Ana dili
Dil açanda ilk dəfə ana söyləyərik biz,"Ana dili" adlanır bizim ilk dərsliyimiz.İlk mahnımız laylanı anamız öz südüyləİçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil, - bizim ruhumuz, eşqimiz, canımızdır,Bu dil, - bir-birimizlə əhdi-peymanımızdır.Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi.Bu dil, - əcdadımızın bizə qoyub getdiyiƏn qiymətli mirasdır, onu gözlərimiz təkQoruyub, nəsillərə biz də hədiyyə verək.
Bizim uca dağların sonsuz əzəmətindən,Yatağına sığmayan çayların hiddətindən,Bu torpaqdan, bu yerdən,Elin bağrından qopan yanıqlı nəğmələrdən,Güllərin rənglərindən, çiçəklərin iyindən,Mil düzünün, Muğanın sonsuz genişliyindən,Ağ saçlı babaların əqlindən, kamalından,Düşmən üstünə cuman o Qıratın nalındanQopan səsdən yarandın.Sən xalqının aldığı ilk nəfəsdən yarandın.
Ana dilim, səndədir xalqın əqli, hikməti,Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.Ürəklərə yol açan Füzulinin sənəti,Ey dilim, qüdrətinlə dünyalara yol açmış.Səndə mənim xalqımın qəhrəmanlıqla doluTarixi varaqlanır,Səndə neçə min illik mənim mədəniyyətim,Şan-şöhrətim saxlanır.Mənim adım, sanımsan,Namusum, vicdanımsan.
Millətlərə, xalqlara xalqımızın adındanMəhəbbət dastanları yaradıldı bu dildə.Moskvada Puşkinə heykəl qoyulan zaman,Ona abidə qoydu bu dildə Şirvani də.
Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi,Bu dil, - əcdadımızın bizə qoyub getdiyiƏn qiymətli mirasdır, onu gözlərimiz təkQoruyub nəsillərə biz də hədiyyə verək.
Ey öz doğma dilində danışmağı ar bilən,Bunu iftixar bilənModalı ədəbazlarQəlbinizi oxşamır qoşmalar, telli sazlar.Qoy bunlar mənim olsun.Ancaq Vətən çörəyi,Bir də ana ürəyiSizlərə qənim olsun.
Noyabr 1954
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-ana-dili
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xəyalım yenə də öz səfərində,Onun söykək yeri dərdim, məlalım.
ÖmürY. Məmmədəliyevə ithaf*Deyirlər, çox ardır yüz il, əlli il,
Qara saçlar, ağ saçlarSaçlarıma dən düşür, dən düşür, yaman düşür,Hər baxanda anamın ürəyinə qan düşür.
Dünyamı, mənmi?Uşaqlıq şəklimə hey baxıram mən,İllər xəyalımdan süzülüb keçir.