Birinci kitab, birinci hissə
Səhifə 14 / 16 · 81%
Həsən atasından gözləmədiyi bu suala əvvəl cavab verə bilmədi:
– Necə, dədə? – dedi.
– Belə, bu işlərin axırı necə olacaq? Vururlar, yıxırlar, heç bir şeyin sonunu nəzərə almırlar. Axır bu ölkənin bir sahibi var, bu gün başı davaya qarışıbsa sabah açılacaq, onda hesaba baxılmayacaqmı?
Həsən güldü. Atasının fikirlərini anladı. Başını aşağı saldı.
Mirzə sözlərinə davam etdi:
– Oğlum, atan dünyagörmüş adamdır. O, həyatın gedişini səndən gözəl anlayır. Mən bu işlərin axırını pis görürəm, çünki “padşahla padşahlıq etmək olmaz” atalar misalını yadına sal. Zənnimcə, bir gün gələr də bu gün padşaha ağ olanların hamısını cəzalandırarlar. Bu dursun kənarda, məktəb uşağı oxumalıdır. Onun birinci hünəri məktəb qurtarmaqdır. Əlində kağızı olmalıdır. Bu olmasa ortalıqda qalasıdır.
Bizim neft mədənimiz yoxdur. Biz qələmimizin çörəyini yeyirik.
Qələm olmazsa, ortalıqda avara qalarıq...
Mirzə Səməd uzun-uzadı danışdı, axırda tapdığı risalələrdən bəhs etdi.
– Belə işlər sənə yaraşmaz, – dedi, – sənin əsil vəzifən oxumaqdır.
Həsən qızardı, məhcub bir halda:
– Bir yəhudi yoldaşım vermişdir, – dedi.
– Sənin yəhudi ilə nə əlaqən var? Onlar bəlkə qarışıqlıq istəyirlər.
Biz ki, istəmirik...
O gündən etibarən Həsən mühazirələri tərk etdi. Siyasi iclaslardan, tətildən vaz keçdi. Mühafizəkar müəllimlərlə çarpışan məktəblilər sinifdə dərsi buraxıb tez-tez iclas qurardılar. Bu iclaslarda Həsən iştirak etməz, sinifdə yalnız başına qalaraq müəllimlə dərs keçərdi.
Müəllim-şagird mücadələlərində müəllimlərin tərəfini saxlardı. Həsənin bu hərəkəti məktəblilərin nifrətinə səbəb olardı. Onu boykot edərdilər. Kimsə onu danışdırmaz, əl verməzdi..
Rusiyada irtica artdıqca polis şiddəti get-gedə qüvvətləndi. Məktəb üsulu da yavaş-yavaş əvvəlki şəklini almağa başladı. Bir neçə inqilabçı şagird dışarı atılaraq, məktəb zahirən təskin edilmişdi.
Həsən böyük bir həvəslə məktəbə davam etmədə idi. Şagirdlərin yanında fəna ada malikdisə də, müəllimlər onu sevərdilər. İstedadsızlığına rəğmən o, məktəbi birinci sırada qurtardı.
Həsənin şəhadətnamə alması Mirzə Səməd üçün böyük bir hadisə olmuşdu. Ona sivil bir libas və student şapkası aldı.
Həsən Kiyevə yola düşmədən əvvəl Mirzə Səməd yenə onu yalnız otağa götürdü. Uzun-uzadı nəsihət elədi, axırda:
– Başını sal aşağı, dərslərinə qurşan, – dedi, – siyasi işə qarışma!
Həsən atasının sözlərini altun xətlə mərmər üzərində yazılmış bir kətəbə kimi qəbul etdi.
21
Xəlilin qoltuğunda bir bağlı yataq takımı və Əhmədin əlində bişmiş, polis dairəsinə girdilər. Çirkli pilləkənlərlə ona-buna toqquşaraq yuxarı çıxdılar. Sağ tərəfdəki boyası getmiş və çirkdən qaralmış qapını açdılar, fəna qoxulu isti hava üzlərinə çırpdı. İçəridə bir çox adam var idi. Şapkasız və silahsız qorodovoylar qonşu otaqlara girib-çıxmada idilər. Tanıdıqları bir məmura yanaşdılar:
– Yemək gətirdik, – dedilər.
– Gözləyin, – deyə məmur acıqlandı və yazısına davam etdi.
Xəlillə Əhməd geri çəkilib, divarın yanındakı skamyanın üstündə oturdular. Bir azdan tanış bir çinovnik bunların yanından keçib, qonşu otağa girdi, on beş dəqiqə geri dönmədi. Tələbələr gözləməkdən usanaraq otaqda gəzinməyə başladılar.
Çinovnik geri döndü. Bunlara bir söz demədən yerinə keçdi. Xəlil ona yanaşdı. Çinovnik Xəlilin üzünə baxaraq:
– Gözləyin görək nə olacaq? Zəhləmi tökməyin, – dedi, yenə qarşısında kağızları araşdırmağa başladı.
Bir neçə dəqiqə keçdi. Şapkasız bir qorodovoy çinovnikə yanaşaraq nə söylədisə o, tələbələri çağırdı. Xəlil və Əhməd qalxıb irəlilədilər:
– Yoldaşlarınız buraxılmışdır, pilləkənə çıxsanız rast gələrsiniz.
Söyləyin düz dolansınlar.
Xəlil və Əhməd şeyləri qaparaq otağı tərk etdilər. Pilləkəndə yoldaşlarına rast gəlmədilər. Əhməd küçəyə endi. Orada da Səlman və
Rüstəm yox idi.
– Budur, gəlirlər, – deyə Əhmədi Xəlil səslədi. Əhməd geri dönərək yoldaşlarını ikinci mərtəbədən enən gördü. Xəlil iki-üç pillə atılıb əvvəl Səlmanı və sonra Rüstəmbəyi bağrına basdı. Öpüşdülər.
Əhməd də yanaşdı, şən sima ilə yoldaşları ilə qucaqlaşaraq dəfələrlə öpüşdü.
Xəlil:
– A kişi, – dedi, – biz sizə yemək və yataq gətirdik. Dedik “səfəriniz”
uzun çəkəcək.
Səlman gülə-gülə:
– Uzun çəkmədi, – dedi, – tez oldu.
– Bəs yataqsız necə yatdınız?
– İlk gecə yata bilmədik. Sonra alışdıq.
– Az qalmışdı vəkil tutaq, böyük bir proses başlayaq. Xa-xa-xa!..
Yoldaşlar gülüşdülər. Sonra şeyləri bölüşərək polis dairəsini qəhqəhə ilə tərk etdilər.
22
Qulunun təşəbbüsü ilə bu axşam Teymurbəyin apartmanında yeni bir iclas çağırılmışdı. Qulu hər kəsdən əvvəl gəlib, Teymurbəylə bərabər iclasda aparacaqları xətti-hərəkəti təyin etməkdə idi:
– Teymurbəy, – dedi, – biz müsamirə məsələsini ortaya atmalıyıq.
Çox olar, müsamirəni özümüz düzəldərik.
Teymurbəy brilyant üzüklü barmaqları ilə yoğun bığlarını burdu, düşündü və tərəddüd içərisində:
– Qulu, – dedi, – müsamirə bizim işimiz deyil, zənnindəyəm.
– Nə üçün?
– Sən çox məşğulsan. Mən də ki...
– Qorxma! Acığa düşdükdə adam hər işi görər. Çingizin inadına qələbə çalmaq üçün imtahanlarımdan belə vaz keçirəm.
Teymurbəy bir az da düşündü, dedi:
– Yox, müsamirə bizim işimiz deyil. Ancaq məsələni biz qoya bilərik. Bu vasitə ilə Çingizi və ətrafındakıları güzəştə məcbur edərik. Yoxsa bizi saymaq istəmirlər.
Qulu da çoxdan bu fikri daşıyır, lakin Teymurbəydən gizləyirdi. Teymurbəyin təsirə düşərək zemlyaçestvoya qarşı boş davranacağından qorxurdu. Teymurbəyin əhvali-ruhiyyəsini tamamilə öyrənmişdi. Onun pula ehtiyacı olmadığını bilirdi. Teymurbəyi zemlyaçestvoya qarşı hərəkətə sövq edən yeganə amil şöhrət və heysiyyət məsələsi idi. Teymurbəyin bu zəif cəhəti Quluya bəlli idi. Odur ki, Qulu onu təhrik etmək üçün daima şərəf məsələsindən bəhs edərdi. Bu dəfə də:
– Teymurbəy, – dedi, – müsamirəni tərtib edəcəyimə əmin ol. Sən müsamirə heyətinə sədr ol, yerdə qalan işləri mən görərəm.
Teymurbəy şən sima ilə:
– Olaram, ondan boyun qaçırmıram, ancaq onların da iştirakı lazımdır.
Qulu simasına süni bir ciddiyyət verdi. Sonra:
– Nə desən ona razıyam. Ancaq bu fikir aramızda qalsın. Uşaqlara başqa şəkildə deməliyik.
– Nə cür?
– Bu axşam sən sədrlik elə, mən təklifdə bulunacağam. Teymurbəy gülümsədi. Qulu:
– İşin yoxdur, – dedi, – uşaqlar gəlsin, tədbir yollarını mən göstərərəm.
Qulu müzəffər bir halda əllərini şalvar ciblərinə qoyaraq salonun divarından asılan çılpaq qadın rəsmlərinə tamaşa etməyə başladı.
Zəng vuruldu. Bir az keçmədən Cəfər içəri girdi, görüşdülər.
– Qulu, – dedi, – yenə nə kələyin var?
– Gələn yoxdur, müsamirə düzəldirik.
– Mən ölüm?
– Sən öl, səni də qadın dəvətinə göndərəcəyik.
– Dəysin, – deyə Cəfər əlini Quluya uzatdı. O da əli ilə vurdu.
Qulunun təklifi Cəfərə böyük bir mövzu oldu, o, böyük bir nəşə ilə bu fikrin inkişafına girişdi:
– Demiyevkanın bütün əyan xanımlarını patrones sifəti ilə dəvət edərəm. Bir avtomobil icarə edərsiniz, gedərəm, bir-bir daşıyaram... pişik balalarını daşıyan kimi... Xoşuma gəlirsən, Qulu, gətir üzündən öpüm.
Cəfər Qulunu qucaqladı. Öpüşərkən qapı açıldı, Həsənqulu girdi:
– Balam, nə olmuşdur? – dedi. – Nə xəbər var? Cəfər aralandı,
Həsənquluya əl verərək:
– Aşna, iş var, – dedi.
Qulu və Teymurbəy maraqlandılar.
– Nə iş?
Cəfər heyrətlə:
– Bilmirsiniz? Onda deyim. Mən elə bilirdim sizin də xəbəriniz var.
– Nə olub? Söylə!
– Qulamrza bir məmurun evində otaq tutmuşdu. Görünür, onun arvadı ilə arası kök imiş. Məmur bunu duyur. Bir gün məmur “bir həftəliyə məzuniyyətə gedirəm”, – deyə şeylərini toplayır, evdən gedir.
Sonra xəlvətcə dönür, mətbəxdən gəlib çarpayının altında gizlənir. Arvadın heç bir şeydən xəbəri yox. Qulamrza axşam teatrdan qayıdanda yataq otağında arvadı yatmış görür. Çarpayının kənarına əyləşir, dilxoşluğa başlayır. Bu halda məmur çarpayının altından çıxaraq arvada bir bıçaq. Qulamrza yüyürür mətbəxdən dəhrəni qapır. Kişi görür iş fənadır, pəncərədən atılır, qaçır... İndi ev, şey, arvad Qulamrzaya qalmışdır.
Hamı qəhqəhə çəkərək güldü. Cəfər gülə-gülə sözlərinə davam edirdi:
– Qəribə burasıdır ki, məmur dünən küçədə Qulamrzaya rast gəlir. Ondan üzr istəyir, deyir: “Bağışla, səninlə heç bir düşmənçiliyim yoxdur.
Düşmənçiliyim arvadıma qarşıdır”. Xa-xa-xa!..
Təkrar gülüşdülər. Qulu dedi:
– İndi Qulamrzaya tez-tez qonaq getməliyik.
– Bəs nə!
Bir az keçmiş yenə zəng vuruldu. Sonra salon qapısında Qulamrza göründü. Onu görən kimi hamı ayağa qalxaraq əl çaldı. Qulamrza qızardı, qəhqəhə çəkdi. Görüşdülər. Qulamrza:
– Bu gün hər yerdə təbriklə qarşılanmışam. Mənim işim Molla Nəsrəddinin təzə paltar geyməsinə dönmüşdür. Molla təzə paltar almışdı. Hara çıxdı, təbrik elədilər. Kişi təngə gəldi. Axırda camaatı həyətinə yığıb dedi: “Camaat, baxın, təzə paltar almışam; hər kəs təbrik edəcəksə, burada eləsin qurtarsın”... İndi mən də, deyəsən, size bir həyətə yığacağam...
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-studentler-birinci-kitab-birinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Get yat, bədbəxt fəqir! Sənin dərdin məni lap çərlədib! – deyə ana, qızı Fatmanın arxasınca zənn ilə baxıb, başını mütəkkəyə söykədi:– Get, yat, aşıb daşmış fəqir! Hamı ərə gedib, ev-eşik sahibi oldu, bircə sənin bəxtin bağlandı. Döşün-başın çıxıb, ata dönmüsən!..
MərsiyəxanPəncərədən düşən işıqdan məsciddəkilərin başları işıldayırdı. Möminlər börklərini yerə qoyub, yaşlı gözlərini mərsiyəxana dikmişdilər. Mərsiyəxan bir də bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı:– Hələ çox ağlayacaqsan! Gərək gözləriyin təvşehi kəsilə!
Yeni bir aləmHəsən çəkməsini ayağından dərin bir iztirabla çıxardıb, altına diqqətlə baxmağa başladı: gönü daş tamam aparmışdı; daban da əldən düşmüşdü.Həsən çəkməni o biri üzünə çevirdi: üst tərəf də vecdən çıxmışdı; neçə yerdən çatlamışdı.
Nahaq qan– Mənim namusumu yerə soxub; daha bazara da çıxa bilmirəm.Məgər buna bir təhər çəkilməz?!
Başqa şairlərin şeirləri
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.