Səhifə 6 / 7 · 71%

Aslan bütün olan-olmazını xərcləmişdi. Züleyxa hərdən ev şeylərindən satıb xərcləyirdi. Fərhad isə özünü Gülzarla bir xəlvətə çəkib rahat yaşayırdı. Fərhad arabir küçədə görünürdüsə də, amma Gülzarın harada olduğunu heç kəs bilmirdi. Fərhad qulluqdan çıxanda daha bir yana əyilməyir, tez evə qayıdırdı. Gülzar isə qorxudan əsla bayıra çıxmırdı. Bir dəfə qarı arvad Gülzarın anasıgilə gəlib, söhbət arasında birdən çaşıb dedi:

– Dünən Gülzar xanımgildə idim. Fərhad da... – Birdən işin gizli olduğunu düşünüb, səsini kəsdi. Gülzarın qardaşı bunu eşitcək tez qarıdan tələb etdi ki, Gülzarın yerini desin. Qarı əvvəl demək istəmədi. Amma Əhməd ölüm təhdidilə ona dedirtdirdi. Bu neçə vaxtda Əhməd bacısının belə namussuzluğundan narahat olub, daim intiqam qəsdilə onu axtarırdı. Bacısının xəyanətindən zəlalətə düşmüş Aslana tez-tez baş çəkirdi və ona az da olsa, şey alıb aparırdı. Gülzarın sorağını alcaq Əhməd çox şadlandı, bu gecə nə sayaq olsa üstlərinə atılan bədnamlığı bacısının qanı ilə yumağa qərar verdi.

Qarı bunu görüb, tez Gülzargilə gəldi, əhvalatı Gülzara söylədi. Gülzar da tez Fərhada dedi. Gecə Fərhad əhvalatı xəfiyyə polisinə xəbər verdi. Onlar da bir dəstə gəlib pusquda dayandılar. Gecədən bir qədər keçmiş Əhməd əlində bıçaq Gülzargilin evinə gəldi. Yavaşca özünü hazırlayıb qapını döydü. Bu halda xəfiyyəçilərdən biri qapını açdı. Əhməd içəri gircək dörd tərəfdən onu bürüdülər. Əhvalatı başa düşən Əhməd tez geri döndü. Bayırda onunla üz-üzə gələn xəfiyyəçini görüb, qaçmağa yol olmadığı üçün, əlindəki bıçağı onun ürəyinə sancdı. Polis nəfəri yıxıldı. O birilər tez yüyürüb Əhmədi tutdular. Bu anda onun üzü bir yerdə duran Gülzar ilə Fərhada sataşdı, hirsindən başı hərləndi:

– Binamus bacı, namussuz qardaş, heç tələsməyin, həyatda nə qədər mən varam, ləkədar edilmiş namusumun intiqamını sizdən alacağam. Əgər intiqam almamış ölərsəm, qoy xəlayiq desin ki, namusu ləkələnmiş bir binamus dünyadan getdi.

Əhmədi birbaş həbsxanaya apardılar. Indi Gülzar ilə Fərhad heç kəsdən qorxmurdu. Bir Əhməd idi, o da həbsxanaya düşdü. Hökumət adamını öldürdüyü üçün neçə il həbsxanada yatacaqdı. Amma onları vicdan həmişə narahat edirdi. Bir şadlıq vaxtında Aslan yadlarına düşür, hər ikisinin rəngi saralıb sustalırdı.

Kamil on iki yaşında idi – məktəbə gedirdi.

Aslan ilə Züleyxa min üsrət ilə dolanırdılar. Kamil gizlindən onların yanına gəlirdi. Aslan naçar qalıb evi satdı. Qeyri şeylərindən də çox qalmamışdı. Yavaş-yavaş hər şey qurtarırdı. Züleyxa dolanmağın mümkün olmadığını görüb bir evdə qulluqçu dayandı. Hər axşam qardaşının yanına gəlirdi.

Əsgər də özünə bir arvad almışdı. Arvad Kamili incitdiyindən Kamil qüssə edirdi, hər gün xəlvəti anasının yanına gəlirdi. Atasından aldığı xərcliyi gizlin anasına verirdi, hərdən də anasının ağladığını görüb deyirdi:

– Ağlama, ana, məktəbi qurtaran kimi səni hər dərddən xilas edəcəyəm, hələ indi mən də atamın əlinə baxıram.

Aslan lap taqətdən düşmüşdü. Daha tərpənə bilmirdi. Züleyxa min əzabla onu saxlayırdı. Bir gün o da naxoşladı.

Onlar günlərlə evdə ac qaldılar. Aslan o yan-bu yanı axtarıb tapdığı törtöküntüdən bacısına verirdi, özü yemirdi. Hətta naçar qalıb, utana-utana dilənməyə məcbur oldu. Bir dəfə axşam vaxtı Fərhad yol ilə gedəndə dilənçiyə pul vermək istədikdə, birdən hövlnak geri atıldı, bu sifətdən dönmüş zəif dilənçini tanıdı, – o, ömrünü qardaş yolunda sərf edən Aslan idi. Tez bir beşlik verib, ətrafa baxaraq qaçıb getdi.

O gecə Fərhad xəyalatdan yata bilmədi. Züleyxa hələ naxoş idi. Qonşu arvad onlar üçün bir çörək gətirdi. Aslan ona təşəkkür edəndə, arvad ah çəkib dedi:

– Allah belə qardaşa lənət eləsin ki, səni bu bəlaya saldı, el arasında rüsvay elədi. Indi sənin halından heç xəbər də tutmur. Hələ üç gün bundan qabaq bir oğlu da olub.

Aslan bunu eşitcək tez ayağa qalxdı, lakin zəiflikdən özünü saxlaya bilməyib yıxıldı, bir də qalxdı:

– Ah, xain qardaş, – dedi – ah, can anam! Mən əhdimə vəfa etdim, oğlunu saxladım... Daha tab gətirə bilmirəm...

Qonşu arvad getdi.

Züleyxa Aslanın halını pis görüb, tez yerindən durdu:

– Qardaş, – dedi, – heç fikir eləmə. Allah özü onlara cəza verər.

Aslan dedi:

– Yox, bacı, daha bəsdir mən bu qədər əzabla dünyada qaldım, sənə də əzab verdim. İndi mən gedirəm... anamın yanına... Səndən çox razıyam. Anama deyərəm ki, bir Züleyxa sənin sözlərinə əməl etdi. Məni, halal et, bacım, – deyə yerə yıxılıb öldü.

Züleyxa özü naxoş, bilmirdi ki, nə etsin. Bilmərrə özünü itirmişdi. Anası yadigar qoyduğu örtüyü çıxarıb Aslanın üzünə sərdi. Pul yox idi, onu dəfn elətdirsin. Qonşular yığıldılar. Züleyxa biixtiyar ayağa qalxıb, Fərhadgilin evinə getdi ki, xəyanətin nəticəsini ona bildirsin. Içəri gircək, Gülzar illərdən bəri görmədiyi və görmək istəmədiyi Züleyxanı görüb, “burada bir iş var ki, bu bizə gəlib”, – deyə tez onun bayıra çıxmasını tələb etdi. Züleyxa bu işdən daha da qeyzə gəlib:

– Qardaşımın evidir, gəlmişəm, sənə nə var, – dedikdə, Gülzar qulluqçuya him elədi ki, Züleyxanı bayıra çıxartsın. Qulluqçu Züleyxanı itələyib, bayıra çıxartdı. Züleyxa qapıya söykənib ağlamağa başladı.

– Ah, nə səbəbə əziz qardaşımın intiqamını xain qardaşımdan almayım, – deyə yaxında olan aptek maqazininə gedib, bir az zəhər istədi. Aptekçi Züleyxanın halını görüb: “özünü öldürmək istəyir” deyə, vermədi. Züleyxa yalvarmağa başladı. Axırda aptekçinin ona yazığı gəlib, üstündə zəhər adı yazılmış bir şüşəyə bir qədər gülab töküb ona verdi. Züleyxa yavaş-yavaş Gülzargilə gəlib xörək otağına girdi və şam etmək üçün hazırlanmış qablara bir qədər zəhər tökmək istədikdə, Fərhad qapını açıb içəri girdi. Şüşəni onun əlindən alıb, üstündə zəhər adını görcək çığırıb dedi:

– Mənimi zəhərləmək istəyirsən?!

– Səni zəhərləmək istəyirəm! Səni!

Fərhad Züleyxanın boğazından yapışıb stol üstünə yıxdı və bir vaxt buraxdı ki, Züleyxa ölmüşdü. Fərhad bacısının tappıltı ilə yerə dəydiyini görüb, özünü itirdi və titrəməyə başladı. Bacısına rəhmi gəldi, tez yüyürüb onu qucaqladı və titrək əlləri ilə onu tərpətdi, öldüyünü bilib qalxdı, dal-dalı otaqdan çıxdı. Sabahısı qəzetlərdə yazıldı ki, məşhur mühəndis Fərhadın bacısı zəhər içib özünü öldürmüşdür.

Kamil bunu eşitcək tez məhəlli-hadisəyə gəldi. Şüşənin üstündə aptekin adını oxuyub, tez aptekçinin yanına getdi ki:

– Nə haqla anama zəhər satmışsınız?

Aptekçi məlum etdi ki:

– Mənim ona yazığım gəldiyi üçün zəhər əvəzinə, gülab vermişəm.

Kamil bunu eşitcək, tez həkim götürüb, ora getdi. Həkim, Züleyxanın cənazəsinə baxıb dedi ki:

– Bu zəhərlə ölməyib, bunu boğublar. Hələ boğazında da bəzi nişanələr qalıbdır.

Züleyxanın boğazındakı nişanın Fərhadın mürəkkəbindən olduğunu sübut etdilər. Kamil bu məlumatı və orada iştirak edən şəxslərin adını yazıb, sandığında gizlətdi.

İki bədbəxti, iki bədbəxt bacı-qardaşı bir gündə məzara tapşırdılar.

Fərhad bir qədər pul xərcləyərək, özünü qurtardı.

Lakin insanlar məhkəməsindən özünü pul ilə xilas edən Fərhad, vicdan və həya məhkəməsində də özünü xilas edə bilərdimi? Heyhat!..

Həya və vicdan Fərhadı içindən bir vəhşi kimi çeynəyir, iti çəngəlli bir pələng kimi onu didirdi. Fərhad hara gedirsə, bu hal onu təqib edirdi. Nə qədər şad və fərəh-əfza bir yerdə olsa, Fərhad bir qədər asudə qala bilmirdi. Şadlığın ən dərin bir yerində, zalım əlləri ilə Züleyxanın zərif boğazından yapışdığı gözünün qabağına gəlirdi. Fərhad dərhal hövlnak geri çəkilir, çırpınmağa başlayırdı, adamlar onun başına yığılırdı. Fərhad bir azdan sonra yenə ayılırdı. Bu, bir dəfə olmadı. Camaat Fərhadın dəli olduğunu zənn etdi. Doğrudan da, Fərhad daima əzab içində idi: o, sifətdən də dönmüşdü: həmişə tutqun, mütəfəkkir və qəmli idi: heç üzü açılmırdı. Tutduğu işlər xəyalından keçəndə özözünə deyirdi: “Ah, bu qədər də vəhşilik olarmı ki, mən etdim! Bu nə vicdansızlıqdı! Həyatını yolumda sərf edən əziz qardaşımı günəşin ziyasından məhrum edib, sailliyə qədər endirdim. Yadımdadır o gecə... Bütün aləmi qaranlıq, hüzn, kədər bürümüşdü, mən yolla gedirdim, gördüm, iki gözdən kor olan qardaşım əllərini açıb yalvarır: “Din qardaşlarım mənə kömək edin, Allah sizi mənim kimi zəlil eləməsin!” Ah, öz bacımı, mən zalım, mən vəhşi öz əlimlə boğub öldürdüm... Əcəba, qiyamətdə anama nə cavab verəcəyəm?..”. Fərhad tamamilə özünü itirirdi. Bir gün qəbiristana getdi. Yanyana qazılmış iki qəbrin arasında oturub ağladı: “Ah, bağışlayın məni, mən sizə zülm etdim... Bağışlayın bir günahkarı ki, dizi üstə çöküb sizdən üzr istəyir...” Fəqət məqbərələrdən heç bir cavab almadığı üçün korpeşman evə qayıtdı. Qulluğa gedirdisə də, gördüyü işlər nəzərindən keçirkən, durub o tərəf-bu tərəfə çırpınırdı. Gah da yalvarıb zarıldayırdı. Fərhadın artıq işə yaramadığını görüb, qulluqdan xaric etdilər. O tamamilə dəyişib, üzünü tük basmışdı, başının saçları ağarmış, gözləri çuxura düşmüş, sanki bir qədər bundan irəli şad, məsud və məşhur bir mühəndis olan Fərhad bu deyilmiş, bu ancaq bir cünun imiş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ulduz və ya Trablis müharibəsi

5 pərdəli faciə**Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir.*

1 dəq
Ədirnə fəthi

6 pərdəli facieyi-inqilabi**İştirak edənlər

1 dəq
Gözləri

Ala gözlü ceyranları andırıyor düzləri,Toplamışdır gözəlliyi ən sevimli qızları –

1 dəq
Mənsur və Sitarə

Baharın orta ayı idi. Şəhərin kənarında olan böyük bir bağçada hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. Bu bağ dövlətli adamın deyildisə də, lakin sahibi Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzusunu qazanıb külfəti ilə bahəm bəxtiyar yaşayırdı. Aslan bağçaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edən qüvveyi- bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülanixoşəlhanın həzin nəvasına qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı.Hələ bu lətafətin üstünə hər səhər saf havada pərişan saçlarını kürəklərinə örtüb xuraman-xuraman seyr edərək, təbiətin bu gözəllik və lətafətinə tamaşa edən bir qızın bəxş etdiyi mənzəreyi-fərəhəfzanı artıranda, bağça dünya üzündə yaranmış ikinci bir cənnət, qız isə dünya behiştini təzyin etməkdən ötrü səmadan enmiş bir mələk olduğu aşkar görünürdü. Qız şirmayı kimi ağ əllərinin birini şamama kimi qalxmış döşünün altına vurub, o biri əli ilə hərdən saçlarına nizam verirdi. Nazik ipək köynəyini həzin-həzin meh vuran bahar havası yelləndirdikcə, köynək yellənib haman dünya hurisinin süd kimi ağ bədənini yelləyir, qız isə, onsuz da sərv ilə rəqabət edən bülənd qamətini yüksəldib, ahular kimi təsviri naqabil bir nazünəzakətlə yeriyirdi.

24 dəq

Başqa şairlərin şeirləri