Səhifə 5 / 7 · 57%

Bir neçə gündən sonra Aslangil şəhərə köçdülər. Artıq Gülzar Aslanı görmək istəmirdi. Bütün fikri-zikri Fərhadda idi. Fərhad da bir tövrlə Aslanı evdən rədd etmək istəyirdi ki, Gülzar ilə vaxt keçirməyə daha geniş bir fürsət tapsın. Bu aralıq biçarə Züleyxa evinə gəldi. Onu demək gərək ki, Əsgər Züleyxanı əsla döyməzdi, söyməzdi, amma elə müamilə edərdi ki, bu, döyməkdən də, söyməkdən də, betər idi. Çox olurdu ki, həftələrlə evə gəlmirdi. Bir dəfə qonşuluğunda olan iki nəfər arvad (ki, Züleyxa onları özündən çox istəyirdi) Züleyxagilə qonaq gəlmişdi. Züleyxa çox şad olub onları mehmannəvazlıqla qəbul etdi. Necə oldusa, xanımın balaca oğlu Əsgərin stol üstündə olan kağızına toxundu. Bundan ötrü Əsgərin əsəbi məcazlığı cuşə gəlib, dərhal xanımları evdən qovdu. Bu, Züleyxa üçün ölümdən betər deyildimi?! Bundan sərfi-nəzər edən Əsgər başqa yerdə pul uduzar, lakin acığını Züleyxadan alardı. Odur ki, Züleyxa çəkdiyi məşəqqətlərdən cana gəlib öz qardaşının evinə pənah gətirdi. Aslan Züleyxanı çox şadlıqla qarşılayıb, üzündən öpərək dedi:

– Qorxma, bacım, bilirəm çoxdandır əzab içindəsən, amma indi şükür olsun Allaha ki, bizim də işlərimiz çox yaxşıdır. Mən ayda yüz manata kimi qazanıram. Fərhad da üç yüz manat alır, məgər biz ölmüşük ki, sən əzab və məşəqqət çəkəsən? Eybi yoxdur, həmişə qardaşların evində böyüksən, anam öləndə səni mənə tapşırıb, mən də razı ola bilmərəm ki, sənə bir kəlmə ağır söz deyilsin.

Doğrudan da, Aslan bacısına bir gül qədər də ağırlıq düşməsinə razı deyildi. Amma Fərhad da bunu istəyirdimi? Yox. Məlumdur ki, Züleyxa evdə olanda Fərhad Gülzara yavuq düşə bilməyəcəkdi. Odur ki, Züleyxanın evdə olmasına razı ola bilməzdi.

Züleyxa iki gün qardaşının evində qalandan sonra Fərhad mütləq geri qayıtmağını tələb etdi və Züleyxanın məlul-məlul baxan ala gözlərindən bahar buludu kimi yaş tökülməsinə baxmayaraq, məcburi Əsgərin evinə göndərdi. Bu işə Aslan nə qədər ürəkdən müəzzəb oldusa da, bir şey edə bilmədi, zira o, Fərhadı da çox istəyirdi. Hətta o qədər istəyirdi ki, əgər bir şəxs Fərhadın adına onun canını istəsəydi, yəqinən ki, Aslan əsirgəməzdi. Bu məhəbbətlə Aslan Fərhadın xəyanətini xəyalına belə gətirə bilərdimi?

Axşam vaxtı Fərhad ilə Gülzar xəlvət evdə oturub, bir-birinə öz məhəbbətlərini təşrih edirdilər. Hər iki xəbis, öz xainanə və çirkin məhəbbətlərini yek-digərinə söyləyirdi: bu xainanə məhəbbətin ən dərin yerində, bir zamanda ki, Gülzarın nazik beli Fərhadın qolları arasında və dodaqları Fərhadın dodaqlarına sıxılmış idi, Aslan qapını açıb içəri girdi. Sanki bütün ev Aslanın başına fırlandı, gözləri qaraldı, bütün əzası lərzəyə düşüb titrəməyə başladı.

– Fərhad, – dedi, – illərlə çəkdiyim zəhmətlər unuduldusa, barı qardaşlıq vəzifəsi... Ox, Fərhad, mənə xəyanət...

Bu iş Aslanın zəif əsəblərini elə titrətdi ki, bihuş olub yerə yıxıldı. Fərhad bir də Aslanın üzünə baxa bilməyəcəyindən geyinib evdən getdi. Gülzar artıq öz canı üçün qorxurdu: zira, müsəlmanlar həmişə belə bir xəyanəti və təhqiratı qan ilə yuyurlar. Gülzar öz evlərinə getməyə də qorxurdu, çünki atası və qardaşı bu işdən hali olsaydılar, onu öldürərdilər.

O hara gedəcəyini, nə edəcəyini fikirləşirdi. Bu halda Aslan huşa gəldi və Gülzara tərəf gəldikdə, Gülzar canının hövlündən stəkanda olan karbola kislotasını qapıb Aslanın üzünə atdı. Bu əcza qulluqçu naxoş olanda alınmışdı və təbib tövsiyə etmişdi ki, məbadə bu əcza üzünüzə və gözünüzə dəysin, bu, insanın ətini yandırar, gözünə tökülsə, kor edər. Gülzar öz canının hövlündən belə müdhiş bir əczanı götürüb, ömründə bir dəqiqə rahatlıq bilməyən Aslanın gözlərinə atdı.

Əvvəl Aslanın gözləri cızıldadı. Aslan buna baxmayaraq hövlnak Gülzarın dalınca yeridi. Gülzar evə girib qapını bağladı. Aslan bir qədər çalışdıqdan sonra daha durmaq mümkün olmadığını hiss etdi: özlərindən elə bir sancı qalxdı ki, dərəcəsini göstərmək qabil deyil, sanki bir kürə od onun gözlərinin içinə tökülüb yandırdı. Aslan gözləri yumulu çalışırdı ki, tez özünü həkimə yetirsin. Amma gah bu divara, gah o divara toxunurdu. Axırda qulluqçu onun əlindən tutub bayıra çıxardı və Aslanın xahişinə görə bir fayton çağırıb onu mindirdi. Aslan həkimə gedib məxşuş bir halda yalvardı ki, ona kömək etsin. Həkim tez Aslanın gözlərini yudu, dərman tökdü. Aslan bir yandan ömrünü yolunda sərf etdiyi bir şəxsin xəyanəti təsirindən, bir yandan da gözlərinin sancısından zar-zar ağlayırdı.

Fərhad həmin gün özünə bir evdə ev tutub, ahəstəcə bir arvad göndərib, Gülzarı qurtarmaq üçün öz yanına apartdırdı. Heç kəs bilmədi ki, Gülzar hara getdi. Atası və qardaşı onu nə qədər axtardılarsa, tapa bilmədilər.

Züleyxa qardaşına üz verən bədbəxtliyi eşidib tez özünü qardaşına yetirdi: qardaşını gözləri bağlı xəstəxana libasında görəndə az qaldı ki, bağrı çatlasın. Özünü qardaşının üstünə atıb:

– Ah, qardaş, axır qəza səni nə bəlalara saldı!.. Can, əziz qardaşım!

– deyə ağlamağa başladı.

Aslan bacısının səsini eşitcək, qalxıb gözlərini açmaq istədi, amma mümkün olmadı. Gözləri yumuldu, əlini dolandırıb, qollarını bacısının boynuna saldı:

– Ah, bacı, görürsənmi mənə nələr edirlər?.. – deyə ağlamaqdan

axıb bacısının qucağına yıxıldı.

Altı ay Aslan xəstəxanalar küncündə çürüyüb, olan-olmaz pullarını həkimlərə verdi. Amma gözləri bir də günəşin zərrin şüalarını görə bilmədi: gözləri ət gətirib, göz pərdələrinin qabağını örtdü. Həkimlər nə qədər çalışdılarsa, heç bir növlə Aslanın gözlərini həmin ətlərdən xilas edib sağalda bilmədilər. Indi Aslanın ürəyində heç bir şey yox idi, ancaq gecə-gündüz Allaha yalvarıb, barı bir gözünə zəif də olsa, işıq gəlməsini təmənna edirdi. Amma əfsus!.. Zaman dolanır, lakin Aslanın gözlərinə işıq gəlmirdi. Axırda Aslan bir tərəfdən tamam pullarının qurtardığından, digər tərəfdən də gözlərinin sağalmasından naümid olub, həkimlərdən əl çəkərək, öz evinə qayıtdı. Göz yox, bir yerdən gəlir yox, bu qədər dərd, qüssə, fikir, xəyalət, evdə tək bir həmdəm yox... Indi Aslan Allahdan ancaq ölüm istəyirdi.

Züleyxa tez-tez gəlib Aslana baş çəkirdi. O da dərddən lap sınıxmışdı, gözləri çuxura düşmüş, yanaqları saralmışdı.

Əsgər, Aslanın bu fəlakətini eşidib, nə qədər onu görmək istəməyirdisə də, indi ona rəhmi gəlirdi. Züleyxanın hər vaxt Aslana baş çəkib, ona müavinət etməsinə mane olmayırdı. Züleyxa qardaşının tək evdə qalıb daha da qüssə etdiyini və gündən-günə zəiflədiyini görüb, xəlvət evdə bağrı çatlamasın deyə, Əsgərə yalvardı ki, Aslanın evlərinə gəlməsinə razı olsun.

– Əsgər, əzizim, ola bilər ki, məni sevməyəsən, amma necə olsa, mən sənin övrətinəm, barı oğlumuzun xatiri üçün bu bir kəlmə sözümü qəbul elə: qoy Aslan gəlib evimizdə qalsın. Əsgər, başına dönüm...

Əsgər xah-naxah Züleyxaya ixtiyar verdi. O gündən Züleyxa öz qardaşını gətirib sakit elədi. Ancaq Aslan əvvəlki adam deyildi. Gecələri o, ağır yuxular görürdü. Biçarə, hövlnak ayağa qalxıb bağırır, qanlı yaşlar arasında deyirdi: “Ox, xain qardaş, mənə xəyanət, mənə zülm... Mən ömrümü sənin yolunda sərf etdim, bumu axırıncı mükafat?!”.

Züleyxanın balaca oğlu Kamil ilə o, bir tövr gününü keçirirdi. Amma Əsgər daima deyinir, bir iş olcaq qışqırır, bağırır, heç şey üstə Züleyxanı söyür, incidirdi. Aslan bunları eşidirdi, bacısının bu qədər əzab çəkdiyini görəndə ruhu inciyirdi. Lakin nə etməli idi?! Pullar qurtarıb, göz yox, dolanacaq yox, məcburən səbir etməli idi. Biçarə zəifləmişdi, qırışıq üzünü tük basmışdı, kədəravər bir görkəm almışdı.

Kamil daima Aslanın yanında oturur, Aslan onun üçün nağıl danışıb güldürürdü. Kamil isə Aslanı ürəkdən sevirdi. Bir dəfə Əsgər çay içəndə Aslan gözü yumulu gəlib, birdən çaya toxundu. Çay Əsgərin üstünə dağıldı. Əsgər bundan təngə gələrək, o saat yerindən durub, Aslanın üzünə bir şillə vurdu. Aslan bir söz deməyib ağlamağa başladı və əlini göyə qaldırıb dedi:

– Pərvərdigarə, mən nə bəd əməldə olmuşdum ki, məni bu qədər zülmə düçar elədin?

Əsgər bunu görüb:

– Evimdə qaldığın bəs deyil, hələ bir məni qarğıyırsan da, – deyib Aslandan evdən getməsini tələb etdi. Züleyxa nə qədər yalvardısa, mümkün olmadı. Əsgər Züleyxanın da yalvarmasından təngə gəlib, ondan da evi tərk etməyi tələb etdi. Züleyxa kor-peşman qardaşının əlindən tutub, bacı-qardaş ağlaya-ağlaya öz köhnə evlərinə gəldilər.

Aslan gün-gündən zəifləyirdi. Züleyxa da hər gün ağlayır, Fərhada qarğıyırdı ki, nə üçün onları bu qədər bəlaya saldı. Hərdən Züleyxa Kamili küçədə görür, bağrına basıb ağlayırdı. Zalım Əsgər ananı öz balasından ayırdığı bəs deyil, Kamili anasının yanına getməyə də qoymurdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ulduz və ya Trablis müharibəsi

5 pərdəli faciə**Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir.*

1 dəq
Ədirnə fəthi

6 pərdəli facieyi-inqilabi**İştirak edənlər

1 dəq
Gözləri

Ala gözlü ceyranları andırıyor düzləri,Toplamışdır gözəlliyi ən sevimli qızları –

1 dəq
Mənsur və Sitarə

Baharın orta ayı idi. Şəhərin kənarında olan böyük bir bağçada hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. Bu bağ dövlətli adamın deyildisə də, lakin sahibi Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzusunu qazanıb külfəti ilə bahəm bəxtiyar yaşayırdı. Aslan bağçaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edən qüvveyi- bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülanixoşəlhanın həzin nəvasına qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı.Hələ bu lətafətin üstünə hər səhər saf havada pərişan saçlarını kürəklərinə örtüb xuraman-xuraman seyr edərək, təbiətin bu gözəllik və lətafətinə tamaşa edən bir qızın bəxş etdiyi mənzəreyi-fərəhəfzanı artıranda, bağça dünya üzündə yaranmış ikinci bir cənnət, qız isə dünya behiştini təzyin etməkdən ötrü səmadan enmiş bir mələk olduğu aşkar görünürdü. Qız şirmayı kimi ağ əllərinin birini şamama kimi qalxmış döşünün altına vurub, o biri əli ilə hərdən saçlarına nizam verirdi. Nazik ipək köynəyini həzin-həzin meh vuran bahar havası yelləndirdikcə, köynək yellənib haman dünya hurisinin süd kimi ağ bədənini yelləyir, qız isə, onsuz da sərv ilə rəqabət edən bülənd qamətini yüksəldib, ahular kimi təsviri naqabil bir nazünəzakətlə yeriyirdi.

24 dəq

Başqa şairlərin şeirləri