, onların arvadları isə uzun paltar geyir, bizdə çox arvad almaq dəbdədir, Parisdə çox ər almaq və i.a.); yaxud biz bunu bir-birini sevən iki gəncin — gözəl Pərzadla cavan və igid Bayramın arasındakı təsirli məhəbbət səhnəsinin təsvirində də görürük: Pərzadın tamahkar əmisi qızın ilxısını və inəklərini ələ keçirmək xatirinə Pərzadı öz oğlu Tarverdiyə almaq istəyir, halbuki Tarverdi igidlikdə hələ heç bir ad çıxarmamışdır, o hələ bir dayça da oğurlamamışdır; yaxud, biz bunu rəhmsiz qoca — xəsis Hacı Qaranın mənəvi aləmindəki nifrət oyadan cəhətlərin açılmasında da görürük: bu qoca xəsis üçün dünyada puldan başqa heç bir müqəddəs şey yoxdur; Hacı Qara, öz dostu Heydər bəyin qoçaqlığını tərifləyən Əsgər bəyə etinasızlıqla deyir ki, bizim zəmanəmizdə qoçaq olmaqdansa, cibin pulla dolu olsa min dəfə yaxşıdır.
Hörmətli "Şərqi-rus" ruznaməsinə bir neçə sözİyirmi beş sənə bundan əqdəm Badkubə şəhərində nəşr olunan "Əkinçi" qəzetəsi müsəlman qardaşları təhsili-ülum və fünuna tərğib və təşviq edən zaman onlardan kəmetinalıq və soyuqluqdan başqa bir əsər görmədi. Hətta bəzi əşxas ki, o əsrin sahibi-kamal və əhli-mərifəti hesab olunurdu, Hadiyül-Müzəllin Qarabaği kimiləri, "Əkinçi"nin məsləkini müzür və onda dərc olunan gözəl mətləbləri özlərinin köhnə adət və ayinlərinə zidd bilib, biçarə mühərriri nalayiq sözlər ilə həcv edib, olmazın böhtan və iftiranı haqlarında söyləmişdilər. Belə naşayəstə əməlin müqabilində cənab mühərrir özgə bir əlac tapmayıb, məzkur həcvin bəzi naməqbul yerlərini ki, çirkin föhşlərdən ibarət ola, atıb, yerdə qalanını eyni ilə qəzetəsində çap etdirib, həcvin axırında bunu qeyd etmişdi: "Hadiyül-Müzəllinin həcvini təmamən çap etməyə izn olunmadı. Amma o cənabın və onun həmrəylərinin könlü şad olmaq üçün fikrim budur ki, bir daş üstə onu qazıdıb, Qarabağ ilə Zərdab sərhəddində qoyam, ta ki, gələcəkdə bizim övladımız o yadigara baxıb bilsinlər ki, mən milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda nə qisim adamlara rast gəlmişəm".Filhəqiqə demək olur ki, o vaxt cəhalət və nadanlıq Zaqafqaz müsəlmanlarını əhatə edib elm və mərifət nurundan onları bibəhrə qoymuşdu. İki ildən bir qədər ziyadə "Əkinçi" artıq üsrət və məşəqqət ilə zindəganlıq edib, canını millət uğrunda fəda etdi və onun gözəl sözləri və nəfli məlumatı cəhalət pası ilə tutulmuş qəlblərə əsər etmədi. "Əkinçi"dən bir neçə il sonra əvvəlcə "Ziyayi-Qafqaz" və onun dalınca "Kəşkül" ruznamələri Tiflisdə təb və nəşr olunmağa başladı. Amma onlar da çox yaşamayıb, ömrlərini bizə bağışladı. Bu iki qəzetənin zavalını əgərçi çoxları mühərrirlərindən görüb onların biməslək və tamahkar olmaqlarından bəhs etdilərsə də, bizim əqidəmizə görə, camaatımızın da bihümmət və kəmetina və süstrəy olmaqları məzkur qəzetələrin fövt olmasına bais olubdur və insafdan xaricdir ki, biz öz qüsurumuzu bilkülliyyə özgənin boynuna atıb özümüzü safa çıxardaq. Axırıncı qəzetənin ki, "Kəşkül"dən ibarət ola, zavalından on il gəlib keçdi və bu müddətin ərzində biz ruznaməsiz qaldıq. Amma bu illər bizim üçün boş keçmədi. Zəmanənin təqazası bir yandan, mədəni və mərifətli qonşularımızın təsiri özgə bir tərəfdən bizi hərəkət və cünbüşə gətirdi və demək olar ki, bu halda müsəlmanlar bir növ qəflətdən ayılıb tərəqqi yoluna üz qoyublar. Hər guşədən elm və mərifət sədası və hər büqədən təlim və tədris icrası eşidilib müşahidə olunmaqdadır.
Müsəlman müəllimlərinin hümmətiHər sənə yay fəslində Şuşa şəhərinə elm və mərifət təhsil edənlərimizdən, — xah müəllimlər olsun, xah studentlər və xah dövləti qulluqlarda olan cavanlardan, — böyük bir cəmiyyət yığışıb, millət və vətənə xidmət etmək fikrinə düşürlər. Bunların mabeynlərində ülfət və rəfaqət vüquə gəlib ittihad və ittifaqın binası bir növ möhkəmləşir və bacardıqları qədər vətənlərinə nəf və fayda yetirirlər. Xüsusən bu yolda artıq hümmət və qeyrət göstərən müsəlman müəllimləri olur. Doqquz ay qürbət vilayətlərdə, uzaq kəndlərdə və şəhərlərdə təlim və tədrisə məşğul olub artıq məşəqqət çəkib üç ay yay fəslini dəxi istirahət və asayiş ilə keçirməyi özlərinə rəva görmürlər.Belə ki, iyul ayının 24-cü günü buradakı şəhər məktəbində təlim alan fəqir şagirdlərin nəfi üçün müəllimlərin hümməti ilə türk dilində bir komediya göstərildi. Müsəlmanlardan xeyli camaat: nücəbadan, tüccardan və sair əsnafdan tamaşa üçün teatroya toplaşdılar. Oynanan mərhum Mirzə Fətəli Axundovun əsərlərindən məşhur "Hacı Qara" və yaxud "Mərdi-xəsis" komediyası idi. Əgərçi bu komediya kərrat ilə Şuşa şəhərində iraə olunubdur və onun məzmunu şəhər əhlinin çoxuna məlumdur, bainhəmə komediya əsla əksilməyib hamıya xoş gəlir. Əlbəttə, mərhum Axundov kimi kamil, dəqiq, baxəbər və ziyadə təcrübəli vücudun əsəri dəxi həmişə həyat üzrə baqi qalacaqdır.
Ədəbiyyatımıza dair məktubVaxtbavaxt "Şərqi-Rus"un səhifələrini əsr və zəmanəmizin şüəra və ədibləri öz gözəl və abdar əşar və kəlamları ilə müzəyyən qılırlar və müsəlman qardaşları elm və maarif kəsbinə dəvət edirlər. Bir millətin ədəbiyyatı, demək olar ki, onun məişətinin aynasıdır. Hər bir millətin dolanacağını, övzai-məişətini, dərəcəyi-tərəqqisini, mərtəbəyi-kamalını, qüdrət və cəlalını onun ədəbiyyatından bilmək olar. Şairi-kamil və ədibi-fazil öz əsrinin müsəvvir və nəqqaşı mənziləsindədir. Nə qədər şairin təbi səlim, zehni açıq, nitqi guya, daireyi-əqliyyəsi vəsi, əfkar və hissiyyatı təbii və ali olsa, bir o qədər onun qələmi-cavahirnisarından vüqua gələn nəqşələr və təsvirlər mərğub və dilaviz olacaqdır, bir o qədər onun asari-qələmi və məhsulati-fikri ali olacaqdır, bir o qədər o əsərlərin əzhan və vicdan üzərinə təsiratı külli, tərbiyəyi-əfkar və təhzibi-əxlaq yolunda faydası artıq, əhəmiyyəti böyük və məziyyəti ziyadə olacaqdır. Farsların Şeyx Sədisi və Xacə Hafizi, ingilislərin Şekspiri və Bayronu, frənglərin Jan Jak Russosu və Viktor Hüqosu, nemeslərin Götesi və Şilleri, rusların Puşkini, Dostoyevski və Tolstoyu öz əsrlərində millətlərinin ən böyük müəllimi və ən mahir və müqtədir mürəbbisi olub əsərləri ilə onların təhzibi-əxlaqına, rüfət və səadət tapmasına, şöhrət və qüvvət kəsb etməsinə hüsn-tədbirlər və salamat təriqlər göstəriblər. Bu zati-alilərin vücudu ilə fövqdə zikr olunan millətlər fəxr edirlər. Farslar nəzm aləminin soltanı dörd nəfərdən ibarət olmasını iddia edib, əvvəl məqamda Firdövsiyi-Tusini, sonra Ənvərini, sonra Şeyx Sədini və dördüncü məqamda Nizamiyi əleyhirrəhməni qoyublar. Frənglər Viktor Hüqo ilə və ruslar Puşkin ilə fəxr edən kimi, farslar dəxi bu dörd nəfər nəzm aləminin soltanları ilə fəxr edirlər. Sədinin haqqında ki, üçüncü məqamda qoyulubdur, şair belə deyibdir:Seyyum Sədi ke, ta dəm zəd zi Şiraz,
Təzə kitabTürk dilində, Azərbaycan şivəsində təzə bir kitabın ədəbiyyat xəzinəmizə daxil olmasını kəmali-iftixar ilə izhar edirik. Məzkur kitabın Avropa ədəbiyyatının ən müqtədirlərindən bulunan ingilis şairi-məşhuru Şekspirin asari-ədidəyi-məqbuləsindən "Otello"nun qisseyi-pürqüssəsinin tərcüməsidir. Mütərcimi Haşımbəy Vəzirovdur ki, ərbabi-qələmimizdən hesab olunub, onun "Evlənmək — su içmək deyil" adında yazılan komediyası neçə dəfə Qarabağda oynanıb, tamaşaçıların təhsin və tərifini cəlb etmişdir. Şekspir kimi böyük şair və tragediya (faciə) yazmaqda ədibi-binəzirin əsərini bizim kasıb və rəkik dilimizə tərcümə etmək filhəqiqə böyük hünərdir və biz kəmali-cürət ilə deyə bilərik ki, cənab Vəzirov öz öhdəsinə götürdüyü mühüm əmri layiqincə yerinə yetiribdir. Məzkur tragediyanın məzmunu ilə hörmətli "Şərqi-Rus"un oxucularını aşna etməyi burada müvafiq görürük.Qədim əsrdə indiki İtaliya dövlətinin təhti-idarəsində olan Venetsiya şəhəri məxsusi bir dövlət olub, cəmi dünyada öz şöhrət və ticarəti ilə məşhur idi. Venetsiyanın işlərini senat dolandırırdı, padşahı yoxdu. Senat isə ibarət idi alinəsəb, dövlətmənd, ağıllı və insaflı əşxasın icmaindən. Bunların sədrnişini "doj" ləqəbi ilə məşhur idi. Dojun özünün artıq ixtiyarı yoxdu, ancaq senat qət eləyən işləri təsdiq edirdi. O vaxtlarda Venetsiya hər yerin adamları ilə alış-veriş edib, Şərq ilə Qərb arasında böyük bir ticarət mərkəzi hesab olunurdu və bu dövlət əksər övqat ətrafda sükunət edən əqvam və miləl ilə dava edərdi. O cəhətdən hər yerdə rəşid və qoçaq adamlar var idisə və hər kəs nam, şöhrət və dövlət təmənnasına düşürdüsə, Venetsiyaya cəm olunurdu. Bu vaxtlar Otello dəxi gəlib həmin şəhərə çıxdı. Otellonun əsli ərəbdir, Afrika qitəsinin şimal səmtində sükunət edən Marokko tayfasındandır. Bu tayfa indi də öz rəşadət və şücaəti ilə məşhuri-cahandır. Otello öz hünər və rəşadəti sayəsindən Venetsiya dövlətinə böyük qulluqlar və bimisl xidmətlər göstərmişdi və bunun əvəzində ona böyük mənsəb verilmişdi və hər yerdə onun hörməti və izzəti artıq idi. Amma bununla belə Venetsiya əhli, xüsusən əyan və əşraf bunu dəxi unutmazdılar ki, Otello əcnəbi millətdəndir, o nə qədər qoçaq və rəşid olsa, yenə onlar ilə bərabər ola bilməz — o qara ərəbdir…. Senatın üzvü vəzir Brabansionun Dezdemona adında bir qızı var idi ki, vəcihəyi-zaman və cəmiləyi-dövran, əql və ismətdə misl və bərabəri yox idi. Dezdemona Otelloya təəşşüq yetirir və onun eşq və məhəbbətinə səbəb Otellonun zahiri sifəti olmayıb, rəşadət və zirəkliyi olur. Belə ki, Otello tez-tez Brabansionun evinə gəlirmiş. Vəzir özü onun söhbətini çox sevərmiş. Otello başına gələn qəza-qədəri, pürxəta səfərlərini, dərya və quruda ittifaq düşən cəngləri, düşmənin əlinə əsir düşməsini və ondan xilasını fəsahətlə söylədikcə Dezdemona hər bir şüğlünü unudub huşi-guş ilə onun söhbətinə qulaq asardı. Axırda Dezdemona Otellodan təvəqqe eləyir ki, bu söhbətləri ona məxsusi və müfəssəl nəql eləsin və Otello başına gələn xatalı hekayətləri söyləyəndə, az ittifaq düşürdü ki, Dezdemonanın ahu gözlərində yaş görünməyə idi və həmişə nağıl tamam olanda dərin ah çəkib deyərdi: "Kaş allah məni də belə yaratmış olaydı" və Otellodan razılıq edib bunu da artırardı: "Hərgah sənin bir dostun bu tövr işləri tutmuş olsa idi, mən onu canü dildən sevərdim". Bu minval nazik və zərif ima və işarələr ilə öz məhəbbətini Otelloya izhar edərdi və Otello dəxi o aşiq olmağını bildirib, bir-birinə saf-dildən məhəbbət bağladılar.
Azərbaycan dövri mətbuatının qısa icmalıOtuz il bundan əvvəl Bakıda türk dilinin Azərbaycan ləhcəsində nəşr olunmağa başlayan "Əkinçi" birinci müsəlman qəzeti idi. Bu qəzetin banisi keçmiş müsəlman pedaqoqu və hazırda məşhur ictimai xadim olan Həsənbəy Məlikov idi. Qayğısız və heç şeyin fikrini çəkməyən, "xoş keçmişin" ənənələri əsasında tərbiyə alan, hər cür yeniliyə qarşı fanatik münasibət bəsləyən Zaqafqaziyada yaşayan azərbaycanlıların o zamankı geri vəziyyətini nəzərə alaraq, əlbəttə, "Əkinçi" qəzetinin böyük müvəffəqiyyət qazanacağını gözləmək olmazdı. Həqiqətən, qəzet ilk nömrələrindən soyuq və qeyri-səmimi qarşılandı. Cəmiyyətin bəzi təbəqələri isə qəzetə güclü düşmən müqaviməti göstərdi. Redaktorun işgüzar və məzmunlu məqalələri, istedadlı şair Hacı Seyid Əzim Şirvaninin müsəlmanları fəal və mənalı həyata səsləyən gözəl şerləri ucsuz-bucaqsız səhrada yüksələn fəryadı xatırladırdı, cavabsız qalan bir çağırış idi. Bundan əlavə, cənab Məlikov ehtiyatsızlıq edərək öz qəzetində vaxtsız olaraq dini şəbehlər (şaxsey-vaxsey) məsələsinə toxundu və bununla da şiəlik tərəfdarlarının qızğın hiddətinə səbəb oldu. Hər tərəfdən redaktorun üstünə məzəmmət və biabırçı həcvlər yazılmağa başlandı. Şuşa şairləri həcvlər yazan başqa şairləri bu cəhətdən xeyli geridə qoydular. Hadiyül-Müzəllin adlı birisi Qarabağdan redaksiyaya redaktorun adına biabırçı söyüşlər göndərdi. Cənab Məlikov bir qədər ixtisarla bu həcvi "Əkinçi"də dərc etdirərək ona diqqəti cəlb edən aşağıdakı qeydi verir: "Cənab Hadiyül-Müzəllin Qarabağinin aşağıda zikr olunan həcvini onların xahişinə müvafiq tamam çap elətməyə izn olmadı…. Amma o cənab və onu fitləyən əşxaslar məyus olmasınlar ki, belə kamallı söz pünhan qalacaq. Fikrim budur ki, bizim Zərdab kəndində, Qarabağın sərhəddində bir daş qoydurub, onun üstə zikr olan həcvi tamam qazdıram ki, gələcəkdə bizim evladlar o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm".Üç il ərzində qəzetdə dərc edilmiş mühüm materiallardan görünür ki, onun əsas məqsədi faydalı kənd təsərrüfatı biliklərini həm nəzəri, həm də əməli cəhətdən ölkənin əhalisi arasında yaymaqdan ibarət olmuşdur. Aqronomiya sahəsində yaxşı mütəxəssis olan və sadə xalqın dilini bilən Həsənbəy Məlikov qəzetin hər nüsxəsində kənd təsərrüfatının müxtəlif sahələrinə dair çox maraqlı və faydalı məqalələr dərc etdirirdi. O, eyni zamanda, elmi məlumatları asan bir şəkildə, sadə və anlaşıqlı bir dildə oxuculara çatdırmaqda yüksək məharət göstərirdi. Bizim fikrimizə görə, bu məqalələr indi də öz əhəmiyyətini itirməmişdir. Əgər onlar müəyyən bir sistem halına salınıb, Azərbaycan dilində nəşr edilən dövri jurnallarda çap olunarsa, kəndlilərə fayda verə bilər.
Ana diliOtuz il bundan əvvəl Bakıda türk dilinin Azərbaycan ləhcəsində nəşr olunmağa başlayan "Əkinçi" birinci müsəlman qəzeti idi. Bu qəzetin banisi keçmiş müsəlman pedaqoqu və hazırda məşhur ictimai xadim olan Həsənbəy Məlikov idi. Qayğısız və heç şeyin fikrini çəkməyən, "xoş keçmişin" ənənələri əsasında tərbiyə alan, hər cür yeniliyə qarşı fanatik münasibət bəsləyən Zaqafqaziyada yaşayan azərbaycanlıların o zamankı geri vəziyyətini nəzərə alaraq, əlbəttə, "Əkinçi" qəzetinin böyük müvəffəqiyyət qazanacağını gözləmək olmazdı. Həqiqətən, qəzet ilk nömrələrindən soyuq və qeyri-səmimi qarşılandı. Cəmiyyətin bəzi təbəqələri isə qəzetə güclü düşmən müqaviməti göstərdi. Redaktorun işgüzar və məzmunlu məqalələri, istedadlı şair Hacı Seyid Əzim Şirvaninin müsəlmanları fəal və mənalı həyata səsləyən gözəl şerləri ucsuz-bucaqsız səhrada yüksələn fəryadı xatırladırdı, cavabsız qalan bir çağırış idi. Bundan əlavə, cənab Məlikov ehtiyatsızlıq edərək öz qəzetində vaxtsız olaraq dini şəbehlər (şaxsey-vaxsey) məsələsinə toxundu və bununla da şiəlik tərəfdarlarının qızğın hiddətinə səbəb oldu. Hər tərəfdən redaktorun üstünə məzəmmət və biabırçı həcvlər yazılmağa başlandı. Şuşa şairləri həcvlər yazan başqa şairləri bu cəhətdən xeyli geridə qoydular. Hadiyül-Müzəllin adlı birisi Qarabağdan redaksiyaya redaktorun adına biabırçı söyüşlər göndərdi. Cənab Məlikov bir qədər ixtisarla bu həcvi "Əkinçi"də dərc etdirərək ona diqqəti cəlb edən aşağıdakı qeydi verir: "Cənab Hadiyül-Müzəllin Qarabağinin aşağıda zikr olunan həcvini onların xahişinə müvafiq tamam çap elətməyə izn olmadı…. Amma o cənab və onu fitləyən əşxaslar məyus olmasınlar ki, belə kamallı söz pünhan qalacaq. Fikrim budur ki, bizim Zərdab kəndində, Qarabağın sərhəddində bir daş qoydurub, onun üstə zikr olan həcvi tamam qazdıram ki, gələcəkdə bizim evladlar o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm".Üç il ərzində qəzetdə dərc edilmiş mühüm materiallardan görünür ki, onun əsas məqsədi faydalı kənd təsərrüfatı biliklərini həm nəzəri, həm də əməli cəhətdən ölkənin əhalisi arasında yaymaqdan ibarət olmuşdur. Aqronomiya sahəsində yaxşı mütəxəssis olan və sadə xalqın dilini bilən Həsənbəy Məlikov qəzetin hər nüsxəsində kənd təsərrüfatının müxtəlif sahələrinə dair çox maraqlı və faydalı məqalələr dərc etdirirdi. O, eyni zamanda, elmi məlumatları asan bir şəkildə, sadə və anlaşıqlı bir dildə oxuculara çatdırmaqda yüksək məharət göstərirdi. Bizim fikrimizə görə, bu məqalələr indi də öz əhəmiyyətini itirməmişdir. Əgər onlar müəyyən bir sistem halına salınıb, Azərbaycan dilində nəşr edilən dövri jurnallarda çap olunarsa, kəndlilərə fayda verə bilər.
Ədəbiyyatımıza dairMolla Vəli Vidadinin, Molla Pənah Vaqifin və Qasım bəy Zakirin göy üzündə qatarlaşıb oxuya-oxuya uçan durnalara xitabən yazdığı mürəbbeatı möhtərəm "Rəhbər"in səhifələrinə təqdim etməklə belə məlum edirəm ki, bu əsərlər nə Adolf Berjenin Leypsiqdə çap olunan məcmuəsinə və nə də Yusif Qarabağinin kitabçasına daxil olmayıb, nüdrətən tapılan əsərlərdir.MOLLA VƏLİ VİDADİ
İdarəyə məktubMüdiri-möhtərəm fəzilətli cənab İsabəy Aşurbəyov. Əvvəla cənab haqdan zat-alilərinizin səhhət və afiyət üzrə payidar olmağını arzu edirəm, digər [tərəfdən] cənabınıza izhari-məmnuniyyət edib, millət yolunda göstərdiyiniz hümmət və qeyrətinizə təhsin və afərin oxuyuram və qəlbən şad oluram ki, sizin kimi qeyrətmənd şəxslər dəxi bizim müsəlmanların içində görsənirlər. Xüsusən, müsəlman və erməni arasında sülh və barışığın bina tutmasına çalışmağınız hər bir şeydən artıq bizi şad eləyir. Əgərçi erməni-müsəlman iğtişaşında Şuşa qələsində həqirin evi içinin əcnası ilə yanıb tələf olubdur, dayım və onun iki nəfər cavan uşaqları qətlə yetibdir, bununla belə mən ürəyimdə büğz və ədavət bilməyib, bunu ancaq arzu edirəm ki, bu iki qonşunun arasında şeytanın iğva və vəsvəsəsi ilə bəhəmə gələn fitnə və fəsad götürülsün və yenə irəliki mehribançılıq və dostluq onların yerini tutsun. Vaxta ki, biz yəqin etdik, hər iki tərəfi bir-biri ilə vuruşduran və yek-digərinin üstə qalxızan üçüncü bir düşməndir, onda bizə vacib olan budur ki, haman düşmənin vəsvəsəsinə bir də aldanmayaq və müttəhid olub, onun dəfinə və bizdən kənar olmasına çarələr tapaq. Ancaq bu yolla biz özümüzü düzəldib, sahili-nicata yetirə bilərik, ancaq büğz və ədavəti bilmərrə unudub dostluq əlini bir-birimizə uzatmaqla qüvvət və mütməinnlik hasil edə bilərik. Hərgah bundan sonra biz bir-birimizə inanıb etimad və etibar etsək, onda bizi barışdırmağa və aralıqdan niza və fəsadı götürməyə nə Qalaşapov lazım gəlir, nə Levitski və qeyrisi. Erməni və müsəlman onlara ariz olan bu qədər fəlakət və müsibətdən sonra gərəkdir dürüst fikir edib, öz işlərindən və öz etdikləri insafsız və əqilsiz əməllərindən peşiman olalar, barışmağı özləri lazım və vacib bilələr. Ancaq o barışıq möhkəmdir, vaxta ki, o tərəflərin rizası və xahişi ilə əmələ gəlir. Zorla və təkid ilə bəhəmə gələn barışıq möhkəm ola bilməz və hansı tərəf bu işdə artıq danalıq, mürüvvət və sədaqət göstərsə, özünə yetən zərəri nəzərə almayıb, əvvəlcə sülh əlini dosta uzatsa o tərəfə səd afərinlər olsun. Ümidvaram ki, tezlikcə hər iki tərəf bir-birinə sülh əlini uzada və aralıqdan ədavəti bilmərrə götürə....
İranın oyanması(İranda konstitusiya elan edilməsi münasibətilə)On il bundan əvvəl mən təsadüfən bir nəfər varlı iranlı ilə tanış oldum. O, öz ticarət işləri ilə əlaqədar olaraq İstambula gedirdi. Mənim tanışım İranın əsl oğlu kimi çox məlumatlı, əyləncəli və maraqlı bir adam idi. Mənim İran haqqındakı suallarıma cavab verərək, o ölkənin vəziyyəti haqqında müfəssəl məlumat verdi və öz vətəninin gələcəyi haqqında çox bədbin mülahizələr söylədi. Vaxtı ilə xoşbəxt və əzəmətli bir dövlət olan İranın ağır vəziyyətini qabarıq təsvir etmək üçün o, belə bir müqayisə apardı: dəmir yolu və hərəkət üçün başqa az-çox əlverişli nəqliyyat vasitəsi olmayan Ərəbistan yarımadasında susuz və həyat əsəri olmayan səhralarda uzun məsafələri yalnız dəvə karvanları ilə qət etmək mümkündür. Bəzən elə olur ki, karvandakı dəvələrdən biri taqətdən düşür və yolu davam etdirə bilmir. Belə hallarda sarvanlar yorulmuş dəvədən yükü götürür və yazıq heyvanı başlı-başına buraxaraq yollarına davam edirlər. Zira, təcrübə göstərir ki, yerə çökən dəvəni heç bir vəchlə ayağa qaldırmaq olmaz!
"Molla Nəsrəddin"Bu ilin aprel ayından Tiflisdə çıxan yumoristik "Molla Nəsrəddin" jurnalı ilk nömrələrindən başlayaraq bizim ölkənin müsəlmanları arasında canlı maraq oyatmışdır. Məlumdur ki, Şərq xalqları, xüsusilə azərbaycanlılar öz danışıqlarını məsəllər, atalar sözləri və Şərqin müdrik məzhəkəçisi olan Molla Nəsrəddinin lətifələri ilə bəzəməyi sevirlər. Bu əfsanəvi Molla xalq müdrikliyinin və hazırcavablığının ifadəçisidir. Onun lətifələri o qədər həyati və məzəlidir ki, bu lətifələrdə o qədər səmimi bir yumor vardır ki, hamı onlarla maraqlanır və azərbaycanlıların arasında həmin lətifələri bilməyən və yeri gələndə bu və ya digər bir lətifəni danışmayan adam çox nadir tapılar. Hətta Azərbaycan dilində danışa bilən ermənilər və gürcülər də Molla Nəsrəddinin lətifələri ilə maraqlanırlar. Bu lətifələrdən çoxu isə müxtəlif müəlliflər tərəfindən rus dilinə tərcümə olunub "Sbornik materialov dlya opisaniya plemen i mestnostey Kavkaza"nın müxtəlif buraxılışlarında çap edilmişdir.Jurnalı bir qrup ziyalı müsəlmanların əməkdaşlığı ilə savadlı və mədəni azərbaycanlı — Mirzə Cəlil Məmmədquluzadə nəşr edir. İndiyə qədər çapdan çıxmış nömrələrə əsasən deyə bilərik ki, "Molla Nəsrəddin", nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirir. Belə nöqsanlar və mövhumat isə bir neçə əsr qaranlıq və cəhalət içərisində yatıb qalmış bizim cəmiyyətimizdə o qədər çoxalmış və o qədər dərin kök salmışdır ki, tənqidə onların hansından başlamağı təyin etmək belə çətindir. İlk zamanlar jurnal, hər şeydən əvvəl, müsəlmanların bu cəhalət yuxusundakı vəziyyətinə diqqət yetirmişdir. Jurnalın 1-ci nömrəsinin birinci səhifəsindəki şəkildə cəhalət yuxusunda yatanların səltənəti təsvir olunmuşdur. Jurnalın bütün nömrələrində eyni qaydada təsvir olunan Molla Nəsrəddin isə əlinin hərəkəti və istehzalı bir heyrət ifadə edən baxışı ilə bu mənzərəni seyr edir və görür ki, bütün mömin müsəlmanlar müxtəlif vəziyyətlərdə və paltarlarda yuxu allahı Morfeyin ağuşundadırlar. Gecə keçmiş, səhər açılmışdır. Pəncərədən düşən ziyalar bu yuxu səltənətini işıqlandırmışdır. Lakin heç kəs və heç bir şey bu möhkəm yatmış müsəlmanları oyatmağa qadir deyildir: qocalar və cavanlar, orta yaşlı kişilər — hamısı yatmışlar, bu aləmdəki hər şeyi unudub yuxuya getmişlər, sükunəti bütün dünyadan üstün tutmuşlar. Uzaqda cavan bir oğlan, deyəsən, qüvvəsini toplayıb oyanmaq istəyir, lakin ağır yuxu ona da gözlərini açmağa imkan vermir.
Qarabağda Cavanşir mahalının əhval və övzasına dairƏlli-altmış sənə bundan əqdəm Qarabağın şairi-binəziri Qasımbəy Zakir təxəllüs Qarabağın çox yerlərini gəştgüzar edib Tərtərbasara ki, -- ibarət ola Cavanşir mahalından, -- səyahət qəsdi ilə gəlir. Bu ümidlə ki, orada onun könlü açılsın və bəlkə Bərdə şəhərinin sabiqdə olan rövnəq və abadanlığından bir nişani-əlamət görə. Öz hiss və arzularını Zakir bu sayaq nəzmə çəkir:O viladə bir mehriban görmədim,
Qaranlıqda qalanlarımızRusların məşhur ədibi və timsalnəvisi Krılov "Ağacın yarpaqları və kökləri" adlanan bir timsalında yazır: "Baharın gözəl bir günündə ağacın yarpaqları səhraya kölgə salıb, sabah yeli ilə şirin söhbət edirdilər və özlərini tərif edib zəban-hal ilə səbadan sorurdular: Məgər bu səhranı ziynətləndirən və ağacın özünə hüsn və lətafət verən biz yarpaqlar deyilik? Əgər biz olmasaq, ağac nəyə bənzər və özümüzü tərif etməkdə məgər bizim haqqımız yoxdur? Biz deyilikmi çobanı sürüsü ilə günün istisindən saxlayan və onlara rahatlıq bəxş edən? Biz deyilikmi qızları və gəlinləri öz sayəmizin altına rəqsə gətirən, biz deyilikmi sübhlər və axşamlar bülbülü şövqə və həvəsə gətirib, ona gözəl nəğmələr oxutduran və sən özün, ey səba, müttəsil bizimlə olurdun, bir dəqiqə bizdən ayrı qala bilərsənmi?Bu sözləri eşidib, yerin altından ağacın kökləri həzin səslə dedi: Bizi də bir yada salıb razılıq etsəniz nə olur? Yarpaqlar qeyz ilə cavab verdilər ki, siz kimsiniz, sizin nə cürətiniz var ki, bizimlə belə küstaxanə mükalimə edəsiniz? Ağacın kökləri dedi: Biz onlarıq ki, burada yerin altında qaranlıqda dolanıb sizi bəsləyirik və ağaca qüvvət və dirilik veririk. Biz onun rişələriyik. Sizinlə bizim təfavütümüz bundadır ki, sizin ömrünüz bir sənəlikdir. Hər yazdan yaza siz təzələnərsiniz. Amma biz həmişə qaranlıqda işləyib sizə həyat veririk! Əgər biz olmasaq nə ağac səlamət qalar və nə də sizdə bu lətafət və təravət olar".
Taybuynuz öküzBu günlərdə qədim dostlarımdan birisi ilə görüşüb, onun halına çox təəccüb elədim. Bizim axırıncı görüşüb ayrılmağımızdan hələ üç il tamam gəlib keçməyibdir. Amma bu az vaxtın ərzində əziz dostum bir o qədər dəyişilibdir ki, əgər əvvəlcə o mənə salam verib, əhval-pürsan olmasa idi və səsini çıxartmasa idi, mən onu tanıya bilməyəcəkdim. Rast və gözəl qaməti əyilib, rəngi soluxub, gözlərinin işığı gedib, səsi zəiflənib, üzünün və başının tükləri çallanıb və tamam cüssəsi balacalanıb, qərəz, canı-başı salamat, təndürüst və müqtədir bir halda ikən indi çox həqir və məyus görünürdü. Doğrusu ki, dostumun bu pozğun halda və pərişan sifətdə olmağı mənə də artıq təsir edib, halımı digərgun və xarab elədi. Ağzımı açıb, onun bu gunə pəjmürdə hala düşməyinin səbəbini soruşmaq istəyirdim ki, onun özü guya mənim fikrimi duyub, başladı öz əhvalını və başına gələn qəza və qədəri söyləməyə. Sözlərindən məlum oldu ki, həqiqətdə kişinin dərdi çox imiş və o biçarəni bu hala salan ağ gün olmayıbdır, qara gün olubdur. Bir xeyli öz əhvalatından söyləyib, axırda ürəkdən bir ah çəkib dedi: Qərəz, nə başını ağrıdım, mənim dərdim yerə-göyə sığası deyil, mənim günüm taybuynuz öküzün günündən bədtərdir. Və həqiqət hala mültəfit olsanız, yalqız bir mən deyiləm; hamı müsəlman qardaşlar taybuynuz öküzün halında yaşayıb zillət və üsrət ilə güzəran keçirməkdədirlər. Vəli biar və xüsusən avam olmaqları cəhətə öz hallarından bixəbərdirlər və qəzalarına razı olub, hər qisim zülm və sitəmə səbr və təhəmmül edirlər. Və çox bərkə düşəndə özlərinə bu gunə təsəlli verirlər: Kişinin aqibəti gərək xeyir olsun. İnşallah, aqibət və əbədi səadət biz müsəlmanlar üçündür. Bu dünyamız yox isə də, axirətimiz var. "Məhəmməd ümməti damda qalmaz". Amma məsələnin ikinci misrasını unudurlar və ya qəsdən demirlər ki, "Damdan çıxınca canı da qalmaz…."Dostumdan təvəqqe elədim mənə bəyan etsin görüm taybuynuz öküzün halı necədir ki, onu öz halına və müsəlmanların halına təşbih qıldı. O gülümsünüb dedi: Taybuynuz öküzün halı belədir ki, onun buynuzunun biri yoxdur və belə olan surətdə o yazıq necə ki, lazımdır özünü xəta və bəladan mühafizə edə bilmir. Onun taybuynuz olmağına da səbəblər çoxdur: ola bilər ki, xilqətdən elə məyub yaranmış ola və yainki cahillikdə keyfi qalxıb öz həmcinsi ilə oynaşıb buynuzlaşan zamanı həmcinsi ona güc gətirib, basıb buynuzunun birini dibindən qoparıbdır. Və elə də ola bilər ki, əvvəlcə xam vaxtda işə getməkdə bir az kahıllıq və tənbəllik etmiş ola və sahibi acıqlanıb hirs və qəzəbinin şiddətindən vurub, buynuzunun bir tayını çıxardıbdır və bundan əlavə yenə də qeyri səbəblər ola bilər, hamısını sadalamağa ehtiyac yoxdur. Hər halda əvvəl binadan yazığın günü qara gəlib, allahın qəzəbinə giriftar olubdur. Həm öz həmcinslərinin və həm də bəni-növi-bəşərin nəzərində hörmətdən düşübdür. Biçarə guya özü də öz fəna halını dərk edib, taleyinə tabe olmaqdan başqa bir çarə bilmir və cümlənin xahişini əmələ gətirməkdə olub, öz arzu və təmənnalarını unudubdur və o gündən bəri xoş günlük və rahatlıq qeydinə duşmür və müttəsil övqatını zəhmət və məşəqqətdə keçirib, bir kəsdən çəkdiyi zəhmətin əvəzinə razılıq və xoş sifət görmür. Bir dəfə sahibi onu xoş dillə dindirib könlünü almır. Əgərçi öküz dilsiz-ağızsız heyvandır, özü danışmır, amma onun barəsində danışılan sözlərin çoxunu anlayır. Məgər sən görmürsən əkinçi yer əkən zaman nə gözəl sözlərlə və xoş avazla mahnı oxuyub, öküzləri ilə tərğib eləyir və öküzlər necə hali-dillə özlərini işə verirlər. Taybuynuz öküzə heç mahnı oxuyan, xoş dillə onu oxşayan və xatirini alan olmur və işə bir az ağır gedəndə yaman sözlərdən, töhmətdən və döyülməkdən başqa bir şey görüb eşitmir, onun ac və susuz qalmağı da bir kəsin xəyalına girmir….
"Usta Zeynal"Bu yaxınlarda Mirzə Cəlil Məmmədquluzadənin maraqlı bir hekayəsi həmin başlıq altında ayrıca kitabça şəklində çapdan çıxmışdır. Yumoristik "Molla Nəsrəddin" jurnalının redaktoru olan müəllif Azərbaycan ədəbiyyatında "Poçt qutusu", "Kişmiş oyunu", "Səkinə" və başqa hekayələri ilə də məşhurdur.Sadəlik, təbiilik və real həyata yaxınlıq Məmmədquluzadə hekayələrinin əsas məziyyətləridir. Hər şeydən görünür ki, müəllif öz xalqının həyatını və dünyagörüşünü yaxşı bilir və incə müşahidə qabiliyyətinə malikdir. Onun bilavasitə həyatdan götürülmüş hekayələri, bizim Şərq yazıçı və şairlərində olduğu kimi, boş fantaziyanın məhsulu deyildir. Məmmədquluzadənin başqa bir məziyyəti də onun, müşahidə etdiyi həyatı canlı və anlaşıqlı dil ilə, şərq yumorunun aydın xüsusiyyətləri ilə verə bilməsidir ki, bu da oxucunun nəzərini hər şeydən çox cəlb edir.
Həsənbəy MəlikovBu fani dünyanı, onun əzab və əziyyətlərini həmişəlik tərk edib aramızdan getmiş Həsənbəy Məlikov müsəlmanlar arasındakı məşhur ictimai xadimlərdən biri idi.Biz Həsənbəylə 1906-cı ilin avqustunda Bakıda müsəlman müəllimlərinin qurultayında tanış olmuşduq. Həsənbəy həmin qurultaya sədr seçilmişdi. Yaşının çox olduğuna baxmayaraq pedağoji xarakter daşıyan hər hansı bir məsələnin həllində o canlı zəkaya, xeyli təcrübə və biliyə malik olduğunu büruzə verirdi və müsəlmanlar arasındakı ikisinifli ibtidai məktəblərin nəzdində kənd təsərrüfatının müxtəlif sahələri üzrə şöbələr açılması üçün təhsil üzrə ölkənin ali rəisliyi qarşısında vəsatətdə bulunmaq fikrini də ilk dəfə o ortalığa atmışdır. Böyük həyati təcrübəyə və fitri zəkayə malik olan Həsənbəy hər şeydən daha çox bizim məktəblərin təbii ehtiyaclarına və tələblərinə diqqət yetirirdi: o, boş və gurultulu ibarələri sevmirdi və həyatla az tanış olan bəzi gənc pedaqoqların söylədiyi nitqlər, görünür, onu dilxor edib əhvalını pozurdu; bütün bunlarla birlikdə, onda böyük səbr var idi və başqalarının mülahizəsinə lazımi bir hörmətlə yanaşırdı.
Vaqif və Vidadi və bunların dostluğuMilli şüarımızdan məşhur Molla Vəli Vidadi təxəllüsün vəfatından bu il tamam yüz il, yəni bir əsr gəlib keçir. O cəhətə onun adını hörmətli jurnallarımızda — "Dəbistan" və "Rəhbər"də zikr edib, oxuculara Vidadinin barəsində bir para məlumat verməyi lazım gördük.Molla Vəli Vidadi və Molla Pənah Vaqif hər ikisi bir əsrin və bir elin adamlarıdır. Qazax mahalında bunlar öz əsrlərinin əhli-kəmalı və sahibi-elm və mərifəti olub, müasirləri arasında özlərinə şan və hörmət qazanmışdılar və hər ikisinin gözəl, rəvan və səlim təbləri var idi. Belə ki, Qazax şairlərindən məşhur Kazımağa Salik təxəllüs bunların haqqında deyibdir:
Gürcü şairi Akaki Sereteli yubileyinə dairNecə ki, ötən məqaləmizdə söz vermişdik, Akaki Sereteli cənablarının müxtəsər tərcümeyi-halını yazıb, əsərlərindən bəzi məlumat verməyə iqdam edirik.Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər.
Milli bayramBudur, beş-altı aydır ki, hörmətli qonşumuz gürcü milləti artıq ciddi-cəhd, şövq və həvəslə böyük bir milli bayramlarının icrasına hazırlaşmaqdadırlar. Bu bayrama, demək olur ki, tamam millət hazırlaşır. Böyük, kiçik, arvad, kişi, xəvass və avam, müəllim və şagird, hər bir sinif və firqə, hətta mehmanxanalar və traktirlərdə qulluq edən lakeylər də milli bayramlarına hazırlaşmaqdadırlar. Bu bayram gürcülərin məşhur şairi Akaki Seretelinin əlli sənəlik yubileyidir ki, bu dekabrın 7-də artıq cəlal və təntənə ilə Gürcüstanın hər yerində icra olunacaqdır. O vaxt biz də "Tərəqqi"nin möhtərəm oxucularına cənab Seretelinin tərcümeyi-halından və asari-qələmiyyəsindən icmalən məlumat verərik. Burada ancaq gürcülərin bu ittihad və ittifaqı bizi bir yandan şad edib, bir yandan mütəəllim etməklə və dərin fikirlərə salmaqla qareini-girami aşna etmək istəyirik.Əlli sənə millətə xidmət eləmək, onun ürəyində gözəl və pakizə hissiyyatın doğub nəşv-nüma tapmasına səbəb olmaq, millətin keçəcək və istiqbalını, nicat və səadətini şairanə və ədibanə nəzmə çəkmək, əbnayi-millətin təlim və tərbiyəsinə, ruhani məişətinə qulluq eləmək, əlbəttə, böyük hünərdir. Əlli sənə millət balalarının beşiyini yırğalayıb onlara layla çalmaq, gözəl nağıllar demək, millət analarının qəlbində məhəbbət toxumu saçıb o məhəbbətlə Gürcüstanın yaralarını sağaltmağı mühəyya etmək, millət cavanlarının ürəyində qeyrət və fədakarlıq hissiyyatına pərvəriş vermək, millət əkinçilərinin ağır zəhmətini gözəl mahnılar ilə yüngülləşdirmək, əlbəttə, böyük və əvəzsiz qulluqlardır ki, bunların müqabilində nə qədər hörmət və ehtiram olunsa yenə də azdır. Bu qədər vəsfə gəlməyən xidmətlərin əvəzində hər bir maddi müavinət və ehsanatdan, hər qisim töhfə və hədiyyələrdən ziyadə şairi xoşhal və səadətmənd edən bir şey varsa o da millətin məhəbbətidir. Sereteli cənablarını bu bimisl səmimi və mənəvi töhfə ilə biz təbrik edə bilərik. Doğrudan da gürcü camaatının ürəyi şairə nisbət məhəbbət hissi ilə doludur necə ki, gürcü milləti sağ və salamatdır, onun adı dəxi xəyal ilə zində və baqi qalacaqdır. Budur, qonşularımızın hal-həyatda olan şair və ədibləri haqqında etdiyi ifayi-məhəbbət və müvəddət və izhari-sədaqət və xlusiyyət! İndi keçək ölmüş ədiblərinin üstə.
Məişətimizə dair1İki sənə bundan müqəddəm yuxarıda qoyduğumuz sərlövhədə bir neçə məqalə möhtərəm "İrşad" ruznaməsinin nömrələrində öz daxili işlərimizdən və dolanacağımızdan yazıb, bəzi mətləblərdən bəhs etmişdik. Sonradan bir para səbəblərin vüqui ilə ki, burada onların şərhinə ehtiyac yoxdur, yazmaqdan əl çəkdik. Bu müddətin ərzində aləmi-islamda çox böyük əlamətlər, fikrə gəlməyən inqilablar, xəyala sığışmayan vaqiələr zühur etdi. "Molla Nəsrəddin" məzəlikcə söylədiyi sözlər və istehzalar, yəqincə yazdığı xəbərlər eyni ilə nəticə verdi. İranda "bomba" sədası eşidildi, "zabastovka" xəbəri çıxdı və buna səbəb cənnətməkan Müzəffərəddin şahın verdiyi hürriyyətin geri alınması, məclisin qovulması oldu. Bu yolda böyük iğtişaş və inqilabçılar törədi və əlan iğtişaş yatmayıb, gələ-gələ artmaqdadır. İranın gələcəyi nə olacaq?...
Məişətimizə dair1Karvan rəfto to dər xabo biyaban dər piş
Qazax şairi Kazım ağa Salik təxəllüsün barəsində bir para məlumat"İrşad"ın 17-ci nömrəsində dərc olunmuş müxəmməsin sahibi Salik təxəllüslü şairin naxçıvanlı olmağını idarə xəbər verib rəfi-iştibah etmişdir. Əgər idarə tərəfindən bu xəbər verilməsəydi, yenə də həmin kəlamı keçmiş əsrin şüərasına nisbət etmək olmazdı. Çünki şerin məal və məzmunundan və şairin şivəyi-lisanından aşkara görünür ki, bu nalə və fəqanlar indiki fəna halımız və pərişan övza və əhvalımız üçün edilən növhə və nəvalardır ki, şair suzişli dil ilə onları izhar edir.Salik Naxçıvaninin bu əsəri keçmiş şüəranın kəlamına əsla bənzəmir. Keçmişdəki şairlərimizin istilahında vətən, millət, hürriyyət, qeyrət, elm və mərifət misilli sözlər, demək olar ki, yox idi. Əgər nüdrətən bu kəlmələrdən birisi istemal olunsa idi, o da özgə mənaya işlənirdi. Keçmiş vaxtın işi və halı bir özgə, indiki zəmanənin təqazası bir başqa.... Hər nə isə keçək mətləbə. Naxçıvanlı Razizadə Salik ilə Şıxlı Kazım ağa Saliki bir-biri ilə qarışdırmaq cayiz deyil.
Dünyada bəla nədən törəyir?Qraf L. Tolstoyun təlimi-ətfal üçün tərtib etdiyi əlifba kitabçasında sadə dil ilə yazılmış bir xeyli pürməzmun hekayələr vardır. Onlardan bəzi şeyx Sədinin "Gülüstan"ında nağıl olunan hekayələrə bənzəyir. Cümləsi hikmət və təcrübə üzüylə yazılmış əsərlərdir. Məzkur hekayələrdən birisində bəlanın yer üzündə nədən törəyib nəşət etməsindən rəvayət olunur. Qissənin müxtəsərən məzmunu budur:Bir abidi-xoşsirət tərki-dünya qılıb, vaxtını adamlardan kənar bir meşədə ibadətlə keçirirmiş. Meşənin heyvanları ondan qorxmayıb, başına cəm olarlarmış. Abid onların dilini, onlar da abidin dilini anlarmış. Bir kərə abid bir ağacın dibində uzanıbmış. Qəzadan haman ağacın altında axşamlamağa qarğa, göyərçin, ilan və maral cəm olur və öz aralarında başlayırlar söhbət etməyə ki, aya, yer üzündə bəla və günah haradan törəyir?
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.