Beşinci pərdə
İsveçrədə yüksək və möhtəşəm üslub ilə süslənmiş böyük bir oda... Qarşıda ipəkli
pərdə arqasında yataq odası bulunur. Sima ən zərif bir qiyafətdə olaraq masa
yanında, əli alnında düşüncəyə dalmış. Gecə...
Xidmətçiqız (əlində bir gül dəməti girər). Müsaidənizlə Arif sizi görmək istəyir.
Sima. Gəlsin.
Xidmətçiqız (qapıya). Buyurun.
Arif (girər, əl verir). Aqşamınız xeyir.
Sima. Xeyrə qarşı.
Arif. O nə?.. Gözlərinizdə həyəcanlı izlər var.
Sima. Onlar məni rahat bıraqmayırlar. (Sinirli) Ah, onlar. Onlar...
Arif. Lütfən söylərmisiniz? Kimdir onlar?
Sima. Keçən aqşamki həriflər!.. Alman, yapon və italyan diplomatları!
Arif. Burayamı gəlmişlərdi?
Sima. Əvət, öncə müsaidə istədilər, qəbul etmədim, həyasızcasına içəri soquldular, yüz vermədim, sevgidən söz açdılar, yüzümü çevirdim. Qorqutmaq istədilər, aldırmadım. Nəhayət qızğın və kinli adımlarla çəkilib getdilər.
Arif. Nə ədəbsizlik, nə tərbiyəsizlik!..
Xidmətçiqız (bir kart-vizitilə gəlir).
Sima (baqar). İngiliz lordu! (Qıza) Söylə rahatsızdır. (Qız çıqar, Arifə) Mən o soyuq və məğrur hərifin ikiyüzlü siyasətində, ikimə’nalı sözlərində hiç bir səmimiyyət görmədim, o daima ciblərini sülh eşqinə üstün tutmaq istər.
Arif. Əvət, haqsız deyilsiniz. (Bu sırada qapı barmaq ucilə vurulur)
Sima. Gəliniz.
Tuncər (girər). Müsaidənizlə, bizim əməkdaşlar sizi görmək istəyir.
Sima. Gəlsinlər.
Tuncər (qapıya). Haydı, yoldaşlar!
Təyyarəçi, topçu, tankçı, bəhriyyəli, əskər, başıbozuq hər rütbəyə, hər
vəzifəyə, hər milliyyətə mənsub çeşit qiyafətli işçilər və əməkçilər içəri girər.
Sima. Əhvalınız?
Əməkçilərdənbirqismi. Təşəkkür!
Tuncər. Bunlar inqilab yavruları, əmək qəhrəmanlarıdır. Hamısı bir nəfər kimi sizə hörmət bəslər.
Sima. Var olun, mənim gönlüm daima sizinlədir.
Tuncər. Sülh uğrunda candan-başdan keçməyə hazırız. Bizi sıqmaq istəyənlər bulunursa dəmir pəncəmizdə ilan kibi qıvrılacaq, məhv olacaqdır.
Hamısı (yumruqlarını sıqaraq). Əvət, məhv olacaqlar!
Tuncər. Yetər, biz bu gündən sonra kölə olmayacayıq, hiç kimsəyə əyilməyəcəyik.
Hamısı. Xayır, əyilməyəcəyik.
Sima. Təbii, dəmir biləklərə, bükülməz qollara zəncir yaraşmaz. Bütün bəşəriyyətin səadət və qurtuluşu ancaq nasırlı əllərdə, ancaq dünya əməkçilərinin birləşməsindədir.
Tuncər. Yaşasın birlik, məhv olsun xainlər!
Hamısı. Məhv olsun!
Tuncər (yoldaşlarına). Gedəlim.
Sima. Haraya?
Tuncər. Aşağıda mənim odamda müşavirəmiz var.
Sima. Nə müşavirə?
Tuncər. Faşizm Almaniyasilə Yaponiya imperatorluğu, Sovetlər İttifaqına qarşı yeni hərb müahidəsi bağlamış, hər iki tərəfdən inqilab yurdunun coşğun alavlarını söndürmək istəyirlər.
Sima. Ah demək daha qorqunc yanğınlar, daha qanlı səhnələr hazırlanır, öyləmi?
Tuncər. Zərər yoq, onlar bizə taqmaq istədiyi zəncirləri er-gec öz qollarında görəcəklər. (Yoldaşlarına) Gedəlim.
Sima. Gediniz, sizə uğurlu günlər dilərim. (Onlar çəkildikdən sonra, Arifə) Lütfən mənə yardım et.
Arif. Aman nə oldu? (Təlaş ilə qolundan tutar)
Sima. Bu acı xəbər sanki qəlbimin tellərini qırdı, yenə gözlərimi qan və ölüm dalğaları sarmağa başladı. (Məndil ilə gözlərini silər)
Arif. O nə, ağlayırmısın?
Sima. Xayır, bir az mütəəssir oldum. (Başını Arifin köksünə dayar)
Arif. Aman, sinirlərin nə qadar zəif!.. Səndə çocuqca bir həssaslıq var.
R ə’ n a (qapı arasında görünür. Arifin sözlərini dinlər. Yana). Səndə də umulmaz bir sapqınlıq var.
Arif (Rə’nayı görür). Niçin gəldin? Sən buraya niçin gəldin?
R ə’ n a. Sənin eşqini, xəyanətini alqışlamaq için.
Arif. Bir az özünə gəl! Sən həqiqəti görməkdən acizsin, qısqanclıq səni kor etmişdir.
R ə’ n a. Bil’əks, ehtiras dumanı sənin gözlərinə pərdə çəkmişdir. Ona vurulduğun gündən bəri mənə gün verməyirsən.
Sima. Xayır, Rə’na, Arif sənindir. Daima sənin olacaqdır.
R ə’ n a. İstəməm, uf istəməm. Hiç bir nəvaziş istəməm. (Çıqıb gedər)
Sima. Arif! Sən də get, onu yalnız bıraqma!
Arif. Çoq gözəl, gedərəm, lakin harada olsam gönlüm səni özləyəcəkdir. (Onun əlini öpər, həsrətli baqışla) Əlvida!..
Sima. Gülə-gülə... Sizə sevincli gönüllər dilərəm. (Arif çıqar. İşıq azalır)
İb lis (alavlı qiyafətilə pərdə arqasından çıqar). Müsaidə varmı?
Sima (diksinərək). Ah, sən buraya haradan girdin?
İb lis. Hər yerdən. Hiç bir qapı və divar mənim qarşımda əngəl olamaz. Mən bir anda Çin səddindən Eyfel bürcünə uçaram. Gözlərini yumub-açınca, Himalaya dağlarını aşaraq Mühit dənizlərini keçərəm. Mən əngin fəzalara dalıb, bir nəfəsdə günəşləri, kəhkəşanları dolaşaram.
Sima. Sən əfsanələrdənmi doğdun? Yoqsa hər gün bir rola girən artistmisin?
İb lis. Əvət, öylə bir artistim ki, hər rolda dahiyanə məharətlə şöhrət buldum. Hər səhnədə daima qalib və müvəffəq oldum. Hər işvəkar mənim alavlı pəncəmdə qıvrıldı. Bütün gözəllər mənim qucağıma atıldı. Lakin sənin gönlün, sənin sevgin hər gün mənə, mənim möhtəris duyğularıma üzüntü verməkdədir. Səni qollarım arasında görmədikcə səadətin varlığına inanamayacayam.
Sima. Sənin gözlərində xəyanət qıvılcımları parlayır. Əllərində qan ləkəsi var. Çəkil buradan, məni yalnız bıraq.
İb lis. Nə fərqi var? Mən çəkilsəm başqası gələcək. Hiç bir gönül sənə pərəstişkar olmaya bilməz.
Sima. Mən sənə nifrət edirəm.
İb lis. Nifrətlə məhəbbət bir-birinin əksi olsa da, ifadə etdikləri mə’na birdir.
Sima. Sən hər gün rəngini dəyişdirən canbaz bir feyləsofsun.
İb lis (gülərək). O hansı fəlsəfədir ki, daimi və sabit olsun? Dünyada hər şey dönüb dolaşır, biz də bərabər. Bütün həyat aqıb dəyişir, biz də içində.
Sima. Sən şər elçisi, fəlakət bayquşusun!
İb lis. Unutma ki, hər şərri bir xeyir izlər. Hər səadət bir fəlakətlə qiymətlənir. Təzad həyatın ahəngidir. Bizə gülümsəyən hər bahar dəhşətli bir qışdan doğar. Qaranlıq gecələr olmasaydı, gözləri oqşayan yıldızlar bunca sevilməzdi. Şübhə yoq ki, sən də o parlaq yıldızların ən sevimlisi, ən gözəlisin.
Sima. Yetər! Bu sözləri şairlər o qadar çeynəmiş ki, artıq qulaqları tırmalayır, eşidənlərə usanc verir.
İb lis. Əvət, hiç yanılmayırsan, munis və səmimi hərəkətlər şairanə sözlərdən daha dəyərlidir. (Qollarını açaraq yaqlaşır) Gəl, yaqın gəl, bir kərə də olsa...
Sima (onun sözünü yarıda kəsərək). Yaqlaşma! Sənə baqdıqca qəlbimə atəşli dikənlər sancılır.
İb lis. Atəşsiz yaşayış olmaz. Mən öz atəşimlə səni aşılamaq istəyirəm.
Sima. Uf, yürəyim patlayacaq, haydı, çıq buradan! Çıq, gözüm görməsin.
İb lis. Təlaş etmə! Mən çıqsam da başqası girər. Günəş batdığı yerdə yalnız qaranlıqlar çökər. (Masa arqasında durduğu halda yavaşyavaş enərək görünməz olur)
Sima (şaşqın). Nə dəhşətli mənzərə!.. Mən rö’yamı görürəm?
Bu sırada başdan-ayağa qara örtünmüş, əlləri silahlı dört adam girər.
Birinciqarageyimli. Gəliniz, o burada.
Sima. Ah, siz kimsiniz? Nə istəyirsiniz?
İk inciqarageyimli. Sənin ölümünü! (Əllərində revolver nişan alırlar)
Üçüncüqarageyimli. Durun, o mənim əlimdə həlak olacaq.
Dördüncüqarageyimli. Xayır, o bizimlə bərabər gedəcək.
Birinciqarageyimli. Haydı, fürsəti qaçırmayalım. (Hücuma hazırlanır)
Sima. Toqunmayın, mənə toqunmayın!
Birinciqarageyimli. Bağırma, sus!
İk inciqarageyimli. Sənin hər parçan bir əldə olacaq.
Dördüncüqarageyimli. Incitməyin, o təslim olacaq.
Üçüncüqarageyimli. Mərhəmət zəiflikdir.
Xidmətçiqız (qapı arasından baqar, təlaş ilə). Ah, dəhşət!.. (Geri dönər)
Üçüncüqarageyimli (əlindəki iri bıçağı Simanın köksünə saplamaq istər). Onu mən susdurmalıyım.
Dördüncüqarageyimli (mane olurkən). Toqunmayın, yazıqdır.
Gözilə “Vur” işarəti verir, hər yandan hücum edərlər.
Sima. Alçaqlar, vicdansızlar!..
Birinciqarageyimli (revolverlə qorqudur). Kəs səsini!
(Deyə yaqalayıb boğmaq istərlər)
Sima (acı fəryad ilə). Ah, can qurtaran yoqmu?
Tuncər (yoldaşlarilə bərabər içəri soqularaq). Oh, qatillər! Uğursuzlar!.. Durun, kimsə yerindən tərpənməsin!.. Hiç birinizə qurtuluş yoqdur. (Simayı əllərindən alaraq) Sima! Sevimli dilək pərisi!.. (Yoldaşlarına) Açın bunların kirli maskalarını! (Birər-birər açarlar. Tuncər kinayəli səslə) Əvət bəlli, bu italyan dostumuz!.. Bu da yopon nümayəndəsi!.. Bu da əli bıçaqlı alman!.. Bu da... sülhü sevən ingiliz lordu!.. (Onları üstdən-aşağı süzərək) Nə şərəfsizlik! Hiç utanmadınızmı? İnsan böylə mə’sum qıza qıyarmı? Sizdə nə mərhəmət var, nə də vicdan. (Yanındakılara) Haydı! Bağlayın qollarını! (Bağlarlar)
Bu halda Sovet nümayəndəsi qapı arasında görünür. Kimsə onun gəldiyini sezməz.
Lord. Bağlayın, məndə bir suç yoq. (Yoldaşlarını göstərir) Bunların tə’sirinə qapıldım.
Tuncər. Onu sonra mühakimə edərik.
Lord. Simaya sorunuz, mən onu qorumaq istədim, qurtarmaq istədim.
Tuncər. Sonra baqarıq, eşitmədinmi?
Lord. Öylə isə protesto edirəm.
Tuncər. İmdi protestoya baqan yoqdur.
Sima (təlaş ilə). Tuncər! Bunlara nə cəza veriləcək? Ölümmü?
Tuncər. Ölümdən daha ağır, daha dəhşətli bir cəza varmı?
Sima. Saqın, hiç birinə toqunulmasın. Mən yalnız o könüllərə vurğunum ki, qan izini yer yüzündən silsin, silə bilsin. Açın qollarını, hamısını azad bıraqın.
Tuncər. Əsla mümkün deyil. Biz bunlara öz əllərimizlə cəza verməliyik.
Sovetnümayəndəsi (iləri gəlir). Xayır, siz deyil, onlar... Bəli onlar... Hər ölkənin əzənləri və əzilənləri var. Bizim intiqam təktək insanların deyil, milyonların intiqamıdır. (İtalyan diplomatının qolundan tutaraq italyan qiyafətli bir işçi ilə bir təyyarəçiyə verir)
Alınız, bu siz italyanların!.. (Alman diplomatını alman tipli bir əskərlə, bir topçuya verir) Bu da siz almanların!.. (Yapon diplomatını yapon qılıqlı bir işçi ilə bir balıqçıya verir) Bu da siz yaponların!.. (Lordu da ingiliz matroslarına verir) Bu da siz ingilizlərin!.. (Tuncərlə yoldaşlarına) İştə bunlara, bu qara yüzlü kabuslara biz deyil, ancaq öz vətəndaşları, öz əməkçiləri cəza verməlidir. Bütün dünya bilir ki, biz hər şeydən əvvəl sülh tərəfdarıyıq. Lakin bu maskalı xainlərlə əlbir olan faşizm generalları yeni bir yanğın, yeni bir müharibə hazırlarsa, əmək qəhrəmanlarımız bu həyasızlığa qarşı seyirci qalmayacaq. Yıldırım sür’ətilə mübarizə meydanına atılacaqdır. Həm də döyüş səhnəsi inqilab yurdunda deyil, faşizm ölkələrində olacaqdır. (Tuncərlə yoldaşlarına) Əvət, sizlər!.. Sizinkilərlə bərabər bütün cihan əməkçiləri əmin olmalıdır ki, sülh düşmanlarının bulanıq, qanlı dalğaları bizim hüdudun pulat divarlarına çırpılıb qırılacaq, azğın orduları da er-gec sərab olmuş ümidlər kibi sarsılıb məhv olacaqdır.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/cavid-iblisin-intiqami-besinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər qulun cahanda bir pənahı var,Hər əhli-halın bir qibləgahı var,
Məyus bir qəlbin fəryadıEy nəşvəli, ey işvəli ümmid!Lənət sana, ey afəti-cavid!
Nəcmi-geysudarSən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!
Niçin?Bən niçin məsti-eşqi-yar oldum?Bu nə xülya ki, bən düçar oldum?
Başqa şairlərin şeirləri
Könül, qalx, durma, coş coş coşTök atəş, kəf kəf kəf
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
VəndSəfheyi-mülk cahanda xalə bənzərdir Vənd,Basəfalıqda behişt ilə bərabərdir Vənd