Səhifə 1 / 10

Birinci hissə
Gümrü şəhərinin çiçəklənən dövrləri idi. Ədalətli Gümrü sərdarı ölkədə qayda-qanunu bərpa etmiş və özbaşınalığa son qoyulmuşdu. Daha yolları kəsib xərac almaq, oğurluq, soyğunçuluq, demək olar ki, yaddan çıxmışdı.
Sərdarın ölkəsində ədalət hökm sürdüyündən qeyri millətlər də bu torpaqlara pənah gətirirdi. Burada hamı şən və firavan yaşayıb, həyatlarını davam etdirirdilər.
Günlərin birində sərdar qəflətən dünyasını dəyişdi. Ölkə hələ yasdan çıxmamışdı, sərdarlıq məqamına çatmaq üstündə ağalar və bəylər arasında dava qızışmağa başladı.
Bu vəziyyətdən istifadə edən müxənnət qonşular kəndləri, mahalları talan edib, viran qoyurdular. Hər yerdə qətllər törədilir, günahsız adamların qanı axıdılırdı. Bu bəs etməmiş kimi qaxtaganlar mahallara öz əskəri ordularını yerləşdirməyə başladılar. Elə bununla da mahallarda yadellilərə qarşı qiyamlar baş qaldırırdı. Amma əli yalın camaat yağıların ordularına heç nə edə bilmirdilər.
Bu özbaşınalığa son qoymaq məqsədilə mərd və igid oğullar, qaçaq dəstələr şəklində dağlara çəkilərək yağılara qan uddurmağa başladılar. Köməyə Urmiyadan, Xoydan və Təbrizdən də gələnlər var idi. Təbrizli Yetim Kərim bu dəstələri birləşdirib bir qoşun eylədi. Ona kimi onun köməyinə Anadoludan Bəkir paşa gəldi. Onun alayı da Yetim Kərimin qoşunuynan birləşdi.
Yazın əvvəlindən başlayaraq payızın son ayına kimi birləşmış türk süvariləri yağıları Ağbaba mahalına qədər qovaraq darmadağın etdi.
Artıq qış başlamışdı, döyüşlər tam səngimişdi. Qanlı döyüşlərdən çıxan Yetm Kərim Bəkir paşa ilə möhkəm dost oldu.
Qışın oğlan çağıydı, Bəkir paşa yetim Kərimi Qarsa öz evinə qonaq dəvət edti. Kərim isə on nəfər cəngavərlə birlikdə Bəkir paşanın qonağı oldu.
Doğurdan da, atalar yaxşı deyib: “Yazıya pozu yoxdu”. Elə həmin gün Qarsda Mahmud ağa adlı bir tutarlı kişinin oğlunun toyuydu. Mahmud ağa eşidəndə ki, Bəkir paşanın hörmətli qonaqları gəlb, o saat Yetim Kərimi toya dəvət etdi. Bəkir paşa və Kərim bu toya gəldilər.Yetim Kərim toyda su pərisinə oxşayan Zeynəb adlı bir xanıma vuruludu. Bu işdən xəbər tutan Bəkir paşa çox sevindi. Kərim bir yetim uşaq olduğundan və kimsəsi olmadığından elçiliyə Bəkir paşanın özü getdi. Allah sizlərə də toy-düyün qismət eləsin, hər iki cavan öz səadətinə qovuşdu. Bəkir paşa Kərimə yeddi gün - yeddi gecə toy eləydi və düyün hədiyyəsi olaraq yağılardan təmizlənmiş Ağbaba mahalını Kərimə hədiyyə verdi.
Dağlar və yaylalar məskəni olan Ağbabada yenidən gözəl həyat başladı. Artıq Ağbabada Kərimin Sərdar adlı bir övladı dünyaya gəlmişdi.
Aradan heç iki il keçməmiş yağılar yenidən Ağbabaya hücuma keçdilər. Arpa çayı ətrafı Almərdan düzündə hər iki tərəfdən qırılanın sayı - hesabı olmadı. Bu döyüşlərdə Yeyim Kərim yaralana-raq dünyasını dəyişdi. Bəkir paşa qırx gün - qırx gecə yas saxladı və Kərimin yoldaşı Zeynəbi, iki yaşlı oğlu Sərdarı öz himayəsinə götürdü.
Sən demə, bu tifillərin ağrılı-acılı günləri qabaqda imiş. Artıq qəm-kədər Zeynəbin yavaş-yavaş yaxasını tanımağa başladı.
Günlərin birində Zeynəbin dayısı molla Dursun Bəkir paşanın yanına gəldi və bildirdi ki, dul qadının şəriətlə dul qalması günahdı. Kərimin heç kimi olmadığından gərək Zeynəb mənim bacım oğlu Söyünə ərə getsin, mən bu haqda Söyünlə danışmışam, o bu xeyir işə razılıq verib.

  • Paşam, gəlməyimin məqsədi odur ki, sən də bu işə xeyr-dua verəsən, onu da yaxşı bilirəm ki, sən Kərimi doğma oğlundan da çox sevirdin.
    Mollanın sözləri sillə kimi Bəkir paşanın üzünə dəydi. Qəhərdən yaşarmış gözlərini dəsmalnan sildi. Bir təkrar özünü ələ alıb dedi:
  • Molla Dursun, deyirsən ki, şəriyət ilə gərək dul qadın ərə getsin, bəs uşaq?
  • Mən bu işə heç nə deyə bilmərəm. Əgər Zeynəbin özünün razılığı varsa, qoy sən deyən olsun.
    Molla Dursun dilləndi:
  • Bəkir paşa, sən Söyünü yaxşı tanıyırsan axı, sənin qoç igidlərin-dən biri deyilmi, kim istəyərdi belə olsun, bu bir Allah işidir, Allah yağı düşmənlərin evini yıxsın, evimizi yıxdılar.
    Bəkir paşa dilləndi:
  • Onda mənim sizdən bir təvəqqəm var, qoy Sərdarı mən böyüdüm. Ürəyi istədiyi vaxt da anasının yanına gedib gələ bilər. Mənim oğlum Osman Gümrünün yeni seçılmiş sərdarıdı, istəyim odur ki, Sərdarı oğlum Osmanın yanına göndərəm. Qoy, uşaqlıqdan dövlət işlərini öyrənsin. Elə ki, boyu çıxdı Gümrü şəhrinin gələcək paşası Sərdar olmalıdır. Artıq mənim ölümlü günlərim gəlib, bu vəsiyyətimi oğlum Osmana çatdırmışam.
    Bu danışıqlada Zeynəbin taleyi həll olundu. Zeynəb yeni ər evinə, Sərdar isə Gümrü şəhrinə göndərildi.
    Aradan heç on il keçməmişdi ki, Bəkir paşa rəhmətə getdi. Sərdar isə Gümrüdə Osmanın himayəsi altında böyüməyə başladı. Doğurdan da, atalar yaxşı deyib:- “Pis günün ömrü az olar” !!!
    Hələ uşaq yaşlarından Sərdar Osman paşa ilə birlikdə bir çox məclislərdə, döyüş meydanlarında olmuş, döyüş fəndlərini tam mükəmməl öyrənərək böyük, yaraşıqlı, ağıllı, bacarıqlı bir pəhləvana çevrilmişdi. Elə saz çalırdı ki, heç ustad aşıqlardan geri qalmırdı. Zili-zil, bəmi-bəm yerində idi.
    Aradan uzun illər keçmişdi. Sərdar Gümrü şəhrinin sərdarı idi, həm də çox rəhimli bir paşa idi.
    Varlı-yoxsul hamı onu sevirdi. Sərdar həmişə mahallara gedib, camaatın güzəranı ilə tanış olur, yoxsullara, əlsizlərə və yetimlərə kömək edərdi. Dağlar qoynunda olan Gümrü şəhri yavaş-yavaş gözəlləşməyə başladı. Müxənnət qonşuların dağıtdıqları binalar məscidlər və məhəllələr əvvəlki vəziyyətindən də yaxşı olmuşdu.
    Artıq Sərdar iyirmi beş yaşını haqlamışdı.
    Günlərin birində paşa öz dostları Niftalı ağa və Nağdəli bəylə ceyran ovuna çıxdılar. Sərdar ilk həmlədə ceyranın başını bədənindən üzdü və üzünü dostlara tutuaraq dilləndi:
  • Dostlar, ovumuz yararlı oldu, gələn il, allah qoysa, yenə bu yerlərə gəlib ov ovluyacağıq, hərəmiz bir ceyran öldürsək, bu allahın heyvanının kökü kəsilər axı!
    Bu sözləri eşidən dostlar gülüşdülər. Nağdəli bəy üzünü Sərdara tutaraq dilləndi:
  • Paşam, bəlkə mənim qonağım olasınız. Bu gün evimdə xeyir iş var, oğlum müsəlman olacaq. Gümrünün adlı- sanlı aşıqlarını da dəvət etmişəm.
    Sərdar dilləndi:
  • Əzizim, mən məmuniyyətlə o məclisdə iştirak etməyə hazıram, çünki harada aşıq məclisi varsa, gərək ora bir baş çəkəm, neçə ildi başım şəhərin işlərinə elə qarışıb ki, ozan məclisləri də az qala yadımdan çıxıb. Ancaq Nağdəli bəy, səndən bir ricam var. Bir fayton göndər, gedib Qarsdan anam Zeynəbi də gətirsin. Onun üçün də çox darıxmışam.
    Paşanın bir sözü iki ola bilməzdi. Elə belə də oldu.
    Məclis qara zurnada, cəngi havası ilə başlandı. Meydandan pəhləvanlar çıxmaq bilmirdi. Sonra məclis saza və sözə verildi.
    Zeynəb Söyün ağadan olan yeganə doğma qızı Fatma xanımla hərəsi Sərdar paşanın bir tərəfində əyləşdilər. Buralarda belə bir adət variydı ki, kişilər məclisinə qadınlar gəlmirdi. Ancaq Zeynəb xanımın təkidi ilə nişanlı qiz- gəlinlər məclisə daxil oldular. Sünnət mərasimi başlandı. Dəllək Qəfər müqəddəs “Qurani Kitabı” oxuyub qurtardıqdan sonra öz işini başa çatdırdı. Sərdar paşa yerindən durub dəllək Qəfərə xələt verdi və beləliklə də məclis qızışmağa başladı. Meydan artıq cavanların idi. Paşa dərin xəyallara qərq olmuşdu, elə bil, şirin yuxu görürdü. Birdən qarşısında dayanan gənc bir qızın səsinə diksindi. Qız utana-utana dilləndi:
  • Paşam, görürəm yuxulayırsınız, bir fincan qəhfə için, yuxunuz dağılsın. Sərdar başını qaldırıb qıza baxanda, elə bil Sərdarın başına göydən ildırım çaxdı. Sərdar iyirmi yaşında olanda bu qızı ilk dəfə yuxuda ona Xızır Peyğınbər göstərmişdi.
    Qız o qədər gözəl idi ki, yemə- içmə, dur bu qıza tamaşa eylə. Sərdar bir könüldən min könülə qıza aşiq oldu. Həmişə məclislərdən tez durub gedən paşa yerinə mıxlanmışdı. Gözünü də qızdan çəkmək bilmirdi ki, bilmirdi. İşi belə görən Zeynəb xanım dilləndi:
  • Bala, hamının gözü səndədi. Sən kimə baxırsan? Olmuya bu qıza aşiq olmusan? Bu qız, sənin dostun Nağdəli bəyin bacısı, Sona xanımdi.
    Sərdar paşa dedi:
  • Ana, doğrudan da, bu qız elə bil bir su sonadı.
    Bu zaman məclisi idarə edən Yetim Tapdıq sazı sinəsinə basıb, aldı ustadlardan görək nə dedi:

Necə söz deyəsən qəm ərbabına,
O da sənin kimi zəri görüfdü.
Dindirəndə haldan olar xəbərdar,
Cəbrə düşüb hər əfkarı görübdü.

Dost dostuna etsə iqrar imanı,
Qiyamətə gedər müddət zamanı.
Könül uman yerdən kəsməz gümanı,
Çün əzəldən etibarı görübdü.

Şenliyin zehnini verməyin zaya,
And verirəm, o yaradan Xudaya.
Bel bağlama dövrü keçən gədaya,
Neçə əyyam ruzigarı görübdü.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri