Tələbələrimə

1

Bir gün müəlliməm,
Bir gün şairəm.
Daim bir məcazda ola bilmirəm!
Mənim də qismətim beləymiş, demə,
Naşükür deyiləm öz qismətimə.

Yarıya bölünür günüm, saatım,
Vaxt mənim sərvətim, sonsuz varımdır.
Müəllimlik - mənim günüm, həyatım,
Şairlik - ən uca duyğularımdır.

2

İmtahan...
İmtahan götürürəm mən.
Gəlir tələbələr, gəlir birbəbir.
Hər gələn cavanın tərpənişindən
Ağlı, düşüncəsi mənə bəllidir.
Kimi cəsarətlə çəkir bileti,
Kimi qorxa-qorxa yanaşır mizə.
Kimi bildiyindən umur qiyməti,
Kimi də güvənir mürvətimizə.
Kimi nişan alır əvvəldən sonu,
Dediyi mətləbi hiss edir, duyur.
Kimi əzbərləyib oxuduğunu,
Danışmır,
Elə bil kitab oxuyur.

Sözündən özünün xəbəri yoxdur
Cümlələr ütülü,
Sözlər soyuqdur.
Bir il bu sinifdə
bildiklərimi,
Alışa-alışa danışmışam mən.
Onların önündə
bir çıraq kimi
Sözümdən od alıb alışmışam mən.
Məqsədim bir olub:
Bu təzə nəsil
Dünənə güvənsin, bu günü sevsin.
"Özgəni" danmasın,
ancaq, müttəsil
Özünə tapınsın,
Özünü sevsin.
Mənim də kəsirim az deyil, şəksiz,
Dünyanı asmışam əsəblərimdən.
Bircə sözümü də ancaq ürəksiz,
Boğazdan yuxarı deməmişəm mən.

Hər cümləm - dünyada ayaq izlərim,
Köklənib könlümün öz ahənginə.
Könül qaynağında bişən sözlərim
Bürünüb hissimin qızıl rənginə.
Ən böyük fikrimi, sözümü bəzən,
Danışa-danışa yaratmışam mən.

Yanlışı zamanın özü düzəldir,
Fikri də istərəm mən, əlvan-əlvan.
Özünün yanlışı min pay gözəldir,
Özgənin düzünü təkrarlamaqdan.
Könlüm qanadlandı,
Fikrim ucaldı,
Gəncliyin önündə alışanda mən.
Dedim: "Nə" sualı arxada qaldı,
“Neçin” Mən yapışm,

İndi "Neçin" dən!
Mən ki, deməmişəm, Loğman Sabirin
Harda,
Hansı ildə
doğulduğunu.
Demişəm, dilidir o, dərdimizin,
Vətən nədən ötrü doğubdur onu...
İstərəm,
hər cavan
yandığım kimi,
Alışsın!
Məni də yandırsın yenə!
Mənim yana-yana dediklərimi,
Həmən yanğıyla da qaytarsın mənə.

Gəlir, bir çəlimsiz, ucaboy oğlan.
Danışır,
İnam var, inam səsində,
Məsləki görünür baxışlarından,
Ürəyi səslənir hər kəməsində.
Üzü də tüklüdür...
Baxıram ona.
Gecəni yatmayıb, şişib gözləri.
Mənim gəncliyimi andırır mənə
Əsəbi görkəmi, yanıq sözləri...
"-Siz belə dediniz, filankəs belə,
Filan alimlərsə... deyir filan cür.
Mənim fikrimcəsə..."
Bu fikrin hələ
Bişməyib.
Mənəsə gözəl görünür.
Niyə?
Soruşsana...
Gün təzələndi.
O səni gözləyir, sən sabaha bax...
Biz öz sözümüzü demişik, indi,
Bu meydan sizindir, sizindir ancaq!

Mənim yana-yana dediklərimi,
Sən mənə qaytardın bu gün ayrı cür.
Sən səcdə qılsaydın mənə büt kimi,
Mən sonsuz olardım,
Şükür,
Çox şükür!
Bir təzə rəng verdi o, hər mətləbə.
Bu böyük zəfərdir,
Bu ki dərd deyil.
Şagird,
Ustadından neçə mərtəbə,
İrəli getməsə...o, şagird deyil.
Mən bu tələbəyə nə yazım indi?
Qələm kağız üstə gəzdi, sevindi...
Yazdı qiymətini o özü!
Mən yox!
O, rəngdən rəngi yox, ətri götürmüş.
Meyvədən danışdım mən ona ancaq,
O, könül gözüylə toxumu görmüş!..

Saçları çiynində, mini yubkalı,
Gözləri sürməli birisi gəldi.
Bileti çəkincə dəyişdi halı:
-Bilmirəm... - deyərək yola düzəldi.
"İkini yazımmı?
Məgər bununla
vəzifən bitirmi?
Yox!
Dayan, yavaş!
Başımın çölünü bəzəyincə o,
Başının içini bəzəyəydi kaş!
Təzədən çağırdım,
Dedim: -Bilet çək!
Çəkdi.
İki kəlmə danışdı,
Qalxdı.
O ki var danladım.

İndi neyləmək?
Durub matdım-matdım üzümə baxdı
Yazdım "iki"sini...
çətin,
çox çətin !
Tələbə bilmir ki,
Müəllimlərin,
Yazdığı hər "iki",
Min sual kimi
Onun yuxusuna girir,
Söz sorur.
"İki"lər hər biri, qara xal kimi
Onun məsləkində qaralıb durur.

Çox inamla gəlir tapşırılanlar
Özündən razıdır,
Adından əmin.
O elə baxır ki,
guya borcu var
Onun dədəsinə mənim dədəmin...
Beləcə, birisi durub önümdə
döyür gözünü.
İşarır...
Bu gizli işarəsiylə
Deyir sözünü...
Bileti əlində, işarır yenə,
Demək istəyir ki, "tanıyın məni".
Suallar dalında cavab yerinə
Görür tanışının "əzəmətini".
O başa düşür ki, hirslənmişəm mən,
Deyən, bu xınadan deyil o xına.
Əl çəkir o arsız təbəssümündən,
Əlini astaca qoyur alnına.
Düşünür.
Köməyi umur başından.
Başında nə var ki, köməyə gəlsin,
Qoparıb bir-iki söz yaddaşından,

Danışır; "Baxanda görürük..."
Çətin!
Danışır mənasız,
Danışır hədər.
Bayaqkı vüqarı çöküb diz üstə.
Yarımçıq cümlədir, qırıq kəlmələr,
Əriyib toz kimi düşür miz üstə.

Qırıq kərpiclərə bənzəyir sənin
Sönük cümlələrin, qırıq sözlərin.
Qırıq kərpiclərlə ev tikmək sənə
Asanmı görünür?
Dayan, düşün bir.
Kərpiclər hərəsi baxır bir yana,
Niyə bir-birinə yapışa bilmir?
...Dili topuq çalır,
Rəngi ağappaq...
Oğlan xırdalanıb yumağa dönür.
Əlində tutduğu kiçik bir varaq,
Onunçun əlçatmaz bir dağa dönür.
Tərəzi qurmuşam sual-cavabdan
Bir gözdə suallar,
Bir gözdə oğlan.
O baxdı üzümə dilsiz, ağızsız.
Danladım,
dinmədi,
o, qulaq asdı.
Bu boyda vücudu, bir varaq kağız
Gör necə kiçiltdi,
gör necə basdı...
Qiymət verməliyəm mən ona indi,
O öz qiymətini özü bilmədi.
Günün doğuşunu dan yerində yox,
Axtardı xırdaca çöp işığında.
O öz qiymətini, dəyərində yox,
Gördü özgələrin tanışlığında.
Ona deyən yoxdur hanı mənliyin?

Sən özün özünü niyə danırsan?
Öz gücünə deyil,
a bədbəxt, neçin
Özgənin gücünə arxalanırsan?
Gəldin tapşırıqla!
Heçsən, demək, sən.
Mənliyin kiminsə kölgəsindədir.
Əgər sən varsansa...
Keçib özündən,
Özünü bu qədər alçaltmaq nədir?
Sən bir büllur idin...
Önümdə sındın.
Oldun para-para, sən çilik-çilik.
Özgə kölgəsinə niyə sığındın –
Səni alçaltmırmı bu dilənçilik?
Dərsini bilmədin...
Bəs neyləyim mən?
Oğul, heç olmasa buna
cavab ver.
Sən özün-özünə inanmayırkən,
Mən necə inanım sənə?
Cavab ver!..
Çətinmi?
Yanıram bəs, axı, mən də!..
Dil-dil ötən dilin niyə lal olmuş?
Suallar hər yandan hücum çəkəndə,
O boyda vücudun bir sual olmuş...
Sonu görünməyən yollarda çaşqın
Səyyaha bənzədək biz ömrümüzü.
Dünyaya sualı olmayanların,
Sualdır varlığı, sualdır özü!..
Cavabı ömürdən uzun suallar
Yerin hikmətidir, göyün sirridir.
Suallar,
suallar,
dərin suallar,
Daim yüksəlişin pillələridir.

Hər kiçik sualda neçə sual var.
Sual yüksəlişdir,
Sual bilikdir.
Həmişə sual ver,
Həmişə axtar,
Ən böyük dahilik tələbəlikdir.
Sonsuz həyəcanlar, sonsuz təlaşlar,
Sualdan başlanıb, yoxdan var olmuş,
Ən böyük dahilər, ən böyük başlar,
Suallar dalınca qaçanlar olmuş.
Sual - fikirlərin çığıran səsi –
Bütün uçuşların dayaq nöqtəsi!..
O bunu bilmədi,
bilməz heç zaman!
Zənn etmə, qəsdindən o, dönəcəkdir,
Tutub alimlərin boş damarınıdan,
Elmin yollarında sürünəcəkdir.
Keçəcək beləcə havayı beş il,
Onunçun elm-yük,
Zəhmət - ziyandır.
O, elmin yolunda mücahid deyil,
Vurğun yolçuları yamsılayandır.
Özümə şiniyib o veyil-veyil,
işarır yenə,
Yəqin ki, o indi özünün deyil,
Gülür tanışının gücsüzlüyünə.

Tanış...
Mənim ona çox hörmətim var.
Kağızın üstündə dayanır qələm.
İtsinmi ortada salam-kalamlar?
Yox! Onun üzündən keçə bilmərəm.
Müəllim - tələbə... İki sərt baxış
Dayanıb ortada müştərək tanış.
Salama, xahişə ilişib qələm,
Vurur bir yandan da ədalət məni.
Düzlük tələb edir məndən vəzifəm,

Çəkir əyriliyə vəziyyət məni.

Keçən il bağımda ev tikdirirdim,
Arayış düzəltdim,
ərizə verdim.
Olmadı işimə bir can yandıran
Nə daş tapa bildim, nə taxta-şalban.
Axır, tanış oldum bir müdirlə mən,
İşlərim düzəldi səxavətindən.
Düşdüyüm o çətin, o bərk ayaqda
O, satın alırmış məni, heç demə.
Minnətli yaxşılıq - bir-iki taxta,
Bu gün qiymətini göstərir mənə.
Mən nə biləydim ki, həmin bü müdir,
Qəsdinə duracaq haqqın bir zaman.
Məni minnətiylə haqdan döndərir
Bir-iki taxtayla məni aldadan.

"İki"ni yazımmı?
Bəs sonra?
Yox, yox...
Kağızın üstündə dayanır qələm.
Kəsilən tələbəm deyil,
Yaxşı bax.
Vəzifə başında kəsilən mənəm...
Taxta istəmişdim mən ondan... osa,
Məndən dəyərsizə dəyər istədi.
Mən ki düşmən idim söz anlamaza,
Məndən düşmənimə səngər istədi.
O mənə daş verdi, əvəzindəsə
Aldı ürəyimi bir baqqal kimi.
Ürəyi daş olan bir filankəsə,
İndi necə qıyım öz ürəyimi?

Ürəyim - öz fikrim, andım, əqidəm
Əsil oğul bu yolda gərək baş qoya.
Görün, nəyi nəyə dəyişməliyəm?

Ürəyi, məsləki daşa, taxtaya...
Mən onu kəsmədim, üç yazdım ona
Bu "üç"lə dağ basdım haqqın bağrına.
"Üç"lərlə vicdanı veririk bada,
"Üç" - başdan eyləmək, "üç" - natamamlıq.
Biz bu "üçlər"dəki saxtalıqla da
Haqqın, ədalətin belini qırdıq.

Hər "üç" - bir yarımçıq, kəmsavad həkim,
Hər "üç" - bir cinayət, vaxtsız bir ölüm.
Hər "üç" - balasını itirən ana,
Hər "üç" - tikildikcə sökülən bina.

Müəllimlər, gəlin, düşünək dərin,
Kəsir özümüzü öz qılıncımız.
Bizim verdiyimiz saxta "üçlərin"
Barı - cinayətdir, səbəbkarı biz.

Mən onu kəsmədim, kəsə bilmədim
Kəsib vicdanımı "üç" yazdım, bu an
Vicdanım qışqırdı,
Ona-"Sus!"-dedim!
Oğlan gülə-gülə çıxdı qapıdan.
Güldü, sinəsini dağladıb haqqın,
Güldü, anasını ağladıb haqqın.
Bu gülüş düzlüyün sapını qırdı,
Onun gülüşündə haqq ağlayırdı.
O çatdı qəsdinə... Dikəldi...
Bəs mən?
İndi mən əyilib dondüm yumağa.
Demək, şirnikdirdim onu indidən,
Özgənin haqqını oğurlamağa...

Hələ bu nədir ki?.. Dalı "əcəbdir",
Daldadır ev yıxıb, qan qaraltması.
Ən böyük haqsızlıq törədəcəkdir,
Haqqı olmayanın haqqa çatması.

Əlim yazdısa da, " yox" dedi könlüm,
Qələmin altında inlədi könlüm.
Özgə qiymətinə o, sahib oldu,
Nə verər sonrakı hay-haray bizə?
Deyirəm, həyatda bu mahir oğru
Özgənin yerini tutsa - vay bizə!
Mən onu kəsmədim, kəsə bilmədim,
Vicdanım qışqırdı...
Ona"sus!" - dedim!
Vicdan,
Yazıq vicdan!..
Bəzən həyatda
Yaşamaq naminə səni əzmişik.
Bizdən güclülərin ayağı altda
Səni istəmədən qurban kəsmişik.
Ölüm hədələyib dərd gülən zaman,
Deyirik, bəxtimiz yenə yatıbdır.
Əlimiz hər yerdən üzülən zaman,
Gücümüz həmişə sənə çatıbdır.
Vicdan da bir yana...
Bir cani kimi,
Qaydanı, qanunu ayaqladım mən.
Dandım məsləkimi, düz əqidəmi,
Ürəyin yerinə daş bağladım mən.

Qanundan, düzlükdən danışırıq biz,
Uca kürsülərdən ağız dolusu.
Sözlərdən utanmır əməllərimiz,
Özümüz oluraq haqqın oğrusu.
İndi soruşuram:
– Kimdir müqəssir?
Tələbə?
Yoxsa, mən?
Yoxsa, o müdir?
Mən də müqəssirəm,
oxucu, sən də.
Heç kəs dayanmasın burda yad kimi.

Mənə o müdir də kömək edəndə,
Qanunu beləcə əyməmişdimi?
Yarpaq töküləndə, ot saralanda,
Bilirik, ömrünü tapşırır bahar.
Mən ondan qanunsuz taxta alanda,
Biləydim, bu gündən mənimçin də var!
Bəlkə, düz demirəm?
Haqsızam, bəlkə?
Heç kəs yaxasını çəkməsin yana.
Qanunu əyəndə hərə bir tikə,
Böyük cinayətlər çıxır meydana...
Nədir o cinayət?
Həmin tələbə
Sabah bitirəcək darülfünunu.
Müəllim gedəcək o bir məktəbə,
Savadsız müəllim!
Yaxşı, bəs sonu?
Sonu cinayətdir,
cinayət!.. Min min!
(Cani öz-özündən intiqam alır)
Elə cinayət ki,
bu cinayətin
Canisi bilinmir, cəza mat qalır.
Mənim qaşığıma çıxacaq gec-tez
Mənim doğradığım...
həyat dövr edir.
Bir vaxt görərəm ki,
həmin savadsız
Mənim övladıma "savad" öyrədir.
Durduğum budağa çaldım baltanı –
Çaldım öz balamın gələcəyinə.
Qanunu əyəndə,
onun ziyanı
Qayıdıb özünə dəyəcək yenə...
Bilmədi...
Mən ona "üç" yazdım... Bəli!
Bəs o işvəli qız, gözü sürməli?

Niyə bir müdirin tanışlığına
Verdiyim o "üç"ü qıymadım ona?
Sözümüz bir olmur əməlimizlə
Düzlük nalə çəkir, ədalət yanır.
"Düzlük" - deyə-deyə öz əlimizlə
Həqiqət boğulur, düzlük tapdanır.
"Yox!" - deyə dilləndi başqa səs yenə.
Dayan!
Vicdanınla dayan təkbətək.
İndi ki qol çəkdin əyriliyinə,
Qıza da o "üç"dən yazasan gərək.
Dedim: - Sən haqlısan,
qab əyildimi
Su gərək tökülə axna kimi.
Qıza da "üç" yazdım...
Hər şey pozuldu.
Qiymətlər hamısı baş-ayaq oldu.
Hökm etdim ürəyə, qıydım vicdana.
İşimi korladı bircə yelbeyin.
Mənim götürdüyüm bu imtahana
İmtahan deməyin, həqsızlıq deyin.

Mənə tapşırdılar şərəfli, çətin –
Qiymət vermək kimi bir vəzifəni.
Özümdən soruram: - Bəs sən neylədin?
Gör necə aldılar özündən səni!
Niyə tapılmadı o qüdrət məndə,
Verim qiymətini, verim hər kəsin?
Saxsını almazla bir eləyəndə,
Günahkar sərrafdır,
almaz neyləsin?
Qorqud adamlara ad qoyanda da
Əməli düşündü,
Dəyəri gördü...
Güvənib Dədədən aldığı ada
Hər kəs o ad ilə ömrünü sürdü.

Mən verə bilmədim, ay Qorqud Dədə.
Doğru qiymətini burda heç kəsin.
Qorxum ondandır ki, cəmiyyətdə də,
Bunlar qiymətini ala bilməsin.

Pozular qaydalar, dağılar nizam,
Verməsən hər kəsin öz qiymətini.
Gövhər də çatlayıb üzülər tamam
Sərrafdan almasa düz qiymətini...

Mahnıda bəmi var, zili var səsin.
Həyatda yeri var, axı, hər kəsin.
Gözlər ağlamasın, gözlər neyləsin –
Sən qaşa verəndə göz qiymətini.

Yalanın əlilə gerçək boğuldu,
Yaxın uzaq oldu, qara ağ oldu.
Dünyanın növrağı tamam pozuldu,
O gün ki, itirdi söz qiymətini.

Son söz

Sonrakı qazancdır müəllimliyim,
Amma şairliyim, öz fitrətimdir.
Burda birləşdilər...
Bu dastan mənim,
Özümdən özümə şikayətimdir.
Sənət, həqiqəti deyən sən oldun,
Dünyanı dünyaya göstərən oldun.
Təmizlik - məsləkin, ucalıq - Tanrın.
Xəyanət bilməmiş sən etin dili,
Ucalıq eşqilə yaşayanların
Məsləki düzlükdən od götürməli!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri