Aslan və Fərhad
Səhifə 7 / 7 · 86%
Həmişə şad bir həyat sürməyə adət edən Gülzar buna davam edə bilməyib, Fərhada:
– Mən sənin evində bu qədər əzab arasında qala bilmərəm, al bu sənin uşağın! – deyə balaca uşağı Fərhadın üstünə atıb getmək istədikdə, Fərhad diqqətlə Gülzarın üzünə baxdı, zira, onu görmək istəmədiyindən çoxdan onun üzünə baxmamışdı: o saatda, bir gecə bağda keçirdiyi xainanə dəqiqələr yadına düşüb, cəld ayağa durdu:
– Ah, xain! Mənim bütün bu bədbəxtliyimə, bu əzabıma səbəb sənsən! Sənin xəyanətin bizim evimizi yıxdı. Bu bəs deyilmiş kimi, indi qeyrisinin də evini yıxmağa gedirsən. Yox, sənin nüfuzun altında bu qədər cinayətə mürtəkib olduğum üçün, bu qədər əzaba düçar olduğum üçün erkən solmuş xoşbəxt ailəmizin intiqamını səndən alacağam, xainliyinin cəzasını öz əlimlə verəcəyəm! Fərhad bunu deyib, Gülzarın boğazından yapışdı, boğub uşağın üstünə yıxdı: – Gör, bu da cəza... ədalət... mükafat... intiqam... – deyə məcnunanə addımlarla otaqdan çıxdı.
Fərhadı tutub həbsxanaya apardılar.
Bir neçə gündən sonra Kamil, yurist vəzifəsində gəlib, bütün anası barəsində cəm etdiyi məlumatı ədalət məhkəməsinə verdi, işin təzədən təhdid edilməsini tələb etdi. Mühakimə edilərkən Fərhaddan soruşdular: – Sənə isnad verirlər ki, Züleyxanı da sən boğub öldürmüşsən, nə ilə özünü safa çıxara bilərsən?
Fərhad əsə-əsə ayağa durub dedi:
– Bəli, doğrudur, mən öldürmüşəm, mən bədbəxt! Züleyxanı da mən öldürmüşəm, qardaşımın da gözlərinin kor olmasına mən bais olmuşam. O zamanlar mənim ürəyim daş kimi idi. Sonra həyatın iti pəncələri altında əzildim, didildim, özümün bu hala düşməyimə səbəb oldum. Məndən savayı bir xain də vardı ki, mənim bu hala düşməyimə çoxu o səbəb olmuşdu. Amma mən ondan öz intiqamımı aldım. Indi də xahiş edirəm ki, bacımla qardaşımın intiqamını məndən alasınız, – deyə Fərhad taqətdən düşüb, yerə yıxıldı.
Bir az keçəndən sonra ədalət məhkəməsinin üzvləri çıxıb məşhur mühəndis Fərhadın iyirmi il katorqa cəzasına məhkum edildiyini bildirdilər.
Fərhad, Züleyxa adını eşidəndə, yenə həmin müdhiş dəqiqələr gözü önündə durdu. Dizi üstə düşüb dedi:
– Bacım, Züleyxa bağışla məni!.. Gəlirəm qara üzlə sənin yanına... Bağışla məni... Oh, Züleyxa, günahkaram, bağışla!.. Ey məndən intiqam alan cavan, səndən çox razıyam ki, mənim tez həlak olub, əzablardan xilas olmağıma səbəb oldun. Barı gəl bu yaxşılığına görə üzündən öpüm.
Kamil Fərhadın acı halını görüb, imtina etməyib, yanına gəldi.
– Mən həmin qətlə yetirdiyin Züleyxanın oğlu Kamiləm, – dedi.
Bunu eşitcək Fərhad geri çəkildi.
– Get, mənim əllərim qanlıdır, sənin pak və müqəddəs bədəninə dəyməsin! Ancaq qiyamət günü anandan öz günahkar qardaşının əfv edilməsini xahiş edərsən. Get, əllərini mənim napak olan bədənimə vurma! Çəkil!.. – Fərhad əsərək, birdən yerə yıxılıb, ruhdan ayrıldı.
Axırıncı nəfəsdə Fərhadın ağzından ancaq bu sözlər eşidildi:
– Bağışla, Aslan!.. Bağışla, bacım Züleyxa!.. Gəlirəm... günahkaram...
bağışla!
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-aslan-ve-ferhad
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
5 pərdəli faciə**Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir.*
Ədirnə fəthi6 pərdəli facieyi-inqilabi**İştirak edənlər
GözləriAla gözlü ceyranları andırıyor düzləri,Toplamışdır gözəlliyi ən sevimli qızları –
Mənsur və SitarəBaharın orta ayı idi. Şəhərin kənarında olan böyük bir bağçada hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. Bu bağ dövlətli adamın deyildisə də, lakin sahibi Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzusunu qazanıb külfəti ilə bahəm bəxtiyar yaşayırdı. Aslan bağçaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edən qüvveyi- bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülanixoşəlhanın həzin nəvasına qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı.Hələ bu lətafətin üstünə hər səhər saf havada pərişan saçlarını kürəklərinə örtüb xuraman-xuraman seyr edərək, təbiətin bu gözəllik və lətafətinə tamaşa edən bir qızın bəxş etdiyi mənzəreyi-fərəhəfzanı artıranda, bağça dünya üzündə yaranmış ikinci bir cənnət, qız isə dünya behiştini təzyin etməkdən ötrü səmadan enmiş bir mələk olduğu aşkar görünürdü. Qız şirmayı kimi ağ əllərinin birini şamama kimi qalxmış döşünün altına vurub, o biri əli ilə hərdən saçlarına nizam verirdi. Nazik ipək köynəyini həzin-həzin meh vuran bahar havası yelləndirdikcə, köynək yellənib haman dünya hurisinin süd kimi ağ bədənini yelləyir, qız isə, onsuz da sərv ilə rəqabət edən bülənd qamətini yüksəldib, ahular kimi təsviri naqabil bir nazünəzakətlə yeriyirdi.