Əzizim Əsgərxan bəy!

Yeni əlifba kitabçası əlinizə çatan kimi gecikmədən yeni yazı üsulunu yazılmış təlim qaydalarına müvafiq olaraq öyrənib, xalqın bütün təbəqələrindən – istər varlı və əşraf, istərsə də yoxsul və sənətkarlardan şagirdlər tapıb, yeni əlifbanı onlara öyrədin və diqqət yetirin ki, kitabçanın üzünü köçürüb özlərində saxlasınlar. Əgər tələbələrdən və məktəb uşaqlarından şagirdlər tapa bilsəniz, çox yaxşı olar. Yeni əlifba kitabçasını kamal və mərifət sahiblərinin məclislərində oxumalı və yeni yazı üsulunun vacib bir iş olduğunu dəlillərlə sübut etməlisiniz.

İşin gedişi barədə aybaay yeni əlifba ilə bir məktub yazıb kəlağayıçı Hacı Rəsula veriniz ki, gecikmədən öz məktubunun içində Tiflisdə olan qardaşı tacir Ağa Həsənə göndərsin ki, o da mənə çatdırsın. Hər bir məktubunda gərək şagirdlərin sayını, onların adını, ləqəbini və hər birinin çalışqanlıq və həvəs dərəcəsini göstərib, habelə xalqın bu yeni əlifbaya meyli olub-olmadığını da mənə bildirəsiniz. Əgər dinləyicilər əlifbaya dair mübahisə açsalar, gərək cavabını bildiyiniz kimi verəsiniz və mənə də yazasınız ki, filan məclisdə filankəs, filan bəhsi filan mətləb ətrafında irəli sürdü.

Siz gərək həmişə alimlərin məclisinə gedəsiniz. Siz xüsusilə əsrin müctəhidi cənab Hacı Mirzə Bağır ağanın hüzuruna gediniz. Mənim ona kamil ixlasım vardır və həmişə onun fəzilətinə və gözəl əxlaqına pərəstişkaram. On il bundan əvvəl darül-xilafeyi Tehrana səfərim zamanı Təbrizdən keçərkən, onun mərhum atasının ziyarətinə gedib, əlini öpməyə nail olmuşdum. Siz onunla yeni əlifba haqqında söhbət edin və mülahizələrini mənə yazın!

Siz mətbəə sahibləri ilə yaxın əlaqə saxlayıb, onları başa salmalısınız ki, vəziyyətlərinin yaxşılaşması və işlərinin tərəqqisi bu yeni əlifbanın hətta tətbiq olunmasından asılıdır. İnşaallah-taala islam ölkələrinin padşahları onu təsdiq və həyata keçirmək yolu ilə bütün müsəlman xalqlarını xoşbəxt edəcəklər.

Sözün qısası, siz gərək bu yeni əlifbanı öyrədib yaymaq fikrində gecə-gündüz tam ciddiyyət və həvəslə çalışasınız. Tacirlər arasında savadsızlar olarsa, əlbəttə, siz bu əlifbanı onlara öyrədin ki, bircə ay ərzində tam savadlı olub, öz işlərini həmin savadın köməyi ilə irəli aparsınlar.

Əgər İsfahan, Şiraz və Xorasan kimi şəhərlərin əhalisindən şagirdləriniz olarsa, əlbəttə, yeni əlifbanı onlara da öyrədin və kitabçadan bir nüsxəsini də onlara verin ki, öz vilayətlərinə qayıtdıqdan sonra, onlar da yeni əlifbanı başqalarına öyrətsinlər.

1275-ci il məhərrəmül-həramın sonunda
[9.IX-1858] Tiflisdə kapitan Mirzə Fətəli
Axundzadə tərəfindən yazıldı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

A.F.Kruzenşternə

Qafqaz canişini baş idarəsi rəisi A.F.Kruzenşternə**Baş idarənin yazılı mütərcimi kapitan Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi*

3 dəq
Qeyd

1861-ci ilin sentyabr ayında Müsyö Berje vasitəsilə Tiflisdən Tehrana “Təmsilat”ımdan dörd nüsxəsini adları aşağıda qeyd olunan şəxslərə, yəni maarif naziri şahzadə Əliqulu Mirzəyə, əyalət nayibi şahzadə Fərhad Mirzəyə, ədliyyə naziri Abbasquluxan Cavanşirə və Müşirüddövlə Mirzə Cəfər xana göndərib, “Təmsilat”ın hər bir nüsxəsinin titul vərəqində bu sözləri yazdım. Yazdığım bunlardır:Zahiri baməzə və xoşagələn, batini isə başdan-başa moizə və nəsihətdən ibarət olan bu cür qəribə əsərlər müsəlman xalqları arasında məlum deyildi. Mən bu işin banisi oldum. Bu əsərlərdə mənim müsəlman camaatı arasında mövcud olan bəzi xoşagəlməz adətlərə və ənənələrə qarşı istehza yolu ilə etirazımı görənlər, bu etirazı mənim təəssübsüzlüyümə və xalqıma qarşı məhəbbətimin olmamasına yozmasınlar gərək! Çünki bu etirazlardan məqsədim ibrət dərsi verməkdir ki, başqaları bu kimi pis adətlərdən çəkinsinlər. Necə ki, açıq fikirli həkim şeyx Sədi rəhmətullah da öz “Gülüstan”ında Loğmanın dili ilə bu mətləbə işarə etmişdir: “Loğmandan soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: – Ədəbsizlərdən, yəni onların əməllərində hər şeydən ki, xoşum gəlmədi, ondan uzaqlaşdım”.

1 dəq
Həzrət Sədirətpənaha

Həzrət-Sədarətpənahın yüksək nəsəbli hüzuruna Allah onun cəlalını daimi etsin!**Zati-ali imperatorzadə Qafqaz cani- şini xidmətində islam dilləri mütərcimi mayor Mirzə Fətəli Axundzadədən*

2 dəq
Yazılı məruzə (Kruzenşternə)

Qafqaz canişinliyi baş idarəsinin mütərcimi mayor Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi**23 aprel 1863-cü il, Tiflis*

3 dəq

Başqa şairlərin şeirləri