Əli xana
Azərbaycanda xarici işlər müdiri, cəlal sahibi Əli xan cənablarına
Əzəmətli ağam, Allah səadətinizi daimi etsin!
Sizin yeni vəzifəniz mübarək olsun!
Çox yaxına gəlmişsiniz. Tiflisdə olduğunuz zaman mənim haqqımda həmişə göstərdiyiniz iltifatları nəzərə alaraq zənn edirəm ki, bir neçə günlüyə sizin ziyarətinizə gəlmək mənə vacib idi. Lakin qocalmışam. Digər tərəfdən isə, sizin dövlətinizin torpağında mənim canımı təhdid edən xətərlərdən xatircəm deyiləm. Buna görə də məni bağışlamalısınız.
Sizin gözəl sifətlərinizi vəsf etməklə, təkcə mənim ağzım şirin deyildi. Bəlkə bütün dostlar və sizi tanıyanlar, Tiflisdə bir dəqiqə də olsun sizin adınızı xeyirlə yad etməkdən qəflət etmirlər.
“Təkcə sənin gül üzünün vəsfində mən qəzəl söyləmirəm,
sənin hər tərəfdə minlərlə bülbülün vardır”.
Şah əlahəzrətləri Tiflisdən keçərkən, mən də dövlət başçıları tərəfindən Poti limanına göndərilmişdim ki, orada şahzadələrlə söhbət edib onları yola salam. Orada cənab Müşirüddövlə mənim yanıma gələrək əhvalımı soruşdu və çox mehribanlıq göstərdi.
Dedim: – Sərkar sədr-əzəm, mən heç güman etməzdim ki, siz mənim barəmdə bu qədər iltifat göstərmiş olasınız.
Soruşdu: – Mirzə Fətəli, nə üçün belə düşünürsünüz?
Dedim: – Mümkündür ki, bəzi səhvlər məndə bu fikri oyatmışdır.
Dedi: – Mirzə Fətəli, siz mütləq səhv etmişsiniz!
Xülasə, bizim aramızda tam sülh və dostluq əmələ gəldi.
Dedim: – Sərkar sədr-əzəm, siz sədarətdən ibarət olan arzunuza yetişdiniz. Mən isə əlifbanı dəyişdirməkdən ibarət olan arzuma çatmaqdan hələ məhrumam.
Dedi: – Mirzə Fətəli, mən də hələ öz arzuma çatmamışam. Arzuya çatmaq bundan ibarət deyil ki, gəlib baş nazir kürsüsündə əyləşəsən. Axı bu kürsüdə əyləşərkən bir iş görmək lazımdır. Hələ ki, bir iş görməmişəm.
Dedim: – Siz hansı şəxslərin köməyi ilə işə iqdam edəcəksiniz? İranda sizin fikrinizə şərik olan heç kəs yoxdur. Əvvəlcə adam hazırlamalısınız, sonra işə başlamalısınız. Bu gün İranda zahirdə nəfəsləri gələn şəxslər, həqiqətdə ölü sayılırlar. Onların qanı soyumuş və hərəkətdən düşmüşdür. Onların damarlarına təzə və isti qan tökmək və hərəkətə gətirmək lazımdır. Ondan sonra işləmək asandır. Təzə qan isə yeni əlifbanı qəbul etmək və Avropa elmlərini öyrənməkdən ibarətdir.
Güldü və dedi: – Görək nə etmək lazım gəlir...
Rəşid xidmətinizə salam yetirir. Üç aydan sonra təhsilini təkmilləşdirmək üçün universitetə gedəcəkdir.
Gözümün işığı olan Hüseyn paşanın üzündən öpürəm. Sizi Allaha and verirəm, əvvəl-əvvəl ona fransız əlifbasını öyrənməyi tapşırın ki, islam əlifbasını oxumaqla, bu əlifbanın sayəsində təlim və tərbiyənin birinci mərhələsində təhsildən, türklər demişkən, zəhləsi getməsin.
Sizə ixlası olan Mirzə Fətəli Axundzadə
tərəfindən yazıldı.
10 yanvar 1874-cü il, Tiflis
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-eli-xana-4
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mərhəmətli cənab Yakov Alekseyeviç!Sizin yaxşı sifətləriniz haqqında dəfələrlə tə’rif eşitmişəm. Odur ki, mən Peterburqda olan başqa nəşriyyatları nəzərə almadan, qeyd edəcəyim bir məsələ barədə bilavasitə sizə müraciət edirəm. Məndə “Hindistan şahzadəsi Kəmalüddövlənin məktubları” adlı farsca bir əlyazması vardır. Mən onu rus dilinə tərcümə edərək, indi öz tərcüməmi orijinalla bərabər, sizin sərəncamınıza göndərirəm. Bu tərcüməni əvvəldən axıra qədər oxumağı sizdən acizanə xahiş edirəm. Əgər, sizin fikrinizcə, bu kitab rus oxucuları üçün maraqlı görünərsə, o zaman bu kitabı istər orijinal halda, istərsə də onun tərcüməsini, satışdakı müvəffəqiyyətlərinə görə, bir və ya bir neçə dəfə çap etmək ixtiyarını əldə etmək üçün mənimlə hansı şərtlər əsasında saziş bağlamaq istədiyinizi mənə bildirməyinizi xahiş edirəm.
Ərəbcə, farsca və türkcədən ibarət olan islam dillərinin yazısı üçün yeni əlifbaMayor Mirzə Fətəli Axundzadənin əsəri. Min iki yüz yetmiş dördüncü il hicri, səfər ayı*oktyabr, 1857*
Diplomatik dəftərxananın müdiri XvostovaZaqafqaziya ölkəsi baş Komandanlığı diplomatik dəftərxanasının müdiri Xvostova**Praporşik Mirzə Fətəli Axundzadənin yazılı məlumat vərəqəsi 5 aprel 1843-cü il*
Baş İdarə dəftərxanasının direktoru VasilkovskiyəZaqafqaziya ölkəsi baş idarəsi dəftərxanasının direktoru Vasilkovskiyə**Praporşik M.F.Axundzadənin məlumat vərəqəsi 31 iyul 1843-cü il*
Başqa şairlərin şeirləri
این است حقیقت اصلِ معنیش
OlduƏyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Çöl çiçəyiBir keçən buludun, göz yaşlarını,Qana-qana içib, açılan çiçək.