Səhifə 2 / 2 · 50%

– Mama, gedək də...

– Bu saat, bu saat oğlum, qoy bir az əmiylə danışım, gedərik.

Zaur qalxdı və indi ayaq üstə danışırdılar.

– Görsən tanımazdın, Zaurik, elə arıqlamışdı ki, yazıq... Ağrılar yaman əziyyət verirdi, amma heç zarafatından da qalmırdı... Nə yaxşı oldu, deyirdi, heç kəs mənim qocalığımı, çirkinliyimi görməyəcək... Bir cavan göyçək oğlan müalicə edirdi onu. Ölümündən bir gün qabaq mənə dedi ki, heyif, belə göyçək oğlan məni ölü görəcək. Zarafat elədi ki, çılpaq görən olub məni, amma ölü görən olmayıb hələ, birinci bu cavan oğlan görəcək.

Zaur siqaretini söndürdü, yenisini yandırdı.

Mədinə:

– Zaur, otursana, – dedi, sonra dəhlizə tərəf boylanıb əlavə etdi, – deyəsən başı qarışdı orda, əl çəkdi bizdən. – Doğrudan da, uşağın daha səsi gəlmirdi.

Dayan, bu saat sənə çay gətirim, – dedi.

– İstəmirəm çay. Yenə danış ondan. – Zaur da Mədinəyə “sən” dedi. Mədinə indi onunçün ən doğma, ən yaxın adam idi.

– Eh, ay Zaur nə danışasan... Elə bil heç yox imiş, heç nə də qalmadı bədbəxtdən. Amma bilirsən necə gözəl insan idi... Necə qızıl kimi ürəyi vardı?.. Səni də yaman çox istəyirdi, Zaurik, indi istəməsin... Həqiqətdə istəyirdi... Sən gedəndən sonra bilirsən nələr çəkdi yazıq?

Zaur:

– Bilirəm, – dedi. – Bu barədə danışma.

– Başa düşürəm, sənə də ağırdır, əlbəttə. Amma sən hələ cavansan, bütün ömrün də qabaqdadır. Hər şey unudulub gedəcək ay Zaur, bu etibarsız dünyanın işi belədir.

Zaur:

– Bəli, – dedi, – elədir...

Mədinə fikrə getdi, sonra elə bil öz-özüylə danışırmış kimi:

– Amma yazığı nahaq incidirdilər, – dedi.

– Kim?

Mədinə bir az tutuldu, sonra:

Bilmirəm, – dedi, – yəqin sizinkilərdən idi kimsə. Acığın gəlməsin. Sən arvadınla səfərə gedəndən sonra kimsə ona gündə zəng vururdu. Hə, qarmıboş, deyirdi, nə oldu, hıçqırığın içində qaldı? Kələyin baş tutmadı? Zaurun arvadı hamilədir, uşaqları olacaq.

Mədinə Zaurun sifətinə baxdı, sərmərdi və tələsik:

– Yox, anan deyildi, – dedi. – Ananın səsini tanıyırdı Təhminə, kimsə başqa adam idi.

Zaur: “Alya? – deyə düşündü. – Axı, Alya onda bilmirdi ki, bizim uşağımız olacaq. Bu yalan hardan gəlibmiş ağlına?”

– Doğrudan, yəni bir şey var? – Bu sualı Mədinə artıq sırf qadın marağıyla verirdi.

Zaur qızardı və bir an ona elə gəldi ki, Təhminəymiş onun əsil arvadı, indi Firəngizdən olacaq uşağı Təhminəyə xəyanətdir.

– Xəstəxanada da tez-tez səni yadına salırdı... Lap axır gününəcən...

– Nə deyirdi?

Mədinə gülümsündü:

– Deyirdi ki, Zaur məni satdı onlara.

Kimə onlara?

Mədinə çiynin çəkdi:

– Nə bilim, elə beləcə deyirdi onlara...

Uşaq yenə otağa qayıtdı:

– Mama, haçan gedəcəyik bəs?

– Bu saat, bu saat, mənim göyçək balam.

Dəhlizə çıxdılar.

Mədinə:

– Spartak sağ olsun, – dedi, – o qədər köməyi dəyirdi ki, dərman lazım olurdu yerin dibindən tapırdı, hansı həkim lazım olurdu, öz maşınında gətirib aparırdı.

Zaur:

– Ayın neçəsində keçindi? – deyə soruşdu.

14-də...

“Hansı ölkədəydik bu gün görəsən”, – deyə düşündü. Zaur, yadına sala bilmədi.

Qapıda:

– Çox sağ ol, Mədinə, – dedi.

– Niyə sağ ol deyirsən axı?

– Mama, yaxşı, daha gedək də, əmi də gedir.

– Bu saat, gedirik, – birdən Mədinənin yadına nə isə düşdü, – tamam yadımdan çıxmışdı, sənə kağız qoyub axı.

– Kağız? – Zaurun ürəyi şiddətlə döyünməyə başladı: bəlkə bu idi sirrin açarı, bu kağız hər şeyi izah edəcək, hər şeyi aydınlaşdıracaqdı bəlkə? Mədinə otağa keçdi və bir azdan iki kiçik kağız parçasıyla qayıtdı. Kağızların biri qəbz idi, Zaur görən kimi xatırladı – Moskvada küçəni səhv keçdikləri üçün serjant Trofimov onları cərimə etmiş, qəbz vermişdi. Mədinə ikinci kağızı uzadaraq:

– Ölümündən iki gün qabaq duxularının sirrini yazıb bura. Xahiş elədi ki, sənə verim: “Qoy Zaurun arvadı bu ətirləri vursun”, dedi, “onda Zaur məni xatırlayacaq hər dəfə”.

Zaur karandaşla yazılmış kağız parçasını cibinə qoydu. Mədinəylə görüşdü və yavaş-yavaş pilləkənlərlə düşməyə başladı. İndi də pilləkənlərlə üçüncü mərtəbəyə piano qaldırırdılar və əməkdar mühəndis yenə göstərişlər verirdi. “Ehtiyatlı olun, bu pianinodur axı, belə kobud yerə vurmayın da, ehmallıca qoyun. – Zaura baxdı: – Keçmək istəyirsiz? – dedi. – Yol verin, cavan oğlan keçsin...”

Zaur bir də çevrilib Təhminənin qapısına baxdı, qapı yarıaçıq idi. Pilləkənləri düşməyə başladı, bilirdi ki, ömründə bir daha heç vaxt bu pilləkənlərlə qalxmalı olmayacaq.

Amma bilmirdi ki...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri