Səhifə 2 / 2 · 50%

Tupbuludu, tupbulu.
Cupbuludu, cupbulu.

Məmməd Nəsir də bərkdən güldü. Ağzında bir dənə sağ dişi yox idi.

– Olub-olub, – dedi, – əşi, mən bu Dadaşın dabbaqxanada gönünə bələdəm. Neçə il yoldaş olmuşuq. Sən o vaxt uşaq olardın. Birinci bura işə mən gəlmişəm. Elə o vaxtdan korrektor işləyirəm. Yeddi dəfə orfoqrafiyanı dəyişdilər. Hamısını da əzbərlədim. Latını da bilirəm, ərəbi də, indikini də. Bir gün Parapetin tinində Mirzə Cəlilə rast gəldim. Göy parusin pencəyi vardı. Əlində də əsası. Dedi: “Məmməd Nəsir, axı biz belə deməmişdik, qardaş”. Eh, ay Qurban, adamlar var idi, adamlar görmüşdük.

Qurban:

– Dadaş da o vaxtdan işləyir?

– Yox, birinci bura mən gəlmişəm. Sonra dartdım Səfdəri gətirdim. İndi baş mühasibdir e... o vaxt kassir köməkçisi idi. Şunu götür, şunu qoy. Bu Dadaş da var ha... Bunu da bura mən işə düzəltmişəm. Bir gün bax elə bu yerdə, söz yerinə çəkər Teymur Mahmudova rast gəldim. Dedi: nə var, Məmməd Nəsir, gözümə bir az turş dəyirsən? Dedim: bəs sağ oluz, sağlığınıza dolanırıq. Amma bir yoldaşım var. Mümkün eləsəydiniz, onu işə götürərdiniz. Dedi: bəs nə yoldaş? Dedim: bu Dadaş. Dedi: bəs nə bacarar? Dedim: Bəs hər nə desən. Dedi gəlsin kuryer götürüm onu hələlik, sonra baxarıq. Eh, kişilər vardı o vaxt, hanı indi onlar!.. Qaldıq uşaq-muşaq əlində. İndi hər yerindən duran...

– Bəs, düzdür ki, bu Dadaş Teymur Mahmudovdan material verib?

Məmməd Nəsir çiyinlərini çəkdi:

– Əşi, gedək bir nərd ataq da...

– Deməli, Dadaşı işə sən düzəltmisən. Kuryerlikdən başlayıb gör hara qalxıb!

– Hə, o vaxt yaman ləng idi. Elə hey qışqırırdılar: ay Dadaş, di tez ol, tərpən. Əlli-ayaqlı ol bir az. Şeir də qoşmuşdular: ay Dadaş, başıva daş, tərpənmə belə yavaş. İndi gör kimdir!

Qurban:

– Müdirin sağ əli, – dedi, – sözü qılınc kimi keçir. Kəsdiyi başa sual yoxdur. Amma insafən səni həmişə müdafiə eləyir. O səfər töhmət vermək istəyirdilər, qoymadı.

Məmməd Nəsir:

– Çox sağ olsun, – dedi. – Mən ki, ondan bir pislik görməmişəm, ancaq yaxşılıqdan başqa. Adamın Allahı var. Əşi, kişisən, dur gedək bir nərd ataq.

– Yox, gərək evə qaçam. Beş dəqiqə gec gəlsəm, arvad günümü göy əsgiyə bürüyəcək. Sən belə-belə şeyləri bilməzsən, Məmməd Nəsir, sənə nə var ki, subay adamsan...

– Subaylıq sultanlıqdır. Bir həsirəm, bir də Məmməd Nəsir.

Otaqdan çıxdı. Otaqların çoxu boşalmışdı. Səfdər dayı dəmir qapısını qıfıllayıb pilləkənə tərəf yollandı. O həmişə işə hamıdan tez gəlib hamıdan gec gedərdi.

Məmməd Nəsir:

– Səfdər, – dedi, – bir nərdlə necəsən?

Səfdər dayı fikirli və dalğın görünürdü. Səsi eşidib diksindi, başını qaldırdı. Elə bil Məmməd Nəsiri əvvəlcə tanımadı, elə bil onu ilk dəfə görürdü. Eynəyini çıxarıb nəfəsini şüşəyə verdi, sonra dəsmalla sildi.

– Ey, ay Nəsir, – dedi, – mən nə hayda, sən nə hayda!

İki ay bundan qabaq Səfdər dayının arvadı rəhmətə getmişdi.

Məmməd Nəsir:

– Ay Səfdər, – dedi, – vallah, bu dünya bir yer deyil. Bir başım açılmır, bir macal eləyə bilmirəm ki, gedib özümü öldürüm.

Səfdər:

– Özünü niyə artıq zəhmətə salırsan, əcəl onsuz da özü gəlib səni tapacaq.

Məmməd Nəsir pıçıltıya keçdi:

– Səfdər, deyirlər Dadaş Teymur Mahmudovdan danos yazıbmış, hə?

Səfdər dayı arı qovurmuş kimi dəsmalını yellədi:

– Məmməd Nəsir, sən ölənlərinin goru, xatovu məndən uzaq elə. Sən içmisən, dünya vecinə deyil.

Tələsik addımlarla çıxıb getdi: tak-tük, tak-tük...

Maşını qarajdan çıxaranda Zaurun yadına düşdü ki, çimmək paltarı yadından çıxıb idarədə qalıb. Yay vaxtı bu dənizliyini həmişə idarədə qoyurdu. Görürsən işdən sonra uşaqlarla sözləşib tələsik cumdular dənizə.

Maşını nəşriyyatın qabağına sürdü. İş qurtarmış, camaat dağılmışdı. Qapını döydü. Qapıçı: heç kəs yoxdur, – dedi, – hamı çıxıb gedib.

– Bilirəm, – deyə Zaur tələsik onun yanından içəri dürtüldü, – yadımdan şey çıxıb qalıb.

Öz otaqlarına çıxdı. İçəri girdi, siyirməni çəkdi, qəzetə bükülmüş dənizliyini götürdü. Saata baxdı və birdən təəccüblə qulaq verməyə başladı. Bomboş idarənin yuxarı mərtəbəsindən nərd səsi aydın eşidilirdi.

“Bıy, Məmməd Nəsir burdaymış ki! Görəsən, kimi xamlayıb?” Fikirləşdi ki, qoy çıxım baxım, görüm kimi xamlayıb. Əvvəl-əvvəl Təhminəylə danışmağa mövzu da olar. Ümumiyyətlə, fikir verib Təhminə Məmməd Nəsirdən danışmağı sevir, o biri məktəb əhvalatını da danışaram. “Sonra da keçərsən ayrı söhbətlərə, incə mətləbə, Zaur kişi. Ay vələddüzzina!”.

Bığaltı qımışdı, saçlarına sığal verdi, yüyürüb yuxarı mərtəbəyə dırmaşdı, nərd səsi gələn otağa tərəf getdi.

Qapını açdı, baxdı. Mat qaldı.

Otaqda Məmməd Nəsirdən başqa heç kəs yox idi. Məmməd Nəsir öz-özüylə nərd oynayırdı. Zaurun gəlişini duymadı:

– At, Dadaş, – dedi. Atdı. – Aha, şeş qoşa.

Oynadı.

– İndi lələşün Məmməd Nəsir atsın.

Atdı.

– İki-bir. – Başını qaşıdı. – Yaxşı, mən bu iki-bir andıra qalmışı hardan oynayım? Əldən oynasam bataram ki... ayrısı da yoxdur. – Oğrun-oğrun ətrafa döyükdü. Zauru yenə görmədi. – Bu heç, – dedi. – Guya bu olmayıb. Qoy bir də atım. Özümüzük də, bilən olmaz.

Atdı.

– Tfu səni. Yenə iki-bir. Gətirmir də...

Zaur yavaşca qapını örtüb ağır-ağır pilləkəni düşməyə başladı. Başını buladı, gülümsündü. Qapıçıya:

– Sağ olun, – dedi və çıxarıb otuz qəpik verdi.

Küçəyə çıxanda bir də başını buladı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri