Mirzə Məhəmmədrəfi Sədrül-üləmayə
Cənab müstətab, qüdsi əlqab ağa Mirzə Məhəmmədrəfi Sədrül-üləmaya çoxlu salam yetirirəm Allah onu səlamət eləsin!
Ağa! Əziz ağam Mirzə Əsədulla xanın xahişi ilə, onun vasitəsilə özümün türkcə “Təmsilat”ımdan bir cild yadigar olaraq cənabınıza hədiyyə göndərdim və bununla da təsadüfən istifadə edərək, sizinlə tanışlıq və dostluğun əsasını qoyub, birinci məktubumu islam dillərində yazmağı, oxumağı və çap işini asanlaşdırmaq üçün yeni əlifbanı qəbul etmək zərurəti barədə yazıram.
Ağa! Siz nə üçün istəmirsiniz ki, bizim xalqımızın bütün fərdləri, kişili-qadınlı, şəhərli və kəndli az bir müddətdə savadlı olsunlar? Axı siz görürsünüz ki, köhnə əlifbanın çətin olması nəticəsində, hicrətdən keçən 1290 ildən bəri islam xalqları arasında elmlər yayıla bilmir? Belə isə məlum olur ki, bizim köhnə əlifbamızın bir çox eybi və nöqsanları vardır. Bu əlifba ilə yazıb oxumağın və kitab çap etməyin çətinliyi haqqında danışmağa belə ehtiyac yoxdur.
Ağa! Dörd şərti saxlamaqla yeni bir əlifba tərtib ediniz! Birincisi, hər bir hərfin ancaq bir şəkildən başqa müxtəlif şəkilləri olmasın.
İkincisi, hərflərin altında və üstündə olan bütün nöqtələr atılsın. Yəni hərflər bir-birindən nöqtələrin sayı ilə deyil, öz şəkillərinin müxtəlifliyi ilə fərqlənsin.
Üçüncüsü, bütün sait hərflər, yəni erab və hərəkələr, məsələn, fəthə, kəsrə, zəmmə və sairə hər biri xüsusi bir şəkildə, hərf kimi sözlərin tərkibində samit hərflərin yanında yazılsın.
Dördüncüsü, samit hərflər sözlərin tərkibində işlənərkən biri digəri ilə bitişməsin. Onların bitişməsinə sait hərflər, yəni indiyə qədər samitlərin altına və üstünə qoyulan hərəkələr kömək etsin. Həqiqətdə, fəthənin müqabilində – ə, kəsrənin müqabilində – i, zəmmənin müqabilində isə – ü səsləri vardır. Bunlar Quranda hərflərin üstündə və altında hərəkə şəklində yazılırdı. Yeni əlifbada isə bu hərəkələrin qəddi düzəldilməli, şəkli düzəldilməli və ayrıca hərflər şəklinə salınıb, sözün tərkibində yazılmalıdır.
Ağa! Əgər biz belə bir əlifbanı qəbul etsək, onun vasitəsilə bütün uşaqlarımız bir-iki ay ərzində öz ana dillərində hər şeyi anlayacaq və başqa dillərdə yazılan kitabların yazısını da heç bir səhv və xətaya yol vermədən oxuya biləcəklər. Yəni savad öyrənmək üçün uşaqlara ayrı-ayrı hərfləri tanımaq kifayətdir və bu yeni əlifba bütün təbəqələri və bütün peşə sahiblərini savadsızlığın eybindən və qəbahətindən xilas edəcəkdir. Bütün vəzifə sahibləri, şöhrət və yaxşı ad axtaran şəxslər bu əlifbanın vasitəsilə Avropa elmləri ilə tanış olacaqlar. Avropa elmləri tədriclə bizim dilə tərcümə olunaraq, yeni əlifbaya köçürülüb nəşr ediləcəkdir və İran xalqı nailiyyətə və xoşbəxtliyə çatacaqdır.
Qoy köhnə əlifba da din alimlərinin əlində qalsın ki, onlar bu əlifba ilə yazılmış dini kitabları oxuyub, məzmununu bizə təlqin etsinlər. Yəni, qoy, köhnə əlifba axirət işlərinə, yeni əlifba isə dünya işlərinə məxsus olsun.
Ağa! Bilirəm ki, bu kimi böyük fikirləri həyata keçirmək, mənim və sizin kimi adamların qüvvəsindən xaricdir. Belə bir fikri icra etmək, qüdrət və iradə sahibi olan bir padşahın əzm və iradəsindən asılıdır. Nə edim ki, əlim padşaha çatmır. Ona görə də mən öz fikrimi sizə və sizin kimi başqa cənablara bu məqsədlə bildirirəm ki, mənim fikrimi xalqın arasında yaysınlar. Qoy, bu fikir danışıqların mövzusu olsun, bəlkə bu yolla bir vaxt padşahın qulağına çatsın və onu imkandan həqiqətə çevirsin.
Ağa! İndiyə qədər bizdən baş verən hər bir yaxşı iş, məsələn, xeyrat, ehsan və sairə, hamısı behişt əldə etmək tamahı xatirinə olmuşdur. İndi də gəlin, bir qədər şəxsi mənfəət güdmədən, vətənimizin azadlığı, xalqımızın tərəqqi və səadəti yolunda yaxşı işlərə iqdam edək! Mənə belə gəlir ki, bu kimi işlər həm insanların, həm də Allahın yanında hər cür ibadətdən daha yaxşıdır. Mən yeni əlifbanın layihəsini ayrıca bir varaqda bu məktubda qoyduğum qırmızı əlamətin altında yazıb sizə göndərirəm.
Ağa! Bu əlifbada sizə xoş gəlməyən hər bir hərfi və ya şəkli öz istədiyiniz kimi dəyişdirməyə ixtiyarınız vardır. Hətta, mən sizə ixtiyar verirəm ki, əlifbada olan bütün sait və samit hərflərin şəkillərini ya öz səliqənizlə, ya da xoşxət adamların səliqəsi ilə tamamilə dəyişəsiniz. Lakin yuxarıda qeyd etdiyim dörd şərtdən kənara çıxmağa icazə vermirəm. Çünki bu şərtlərə riayət etmədən, yeni əlifbanın heç bir bəhrəsi ola bilməz. Yəni oxumaq, yazmaq və kitab çap etdirmək işlərini asanlaşdıra bilməz.
Ağa! Görürsünüz ki, yeni əlifba layihəsində peyğəmbərlərin şəriətinə zidd olan heç bir şey yoxdur. Çünki biz köhnə əlifbanı tamamilə tərk etmirik. Köhnə əlifba yenə də öz yerində qalır. Nəhayət, bu yeni əlifba da nəstəliq, şikəstə və reyhani kimi yeni bir xətt sayılacaqdır. Ona da “Divani” adı qoyacağıq. Bəli, əgər biz yeni əlifbanı “kafirlərin” əlifbasından götürsəydik, o zaman dedi-qoduya imkan olardı və deyə bilərdiniz ki, biz “kafirləri” niyə təqlid edirik. Halbuki biz yeni əlifbamızı özümüzün hazırkı əlifbamıza əsasən düzəltmişik. Nəhayət, burada bir qədər dəyişikliyə yol vermişik. Belə isə, artıq danışmağa nə ehtiyac vardır? Bəs necə olur ki, şikəstə xətti ilə yazanlar bütün hərflərin şəklini dəyişir və nöqtələrini tamamilə atır. Lakin heç kəs onlara bir söz demir? Amma siz ümumxalqın faydası naminə hərflərin şəklini bir qədər dəyişmək və nöqtələri atmaq istədikdə, dərhal yer-göy lərzəyə gəlir? Kufi xəttində heç bir nöqtə yox idi. İbn Muqlə kufi xəttini nəsxə çevirdi və onda nöqtələri icad etdi və bizi bu qədər böyük əzaba saldı. Çox yaxşı oldu ki, ondan elə bir günah baş verdi ki, xəlifə onun əlini kəsdirdi.
Çox mümkündür ki, bəzi dargörüşlü adamlar iddia etsinlər ki, yeni əlifba ilə hüsnxət itir və guya hüsnxət yazının əsas fəziləti və çox lazımlı, birinci dərəcəli məsələsidir. Bunun cavabında demək olar ki, hüsnxət mənasız bir işdir. Hər bir xəttin gözəlliyi və fəziləti ondadır ki, mümkün qədər asanlıqla oxunsun. Bundan başqa, hüsnxət yazıya adət etməyin nəticəsidir. Hər bir xəttə adət etdikdən sonra onu gözəlləşdirmək olar. Bundan əlavə, gözəl xətlə yazmaq qabiliyyəti olan şəxslər hər hansı əlifbada yazılarsa yazsınlar, onların xətti gündən-günə artar. Bu əlifbanı mən özüm yazmışam. Ona görə də gözəl yazılmamışdır. Siz ondan bir nüsxə verin təbrizli Mirzə Şəfi Xoşnevisin şagirdlərindən bir nəfəri yazsın. O zaman görəcəksiniz ki, bu əlifbanı da gözəl yazmaq olar, ya yox?
Ağa! Bu məktubda yazdığım mətləbləri təsdiq etmək üçün Melkum xanın yeni əlifba haqqında yazmış olduğu kitabçanı və fransız alimi Şarl Missmerin şərhini oxumaq lazımdır. Bunların hər ikisi mənim İstanbul səfərimdən sonra fikrimi Osmanlı dövlətinin vəzifə sahiblərinin qulağına çatdırmaq və bu fikri müdafiə etmək məqsədilə yazılmışdır. Mirzə Əsədulla xana yazın ki, hər iki əsərin surətini məndən istəsin, onların üzünü Mirzə Əlinağıya köçürtdürsün və sizin üçün göndərsin. Öz dostlarınızla təşkil olunan məclislərdə bu kitabları oxumaqdan, şübhəsiz ki, həzz olacaqsınız. Çünki Mirzə Melkum xanın kitabçası çox duzlu və məzəli yazılmışdır. Əgər yüz dəfə oxusanız, yenə də doymayacaqsınız. Mən əminəm ki, siz əmr edəcəksiniz ki, Təbriz çapçılarından biri hər iki kitabçanı çap edib, öz mənfəətlərinə satsınlar. Savadı olan hər bir şəxs bu kitabçaları alacaqdır. Vəssalam!
18 məhərrəm, 1291-ci il (7 mart 1874)
Tiflisdə kolonel Mirzə Fətəli Axundzadə
tərəfindən yazıldı.
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-mirze-mehemmedrefi-sedrul-ulemaye
← → düymələri ilə keçid, R — təsadüfi şeir