Köhnə islam əlifbasını dəyişdirmək barədə kolonel Mirzə Fətəli Axundzadənin keçən il əlahəzrət İran şahənşahının maarif nazirliyinə göndərdiyi izahatın surəti
Səhifə 3 / 3 · 67%
Yeni yazı üsulu nəşr edildikdən sonra himayəmiz altında olan ölkələrdə mö’təbər bir alimin sədarəti altında xüsusi bir cəmiyyət yaradıb, 10-12 nəfər alimi orada əyləşdirmək olar ki, bizə zəruri olan kitabları köhnə yazıdan təzə yazıya köçürsünlər. Kitablardan hər birisi hazır olduqda, onu çap etdirib münasib qiymətlə satmaq üçün ölkənin hər tərəfinə göndərmək olar ki, bu satış nəticəsində əldə edilən gəlirlə həm cəmiyyət üzvlərinin maaşını və həm də başqa xərcləri ödəmək mümkün olsun. Şübhəsiz ki, bu tədbir nəticəsində 2-3 ildən sonra cəmiyyətin gəliri çıxarından iki qat çox olacaqdır və belə olduqda, gəlirin çoxluğundan yığılan məbləği mətbəələrin və məktəblərin yaradılmasına və genişləndirilməsinə sərf etmək olar.
Yeni üsul tətbiq olunduqdan sonra həmin cəmiyyətdə olan alimlər köhnə sərf-nəhv qaydalarını tamamilə alt-üst edib, yeni üsula uyğun olaraq, ərəb, fars və türk dilləri üçün üç cilddən ibarət müxtəsər sərfnəhv qaydaları yazaraq, sözlərin “faəl-feil” və “eynəl-feil”inin ixtilafını izah etməyə əsla əhəmiyyət vermədən bütün məktəblərdə onun tədrisinə başlayarlar.
Yeni üsulun tətbiqindən sonra sözlərdəki “fəal-feil” və “eynəl-feil” saitlərini ayırd etmək bütünlüklə lüğət yazanların işi olar. Onlar bu işi hazırda mövcud olan üsulun əksinə olaraq, sözlərin düzgün tələffüzünü izah etmək dəlilləri kimi deyil, sadəcə fəthə, kəsrə və zəmməni əvəz edən saitləri yazmaqla tə’yin etməlidirlər. Yə’ni, bu gün lüğət yazanlar hər bir sözü şərh etdikdə, əlifbadakı qüsurlar üzündən hövsələyə sığmayan cürbəcür vasitələrə əl atmağa məcbur olurlar ki, bəlkə bunların köməyi ilə oxucu axtardığı sözün oxunuşunda səhvə yol verməsin. Məsələn: sütunavəndə sözünün izahında yazırlar:
Sütunavəndə – birinci və ikinci hərfləri zəmməli, sakin nun, uzanan həmzə, fəthəli vav, əbcəd dalı və ikinci nunun sakinliyi ilə bir sütun üzərində dayanan eyvanın qabağına deyirlər.
Yeni üsul tətbiq olunduqdan sonra bu xoşagəlməyən çətinliklər tamamilə aradan qalxacaqdır. Eləcə də ölkələrin, yerlərin, kəndlərin, şəhərlərin adlarını, habelə saysız-hesabsız əcnəbi sözlərini eynilə öz dilimizə köçürməli olduğumuz üçün bundan sonra yeni üsulla çox aydın və düzgün yaza biləcəyik. Halbuki, hazırkı hərflərimizdə bu kimi adların və sözlərin düzgün yazılışı qeyri-mümkündür.
Sərf-nəhvin yeni qaydasında ancaq sözlərin sonluğu və bə’zi başqa məsələlər haqqında mə’lumat vermək lazım gələcəkdir. Beləliklə də müsəlman balaları və Şərq dillərini öyrənmək istəyən bütün adamlar artıq köhnə sərf-nəhv qaydalarını öyrənməyə ehtiyac hiss etməyib, böyük bir əzabdan xilas olaraq gənclik günlərini qiymətli bilikləri öyrənməyə sərf edəcəkdirlər.
Ümid edirəm ki, böyük Osmanlı dövlətinin başçıları bütün xalqın dünya və axirət səadətini tə’min edən bu böyük məsələyə ciddi fikir verib razı olmayacaqlar ki, əlacı yalnız bilik və savadda olan 300 milyondan artıq islam xalqları korluq və cəhalət bəlasına həmişəlik mübtəla olaraq qalsınlar. Mən ruhanilərin bu işə mane olacaqlarını zənn etmirəm. Əgər mane olmaq istəsələr, onlar böyük Osmanlı xalqının düşmənidirlər. Bir halda ki, xalqların müxtəlif vasitələrlə tərəqqi etməyə mail olduqları göz qabağındadır, o zaman hansı bir işə iqdam etmək olar ki, xalqa onun faydası köhnə əlifbanı dəyişdirməkdən üstün ola bilsin? Dəmiryol vacibdir, lakin köhnə əlifbanı dəyişdirmək ondan daha vacibdir. Teleqraf vacibdir, lakin köhnə əlifbanı dəyişdirmək ondan da vacibdir. Çünki bütün işlərin əsası bilikdir; bilik isə əlifbanın asan olub-olmamasından asılıdır.
Yazımızın çətinliyi nəticəsində biz elmdən məhrum qalırıq, savad və bilik əldə etməkdən acizik. Belə bir əlac düşünmək lazımdır ki, biz də, istisnasız olaraq hamımız azacıq bir sə’ylə alman milləti kimi savadlanıb, kitab oxumağa qadir olaq. Oxumuşların sayı çox olan ölkələrdə təfəkkür sahiblərinin sayı da çox olur. Təfəkkür sahiblərinin çox olduğu ölkədə isə həyatın bütün sahələrində xalq gündən-günə tərəqqi edə bilər. Biz belə bir vəziyyətə nə üçün gərək təəssüf etməyək ki, 300 milyonluq islam xalqları içərisində savad və bilik sahibi olanların sayı 2-3 milyondan artıq deyildir. Köhnə əlifbanı dəyişdirməkdən başqa bu dərdin əlacı yoxdur. Hicrətdən bu günə qədər biz həmin dərdə düçarıq, indi ki, dərdimizi anlamışıq, əlacını da tapmışıq, bəs nə üçün onun müalicəsinə başlamayaq?
Əlifbanı dəyişdirməyin ehtimal olunan zərəri bu işin verəcəyi mənfəət müqabilində Qülzum (Qırmızı) dənizi müqabilində bir qətrə kimidir. “Əlifba dəyişildikdən sonra filan qədər kitabımız məsrəfsiz qalıb, zay olacaqdır”, – deyən ağılsızların sözünə əsla əhəmiyyət verilməməlidir. Onlar qəflətdədirlər. Bizim bu gün nə kimi kitablarımız vardır? Yə’ni bizdə yüksək məzmunlu, ciddi əhəmiyyətli, nəfis elmlərdən xəbər verən kitablar yoxdur. Bundan sonra inşallah bizim bu kimi kitablarımız olacaqdır. Avropa və Yengi Dünya xalqlarının malik olduğu təbabət, fəlsəfə, riyaziyyat, coğrafiya, hərbi, dənizçilik, mühəndislik elmi, tarix, inşa, inzibati hüquq, iqtisad, əkinçilik, mə’dənşünaslıq, təbiiyyat, astronomiya, hey’ətşünaslıq, kimya, sənaye və texnikanın müxtəlif sahələri və növlərindən bəhs edən elmi kitabların müqabilində bizim kitabların əksəriyyəti “Çehil tuti” (Qırx tutu) kitabı kimi əhəmiyyətsiz bir şeydir. Biz “Məsaibül-əbrar” üçünmü heyifsilənəcəyik və ya “Əbvabül-cinan”ın dərdini çəkəcəyik?! Qoy, qiyamət gününə qədər bizim nadanlığımıza dəlalət edən və avropalıların nəzərində bizim ağıldan naqis olmağımıza şahid sayılan bu cür əsərlər birdəfəlik itib-batsınlar. Bizdə bə’zi kitablar da vardır ki, onları ya gərək öz əlimizlə odlayıb yandıraq, ya da çaylara tullayaq. O cümlədən, bizdəki qədim təbabət kitablarını göstərmək olar ki, onların varlığı üzündən yalançı təbiblərin əli ilə kürur-kürur insanlar təbii əcəlləri yetişmədən həlak olurlar. Bu gün bizim əlimizdə fiqh, təfsir və lüğət kitablarından, hesab, nücum və coğrafiyaya aid, habelə bə’zi tarixi hadisələrdən bəhs edən əsərlərdən başqa bir şey yoxdur. Bu kitabları isə köhnə əlifbadan yeni əlifbaya köçürmək heç də çətin bir iş deyildir.
Mirzə Fətəli Axundzadə
1870-ci il, yanvar ayı, Tiflis şəhəri
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-kohne-islam-elifbasini-deyisdirmek-barede-kolonel-mirze
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünən İranın paytaxtındanAraq düşkünü, pərişan bir qoca gəldi;
MədhiyyəKapitan İqranoviç haqqında*Şahi-şahan imperator, xosrovi-keyvan sərir,
Səidə xitabSəida, nuri-çeşmim, bir nəsihət daxı məndən al!Ülumə sərfi-səy et, bulhəvəslik yoluna varma!
Şahmat oyunu haqqındaBiri şah, biri vəzir və ikisi fildir,İki at və iki qala şaha kəfildir.