Bir dön bəri, ərzimi al,Üzün məndən niyə döndü?Yoxsa yatıb gur taleyim,Üzün məndən niyə döndü?

Gül üzünə mail oldum,Dərdindən saralıb-soldum.Qara bulud kimi doldum,Üzün məndən niyə döndü?

Qəmzən ox, qaşın kamandı,Ölürəm ay yar, amandı.Bu canım sənə qurbandı,Üzün məndən niyə döndü?

Dərdimi dedim loğmana,Dedi: - danışma əfsana.Ağlayaram bir zamana,Üzün məndən niyə döndü?

Əzəldən baxtım qaradı,Ümidim gələn haradı?!Yazıq Qurban füqaradı,Üzün məndən niyə döndü?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri